Akif Nağı
Qarabağ düyünü:çətinə salınmış asan iş
“Müharibə elə də asan məsələ deyil ki,
onu hərbçilərə etibar edəsən”. Klemanso
2006-cı il ərzində baş verən hadisələr, aparılan danışıqlar, nəticəsiz cəhdlər Qarabağ məsələsinin həllinin, daha doğrusu erməni işğalının nəticələrinin yalnız hərbi yolla aradan qaldırılmasının mümkün olduğunu bir daha və bir dəfəlik təsdiq etdi. “Heç vaxt heç kəsin ağlına da gələ bilməzdi ki, əhali öz ölkəsini əldə silah müdafiə etməkdən çəkinəcəkdir” (Makiavelli). Danışıqlar, yaxud “sülh yolu” deyilən yol tərəflərdən hər hansı birinin vaxt qazanması, baş vermiş işğal faktının daxili və beynəlxalq ictimai rəydə adiləşdirilməsi, işğal faktı ilə bağlı adekvat və impulsiv reaksiya imkanlarının heçə endirilməsi, maraqlı dövlətlərin iqtisadi mənfəətlərinin təmin olunması məqsədilə regionda sabitliyin qorunub saxlanılması üçün sərfəlidir. Deyilənlərin heç biri torpaqları işğal altında olan, ərazi bütövlüyü pozulan Azərbaycanın maraqlarına uyğun gəlmir.
Vaxt amilinin Azərbaycanın xeyrinə işlədiyini deyənlər ciddi yanlışlığa yol verir, ya da səmimi mövqe bildirməkdən çəkinirlər. Əgər ötən vaxt ərzində Azərbaycan ordusu düşmənin silahlı qüvvələrini müxtəlif parlamentlərə görə bir neçə dəfə ötüb keçsəydi, erməni təcavüzünün beynəlxalq səviyyədə qəti ittiham olunmasına, bu işğal faktına qarşı birmənalı beynəlxalq ictimai rəyin formalaşdırılmasına nail ola bilsəydik, Ermənistana qarşı hər hansı beynəlxalq təşkilatın kəskin və əməli addımlarla möhkəmləndirilən qətnaməsi ortada olsaydı, Azərbaycanın haqlı mövqeyinə dəstək aydın hiss olunsaydı, hərbi müttəfiqlərimizin sayı artsaydı (əksinə, azalma meyli hiss olunur), onda vaxt amilinin rolunu qabardanlarla bəlkə də razılaşmaq olardı. Təəssüf ki, deyilənlərin heç biri müşahidə olunmur.
Azərbaycan danışıqları davam etdirməklə Dağlıq Qarabağdan imtina yolunu seçmişdir. Dövlət başçısı, ayrı-ayrı məmurlar tərəfindən vaxtaşırı verilən kəskin bəyanatlar ictimai rəyin aldadılmasına yönəlmişdir. Bədbin və düşkün vəziyyətə salınmış xalq, ictimaiyyət könüllü şəkildə aldadılmağa meylli kimi görünür, baş verən hadisələrin mahiyyətinə varmır, heç cəhd də göstərmir, daha çox deyilən yalanları reallıq kimi qəbul edərək, özünü bu yalanlarla ovundurmaqla kifayətlənir. Ictimai rəydə “bizdən nə asılıdır, nə edə bilərik, bu iş bizlik deyil” fəlsəfəsi möhkəmlənir. Fərdlər ən yaxşı halda “lazım gəlsə” deyimi ilə özlərinə təskinlik tapmağa çalışırlar.
