Azərbaycan təhsilinin intibahı tariximizdə Heydər Əliyevin Azərbaycan
rəhbərliyinə gəldiyi dövrə təsadüf edir. Ulu Öndərin ən böyük xidmətlərindən
biri Azərbaycan təhsil sisteminin yerli kadrlar hesabına milliləşdirilməsi idi.
Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyət illəri xalqımızın tarixində
dönüş nöqtəsi olub, ölkəmizdə ilk növbədə, təhsil, mədəniyyət, incəsənət, milli-mənəvi
dəyərlərin qorunması və inkişaf etdirilməsi, quruculuq və tərəqqi dövrü kimi
xarakterizə edilir.
Ulu Öndər XX əsrin 70-ci illərinin başlanğıcından etibarən quruculuq missiyasını
cəsarətlə öz üzərinə götürən böyük bir şəxsiyyətdir. Heydər Əliyev uzaqgörən və
müdrik siyasəti sayəsində kadr potensialı yaratmaqla milli təhsil quruculuğu
istiqamətində sonrakı uğurlarının bünövrəsini qoymuşdur.
Azərbaycan təhsilinin özəyini təşkil edən ümumi təhsilin qarşısında XX əsrin 60-cı
illərinin sonlarında yeni vəzifə- ümumi icbari orta təhsilə keçmək məsələsi
qoyuldu, lakin bu qərarın verilməsi dövründə icbari təhsilin bu pilləsinin
maddi-texniki və kadr təminatı zəif idi. Çünki təhsildə çalışan müəllimlərin
yalnız 45 faizi ali təhsilli idi. Məktəblərin sayı az idi. Mövcud infrastruktur
dövrün tələblərinə cavab vermirdi. Belə bir dövrdə, belə bir şəraitdə
respublikamıza rəhbər seçilən Heydər Əliyev ölkədə sosial-iqtisadi və mədəni
yüksəlişə gedən yolun məhz təhsildən, maarifdən keçdiyini dərindən hiss edərək,
əsas diqqəti bu sahəyə yönəltdi.
Respublikada bu sahənin inkişafına nail olmaq məqsədilə dövlət başçısının
imzaladığı “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil
məktəbini daha da inkişaf etdirmək haqqında” (1972); “Kənd ümumtəhsil məktəbinin
iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973) qərarlar mühüm
rol oynadı. Qərarların qəbulundan sonra onların dönmədən həyata keçirilməsi
təmin edildi ki, bu da qısa bir vaxtda ümumi təhsilin inkişafında əsaslı
kəmiyyət və keyfiyyət dəyişmələri ilə nəticələndi.
XX əsr Azərbaycan tarixinin böyük nailiyyətlərindən biri ölkəmizdə müasir tipli
tədris-tərbiyə müəssisələrinin formalaşması sayıla bilər, bu sahənin hərtərəfli
inkişafı Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlıdır.
Heydər Əliyevin təhsil sahəsində sovet dövründəki fəaliyyəti, əsasən, aşağıdakı
istiqamətləri əhatə edirdi:
Azərbaycan SSR-in maarif sisteminin ştat heyəti yerli kadrlar hesabına
milliləşdirilir, respublikanın hər yerində, xüsusən kənd yerlərində müasir tipli
məktəblər inşa edilir, müəllimlərə qayğı göstərilir, müəllimlərin işə təyinat
sistemi genişləndirilir, təyinatla kənd yerlərində işləyən müəllimlərə mənzil
kirayə haqqı verilir və digər güzəştlər edilir, gənclərin ali təhsil almalarına
şərait yaradılır, kənd yerlərini mütəxəssislərlə təmin etmək məqsədilə gənclər
ali məktəblərə müsabiqədənkənar qəbul etdirilir, ali təhsil ocaqlarının sayı
artırılır, onların maddi-texniki bazası gücləndirilir, Azərbaycan təhsilinin
qabaqcıl dünya ölkələrinin təhsil sistemi ilə əlaqəsini qurmaq və genişləndirmək
üçün səylər göstərilirdi.
Heydər Əliyev, ilk növbədə, Azərbaycan SSR Maarif Nazirliyinin tərkibini
milliləşdirməyə uğurla nail oldu. Yüksəkixtisaslı kadrlara tələbat artırıldı.
Azərbaycanlı təhsil işçilərinin nazirlik sistemində işə qəbulu gücləndirildi.
