Asif Rüstəmli
Qarabağ “1905-ci ildə”:
tarixi gerçəklik və bədii həqiqət
Bədii həqiqət geneoloji kökü, estetik qaynaqları və rişələri ilə həyat həqiqətlərinin beşiyindən boy atır, pərvəriş tapır. Tarixi gerçəklik isə həyat həqiqətlərinin süzülmüş, seçilmiş, sıxılmış məcmusu, mənəvi dəyərlər toplusunun bütün zamanlar üçün müasirlik faktıdır, Azərbaycan ədəbiyyatının sadiq qaldığı realist, demokratik ənənələrin inkişafına tarixi mövzuların bədii-estetik təsiri danılmazdır. Nəriman Nərimanovun “Nadir şah” (1899), Əbdürrəhim Bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” (1907), Məmməd Səid Ordubadinin “Əndəlisin son günləri” (1914) adlı tarixi dram əsərlərindən təsirlənən gənc və istedadlı dramaturqumuz Cəfər Cabbarlı “Nəsrəddin şah” (1916), “Ulduz” (1917), “Ədrinə fəthi” (1917), “Bakı müharibəsi” (1919), “Od gəlini” (1927) və “1905-ci ildə” (1931) pyesləri ilə böyük müasirlərinin tarixi gerçəkliyi sədaqət ənənəsini yüksək ləyaqətlə davam və inkişaf etdirmişdir.
Tarixiliyin və çağdaşlığın sıx vəhdəti, hadisə və mahiyyətin aktuallığı, realist düçüncə tərzinin və mətnaltı mənanın çoxqatlılığı C.Cabbarlının bir sıra əsərlərində olduğu kimi “1905-ci ildə” pyesində də özünü qabarıq biruzə verməkdədir. Dövlət türk Bədaye teatrosunda 1 oktyabr 1931-ci ildə ilk tamaşasından sonra əsəri “Xalqlar dostluğunun təntənəsi”, “beynəlmiləlçilik abidəsi” adlandıranlar da oldu, “milli münasibətləri qızışdıran”, “fəhlə hərəkatının üzərinə kölgə salan”, “siyasi istiqamətdən sapınan” pyes kimi dəyərləndirənlər də! Öncədən onu vurğulamaq lazımdır ki, müdhiş “37”nin qan çilənmiş üfüqlərinin göründüyü mürəkkəb və məsuliyyətli zamanda bədii əsərin ideoloji prinsiplərə söykənmiş siyasi meyarlarla qiymətləndirilməsi ədəbi tənqidin elmi-müqayisəli təhlil metodologiyasınıa və ədəbi-bədii, ideya-estetik məziyyətlərin dəyərləndirmə prinsiplərinə ən yumşaq deyimdə yaddır.
30-cu illərin siyasi ab-havasını çox gözəl görən və duyan sənətkar üçün 25 il əvvələ 1905-ci ilə qayıdaraq erməni-müsəlman qırğınını mövzu seçməsi müəllifdən böyük cəsarət və qətiyyət tələb edirdi. O “köhnəlmiş yaraları (yaddaşları-A.R.) təzələməkdən” narahatlıq, nigarançılıq keçirmir, əksinə, milli vətəndaşlıq borcunu və sənətkar narahatlığını ifadə edirdi.
C.Cabbarlı mövzunu hərtərəfli öyrənmək üçün arxiv sənədlərini nəzərdən keçirmiş, Qarabağa-Tuğ kəndinə, Şuşaya, Ağdama getmiş, qırğının iştirakçılarını və zərərdidələrini dinləmişdi. 1918-ci ilin qanlı mart günlərində ermənilərin Bakıda Azərbaycan türklərinə qarşı törətdikləri ağılasIğmaz vəhşiliklərin, soyqırımının canlı şahidi olmuş sənətkar erməni xislətindəki hiyləgərliyin, xəyanətkarlığın, fəndgirliyin, nankorluğun, qəddarlığın, barbarlığın, simasızlığın bütün təzahür formalarını açıq və ya üstüörtülü şəkildə “1905-ci ildə” tarixi dramında əks etdirmişdir. Doğrudur, pyesdə tarixi şəxsiyyətlər olmasa da tarixi hadislərərin bədii lövhələri çox real və inandırıcı verilmişdir.