Beynəlxalq təşkilatlar, onları idarə edən dövlətlər vəziyyətin bu şəkildə qalmasında, sonsuz şəkildə davam etdirilməsində maraqlıdırlar. Onlar iqtisadi maraqları üçün yarana biləcək təhlükədən çəkinir, eyni zamanda region ölkələrini nəzarətdə saxlamaq, təsir dairələrindən çıxmalarına imkan verməmək üçün dondurulmuş münaqişələrdən vasitə kimi istifadə edirlər. Ona görə də “vasitəçilik missiyası” deyilən təsir və idarə etmə alətini öz monopoliyalarında saxlayır, kənar müdaxilələrə imkan vermirlər. Dünyanın üç super gücü-ABŞ, Rusiya və Fransa vasitəçilik missiyası ilə Qarabağ münaqişəsinin nizama salınması deyil, öz maraqlarının regionda balanslaşdırılması məqsədini güdürlər.
Bəzi analitiklərin fikrinə görə, dünyada gedən proseslərə həlledici təsir imkanlarına malik olan üç dövlətin nizamlama prosesində iştirakı yeganə məqbul variantdır. Bu məntiqə görə, supergüclərin öz aralarında razılığa gəlməsi məsələnin birdəfəlik həllinə gətirib çıxarmalı idi. Tamamilə yanlış yanaşmadır. Regionda daban-dabana zidd maraqlara sahib olan dövlətlərin münaqişənin həlli ilə bağlı nə vaxtsa ortaq məxrəcə gələcəyi ehtimalı sıfıra bərabərdir. Ötən illərin təcrübəsi bunu aydın şəkildə təsdiq edir və bundan sonra bu perspektivə inanmaq ən azından ağılsızlıqdır.
Hazırda yaranmış vəziyyət Ermənistanı tam qane edir. Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən tam çıxarılmış, Dağlıq Qarabağın ətrafındakı 7 rayonun ərazisi şəriksiz istifadə üçün ələ keçirilmiş və bütün zəbt olunmuş torpaqlar Ermənistanın daxili əraziləri kimi idarə və istifadə olunur. Üstəlik, beynəlxalq təşkilatlar tərəfindən heç bir sanksiya tətbiq olunmur, təzyiq göstərilmir. Beynəlxalq təşkilatların münaqişəyə görə məsuliyyəti tərəflər arasında tam bərabər şəkildə bölüşdürməsi, “balanslaşdırılmış günah” xəttini yeritməsi işğalçı Ermənistanın maraqlarına tamamilə uyğun gəlir. “Müharibədən doğan oğruları sülh dar ağacından asır” (Makiavelli). Indi hər şey tərsinə cərəyan edir, oğrular, quldurlar, terrorçular öz istəklərini diktə edirlər. Tarixdə işğalçı dövlətə qarşı bu cür xoş münasibətin analoqu yoxdur və yəqin ki, gələcəkdə də olmayacaqdır. Ermənistanın müstəqil olmaması, Rusiyanın “forpostu”na çevrilməsi, bu gün- sabah iqtisadi cəhətdən çökəcəyi haqda müxtəlif səviyyələrdə tez-tez bəyanatlar səsləndirilir.
Bu, yanlışlıqdan, özünü aldatmaqdan, daha doğrusu, fəaliyyətsizliyə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyildir. Ermənilər “müstəqillikdən qismən və yaxud tam imtina müqabilində torpaq” siyasətindən bir neçə dəfə uğurla bəhrələniblər. Onlar, deyəsən, hamıdan daha əvvəl başa düşüblər ki, dünyada müstəqillik daha çox nisbi (planetimizin hansı dövlətinin öz müstəqilliyindən tam qətiyyətlə danışa biləcəyi mübahisəli bir məsələdir), torpaq isə daha çox əbədi anlamdır. Onlar 1828-ci ildə özlərini birmənalı şəkildə Rusiyanın ixtiyarına verərək “erməni vilayəti” deyilən qurumun yaradılmasına nail oldular, 1918-ci ildə ABŞ-ın tam himayəsini qəbul edərək, Irəvan və ətraf əraziləri ələ keçirdilər (ona görə də o vaxtkı ABŞ prezidenti V.Vilsonu özlərinin mənəvi atası hesab edir və onun şərəfinə ən böyük abidəni ucaltmağa hazırlaşırlar), 1920-ci ildə müstəqilliklərindən Rusiyanın xeyrinə imtina etməklə Zəngəzuru aldılar, Dağlıq Qarabağ üçün isə uyğun zəminin bünövrəsini qoydular. Ermənistan bu gün Dağlıq Qarabağı və işğal olunmuş digər əraziləri nəzarətdə saxlamaq üçün müstəqilliyini girov qoymaqla Rusiyanın himayəsindən bəhrələnir, sabah Dağlıq Qarabağda həmişəlik möhkəmlənmək üçün ABŞ və yaxud hər hansı başqa dövlətin qoltuğuna sığınacağı, hər halda cəhd edəcəyi şübhə doğurmur.
