qaynaqlar və arxeoloji tədqiqatlar haqqında
Orta əsr yazılı mənbələr Azərbaycanın Qarabağ bölgəsinin tarixini araşdırmaq üçün bəzi məsələlərə işıq salsa da, həmin mənbələrə son dərəcə tənqidi yanaşmaqla tədqiqata cəlb etmək mümkündür. Bir çox Şərq ölkələrini, o cümlədən Albaniyanı gəzmiş, ayrı-ayrı xalqların dini adətlərinə yaxından bələd olmuş, Cənubi Qafqaz xalqları arasında dünyanın yaranmasına dair mövcud təsəvvürləri, həmçinin onların allah, günəş, ay, planetlər, torpaq, su, hava, heyvanat aləmi, və s. haqqındakı dini təsəvvürlərini təsvir etmiş Yeznik Kulpetsi öz əsərində Qarabağ ərazisində yaşayan əhalinin xristianlığa qədərki dini təsəvvürü haqqında məlumat vermişdir.
Həmçinin, Movses Xorenatsinin əsərlərində Albaniyanın və onun vilayətlərinin, o cümlədən də Qarabağ ərazisinin ilk orta əsrlər dini və dünyəvi tarixi haqqında müfəssəl məlumat verilmişdir. Eləcə də, Anani Şirakatsi «Coğrafiya» əsərində Albaniyanın sərhədləri və ayrı-ayrı iqtisadi rayonlarından bəhs etmiş, Araz çayından Kür çayınadək olan ərazidə Albaniyanın vilayətlərinin yerləşdiyini göstərmişdir. VI əsrdə yaşamış İohan Yerusəlimskinin «Alban katolikosu Abasa məktub» adlı əsəri Albaniya, o cümlədən Qarabağ ərazisindəki alban xristian abidələrinin tarixi ilə tanışlıq üçün maraqlı sənədlərdən biridir. Qeyd etmək lazımdır ki, V əsrdə Albaniyada monofizitlərlə diofizitlər arasında mübarizə gedən zaman monofizit təriqətinə sitayiş edən ermənilər xristianlıqda xüsusi mövqe tutmuşdular.
Belə bir şəraitdə alban kilsəsini özlərinə tabe etmək istəyən monofizitlər ölkədə öz təriqətləri xeyrinə hər cür təbliğat aparırdılar. Yerusəlim patriarxı İohanın alban katolikosu Abasa yazdığı təbliğat xarakterli bu məktubu Albaniyanı öz tərəfinə çəkmək istəyən monofizit din xadimlərinin öz məqsədlərinə çatmaq üçün hansı vasitələrə əl atdıqları aydın təsvir edilmişdir. Erməni yepiskopu Sebeosun «Tarix» əsərində VI-VII əsrlərdə Albaniyada, o cümlədən Qarabağ ərazisində baş vermiş bir çox siyasi hadisələr təsvir edilmişdir. Burada onu da vurğulamaq lazımdır ki, ilk orta əsr erməni müəlliflərinin yaşadığı dövr düzgün göstərilmədiyi, yəni tarixi saxtalaşdırıldığı güman edilir.
Bütün bunlarla bərabər Azərbaycanın Qarabağ bölgəsinin tarixini, onun əyalət və şəhərlərini, həmçinin ölkənin tarixində baş vermiş iqtisadi, siyasi və dini hadisələri öyrənmək üçün mötəbər mənbə alban tarixçisi Moisey Kalankaytuklunun «Albaniya tarixi» adlı əsəridir. Moisey Kalankaytuklu VII əsrdə yaşamış, xüsusi təhsil almış və bir sıra ölkələri, o cümlədən Yerusəlimi gəzmişdir. O, iki hissədən ibarət «Albaniya tarixi»ni yazmış, X əsrin sonu və XI əsrin əvvəllərində yaşamış Moisey Dasxoranski adlı bir şəxs isə həmin əsərə III hissə əlavə etmişdir. Hər üç hissədə Albaniyanın, onun tərkib hissəsi olan Qarabağ ərazisinin qədim nahiyələri olan Uti və Arsakın siyasi, sosial-iqtisadi, mədəni tarixi və həmçinin orada yaşayan əhalinin etnik mənsubiyyəti barədə məlumat verilmişdir.
Yuxarıda göstərilən əsərlərlə yanaşı, bir qrup mənbələr də, xüsusilə dini və ya dünyəvi müqavilələr, ayrı-ayrı məktublar, xatirə yazıları da məlumdur ki, bunlar da Qarabağ tarixinə dair müəyyən problemlərin həlli üçün mühüm mənbə rolu oynayır.