Müəllif ermənilərə və türklərə (Əsərin əlyazmasındakı “türk” sözləri sonralar əsassız olaraq bütün nəşrlərdə “azərbaycanlı” sözü ilə əvəzlənmişdir-A.R.) xas ümumi keyfiyyətlərlə fərdi xüsusiyyətləri kəskin tarixi hadisələr fonunda süzgəcdən keçirib ümumiləşdirərək tipik obrazlar qalareyası yaratmağa nail olmuşdur. Allahverdi, Nabat, Eyvaz, Sona, Murad, Ağamyan, Gənc Baxşı-müsəlman-türk aləmində geniş yayılmış bu adları pyesdə daşıyanlar XIX əsrin əvvəllərində törətdikləri xəyanətlərə görə İran və Türkiyə ərazisindən Qafqaza, xüsusilə Qarabağa sürgün edilmiş, adaptasiya dövrünü yüksək məharətlə keçmiş ermənilərin xələfləridir.
Tarixi ərazilərdən Qafqaza qovulmuşlar maddi və mənəvi boxçalarının kasadlığından yeni yaşayış yerlərinə əliboş gəlsələr də türklərin xeyirxahlığından və qonaqpərvərliyindən maksimum sui-istifadə edərək maddi və mənəvi sərvətlərimizdən nəinki barınmışlar, hətta onların zaman keçdikcə mənimsəmiş müqavimətə rast gəlmədikcə özününküləşdirmişlər. Azərbaycan ərazilərinə səpələnən ermənilər yerli əhalinin rəğbətini qazanmaq üçün övladlarına türk adları qoyub, türk dilində danışır, türk mahnıları oxuyur, türk çalğı alətlərində çalır, türk həyat tərzinə və ənənələrinə yiyələnirdilər.
C.Cabbarlı “1905-ci ildə” göstərir ki, Qoca Baxşı milliyyətcə erməni olan Gənc Baxşını öz övladı kimi qəbul edir, ocağının başında ona yer ayırır, əziyyətlərə qatlaşaraq böyüdür, oxudur... Əsərdə Qoca Baxşı-xeyirxahlıqla qollarını yetimlərə, aclara, imknasızlara, qovulmuşlara, açmış qocaman Odlar yurdunu, Gənc Baxşı isə vətənindən uzaqlara atılaraq qayğıya, şəfqətə möhtac qalan, naəlaçlıqdan Azərbaycana pənah gətirən, türk səxavətinə sığınan, qonaqpərvərliyinə güvənən, erməniləri təmsil edir.
Pyes Qoca Baxşının tar çalması və “Sarı gəlin” xalq mahnısını oxuması ilə başlanır:
Saçın ucun hörməzlər,
Neynim aman, aman sarı gəlin.
Səni mənə verməzlər,
Neynim aman, aman sarı gəlin.
Əsər boyu tarın və “Sarı gəlin”in səsi və təsiri duyulmaqdadır. 30-cu illərdə tarın “sıxma-boğma”ya salındığını və “Sarı gəlin”ə gəlmələrin bu gün də iddialı olduğunu nəzərə alsaq sənətkar uzaqgörənliyini iqrar etməklə yanaşı C.Cabbarlı həssaslığını, narahatçılığını duymaq, dərk etmək və dəyərləndirmək bu gün həmişəkindən daha zəruridir. Erməniləri “Sarı gəlin” mahnısına şərik edənlər (bax: P.Əfəndiyev. Cəfər Cabbarlı və xalq yaradıcılığı. Bakı, Yazıçı, 1985, s. 164) mənim fikrimcə yanılırlar. Ermənilərin “Sarı gəlin” mahnısını oxuması, hələ onların bu mahnını yaratmasına dəlalət etmir. Sığındıqları türk xalqının nəinki mahnılarını, hətta tar, kaman kimi xalq çalğı alətlərini mənimsədikləri barədə də tarixdən onlarla misal çəkmək olar.