Əlbəttə, bu, özünə hörmət edən millətlərin qəbul etmədiyi şərəfsiz dövlətçilik yoludur. Bu, onların öz işidir, biz onları şərəfləndirə, yaxud bu yoldan çəkindirə bilmərik. Bu, bizim işimiz deyil. Amma şərəfsiz dövlətçilik yolu tutmuş bu eybəcər toplumun fitnə-fəsadları bizim başımızda çatlayır, hər dəfə torpaq itkilərinə biz məruz qalırıq.
Ona görə də biz hadisələrə düzgün qiymət verməli, prioritetlərimizi reallığa uyğun müəyyənləşdirməli, yanlış görüntülərlə özümüzü aldatmamalıyıq. Obyektivlik naminə onu da nəzərə almalıyıq ki, ermənilər bu yolda on minlərlə həmtayfalarını qurban vermiş, milyonlarla vəsait xərcləmişlər. Və bu gün də “yoruldum, usandım, çəkildim”, -demirlər. Bunu müharibə adı gələndə “müharibə ölüm-itim, qandı” deyib, daş atıb, başını tutan, Qarabağ yolunda pul xərcləmək lazım gələndə “Meydanda vermişdim, bilmədim hara getdi” deyən, Qarabağ uğrunda ortaya çıxıb mübarizə aparmaq lazım gələndə “yorulmuşam, usanmışam, çox şey etmişəm, daha bəsdir” deyib dalda-bucaqda gizlənən soydaşlarımızın nəzərinə çatdırmaq üçün dedim. Əlbəttə, 200 illik qanlar, itkilər və xərclərdən yorulmayan ermənilərə qarşı 2 atımlıq barıtdan sonra usanmış soydaşlarımızla mücadilə aparmaq ağla sığan məsələ deyil. Gərək, usanmaq, yorulmaq sözlərini yaddan çıxaraq. Ermənilərin də narahatçılığı elə bundadır, qalan bütün işlərini yoluna qoyublar.
Ötən il Azərbaycan diplomatiyası üçün tam uğursuzluqla nəticələndi. Ən ümidverici proqnozlardan, müxtəlif səviyyələrdə görüşlərdən, danışıqlardan sonra məlum oldu ki, müzakirə olunan məsələlər ölkənin maraqlarına qətiyyən uyğun deyil və yaxşı halda işğal faktını özündə ehtiva edən status kvonun saxlanılmasına, pis halda isə Ermənistanın iddialarının tam təmin olunmasına xidmət edir. Azərbaycan tərəfi Dağlıq Qarabağın ətrafındakı rayonların bir hissəsinin azad olunması, sülhməramlı qüvvələrin münaqişə zonasına yerləşdirilməsi, zəbt olunmuş ərazilərdə qondarma rejimin “hələlik” saxlanılması, statusla bağlı referendumun keçirilməsi, Azərbaycanla Ermənistan arasında iqtisadi və digər əlaqələrin bərpa olunması kimi məsələlərin müzakirəsində iştirak etməklə milli maraqlardan kənara çəkilmişdir. Bu müzakirələrlə ortaya gələcək fəlakətli nəticələri hələ bir kənara qoyuruq, bu müzakirələrdə iştirakın özü artıq fəlakətdir. Azərbaycan hakimiyyəti referenduma razılıq verdiyini artıq bildirmişdir. ”Statusun müəyyən edilməsi prosesi Qarabağın erməni və azərbaycanlı icmalarının birbaşa və tam iştirakı ilə keçiriləcəkdir. Ermənilər referendumun 5 ildən, biz isə 15 ildən sonra keçirilməsini istəyirik” (E. Məmmədyarov). Referendum ideyası, onun cəmiyyətə, ictimai rəyə yeridilməsinin özü zərərlidir.
