Adil Qeybulla
Ermənistanın Azərbaycana hərbi təcavüzü və
milli genofondun tibbi-psixoloji problemləri
SSRİ adlanan imperiyanın dağılması prosesinin hərəkətverici qüvvəsi və nəticəsi olan milli münaqişələrin ən böyüyü Rusiyanın və dünya şovinist erməni lobbisinin himayəsi və birbaşa hərbi dəstəyi Ermənistanın respublikamızın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etməsidir. Bu müharibə Azərbaycan ərazisində getmiş, minlərlə insanın həyatına son qoymuş, 1 milyona yaxın insan qaçqın və öz daimi yaşayış yerlərindən didərgin düşərək məcburi köçkün olmuşdur. Əzizlərini, el-obasını, varidatını itirmiş, məhrumiyyətlərə düçar olmuş insanların hansı hissləri keçirdiyini anlamaq çətin deyil. Onların dərin psixoloji travma keçirməsi, köç etdiyi yeni yerlərdə yaşayış, məişət tərzi və əmək fəaliyyətini dəyişmək zərurəti adaptasiya ilə bağlı ciddi problemlər yaradır. İnsanlar özlərini reallaşdırmaqda çətinlik çəkir, cəmiyyət üçün faydalılıq əmsalının olmaması qənaətinə gəlir, bu isə onların özlərinə qapanmasına, sinir sarsıntılarına gətirib çıxarır.
Ermənistanın Azərbaycana torpaq iddiası və hərbi təcavüzü nəticəsində ölkədə demoqrafik fəlakət yaşanır. Qədim tarix boyu ayrı-ayrı coğrafi məkanda (dağlıq, aran) məskunlaşan aborigen azəri türkləri və onlarla birgə yaşayan etnoslar öz əzəli əmək vərdişlərini yadırğayır və yeni şəraitdə yeni şərtlərlə yaşamağa məhkumdurlar.
Bununla yanaşı, müharibədə ermənilər milli genofondumuzu birbaşa təhdid edən bəşəri cinayətlər törədiblər:
1.Ermənilər XX əsrin ən böyük faciəsini –Xocalı qətliamını törətmişlər, minlərlə insanı əsir və girov götürmüşlər.
2.Əsir və girovlarla davranışda dünyada qəbul edilmiş qaydalar gözlənilmir. Əksinə əsir və girovlarla ən vəhşi, alçaldıcı üsullarla davranılır, onlara qarşı bəşəri cinayətlərə yol verilir. Əsirlərin orqan və toxumaları çıxarılaraq satılır, şikəst edilir.
3.Əsir qadın və qızlarla azərilərin milli mentalitetinə və ənənələrinə zidd olan, onların birbaşa heysiyyatına toxunan əxlaqsızlıqlar edilir
Yaranmış situasiyada Ermənistanın Azərbaycana hərbi təcavüzü və əzəli torpaqlarımızın 20 %-ni işğal etməsi artıq çoxdan etnik zəmində qarşıdurmadan beynəlxalq əhəmiyyətli bir konfliktə çevrilmişdir. Problemin siyasi həlli ilə ABŞ, Avropa dövlətləri və Avropanın beynəlxalq strukturları (ATƏT) məşğuldur. Lakin müharibənin ölkəmizə vurduğu nəticələrin aradan qaldırılması, milli genofondun sağlamlığının qorunması, ekoloji problemlərin həlli, yaşayış yerlərindən məhrum olmuş və müharibədə əlil olmuş şəxslərin kompleks reabilitasiyası isə Azərbaycanın daxili problemi olaraq qalır və onların həlli ilə dövlət və cəmiyyət birgə məşğul olmalıdır.