İşdə nöqsanlara yol verənlər tutduqları vəzifələrdən azad edilirdilər. Xalq
maarifi müəssisələrinin saxlanılmasına ayrılan xərclər 1969-cu ildən başlayaraq
hər il daim artırılırdı.
1969-cu ilin sentyabrında respublikamızda 120 yeni məktəbin açılışı olmuşdur.
1969-cu ildən 1982-ci ilə qədər olan dövrdə Azərbaycanda məktəb binalarının
tikilməsi və uşaqların məktəblərə cəlb edilməsi daim yüksələn xətlə inkişaf
etmişdir. Beləliklə, Heydər Əliyev hakimiyyətə gəldikdən az sonra Azərbaycanda
olan orta məktəblərin ümumi sayı 1130-a çatdırıldı. Həmin tədris ilinin
başlanğıcında 1mln. 130 min şagird dərsə başlamışdır.
Azərbaycan Respublikasında 1971-ci ildə 1905 səkkizillik, 1303 orta məktəb
fəaliyyət göstərirdi. 1972-ci il sentyabr ayında verilən məlumata görə, 1382
orta və 1843 səkkizillik məktəb öz şagirdlərini qəbul etmişdi. Göstərdiyimiz
rəqəmlər əvvəlki illərlə müqayisədə xalq maarifi sahəsində böyük sıçrayış demək
idi. Təhsildə belə inkişafa respublika rəhbərliyinin xalq maarifinə, ümumi
təhsilin inkişafına bilavasitə qayğısı nəticəsində nail olunmuşdur.
Azərbaycanlı qızların məktəbə cəlb edilməsinə xüsusi diqqət yetirilməsi
nəticəsində təhsil sistemində təhsilli qadınların xüsusi çəkisi sürətlə artırdı.
Azərbaycan qadınları respublikanın ictimai-siyasi və təsərrüfat həyatında mühüm
rol oynayırdılar. Artıq 1978-ci ildə Azərbaycanda 770 min ali və orta təhsilli
qadın var idi.
Təhsilin keyfiyyətini yüksəltmək üçün respublika rəhbəri Heydər Əliyev həm kadr
siyasətini, həm də yeni məktəb binalarının tikintisini diqqət mərkəzində
saxlayırdı. Heydər Əliyev bu məsələləri Azərbaycan Kommunist Partiyasının
Mərkəzi Komitəsinin büro iclaslarında hərtərəfli, geniş müzakirə obyektinə
çevirir və bununla bağlı qəti qərarlar qəbul edirdi.
Heydər Əliyevin sədrliyi ilə 1973-cü il avqustun 28-də keçirilən Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunun iclasında respublika
ərazisində yeni məktəb binalarının tikintisinə dair qərar qəbul edildi. Bu
qərara əsasən 1977 və 1980-ci illərdə 276 min şagird yeri olan müasir tipli
məktəb binaları tikilməli idi.
1969-1978-ci illərdə Azərbaycanda orta məktəblərin sayı artmış, ucqar kəndlərdə
kənd məktəblərinin sayı 680-dən 1264-ə çatdırılmışdır. 1979-cu ilin siyahıya
alınmasına görə şəhər əhalisinin savadlılığı 100%, kənd əhalisinin savadlılığı
isə 99% təşkil edirdi.
1970-1980-ci illərdə respublikada aparılan güclü məktəb tikintisi ikinci növbədə
oxuyanlar üzrə göstəricinin yaxşılaşdırılmasına təkan verdi. Belə ki, 1970-ci
ildə Azərbaycanda 28300 şagird yeri olan 90 ümumtəhsil məktəb binası
tikilmişdisə, 1975-ci ildə 48200 nəfərlik 100 məktəb binası inşa edilmişdi.
Nəticədə şagirdlərin 2-ci növbədə oxumaq göstəricisi 1978-ci ildə 30,8%-ə, 1980-cı
ildə 28,1%-ə, nəhayət, 1985-ci ildə isə 24,9%-ə çatdırıldı ki, bununla da
şagirdlərin 75,1%-nin 1-ci növbədə təhsil almaq imkanı əldə edildi. Heydər
Əliyev Azərbaycan müəllimlərinin XI qurultayındakı çıxışında qeyd edir ki, 1979,
1980-1981-ci illərdə hər il Azərbaycanda 35 min şagirdin oxuması üçün şəraiti
olan məktəb binaları tikilmişdi. Bu da hər il üçün 50-60 məktəb binasının
tikintisi demək idi. Həmin illərdə Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində 350 mindən çox şagird yeri olan 849 məktəb binası tikilib istifadəyə
verilmişdi. Nəticədə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı
1970-ci ildəki 368 mindən 1980-ci ilin əvvəllərində 710 min nəfərədək,
məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1969-1982-ci illərdə 1600-dən 1875-ə,
orada tərbiyə alanların sayı isə 110 mindən 147 minə qədər artmışdı.