Istənilən formada referenduma razılıq vermək işğal faktının üzərindən sükuta keçməyə və Dağlıq Qarabağın mübahisəli ərazi olduğunu etiraf etməyə bərabərdir. Digər tərəfdən, Ermənistan möcüzə nəticəsində Rusiyanın təsirindən çıxaraq referendumun 15 ildən, hətta 100 ildən sonra keçirilməsinə razılıq verərsə, bu o deməkdir ki, Dağlıq Qarabağdakı qondarma rejim həmin müddət ərzində beynəlxalq təminatla tam sərbəst mövcudluğunu davam etdirəcək, Azərbaycanın hər hansı müdaxilə imkanları heçə endiriləcək, Ermənistan isə bölgənin, o cümlədən Azərbaycanın bütün təbii və qeyri-təbii sərvətlərindən, regional layihələrdən geniş şəkildə bəhrələnmək imkanı qazanacaqdır. Bəzi “ekspertlər”, hakimiyyət sözçüləri “irəliləyiş” deyəndə yəqin bunları nəzərdə tuturmuşlar.
Bu proseslərin “qabırğa” effektlərindən biri də “xalq diplomatiyası” deyilən hərəkatdır. “Azərbaycan ordusu Qarabağı işğaldan azad edə bilər, amma bu, münaqişənin həllinə gətirib çıxarmayacaqdır”. – “Xalq diplomatları”mızın son dövrdə ortaya atdıqları tezislərdən biri də budur. Normal təfəkkürlə və normal vəziyyətdə bu sillogizmi axtarıb tapmaq çətin olardı. Görünür, iri məbləğdə qrantın yaratdığı şiddətli qızdırma “dostlarımızın” təxəyyülünü xəstə halına gətirib çıxarıb. Qrant zəlillərinə bir daha başa salmağa çalışıram: qrant da, onu verənlər də, bu dünyanın rahat, firavan həyatı da müvəqqətidir; əbədi olan torpaqdır. Irəvanı, Göyçəni, Zəngəzuru ermənilərə verib, sonra da onlarla kirvə olan dədələrin yolu ilə getməyin! Xalq diplomatiyası, xoş münasibət və şirin dillə erməniləri öz “erməniliyindən” əl çəkməyə vadar etmək mümkün deyil. Əvvəl bəylik ləyaqəti ilə, daha sonra isə proletar beynəlmiləlçisi kimi erməniləri başa keçirəndə, onlara abidələr ucaldanda, vəzifələr verəndə, heç ağlımıza da gəlməzdi ki, onlar Şuşada şair Vaqifin heykəlinin uzunluğunu ölçür, doğum evlərində övladlarımızı şikəst edir, “türklərdən qisasımızı aldım” deyə Cavidlərimizi, Müşfiqlərimizi, Cavadlarımızı edam kötüyünə göndərir, uca dağ kəndimizdəki pinəçidən tutmuş paytaxtımızdakı “sexovşik”ə qədər erməni fondlarına pul keçirirlər. Bu yaxınlarda isə Ermənistanda xarici təşkilatların keçirdiyi sorğunun nəticələrinə görə ermənilərin ən çox nifrət etdikləri millət azərbaycanlılardır (87 faiz). Bu da “xalq diplomatları” mızın “ağır” zəhmətlərinin nəticəsidir.
