Kərim Şükürov
Ermənistanın Azərbaycana əsassız ərazi iddiaları:
«Dağlıq Qarabağ dosyesi»
(antitarix və tarix)
Ermənilərin Azərbaycanın tarixi torpaqlarının böyük bir hissəsini (İrəvan, Naxçıvan, Qarabağ və. b.) öz ərazilərinə daxil etməsinin kökü V əsrdən başlanır. F.Buzandatsi «Ermənistan tarixi» adlı əsərində belə etmişdir. «Erməni tarixinin atası» hesab edilən M.Xorenatsi də bu səhv mövqeni əsas götürmüşdür. Həmin dövrə dair erməni tarixşünaslığının təhlili göstərir ki, bu reallıqdan uzaq olub, siyasi niyyətə, yəni dövlətçiliyini itirmiş Ermənistanın süni şəkildə mədh edilməsinə əsaslanmışdır. Beləliklə, Azərbaycan torpaqlarının müəyyən hissəsinin ermənilərin ərazisinə daxil edilməsi kimi yanlış ənənə yaradıldı. Təsadüfi deyil ki, bu müəlliflərin əsərləri həm erməni, həm də rus dillərində dəfələrlə çap edilmişdir (Buzandatsi F., 1883 (SPb.), 1953 (Yer.) və s.; Xorenatsi M., 1893 (M.), 1961 (Yer.) və s.). Lakin problemin ən təhlükəli cəhəti ondan ibarətdir ki, bu uydurmalar tədricən iddiaya çevrilməyə başladı.
1918-ci ilin mayında tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldı. 1918-ci il erməni-gürcü müharibəsində Borçalı bölüşdürüldü. Sovet dövlətinin köməyi ilə Zəngəzur Ermənistana ilhaq edildi. Bu ərazilərlə bağlı iddialar «qapandı». Qarabağ və 1921-ci il Moskva və Qars müqavilələrinin müvafiq müddəasına baxmayaraq, Naxçıvanla bağlı iddialar isə davam etdirilməyə başladı.
İşdə Ermənistanın Dağlıq Qarabağa iddiası və onun reallaşdırılması cəhdlərinin əsas mərhələləri nəzərdən keçirilir. Bu məqsədlə erməni qarabağşünaslığının tarixi, Ermənistanın Dağlıq Qarabağa dair sənəd və materialları sistemləşdirilmiş və təhlil olunmuşdur.
Ermənistanın ərazisinə daxil edilən ümumi Azərbaycan torpaqları içərisində Dağlıq Qarabağın xüsusi olaraq ayrılması, əsasən, XVIII əsrin əvvəllərinə aiddir. Rus çarı I Pyotrun (1682-1725) Şərqə yürüşü strateji baxımdan böyük önəm daşıyan Qarabağın, xüsusilə onun dağlıq hissəsinin əhəmiyyətini artırır. Ermənilər I Pyotrun diqqətini cəlb etmək üçün Qarabağın onlara məxsus olduğunu «əsaslandırmaqla» ondan bir vasitə kimi istifadəyə çalışır. Belə bir vəziyyət Rusiyanın siyasi maraqları ilə üst-üstə düşür. Bu Rusiyada ermənişünaslığın xüsusi bir sahə kimi ayrılmasına, Azərbaycan torpaqlarına münasibətdə onun başlıca yanaşmasına üstünlük verilməsinə zəmin yaradır.
Dağlıq Qarabağda məlikliklərin meydana gəlməsi və Nadir şahın dövründə (1736-1747) onların rolunun yüksəldilməsi bu əraziyə olan marağı daha da artırmışdı. Ermənilər II Yekaterina zamanı (1762-1796), xüsusilə XIX əsrin əvvəllərində Şimali Azərbaycanda Rusiya işğalları dövründə Dağlıq Qarabağın erməni torpaqları kimi qələmə verilməsinə, işğalçılarla əlbir olmaqla burada hakimiyətini qırmağa cəhd etmişdir. Qarabağlı İbrahim xanın Rusiya ilə Kürəkçay müqaviləsini imzalaması (1805, 14 may) bu planları boşa çıxardı.
Qarabağ xanlığının ləğvi (1822) və Türkmənçay müqaviləsindən (1828) sonra Şimali Azərbaycana köçürülən ermənilərin böyük bir hissəsinin Qarabağda yerləşdirilməsi onların mövqelərini xeyli möhkəmləndirdi. Rus üsul-idarəsinə xidmət edən ermənilər də bu sahədə ciddi iş aparırdı. Rus-erməni hakim dairələri mövqelərindən istifadə edərək həmin dövr Azərbaycan qarabağşünaslığına (Mirzə Adıgözəl bəy (1845), Mirzə Camal (1847) və b.) da təsir göstərməyə çalışırdı.