Aparılan genişmiqyaslı işlər nəticəsində 1979-cu ildə ümumtəhsil məktəblərinin
şəbəkəsi 1965-ci illə müqayisədə üç dəfədən çox artaraq 765-dən 2117-yə qədər
yüksəlmişdir. Bu dövrdə 1145 ibtidai məktəb orta məktəbə çevrilmişdir. Ümumi
təhsil sahəsində aparılan kardinal işlərdən biri təhsilin məzmununu özündə əks
etdirən dərslik məsələsi olmuşdur. 1978-ci ildən ümumtəhsil məktəbləri
şagirdlərinin dərsliklə təminatı pulsuz həyata keçirilmişdir.
Məktəblərdə ayrı-ayrı fənlər üzrə fənn kabinələrinin təminatı bu illərdə əsaslı
şəkildə tam başa çatdı. Məktəblərin texniki və elmi-metodik vasitələrlə təminatı
da xeyli yüksəlmişdir.
Heydər Əliyev azərbaycanlıların harada yaşadıqlarından asılı olmayaraq, əhalinin
aşağı və orta deyil, yüksək təbəqəsində mövqe tutmasını arzulayırdı. O belə
hesab edirdi ki, azərbaycanlı mütəxəssislər Azərbaycanın milli sərvətidir.
Azərbaycan rəhbərinin bilavasitə gərgin fəaliyyəti nəticəsində respublikamız
savadlılar diyarına çevrilmişdi. Təhsil sahəsində gərgin əməyinin nəticəsini
görən Heydər Əliyev deyirdi: “Azərbaycanda ən böyük nailiyyət ondan ibarətdir ki,
bizdə bu gün savadsız adam yoxdur, ölkəmizdə hər hansı bir bölgəyə, rayona,
kəndə, hətta hansı bir dağ kəndinə getsəniz, orada savadsız adam tapa
bilməzsiniz. Azərbaycanda xalqın ümumi təhsil səviyyəsinin, mədəni səviyyənin
yüksəlməsi XX əsrdə özünü çox bariz şəkildə göstərmişdir”.
Heydər Əliyev sonralar ötən əsrin 70-ci illərinin təhlilini verərkən qeyd edirdi
ki, ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq,
Azərbaycan xalqının bir neçə nəsli təhsil almış, böyümüş, yüksək səviyyələrə
çatmış, böyük elm və mədəniyyətə sahib olmuşlar. Bunların hamısı xalqımızın
milli nailiyyətidir və indi bizim Azərbaycan Respublikasının intellektual
potensialını təşkil edir.
Böyük iftixar hissi ilə bildiririk ki, istər Azərbaycandan kənar, istərsə də
respublika daxilində (C.Naxçıvanski adına Hərbi Lisey) milli hərbi kadrların
hazırlanması sahəsində Heydər Əliyevin xidmətləri misilsizdir. Məhz 1970-1980-ci
illərdə Azərbaycanda yaradılan hərbi məktəblər, eləcə də respublikadan kənarda
təhsil almış milli kadrlar hesabına bu gün müstəqil Azərbaycanın ordu quruculuğu
və milli hərbi sistemi formalaşmış, o illərdə yaradılan təməl üzərində
qurulmuşdur. C.Naxçıvanski adına hərbi məktəb bu gün də fəaliyyətini davam
etdirir, hər il yüzlərlə gənc bu hərbi məktəbi bitirib, ali hərbi məktəbdə öz
təhsillərini davam etdirirlər. Bu məktəbin məzunları həm Birinci Qarabağ
müharibəsində, həm də İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsində igidlik göstərmişlər. 2003-cü il aprelin 21-də
Heydər Əliyev Sarayında C.Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyində
çıxış edən Ümummilli Lider demişdir: “Sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski
adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə
qədər yaşayıramsa, ona bax bu cür baxacağam”.