Ermənilər bizə nifrət edirlər və ona görə nifrət edirlər ki, onların göz dikdikləri torpaqlar bizimdir. Günah özümüzdədir, özümüz gətirmişik, hər şeyimizə şərik etmişik, həmişə də qabaqlarından qaçmışıq, ona görə də ayaqları yer alıb. Indi ya yenə də qaçıb getməli, göz dikdiklərini verməli, ya da bu torpağın sahibi, ağası olduğumuzu sübut etməliyik. Yoxsa qulun, nökərin ağaya olan bu nifrəti tükənməyəcəkdir. “Mənimki, sizə bir yaxşılığım dəyməyib, nə üçün mənə bu qədər nifrət edirsiniz?!” (yunan məsəli).
Göründüyü kimi, bu gün bütün parametrlər üzrə yalnız ən xoşagəlməz nəticələrlə üz-üzə qalmışıq:
-Ordumuz istənilən səviyyədə deyildir;
-xalq və cəmiyyət passiv müşahidəçi rolu ilə kifayətlənmək zorundadır;
-beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər münaqişənin beynəlxalq hüquq normaları müstəvisində nizama salınmasına heç cəhd də göstərmirlər;
-dünya birliyinin işğala məruz qalan tərəfə rəğbəti hiss olunmur;
-işğal faktı ilə bağlı obyektiv beynəlxalq ictimai rəy formalaşdırılmamışdır;
-Ermənistan haqsız iddialarının üzərində dayanır, ermənilərin bizə qarşı nifrəti və iddiaları azalmamışdır ki, artmışdır.
-potensial hərbi müttəfiqlərimizin sayı azalmaqdadır;
-Azərbaycanda müharibə və qisas əhval-ruhiyyəsi istənilən səviyyədə deyildir.
Bu vəziyyət Qarabağ məsələsinin həllinə dair yanlış yolun tutulması ilə bağlı yaranmışdır. Işğala məruz qalan ölkənin öz torpaqlarını ən radikal vasitələrlə azad etmək yolundan imtina edərək, mənasız danışıqlar variantına üstünlük verməsi nəticəsində Azərbaycan cəmiyyəti passiv kütləyə, beynəlxalq təşkilatlar biganə seyrçiyə, Ermənistan işğalçı hərəkətlərinə bəraət qazandırmağa, müdafiə olunmağa cəhd göstərmək əvəzinə, fəal hücumçuya (danışıqların nə vaxt və harada keçiriləcəyini, hansı məsələlərin müzakirə olunacağını da Ermənistan müəyyənləşdirir, öz mövqeyini diktə edir) çevrilmişdir. Potensial hərbi müttəfiqlərimiz isə maymaq və dişsiz siyasət yeridən bir ölkədən artıq üz döndərmişlər.
Yaranmış vəziyyətdən çıxış yolları barədə müxtəlif fikirlər səsləndirilir. Onlardan dördü daha tez-tez ortaya gəlir: 1) NATO-ya üzv olub, bu qurumun imkanlarından istifadə etmək; 2) Demokratik cəmiyyət quruculuğunu başa çatdırmaq; 3) Iqtisadi cəhətdən güclü dövlətə çevrilmək; 4) Hər hansı digər partiya hakimiyyətə gələrsə, məsələ dərhal həll olunacaqdır.
Bu mövqelərin heç biri ciddi tənqidə davam gətirmir, daha çox bu və ya digər ictimai, siyasi qüvvələrin öz fəaliyyətsizliklərinə bəraət qazandırmaq cəhdi, bəzi hallarda isə xarici qüvvələrin planlarının reallaşdırılması istəyi kimi görünür. NATO-nun siyasətini müəyyənləşdirən əsas ölkə Minsk Qrupu həmsədrlərindən biridir. Ona görə də NATO çərçivələrində hansısa yeni yanaşmanın nümayiş etdiriləcəyinə ümid azdır. Digər tərəfdən, tarixi təcrübə kənardan müdaxilə nəticəsində münaqişənin ədalətli prinsiplərlə həll olunacağına inam yaratmır. 1920-ci ildə Azərbaycan parlamentində kommunist nümayəndələr oxşar tezislə çıxış edərək, yalnız Qırmızı ordunun gəlişindən sonra Qarabağın, Zəngəzurun xilas ediləcəyini bildirirdilər. Qırmızı ordu gəldi və Zəngəzuru Ermənistana, Dağlıq Qarabağı isə ermənilərə verdi (heç bir ehtiyac olmadan verilən muxtariyyətin başqa adı yoxdur). NATO gələrsə, onun da oxşar yolla gedəcəyini tam əminliklə demək olar.