Cəfər Cabbarlı, Üzeyir Hacıbəyovun “Əsli və Kərəm”, N.Nərimanovun “Bahadur və Sona” əsərlərinin ideya istiqamətinə sadiq qalaraq türk Baxşı ilə erməni Sonanın, eləcə də erməni Baxşı ilə türk Sonanın izdivacını mümkünsüz sayır. Doğrudur, Baxşı dilinin mahnısını, sevimli tarını Sonaya bağışlayır. Hətta, qırğının şıddətli anlarında heç nədən qorxub-çəkinməyərək bir dəstə gül ilə Sonanın toyunu təbrik etməyə də gedir, təhlükələrə baxmayaraq orada tar çalıb oxuyur da!
Bütün bu cizgilərdə Baxşının Sonaya məhəbbətindən daha çox rəhmdilliyi, xeyirxahliği, qonşuluq münasibətlərini yüksək qiymətləndirməsi görünməkdədir. Əlində gül dəstəsi tutmuş Baxşını Sonanın adaxlısı Haykaz sərtliklə qarşılayır:-“Sizə nə lazımdır?” Baxşı təmkinlə cavab verir: “Mən eşitdim ki, bu gecə Sonanın toyudur. Biz qonşuyuq, mən öz borcumu yerinə yetirməyə gəldim. Mən Sonanı təbrik etməyə gəldim” (C.Cabbarlı. Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004, səh.409).
Sanki iki obraz yox, iki mədəniyyət, iki dünyagörüş üz-üzə gəlir. Haykaz-hayiklərin, ermənilərin təmsilçisidir. Qarşısındakı müsəlamanı görüb əlini silahına atmağa hazırdı. Baxşı qocaman, qədim bir mədəniyyətin təmsilçisidir. Onun xalqı unutqan deyil, sadəcə olaraq türklərin insanlara, qonşuya, qonağa sevgisi, məhəbbəti qəzəbindən, nifrətindən qat-qat böyükdür. Baxşı, vaxtikən əl tutduğu, ocağının başında yer verdiyi, saxladığı, sonralar açıq düşmənə çevrilən hayiklərin içinə silahla yox, gül-çiçəklə getməyi bacaran qorxmaz, mərd, ləyaqətli türk obrazıdır.
Baxşı ilə Haykazın üz-üzə gəldiyi səhnə türk ilə erməninin qarşılaşdığı səhnədən daha çox ləyaqətlə qəbahətin, məhəbbətlə-rəzalətin, səmimiyyətlə-nifrətin, xeyirxahlıqla-bədxahlığın, mədəniyyətlə-cəhalətin baş-başa gəldiyi səhnəni daha çox xatırladır. İkincinin arxalandığı gücə və qəddarlığa rəğmən birinci geri çəkilmir. Baxşının Sonaya bağışladığı tarını alıb hayiklərin içərisində çalması ikincilər üzərində mənəvi zəfərin təntənəsi kimi səslənir.
Ermənilərin türklərə qarşı törətdikləri ilk kütləvi qırğınlar Azərbaycanın əksər ərazisini bürüsə də Cəfər Cabbarlı insan, zaman, məkan şərtliyi hüdudlarında əsəri üçün 1905-ci ildə, Qarabağda, qarabağlıların simasında cərəyan edən hadisələri mövzu seçmişdir. Birinci şəkil “Qarabağın yaşıl bir yamacında kiçicik bir kənd”də baş verir. Azərbaycanlı Gülsün (Müəllif əlyazmasında surətin adı Gülsün olsa da çox təəssüf ki, bütün nəşrlərdə Gülsüm şəklində getmişdir-A.R.) qonşusu erməni Nəbatı səsləyərək: “Ay Nabat bacı! Ay Nabat bacı! Bu yiyəsi ölmüş çil toyuq iki gündür yenə də fal aparır. Heç bilmirəm hara baş götürüb gedir, deyirəm, bəlkə, sizin hinə gəldi?!
Nabat- hinə bax, Ay Gülsün bacı, dünən hindən iki dənə qərib yumurta tapmışam” (C.Cabbarlı. Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004, səh. 371-72).