1978-ci ildə Azərbaycan müəllimlərinin IV qurultayı keçirildi. Qurultayda Heydər
Əliyev geniş nitq söylədi. Ulu Öndərin nitqində Azərbaycan məktəbinin keçdiyi
tarixi inkişaf yolu, mövcud vəziyyəti dərindən təhlil edilir, perspektivləri və
qarşıda duran vəzifələrin həyata keçirilmə yolları göstərilirdi. Heydər Əliyev
Azərbaycan xalqının inkişaf etməsində və tərəqqisində məktəb və təhsilin roluna
xüsusi əhəmiyyət verdiyini qeyd edirdi.
Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında misilsiz xidməti olan
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə bu sahəyə diqqət və
qayğısını əsirgəməmiş, daim milli elmimizin və təhsilimizin himayədarı kimi
çıxış etmişdir. Heydər Əliyev elmin, təhsilin inkişafına milli zərurət kimi
yanaşır, xalqın intellektual səviyyəsinin artırılmasının ən vacib vəzifə
olduğunu qeyd edirdi.
Ulu Öndər deyirdi ki, Azərbaycanda təhsil XX əsrdə çox sürətlə inkişaf etmişdir
və təhsilə cəlb olunmayan uşaq, gənc, insan qalmamışdır. Bu, bizim böyük
nailiyyətimizdir ki, xalqımız tam savadlıdır, tam təhsillidir. Biz gənclərimizi
nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən
ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın
gələcəyi, Azərbaycan iqtisadiyyatının inkişafı, elmin inkişafı, təhsilin
inkişafı, insanlarımızın rifah halı o qədər də yaxşı olacaqdır. Gənclərimiz
mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri
bilməlidirlər. Ona görə də təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu
sistemə münasibət çox həssas olmalıdır.
Ulu Öndər Heydər Əliyev ümumrespublika tədbirlərində daim vurğulayırdı ki, həm
orta məktəblərdə təhsilin keyfiyyəti yüksəldilməlidir, həm də təhsil ocaqlarında
gənclərin təhsil almasına qayğı artırılmalıdır. Gənclərin daha da yaxşı oxuması,
təhsil alması üçün tələbkarlıq artırılmalıdır.
Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi bir mərhələ bu
gün haqlı olaraq Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü
kimi qiymətləndirilir.
Heydər Əliyevin irsində böyüyən nəslin fiziki mənəvi və əqli tərbiyəsi
məsələləri də geniş yer tutur. Ümummilli Liderimiz hesab edirdi ki, Azərbaycanın
milli tərbiyə Konsepsiyasında bu cəhətlər öz geniş əksini tapmalıdır.
Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram
hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi işinə
bilavasitə xidmət etdiyi önə çəkilirdi.
Heydər Əliyev irsində vətən sevgisi, azərbaycançılıq, xalq, millət sevgisi, dil
sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutur. Heydər Əliyevin şəxsi
nümunəsi və həyat təcrübəsi xalqına, ölkəsinə, dövlətinə əsl sədaqətlilik
örnəyidir.
Ümummilli Lider deyirdi: “Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda
xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq -
budur vətənpərvərlik. Vətənpərvər gənclərin yetişdirilməsi təkcə təhsilin
məzmununa deyil, məhz mənəviyyat məsələsinə, mənəvi tərbiyə işininin məzmununa
daxildir. Deməli, hər bir gəncdə azərbaycançılıq hissinin formalaşdırılması
milli tərbiyə konsepsiyasının, eləcə də milli ideoloji siyasətin əsas tərkib
hissəsi kimi nəzərə alınmalıdır. Hər bir azərbaycanlının yaşadığı ölkədən,
vətəndaşı olduğu dövlətdən asılı olmayaraq, dünyanın harasında azərbaycanlı
varsa, onda azərbaycançılıq hissi özünü göstərməlidir. Vətənpərvərlik hissini,
milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının
tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini, öz
tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü
və gələcək mənəviyyatı bununla bağlıdır”.
Heydər Əliyev uzaqgörənliklə milli tərbiyənin məzmununa gənc nəslin milli
vətənpərvərlik anlayışını da daxil etmiş və onun məzmununu müəyyənləşdirmişdir.
Gənclərimizin milli ruhda, milli-ənənəvi dəyərlər əsasında tərbiyələnməsini
vacib sayan Heydər Əliyev göstərir ki, gənclərimiz tariximizi yaxşı
bilməlidirlər, tarixini bilməyən gənc vətənpərvər ola bilməz.
Natiq AXUNDOV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim, ARTİ-nin “Təlimin
nəzəriyyəsi və metodikası” şöbəsinin baş mütəxəssisi
Azərbaycan müəllimi .- 2023.- 11 avqust.- S.4.