Demokratik cəmiyyəti bütün dərdlərin dərmanı kimi təqdim etməyə çalışanlar yanılırlar. Əvvəla, demokratik cəmiyyətin kriteriyaları, meyarları hələ də mübahisəlidir. Başqa bir ölkənin ərazisinə daxil olub, kütləvi qırğınlar törədən və özünü “demokratiyanın qarantı” adlandıran ölkənin demokratikliyinin qəbul olunması da çox mübahisəli məsələdir. Bu demokratiya çabaları daha çox Sovetlərin “tam və qəti qələbə” oyunlarını xatırladır. Bu gün demokratiya dedikdə hansısa dövlətin təsiri altında olan hansısa siyasi qüvvənin hakimiyyətə gəlməsi nəzərdə tutulur. Vaxtilə hər hansı ölkədə sosializmin qələbəsi Rusiyanın nəzarəti altında olan hər hansı siyasi qüvvənin hakimiyyətə gəlməsi anlamını verirdi. Azərbaycanda da belə olmuşdu. Daha sonralar hər hansı uzaq qitənin cəngəlliklərində yaşayan və sosializmin heç nə olduğunu da bilməyən serjant və polkovniklər bundan məharətlə yararlanırdılar. Demokratik cəmiyyət qurmaqla dünyanın haqqımızı tanıyacağına, ədalətli mövqe tutacağına inanmaq sadəlövhlükdür. Tarix demokratik cəmiyyətlərin deyil, güclülərin, öz haqqını müdafiə edə bilənlərin tarixidir.
Iqtisadi gücün artırılması ciddi və həlledici əhəmiyyətə malikdir. Burada həqiqət var. “Müharibə etmək qabiliyyəti hərbi müstəvidən iqtisadi müstəviyə keçmişdir”(K. Klauzevis). Istənilən qarşıdurma iqtisadi güclərin toqquşması, mübarizəsi və sınağıdır. Lakin iqtisadi güclərin nisbətini mütləq həddə çatdırmaqla məsələnin öz-özünə həll olunacağına ümid bəsləmək düzgün deyil. Bu halda sonsuzluğa qədər gözləmək olar, amma heç bir nəticə hasil olmayacaqdır. Müəyyən kəmiyyət və keyfiyyət həddinə çatmış iqtisadi gücdən məqamında istifadə olunmursa, o gələcəkdə ciddi təsir amilinə çevrilmək imkanını itirir. Özündə güc hələ heç nə demək deyildir, onun reallaşdırılma imkanları axtarılıb tapılmalıdır. Azərbaycanın bu gün malik olduğu iqtisadi güc Ermənistana qarşı qəti və təcili addımların atılmasına imkan verir.
Iqtisadi gücdən bu gün yararlanmağın əleyhinə olanlar, yaxud onun hələ də kifayət etmədiyini deyənlər dövləti və cəmiyyəti əfsanəvi iqtisadi gücə nail olmaq ümidi ilə “X” anına qədər çalışmağa, gözləməyə çağırırlar. Belə absurd fikirlər də səsləndirilir ki, guya bizim iqtisadi gücümüz elə bir yüksək həddə çatacaq ki, ermənilər bu gücün qarşısında və onun tətbiq edilmə ehtimalından qorxaraq, bütün iddialarından geri çəkiləcək, torpaqları da boşaldacaqlar. Gülünc və bayağı tezisdir, amma hər halda yüksək səviyyələrdə müdafiə olunur, kifayət qədər tanınan ekspertlər tərəfindən də dəstəklənir.
