"Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib".
Azərbaycanda söz, fikir və mətbuat azadlığına ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində nail olunub. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Ümummilli liderin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzura ləğv edilmiş, mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilmişdir. Dahi şəxsiyyətin əsasını qoyduğu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır.
Məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ötən əsrin 70-80-cı illərində həyata keçirdiyi tədbirlər Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb olmuşdur. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratmışdır.
Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanmış və qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu konsepsiyanın müddəalarını uğurla həyata keçirir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımlarının göstərilməsi, jurnalistlərin təltif olunması haqqında Prezidentimizin imzaladığı sərəncamlar bir daha göstərir ki, dövlətimiz milli mətbuatın inkişafında bundan sonra da maraqlıdır və bunun üçün zəruri addımları atır. Dövlətimizin başçısı digər peşə sahibləri kimi jurnalistlərin də sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi işləri uğurla davam edir.
Bu gün regionlarda və paytaxtda fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində səylə çalışır, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının, quruculuq və müasir inkişaf salnaməsinin yaradılmasına, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə öz töhfələrini verirlər. Sərbəst və müstəqil fəaliyyət göstərən jurnalistlər cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemlərə, ictimaiyyəti narahat edən mövzulara geniş yer verir, televiziya və qəzetlərdə analitik və tənqidi materiallarla çıxış edir, onların həlli yollarının araşdırılmasında fəal iştirak edirlər. Ötən dövrdə mətbuat xidmətlərinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əməkdaşlarının fəaliyyəti gücləndirilmiş, görüş və seminarlar keçirilmiş, kadr islahatı aparılmış, yeni fəaliyyət istiqaməti müəyyənləşdirilmişdir. Nəticədə mətbuat xidmətlərinin teleradio və qəzetlərlə, o cümlədən informasiya agentlikləri ilə əlaqələri gücləndirilmiş, təşkilatların aylıq və rüblük fəaliyyəti ilə bağlı məlumatlar oxucu, tamaşaçı və dinləyicilərə çatdırılmışdır. Mərkəzi icra hakimiyyəti orqanlarının internet saytlarında mətbuat xidməti bölməsinin yaradılması da bu işdə faydalı olmuş, bütün məlumatlar həmin bölmədə yerləşdirilərək ictimailəşdirilmişdir. Sürətli internet təminatı sosial şəbəkələrdən sərbəst istifadəyə imkan verir. Artıq respublikanın ən ucqar rayonlarında kütləvi informasiya vasitələrinin, eləcə də yüz minlərlə sakinin "youtube", "facebook", "instagram" və digər sosial şəbəkələrdə səhifələri vardır. Bu da informasiyaların daha operativ əldə edilməsi ilə yanaşı, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı haqqında təbliğat işinin aparılmasına da şərait yaradır.
Azərbaycan hakimiyyəti söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin tərkib hissəsindən biri hesab edir.
Yazılı medianın inkişafını təmin edən amillərdən biri də, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mediasına dövlət dəstəyi konsepsiyası qəbul edildi. 2009-cu ildə bu konsepsiyanı həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.Bundan başqa, Azərbaycan Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2010-cu il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün iki yaşayış binası tikilmiş, üçüncünün tikintisi isə davam edir. Bütün bunlar gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist medianın formalaşmasına böyük stimul yaradıb. Dövlət KİV-in müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait təmin edib. Hazırda Azərbaycanda media orqanlarının ümumi sayı 5 mindən artıqdır. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 300-ə yaxın xəbər və analitik sayt, 20-yə yaxın informasiya agentliyi, bölgələrdə 100-ə KİV fəaliyyətdədir.
1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 14 kabel, 25 internet, 4 peyk televiziyası, 14 radio fəaliyyət göstərir.2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Elə həmin il ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və fəaliyyətə başlamışdır. İctimai Televiziyanın maddi-texniki təminatı və real olaraq fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlər görüldü. Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-in informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artıb.
Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətində mətbuata diqqət və qayğı, o cümlədən, azad sözün inkişafına dəstək diqqətdədir. Məhz milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində jurnalistlər üçün tikilmiş 255 mənzilli binanın açılış mərasimində iştirak edən ölkə başçısı, bununla bir daha göstərdi ki, müstəqil medianın inkişafı, azad və demokratik fikrin qorunması dövlətimiz üçün prioritet məsələdir.
Həmin mərasimdə Azərbaycan Prezidenti jurnalistlərə mənzillərin bölüşdürülməsində ədalət prinsipinin qorunmasının mühüm şərt olduğunu vurğulayaraq bildirib: "Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl və demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır".