Asim Mollazadə
Qarabağ məsələsi beynəlxalq münasibətlər çərçivəsində
Ermənistanın Azərbaycana təcavüzünün dərin kökləri var. Bu köklər Rusiya imperiyasının qonşu ölkələrlə olan müharibələrindən qaynaqlanır. Rusiya Osmanlı və Fars imperiyaları ərazisində yaşayan ermənilərdən «beşinci kolon» kimi istifadə edirdi. Ermənilərə müstəqillik vəd edən Rusiya qonşu dövlətlərə qarşı apardığı müharibələr zamanı rus imperiyasına dəstək vermək məqsədilə erməniləri öz işğal etdiyi ərazilərə yerləşdirməyə başladı. Biz bunun illüstrasiyasını Peterburqdakı Tavriya sarayında yerləşən muzey eksponatları ilə tanış olarkən də görürük.
Bu muzeydə Rusiya Dumasının bütün üzvlərinin rəsmləri var. Çox maraqlıdır ki, Rusiya İmperiyası Dumasında İrəvanı hər zaman azərbaycanlı deputatlar təmsil etmişdi. Bunun səbəbi heç də azərbaycanlıların siyasi cəhətdən ermənilərdən daha fəal olması deyildi. Sadəcə, o zamanlarda İrəvanın əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Lakin sonrakı dövrlərdə Rusiya azərbaycanlıları bu ərazilərdən deportasiya etməklə erməniləri öz tarixi maraqlarının girovuna çevirmişdi.
Bu etnik təmizləmələr siyasəti məhz azərbaycanlıların, türklərin hesabına aparılırdı və ermənilər bölgədə Rusiya imperiyasının maraqlarına uyğun olaraq bufer rolunu oynamalı idilər. Rusiya etnik təmizləmə aparmaqla, erməniləri tarixən türklərə aid olan bölgələrə yerləşdirməklə Azərbaycan türklərini Türkiyədə və İranda yaşayan soydaşlarından ayırmaq məqsədi güdürdü. Bölgədə parçalanma və etnik-demoqrafik dəyişikliklər siyasəti Sovet İttifaqı zamanında da davam etdirildi. Dövlət siyasəti olaraq, azərbaycanlılar dəfələrlə Ermənistandan kütləvi şəkildə deportasiyaya məruz qalmışdılar.
Ötən əsrin 80-90-cı illərində Cənubi Qafqazda müstəqillik uğrunda mübarizə başlayanda da Rusiya erməni faktından yararlanmağa üstünlük verdi. Bu dəfə Ermənistan-Azərbaycan münaqişəsinin başlanmasına rəvac vermək məqsədilə Sumqayıt hadisələri törədildi. Bu yaxınlarda Sumqayıt hadisələrini xatırladan erməni millətçi dissident Paruyr Ayrikyan da etiraf etdi ki, Sumqayıt olayları və digər qırğınlar məhz Kreml tərəfindən təşkil olunaraq həyata keçirilmişdi.
Məqsəd də Azərbaycan-Ermənistan münaqişəsini alovlandırmaq, ortaya nifaq salaraq bu iki xalqı bir-birinə düşmən etmək idi. Bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünün, bu təcavüzün yaratdığı problemlərin və münaqişənin həll oluna bilməməsinin əsas səbəbləri də bundan öz maraqları üçün yararlanmaq istəyən üçüncü qüvvələrin siyasəti ilə bağlıdır. Eyni zamanda bu gün Ermənistanı idarə edən şəxslər öz siyasi karyeralarını məhz bu münaqişənin üzərində qurublar. Və onlar münaqişəyə son verməklə öz karyeralarını zərbə altında qoymaq istəmirlər.
İlk gündən münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların təşəbbüsləri iflasa uğrayıb. ATƏT vasitəçilik missiyasını üzərinə götürmüş beynəlxalq təşkilat kimi münaqişənin həllində heç vaxt hüququn aliliyi prinsipini nəzərə almayıb. 1992-ci ilin mart ayında bu münaqişə ilə bağlı olaraq BMT-nin ilk faktaraşdırma missiyası bölgəyə səfər etmişdi. Bu missiyanın rəhbəri Norveç mütəxəssisi Ayzborn Ayte münaqişənin həllini ölkələrin ərazi bütövlüyü və milli azlıqların hüquqlarının müdafiəsi kontekstində qəbul etmişdi. Onun BMT-yə münaqişə ilə bağlı tövsiyyəsi də məhz bu amillər əsasında verilmişdi.
Təəssüf ki, bununla bağlı müvafiq sənədlər Ermənistanı dəstəkləyən qüvvələrin, ermənilərin güclü beynəlxalq lobbisinin fəaliyyəti nəticəsində beynəlxalq təşkilatlar, ilk növbədə də ATƏT-in nəzdində yaradılmış Minsk qrupu tərəfindən nəzərə alınmadı. ATƏT öz təməl sənədlərini pozaraq ATƏT-ə üzv olan ölkənin ərazi bütövlüyünü tanımayan Ermənistanla hansısa qarşılıqlı kompromislər əsasında sülhü yaratmaq barədə tövsiyyələr verdi və bu istiqamətdə işlər davam etdirilir. Belə hüquqi nihilizm yaradılanda münaqişənin həlli ilə bağlı düyünlər də yaranır ki, o düyünləri də açmaq mümkün olmur. Münaqişənin həlli ilə bağlı uzun müddət ərzində irəliləyişlərin olmamasının səbəbləri də beynəlxalq hüquq normalarından yan keçilməsidir.
Ermənistan təbliğatı çox vaxt bu münaqişənin həlli ilə bağlı iki prinsip arasında olan ziddiyyəti önə çəkir. Bu ziddiyyətlər «sərhədlərin toxunulmazlığı və ölkələrin suverenitetinin aliliyi» ilə «xalqların öz müqəddəratını təyin etməsi» məsələsidir. Son illər Avropa hüquqşünasları bu məsələ ilə bağlı araşdırmalar apardılar və bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) müvafiq sənədlər qəbul olundu. Bizim vaxtilə bu münaqişə ilə bağlı Venetsiya komissiyasına etdiyimiz müraciətə belə bir cavab gəlmişdi ki, «xalqların öz müqəddəratını təyin etmək hüququ» heç də digər dövlətin ərazisində yeni bir dövlətin yaradılması demək deyil.
Xalqların öz müqəddəratını təyin etməsi muxtariyyat formasında ola bilər. Bu ya mədəni muxtariyyat formasında ola bilər, ya da hansısa səlahiyyətlərin daha çox verilməsi formasında. Sərhədlər heç zaman zor müstəvisində dəyişdirilməməlidir. Bu ancaq könüllü surətdə, qarşılıqlı razılaşmalar və könüllü sazişlər formasında olmalıdır. Necə ki, Çexiya ilə Slovakiya, Çernoqoriya ilə Serbiya arasında oldu. Amma ərazilərin işğalı, hansısa döyüş əməliyyatları nəticəsində xalqların müqəddəratının zorla dəyişdirilməsi cəhdləri qəbuledilməzdir və beynəlxalq hüquq normaları ilə ciddi ziddiyyət yaradır.
Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul edilmiş bir sıra beynəlxlaq sənədlərdə Azərbaycan ərazisinin işğal faktı qabardılmamışdı və xüsusi olaraq qeydə alınmamışdı. Doğrudur, BMT-nin sənədlərində Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunması faktı müəyyən qədər qeyd olunmuşdu. Və BMT-nin 4 qətnaməsində işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi barədə məsələ öz əksini tapmışdı. Lakin məhz Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlıların etnik təmizləməyə məruz qalması və yüzminlərlə insanın qaçqın vəziyyətə düşməsi faktı ilk dəfə Avropa Şurasının qətnamələrində əks olunmuşdu.