Hakimiyyətə iddialı olan siyasi qüvvələr hakimiyyətə qədərki dövrdə də öz işlərini görməli, milli maraqlara uyğun mövqedən çıxış etməlidirlər. Bu halda “hakimiyyətə gələrəmsə, məsələni həll edəcəyəm” tezisi kifayət etmir. Hər bir partiya üçün hakimiyyətə qədərki dövrün öz tələbləri var. Bu tələbləri yerinə yetirməyən, konkret addımlar atmaq istəməyən partiyanın gələcək üçün verdiyi vədlər inandırıcı görünmür. Hakimiyyət də, hakimiyyətə gəlmək istəyən nüfuzlu partiyalar da milli maraqları dünya güclərinin transmilli maraqlarına uyğunlaşdırmağa çalışır və Qarabağ məsələsinin bu müstəvidə öz həllini tapacağına ümid edirlər. Tamamilə yanlış və zərərli mövqedir.
Dünya gücləri dünyada gedən və qloballaşma adlandırılan proseslərə problemsiz qoşulmağımızın tərəfdarıdırlar. Həmin proseslərə tam səlahiyyətli üzv kimi qoşulmaq üçün ya öz problemlərimizi özümüz həll etməli, ya artıq yük gətirən amil kimi kəsib atmalıyıq. Bizdən istənilən budur. Qarabağ məsələsi beynəlxalq müstəvidə ən yaxşı halda dondurulub saxlanıla bilər. Ona görə də məsələnin həlli bütövlükdə daxili amillərə bağlıdır. Bizdə hələ də bu həqiqəti qəbul etmək istəmirlər. Fərd olaraq “tək canımla nə edim”, partiya olaraq “nə isə etməyim üçün hakimiyyətə gəlməliyəm”, hakimiyyət olaraq “nə mümkündür, edirəm” tezisləri arxasında gizlənənlər ötüb-keçən günləri sayır, yalnız imitasiyadan ibarət fəaliyyəti davam etdirirlər.
Özümüzün də günahımız ucbatından Qarabağ məsələsi çətin bir düyünə çevrilmişdir. Hətta baş vermiş hadisənin mahiyyətini də ən müxtəlif müstəvilərdən yozur, məsələni mümkün qədər mürəkkəbləşdirir və həll yolunun olmadığı haqda fikir formalaşdırmağa çalışırlar. Bu, məlum və dəfələrlə sınaqdan çıxarılmış yanaşma metodudur. Bu yanaşmanın əsas şərtlərindən biri çıxılmazlıq vəziyyətinin yaradılmasından ibarətdir. Sonda çıxılmazlıq vəziyyətini süni şəkildə yaradanlar xilaskar kimi ortaya çıxaraq, yeganə “çıxış” yolunu göstərirlər.
Təəssüf ki, cəmiyyətimizdəki münasibətlər müstəvisində də Qarabağ məsələsi düyünə çevrilmişdir. Hər bir tərəf, istər hakimiyyət, istər müxalifət, istərsə də ictimai birlik, ya da fərd məsələnin həll imkanlarına obyektiv mövqedən deyil, daha çox öz maraqlarının pəncərəsindən baxmağa çalışırlar. Bizdən fərqli olaraq, erməni cəmiyyəti üçün hər şey aydındır, bütün nöqtələr öz yerindədir: nəzərdə tutulan ərazilər işğal olunmuşdur, işğal faktı təsbit olunmalıdır, o vaxta qədər danışıqlar davam etdirilməlidir. Bütün erməni toplumu bu strategiyanın həyata keçirilməsi ilə məşğuldur. Bizdə isə hətta işğal faktının özü ilə də bağlı vahid mövqe yoxdur. Ona görə də kimlərsə Dağlıq Qarabağın statusunun ölçülərindən danışır, qardaşını müharibədə itirən başqa birisi ermənilərlə “dostluq körpüsü” yaratmağa çalışır, digərinin isə deyəsən heç vecinə də deyil. Məlum təmsilin yükü hərəsi bir tərəfə çəkən personajlarının gününə düşmüşük.