Pyesin əvvəlində ustalıqla verilmiş bu lakonik dialoq, psixoloji mənzərə erməni xarakterini tamamlayan və sənətkarın bu üzlü qonşulara münasibətini əks etdirərək çox güclü, yaddaqalan ştrixdir. Gülsünün iki ədəd itmiş yumurtasını digər qonşuların deyil, məhz Əsriyanlar ailəsinin hinində axtarması, buna bənzər hadisələrin əvvəllər də olduğunu təsdiqləyir. Eyni zamanda bu iki yumurtanın itiyinə düşüb axtarılması, Qarabağda yaşayan türk ailələrinin mövcud durumunun, kasıbçılığın, imkansızlığın və ehtiyacın göstəricisidir. Nabat bir gün əvvəl “hindən iki dənə qərib yumurta tap”dığını məhz qonşu soraqladıqdan sonra boynuna alır. Gülsün qonşu ilə münasibətləri zədələməmək, Nabatı-onun düşdüyü pərt vəziyyətdən xilas etmək üçün “yiyəsi ölmüş bir yerdə qaxıla bilmir”-deyərək günahı çil toyuqda axtarır. Yaxud, pyesin üçüncü şəklində “Qarabağda Baxşıgilin kəndi”, hamı “Ay kəmərim, kəmərim” Azərbaycan xalq mahnısını oxuyub-oynayır.
“Aram. Oho, Allahverdi dayı ilə İmamverdi dayı gəldi.
Murad. Çəkin onları ortaya, bir Qaytağı (kursiv mənimdir-A.R.) vursunlar” (C.Cabbarlı. Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004, səh. 378).
Səkkizinci şəkildə isə Əsriyanlar ailəsi Qarabağdan Bakıya köçür. Sona Baxşının tarını (kursiv-A.R.)
Alıb özü ilə aparır. Gülsün əsriyanlar ailəsi üçün “bir az xırda-mırda hazırlayır ki, yolda yeyərlər”. Bu ürək böyüklüyü və mənəviyyat zənginliyi məhz Azərbaycan türkünə məxsus xüsusiyyətdir.
Müəllif pyesin başlanğıcından və ilk şəkillərindən Qarabağda sığınacaq tapmış ermənilərin yerli türk xalqının adından, mahnılarından, əsrarəngiz təbiətindən, təsərrüfatından zaman-zaman faydalandıqlarını, yumurtasına, toyuğun, tarına və torpağına iştahı artdığını xarakterik, inandırıcı cizgilərlə göstərir və xüsusi vurğulayır.
Eyvaz Əsriyan obrazı bir neçə parametrdən yanaşdıqda 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş soyqırımın təşkilatçısı və baş rejissorun Stepan Şaumyanın bədii əksi, məkrli və ikiüzlü erməni siyasətçisinin çoxrəngli portretidir. Tarixdən məlumdur ki, S.Şaumyan bolşeviklərin lideri Leninin tapşırığı ilə 1904-cü ildə Tiflisə gəlir, az sonra isə Bakıda fəaliyətini davam etdirir.1905-1906-cı illər “erməni-müsəlman” qırğınları zamanı o, Bakıda olur, erməni və rusdilli mətbuatda çıxışlar edir, qırğına “sinfi mübarizə” donu geydirərək açıq və ya gizlin şəkildə türklərə qarşı bütün imkanlarından istifadə edirdi.
C.Cabbarlı Eyvaz Əsriyanı sovet dövrü ədəbi tənqidinin dəyərləndirdiyi kimi idealizə etmir, əksinə prototipinin (Şaumyanın-A.R.) dünyagörüşündəki örtülü məqamları, məkrli niyyətlərini ümumiləşdirərək qəhrəmanının” dilindən, elə “birinci şəkil”dən açıqlayır:
“Imamverdi:-... Eyvaz da getdi özünə peşə tapdı, nə var mən raboçi olmuşam, bir naçalnikdən-zaddan olmadı ki, nəmalə işimiz düşəndə düzəltsin.
Eyvaz-Mən əgər naçalnik olsaydım, əvvəl-əvvəl sizin hamınızı divara söykəyib, güllələrdim” (C.Cabbarlı. Seçilmiş əsərlər. Çaşıoğlu, 2004, səh. 373).