Ölkədə aktual olan problemlərdən biri də sayı uzunmüddətli müharibə və ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması nəticəsində sıraları getdikcə artmaqda olan Qarabağ əlillərinin problemləridir. Dövlət yaxın gələcəkdə ciddi sosial problemlərlə qarşılaşmamaq üçün indidən bu istiqamətdə problemlərin həllinə başlamalıdır. Kütləvi informasiya vasitələri, qeyri-hökumət sektoru və bütövlükdə cəmiyyət əlillərə (xüsusilə də müstəqil Azərbaycanın müharibə əlillərinə) qayğı göstərməlidir. Əlillərə xidmət göstərmək insanların hobbisinə çevrilməlidir.
Çünki əlillik bir tale məsələsidir, əlilliyə heç kəs könüllü düçar olmur. Vətən yolunda əlil olmuş, əzalarını itirmiş insanlara isə ən azı xüsusi diqqət tələb olunur. İlk növbədə onlar bu qiymətə layiqdirlər, digər tərəfdən isə bu milli qürur, vətənpərvərlik və heysiyyat məsələsidir.
Əlillik geri dönən proses deyil. Lakin əlil olmuş şəxslərin həyatının keyfiyyətinin yaxşılaşdırılması, onların tibbi (müalicəsi, tibbi diaqnostik və bərpa mərkəzlərinin yaradılması, istirahəti), psixoloji və sosial reabilitasiyası (təhsili, istehsalata cəlb olunması, maddi və texniki təminatı) üçün imkanlar var və bunlardan yararlanmaq gərəkdir. Bu məsələnin həlli üçün ilk növbədə əlilliyin xarakterinin, dərəcəsinin öyrənilməsi və bu təsnifatın beynəlxalq meyarlarla uzlaşdırılması tələb olunur. Vyetnam müharibəsinin sindromunun Amerika cəmiyyəti üçün törətdiyi nəticələri nəzərə almaq və onları önləmək üçün bu kompleks tədbirlər zəruridir.
Beləliklə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində milli genofondun qorunması və reabilitasiyası üçün yaxın dövrdə görülməsi vacib olan təxirəsalınmaz tədbirləri aşağıdakı kimi ümumiləşdirmək olar:
1.Qaçqın və məcburi köçkünlərin dislokasiya və yaşayış yerlərində sanitar-epidemioloji vəziyyətin dəyərləndirilməsi və zəruri tədbirlərin görülməsi;
2.Qaçqın və məcburi köçkünlərin psixoloji reabilitasiyasının təşkili üzrə dövlət proqramının işlənib hazırlanması ;
3.Əsirlikdən azad edilmiş və işğal zonasında müvəqqəti saxlanılan şəxslərin tibbi monitorinqinin və psixoloji reabilitasiyasının təşkili üzrə dövlət proqramının işlənib hazırlanması;
4.Müharibənin milli genofonda vurduğu zərbənin tibbi aspektlərinin kompleks dəyərləndirilməsi məqsədilə komissiyanın yaradılması və bu materialların əsasında dünya tibb ictimaiyyətinə və Ümumdünya Səhiyyə Təşkilatına müraciət edilməsi;
5. Qaçqın və məcburi köçkünlərin xüsusi statistika və tibbi uçotu sisteminin yaradılması;
6.Respublika vətəndaşlarının əvəzsiz donorluğu və qan bankı sisteminin yaradılması;
7.Qaçqın və məcburi köçkünlərin yaşadığı yerlərdə həkiməqədərki tibb yardımı üsullarına yiyələnməsi və onların ambulator tibb yardımı ilə təchiz edilməsi üçün tədbirlərin görülməsi;
8.Azərbaycan Respublikasında Qarabağ əlillərin sosial təminatının və müdafiəsinin təşkili işinin yaxşılaşdırılması üçün müvafiq konsepsiyanın yaradılması;
9.Qaçqın və məcburi köçkünlərin yaşadığı yerlərin həkimlərlə təminatı üçün tədbirlərin görülməsi;
10.Göstərilən məsələlərin dövri mətbuatda mütəmadi işıqlandırılması.