Kişinin də, dövlətin də, ölkənin də başına iş, o cümlədən işğal işi də gələ bilər. Dərd onda deyil, dərd ondadır ki, bu iş başına gələ və onun çarəsini tapa bilməyəsən. Qarabağda şəhid olanların ailələrini, əlil olanların özlərini küçələrdə diləndirirlər, Qarabağ deyənlərin dilini kəsir, Qarabağ deyib, müharibə istəyənləri “yalançı patriot” adlandırırlar. Kimin həqiqi vətənpərvər olduğu bilinmir. Dəyərlər dəyişib, mənasızlaşıb, qiymətdən düşüb. Cəmiyyət “nə etməli?” sualı qarşısındadır. Bu sualın birmənalı cavabını bilən də yoxdur. Dəhşətlisi isə odur ki, bu sualın cavabını axtaranların sayı yox dərəcəsindədir. Böyük əksəriyyət axtardığını tapıb, kreslosunda, piştaxtasının, yazı masasının, ya da topun, tankın arxasında, daha doğrusu kölgəsində rahatlanıb oturan kimi görünür. Piştaxta və yazı masası arxasında dayananların arasında elə bir ciddi fərq qalmayıbdır.
Mən yaranmış vəziyyətdən çıxış yollarına dair geniş konsepsiya ilə çıxış edib ağıl sahiblərini, ictimai “fikir dahilərini” qəzəbləndirmək istəmirəm. Onsuz da heç kəs, heç kəsin nəinki kitabını, heç balaca bir yazısını da oxumur. Daha çox hansısa ekstrasensin, öncəgörənin Qarabağ məsələsinin neçənci ildə həll olunacağı haqda dedikləri oxunur, dinlənilir və müzakirə olunur. Nə etməli, biz də bu reallığı yaşayırıq.
Mənim də daxil olduğum məlum cərəyanın fikri cəmiyyətə bəllidir. Biz ləngimədən müharibənin başlanmasını istəyir və bunun üçün əlimizdən gələni edirik. Istədiyimiz isə odur ki, bu müharibənin daha tez başlanması üçün hər kəs bacardığını etsin. Vətən işğal atındadır. “Vətəni sevmək imandandır”(Qurani-Kərim). “Vətənə həqiqi məhəbbət və Vətən naminə cəsarətli qəhrəmanlıq yolu ilə xoşbəxt olmaq olar”(Stendal). Hakimiyyətdə oturan və hakimiyyətə gəlmək istəyən hər bir kəs Vətəni işğaldan azad etmək üçün ən acı həqiqəti deməyi, ən ağır yolu tutmağı bacarmalıdır.
Hər bir vətəndaş bu yolda çətinliklərə, əziyyətlərə, şərəfli ölümə hazır olmalıdır. “Siz məndən soruşursunuz, məqsədiniz nədir? Mən bir kəlmə ilə cavab verə bilərəm: nəyin bahasına olursa olsun, qələbə; bütün dəhşətlərinə rəğmən, qələbə; nə qədər uzun və çətin olmasına baxmayaraq, qələbə; çünki qələbə olmasa, həyat da olmayacaqdır” (Çerçill). Çətin sual qarşısında düzgün seçim etməyi bacarmalıyıq. Makedoniyalı Aleksandr Qordi düyünü, Şah Ismayıl Təbriz divarları, dünya xalqları faşizm vəbası, xorvatlar serb millətçiliyi qarşısında seçimlərini etdilər və qələbə çaldılar. Qarabağ düyünü də qılınc, güc və zorla həllini tapacaqdır. Doğrudan da, “tarixi qaliblər yazır” (U.Eko), məğlublar isə yazılan tarixi oxumaqla kifayətlənirlər. Biz də tariximizi yazmalıyıq. s