Müəllif elə ilk şəkildə ixtiyar Azərbaycan türkü ilə gənc erməni “dığa”sını, xeyirxahlıqla, bədxahlığı, Imamverdi ilə Eyvazı üz-üzə gətirir. Birinci ikinciyə yüksək vəzifə, ikinci birinciyə isə ölüm arzulayır. Əsriyanlar-Şaumyanlar ilk qırğında böyük imkanlara malik olmasa da böyük təcrübəyə sahib çıxdılar, yiyələndilər.
Şaumyanlar üçün 1905-ci il hadisələri 1918-ci il soyqırımı faciəsinin baş məşqi idi. Onlar 1905-ci ildə buraxdığı taktiki “səhvlər”ə 1918-ci il qırğınları ərəfəsində yol vermədilər. Bir-birinə zidd, əqidəli hərbi qüvvələri, daşnak, menşevik və bolşevik əqidəli yüksək cinli hərbçiləri-qırmızı qvardiyanın qərargah rəisi, polkovnik Avetisyanı, Amazaspı, Kazaryanı, hərbi komissar Korqanovu, Suxartsyevi, Biceraxovu, generallardan Dronu, Andranik Ozanyanı və başqalarını Azərbaycan türklərinə qarşı bir araya gətirməyi bacardılar və sadəlövh, təmiz qəlbli İmamverdiləri divara söykəyib güllələdilər.
Müəllif pyesin altıncı şəklində bir-birinə zidd, əks təbəqələrin erməni millətindən olan nümayəndələrinin-Eyvaz Əsriyanla Rüben Ağamyanın barışmaz mövqeləri üçün neçə “ortaq məxrəc” tapdıqlarını dialoqla böyük ustalıqla, incə cizgilərlə vermişdir.
Ağamyan-Mən eşitdim, dünən mitinqdə Salamovun atasını yandırmışsan.
Eyvaz- Yandırmışam.
Ağamyan-Bərk dayan, Eyvaz, var-yox karta qoyulmuşdur: ya onlara verər Allah, ya bizə...
Eyvaz- Lakin unutmayın ki, mən inqilab yolunda vuruşan bir əsgərəm.
Ağamyan-Onun heç bir zərəri yoxdur. Hər şeydən qabaq sən ermənisən... Sən bir dəstənin başında durmuşsan, mən bununla ancaq fəxr edə bilərəm. Həm də mənim üçün bir təminatdır. Bilirəm ki, mənim filan yerdə adamım var.
Eyvaz-Adamın? Kimdir o sizin adamınız?
Ağamyan-Kim? Sən! Hər halda ermənisən, sənin damarlarında erməni qanı axır, sən mənim ətimi yesən, sümüklərimə dəyməzsən, hər halda bərk ayaqda sən məni, öz millətini qaniçən Salamovların altına yıxmazsan. Bu mənim üçün böyük bir təminatdır. (C.Cabbarlı. Seçilmiş əsərləri, Çaşıoğlu, 2004, s.392,393.).
Cəfər Cabbarlı üçün sirr deyildir ki, Azərbaycanın tarixi ərazisi olan Qarabağda, Zəngəzurda, Naxçıvanda türklərə qarşı kütləvi soyqırımının təşkilatçısı və icraçısı Andranik Ozanyanın siyasi təminatçısı Stepan Şaumyan idi.
Tarixən məlumdur ki, Naxçıvanda qanı su yerinə axıdan A.Ozanyan 1918-ci ilin iyunun 14-də Bakı komissarlarının sədri S.Şaumyana ünvanladığı teleqramında yazırdı: “Hazırda Naxçıvan qəzasındayam. Başçılıq etdiyim dəstə ilə özümü Rusiya Respublikasının ayrılmaz tərkib hissəsi hesab edirəm... Türkiyə qoşunlarının Naxçıvan ərazisinə daxil olmasına mane olmağa çalışacağam. Cavab və sərəncamınızı gözləyirəm. General-mayor Andranin” (V.Həbiboğlu. “Terrorçu Andranik” və “Böyük Ermənistan” xülyası Bakı, Gənclik, 2003, səh.94).