Bu özlüyündə onu nümayiş etdirir ki, artıq dünyanın bu münaqişəyə yanaşması dəyişib. Yaxın günlərdə ABŞ-ın Dövlət Departamentinin də öz illik hesabatında məhz Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qeyd etməsi onu göstərir ki, Cənubi Qafqaz bölgəsində ciddi proseslər gedir və proseslərin inkişafında maraqlı olan ölkələr artıq münaqişələrin həllinə də daha çox hüququn aliliyi nöqteyi-nəzərindən yanaşırlar. Mən bu məsələdə ilk növbədə enerji layihələrini qabartmazdım.
Düşünürəm ki, son vaxtlar bizim bölgədə GUAM təşkilatının yaradılması, GUAM ölkələrinin beynəlxaq təşkilatlarda bölgədəki münaqişələrin həlli ilə bağlı eyni mövqedən çıxış etməsi, Bakı-Axalkalaki-Qars nəqliyyat dəhlizinin yaradılması, regionumuzun Şərqlə Qərb, Şimalla Cənub arasında yeni bir sistem formalaşdırması Ermənistanı çox pis vəziyyətə salır. Bu sistemin dünya üçün önəmi artıq regional münaqişələrə yanaşmanı da fərqli edir.
Münaqişə zamanı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdülüb və mülki əhali əleyhinə kütləvi cinayətlər törədilib. Xocalı faciəsi başda olmaqla münaqişə bölgəsində azərbaycanlılar əleyhinə törədilmiş bütün hərbi cinayətlər məhkəmə predmeti olmayıb və cinayətkarlar cəzasız qalıb. Düşünürəm ki, Azərbaycan GUAM-a üzv olan ölkələrlə birlikdə Cənubi Qafqazda törədilmiş hərbi cinayətlərə qiymət verilməsi üçün beynəlxalq tribunalın yaradılmasına nail olmalıdır. Bu eyni zamanda gələcəkdə bölgədə bu cür cinayətlərin baş verməməsi üçün zəmin yarada bilər.
Azərbaycan yaxın müddətdə öz hüquqlarını beynəlxalq təşiklatlarda fəal müdafiə edə bilər. Beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı fərqli mövqeni və müvafiq sənədləri əldə etmək olar. Hələlik haqqında danışdığımız iki sənədin mövcudluğu Azərbaycana imkan verir ki, məhz bu modelləri, bu presedentləri digər beynəlxalq təşkilatlarda, ilk növbədə Azərbaycanın üzv olduğu ATƏT-in Parlament Assambleyasında, NATO-nun Parlament Assambleyasında da qəbul etdirək. Beynəlxalq ictimai fikri də münaqişənin mahiyyətinə, həllinə yönəltməklə Azərbaycanın vəziyyətində köklü dəyişiklik əldə edə bilərik.
Münaqişəni istənilən halda sülh yolu ilə həll etmək Azərbaycan dövlətinin və xalqının marağına uyğundur. Burada müddət uzun və proseslər daha çoxpilləli ola bilər. Azərbaycan Ermənistandan və onun arxasında duran qüvvələrdən fərqli olaraq bölgədə sabitliyin yaranmasının, böyük layihələrin reallaşdırılmasının tərəfdarı olan ölkə kimi münaqişənin sülh yolu ilə, beynəlxalq təşkilatların təzyiqləri vasitəsilə həllinə nail olmalıdır. Bu istiqamətdə bütün resurslar istifadə olunmayıb və çox ciddi yeni imkanlar yaranıb. Azərbaycan həm diplomatik sahədə, həm də münaqişə ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq istiqamətində işlər görərək, öz iqtisadiyyatını inkişaf etdirərək, qüdrətli silahlı qüvvələrini yaradaraq münaqişənin sülh yolu ilə həlli üçün ciddi arqumentlər əldə edə bilər.
Bir faktı da xatırlatmaq yerinə düşər ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Qarşıdakı illərdə bu nisbət Azərbycanın xeyrinə daha çox dəyişəcək. Amma bu o demək deyil ki, Azərbaycan bundan hərbi məqsədlər üçün və Ermənistanın əleyhinə istifadə edəcək. Sadəcə, bu faktordan danışıqlar zamanı istifadə olunmalıdır.