Qeyd etmək lazımdır ki, erməni mənbələri müəlliflərinin demək olar hamısı kilsə tarixçiləridir. Məhz buna görə də onlar ümumiyyətlə, dünya kilsə təşkilatları üçün səciyyəvi bir cəhətə dönmədən əməl etmişlər: bu da ondan ibarətdir ki, hər bir kilsə tarixçisi öz əsərində kilsələrin və ayrı-ayrı din xadimlərinin fəaliyyətini şişirtməyə çalışmışlar. Bir çox kilsə tarixçiləri öz əsərlərində bu ənənəyə sadiq qalmış və bəzi yanlış nəticələrə gəlmişlər ki, bu da onlardan istifadə edən hər bir tədqiqatçıdan böyük diqqət tələb edir.
Son dövrlərin erməni tədqiqatçıları özləri həmin mənbələrin çoxundan imtina edirlər. Həmin mənbələrin tərcümələri zamanı edilmiş saxtakarlıqları nəzərə alaraq həmin dövrün tarixi, xüsusilə də sosial-iqtisadi və mədəni tarixi arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri əsasında tədqiq edilməlidir.
Ümumiyyətlə, tədqiqata cəlb edilmiş yazılı mənbələrin, xüsusilə erməni mənbələrinin mötəbər olmaması, başqa sözlə müəyyən zamanlarda onların tərcüməsi zamanı məqsədyönlü şəkildə saxtalaşdırılması indiyə qədər yazılmış tarixi ədəbiyyata yeni baxışla, başqa sözlə daha ciddi yanaşmağı tələb edir. Bunsuz Qarabağ tarixinin ilk orta əsrlər dövrünü obyektiv tədqiq etmək qeyri mümkündür.
Azərbaycanın bu bölgəsinin xüsusiyyətlərini müəyyənləşdirmək üçün ilk orta əsrlərə aid Beyləqan, Ağcabədi, Bərdə, Yevlax, Tərtər və Qarabağın dağlıq ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət nümunələri diqqətdən qaçmamalıdır.
Qarabağ ərazisindən arxeoloji qazıntılar zamanı aşkar edilmiş sadə tikinti materiallarının yeni formalı və bədii tərtibatlıları ilə əvəzləndiyi dövrlər üzrə sərbəst şəkildə müşahidə edilir. Belə materiallara Qarabağda (Bərdə, Ağdam, Füzuli, Xankəndi, Şuşa və s.) aşkar edilmiş qoç başı ilə kapitel və sütun altlıqları, fallos formalı daşlar aiddir. Onların oxşarları Azərbaycanın digər abidələrində (Mingəçevir, Şamaxı, Qəbələ, Təzəkənd) də aşkar edilmişdir.
Üzərində epiqrafik nişanələr və yazılar olan daş və digər abidələrin Qarabağda geniş yayılması orada insan cəmiyyətinin həyatındakı mədəni prosesi, daxili dinamikanı izləməyə imkan verir.
Qarabağın müxtəlif yerlərində aparılmış qazıntı işləri zamanı xeyli daş heykəllər, daş alətlər-kirkirə, su dəyirmanı daşları və d.aşkar edilmişdir. İnsanın müqəddəs saydığı çörəyin istehsalında istifadə edilmiş həmin daş alətlər Qarabağ ərazisində çox yayılmışdır. Qarabağda Govurqala (Ağdam), Ağoğlan (Yuxarı Qarabağ) abidələri, eləcə də Bərdə və Ağcabədidə arxeoloji tədqiqatla öyrənilmiş digər abidələr Albaniyanın ilk orta əsrlər maddi mədəniyyəti haqqında geniş təsəvvür yaradır. Bununla ilk orta əsrlər Qarabağın iqtisadi və ictimai həyatını öyrənmək mümkündür.
İlk orta əsrlərə dair abidələr sisteminə həmin dövrdə yaranmış şəhərlər də daxildir. Burada aparılan arxeoloji tədqiqatlar IV-VII əsrlərdə Qarabağ ərazisində alban memarlığının özünəməxsus xüsusiyyətlərinin öyrənlməsinə imkan verir. Məlum olur ki, ilk orta əsrlərdə Qarabağda əzəmətli memarlıq kompleksləri - ictimai, dini və yaşayış binaları yaradılmışdır. Bunu arxeoloji materiallarla bərabər yazılı mənbələr də təsdiq edir. Həmçinin tarixi-arxeoloji tədqiqat bu dövrdə Albaniyada şəhər quruculuğunun geniş vüsət aldığını - yaşayış və sitayiş təyinatlı binaların, körpülərin inşa edilməsini göstərir.
Beləliklə, Azərbaycanın Qarabağ bölgəsinin ilk orta əsrlər tarixini tədqiq etmək üçün yazılı qaynaqların mötəbər olmaması səbəbindən Qarabağın ilk orta əsrlər tarixinin öyrənilməsində arxeoloji tədqiqatları ən mühüm mənbə hesab edirik. Qarabağda vaxtilə aparılmış arxeoloci qazıntılar Qarabağ tarixinin ilk orta əsrlər dövrünü tədqiq etməyə imkan verir.