Azərbaycan torpaqlarında saysız-hesabsız türk qanı axıtsa da “damarlarında erməni qanı axan” (C.Cabbarlı) Andraniki S.Şaumyan çox gözlətmədi. Qatı erməni terrorçusuna ünvanladığı teleqramında yazırdı: “Culfa, xalq qəhrəmanı Andranikə. Sizin teleqramınızı aldım. Teleqramın tam mətnini Moskvaya, mərkəzi hökumətə çatdırdım. Sizin simanızda öz tərəfimizdən əsl xalq qəhrəmanını saxlayıram”.
Şaumyan Andraniki niyə xalq qəhrəmanı adlandırır? Məgər onun terrorçu Ozanyanın qanlı cinayətlərindən xəbəri yox idi? Bu suallara Cəfər Cabbarlı erməni keşişinin dilindən daha aydın, sərrast və məntiqli cavab verir. “Keşiş-Ey İsanın əmin quzuları, bizim namusumuzu ləkədən qurtaran milli qəhrəmanımız Eyvaz Əsriyan budur. Qan tökmək haramdır, lakin onun tökdüyü qan millət yolunda, din yolundadır. O, millət qəhrəmanıdır” (C.Cabbarlı. Yenə orada. səh. 404).
Şaumysanın məntiqi ilə yanaşsaq Andranikin də tökdüyü türk qanı, “millət yolunda, din yolunda” olduğu üçün o xalq qəhrəmanıdır.
Eyvaz Əsriyanın həyatdakı prototipi Stepan Şaumyanlardı. Üzdə özünü bolşevik, xalq hərəkatının nümayəndəsi adlandıran bu erməni millətçisinin əsl siması böyük peşəkarlıqla ört-basdır edilmiş, maskalanmışdır. Böyük dramaturq qəhrəmanının acınacaqlı taleyini onun prototipinin miskin taleyi kim məntiqli sonluğa çatdırır. Tarixi faktla bədii həqiqət üst-üstə düşür, bir-birini tamamlayır. Əlləri Azərbaycan türklərinin qanına batmış, 1905-ci il qırğınının gizli rəvac verənləri və ideya rəhbərləri Əryanlar-Şaumyanlar-tanrı və tarix qarşısında haqlı cəzalarına çatırlar-güllələnirlər.
Müəllif hadisələri soyqırımının apogeyi sayılan 1918-ci ilin martından 1905-ci ilə köçürməklə hələ “Bakı müharibəsi”ndə mart faciəsinin baş ideoloqu kimi təqdim etdiyi Şaumyanın bədii obrazına 30-cu illər sovet rejiminin duyuq düşmədiyi riskli cizgilər, tünd boyalar əlavə etmişdir. Azərbaycan tarixinin qara səhifələrindən birinə həqiqət işığı salmağı bacarmışdır. Dramın “Başlanğıc”nda Qoca Baxşının qızı gənc Sonaya oxuduğu qara cildli kitab Azərbaycanın qara və Qarabağlı günlərinin tarixidir. Gənclər ərəb əlifbasını oxuya bilmədiyindən Azərbaycanın qanlı, qarğaşalı günlərindən xəbərsizdir.
Qoca Baxşı üzünü müasir gəncliyə tutaraq müxtəlif vasitələrlə unutdurulan keçmişimizi, tariximizi ürək ağrisi ilə yada salaraq deyir: “Bir azdan sonra gəncliyimiz bu qara kitabı oxuya bilsə belə, hər halda anlaya bilməyəcəkdir. Çünki oradakı həyat ona yabancı və xəyali bir uydurma kimi görünəcəkdir. Halbuki burada yazılanlar bir xəyal deyil, hələ dünən keçirtdiyimiz qara bir həqiqətdir” C,Cabbarlı. Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004, səh. 371.
C.Cabbarlı şəxsiyyətinin böyüklüyünü, sənətinin qüdrətini şərtləndirən amillərdən biri də odur ki, bütün siyasi təzyiqlərə və təpkilərə baxmayaraq 30-cu illərin qasırğaönü Azərbaycanın qara cildli tarix kitabını vərəqləməyə cəsarətli addım atmış, qaranlıq səhifələrə həqiqət işığı salmağı bacarmışdır.