Q.Artsuruni (1845-1892) və onun redaktoru olduğu «Mşak» (Əməkçi) qəzetinin ermənilər içərisində millətçiliyi qızışdırması nəticəsiz qalmır. A.Melik-Akopyanın (Raffi) Xəmsə məlikləri (1600-1827) əsəri həmin qəzet tərəfindən çap edilir (Tiflis, 1882). Ermənilərin Dağlıq Qarabağa iddiasının formalaşmasına ciddi təsir göstərən bu əsər 1895-ci ildə və sonralar (1964, 1987, 1991) yenidən çap edilir. Qısa bir müddətdən sonra K.Ezyanın (Q.Ezov) Böyük Pyotrun erməni xalqı ilə münasibətlərinə dair sənədlər toplusu (SPb., 1898) nəşr olunur. Ermənilər 1905-1906-cı illərdə iddialarını təbliğatla birlikdə, azərbaycanlıların fiziki cəhətdən məhv edilməsi ilə də həyata keçirməyə çalışır.
1918-ci ildə Ermənistan respublikası qurulduqdan sonra Dağlıq Qarabağa iddialar daha bir əlamətlə, yəni siyasi xarakter kəsb etməsilə diqqəti cəlb edir.
Sovet hakimiyyətinin ilk dövründə də bu xətt davam etdirilir. Dağlıq Qarabağın muxtariyyətləşdirilməsi də Ermənistanın iddialarına son qoymadı, əksinə onun reallaşdırılmasında bir vasitə oldu. Ermənilər 1920-30-cu illərdə Dağlıq Qarabağa dair təbliğatlarını davam etdirdilər. 1925-ci ildə Q.Koçaryanın, 1927-ci ildə isə M.Şaginyanın Dağlıq Qarabağ kitabları çap olundu. 1945-ci ildə isə Ermənistan KP MK-nın I katibi Q.Arutinov İ.Stalinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi məsələsini irəli sürdü. M.C.Bağırovun cavab məktubundan sonra bu məsələ dayansa da, ermənilər təbliğatlarını və əməli fəaliyyətlərini dayandırmadılar.
Ermənistan 1965-ci ildə DQMV-nin ələ keçirilməsi üçün imza toplamasını təşkil edir. Sov. İKP MK Katibliyi 1966-cı ildə Ermənistan və Azərbaycan KP MK-larına DQMV haqqında məsələ hazırlanmasını tapşırır. Dövlət səviyyəsində növbəti cəhd SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı irəli sürüldü. Bu dəfə də istəklərinə nail ola bilməyən ermənilər əsassız iddialardan əl çəkmədilər. Dağlıq Qarabağın tarixi və mədəniyyət abidələri (Mkrtçyan Ş., 1980; Qulyan A., 1982; Ulubabyan B., 1982 və b.) haqqında təhrif dolu əsərlər çap olunmağa başladı. Bu mərhələni Z.Balayanın bədnam «Ocaq» kitabı (1984) tamamladı.
M.S.Qorbaçovun 1985-ci ildə SSRİ-də hakimiyyətə gəlməsi ilə erməni iddiaları bütün kəskinliyi ilə ortaya çıxdı. Bunu Qorbaçovun müşaviri akademik A.Aqanbekyan 1987-ci ilin noyabrında «Humanite» qəzetində dərc edilmiş müsahibəsində açıq şəkildə bəyan etdi. O, müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təklif verdiyini bildirmişdi. 1988-ci ilin fevralından Dağlıq Qarabağ erməniləri Ermənistan SSR ilə birlikdə Azərbaycana qarşı təzyiqini gücləndirdi. Həmin dövrdən Ermənistan və onunla vəhdətdə DQMV, sonralar isə burada təşkil edilmiş oyuncaq rejimə məxsus sənəd və materialların sayı daha da artır. SSRİ-nin dağılması və Ermənistanın müstəqilliyini elan etməsindən sonra Dağlıq Qarabağa iddialar yeni müstəviyə keçdi.
Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibədə Rusiyanın yaxından köməyi ilə Dağlıq Qarabağ və onun ətrafında yeddi rayonun ərazisini işğal etdi. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə imzalandı. Ermənistan zəbt etdiyi Azərbaycan ərazisində işğal rejimi quraraq, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq və perspektivdə onu öz ərazisinə birləşdirməyə çalışır. Ermənistanın «Dağlıq Qarabağ dosyesi»nin əsl mahiyyəti də bundan ibarətdir. Bu isə həm tarixi, həm də beynəlxalq hüquq normaları baxımından yolverilməzdir.