css slider by WOWSlider.com v9.0

                Sülh dinclik, əmin-amanlıq,

                qurub-yaratmaq deməkdir

Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır - Sülh! Bu söz özü-özlüyündə böyük bir məna kəsb edir. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh carçıları isə gələcəyimiz olan uşaqlardır. Yəni uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar. Sülhün carçıları olan göyərçinlərin uşaqlar tərəfindən daha çox sevilməsi də bundan irəli gəlir. Lakin çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanına çevrilməkdədirlər. Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnaməyə əsasən o vaxtdan Sülh Günü əlamətdar bir hadisə kimi dünya miqyasında qeyd olunur.

İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin bütün dünya xalqlarına hədiyyəsi olan bu zəngin üzərində yazılmış “Yaşasın Mütləq Dünya Sülhü” sözləri sanki bəşəriyyətin qorunması, silahların susdurulması, sakini olduğumuz dünyamızda əmin-amanlığın təminatı üçün həyəcan siqnalıdır. Məhz bu gündə həmin zəng çalınaraq qan-qada gətirən döyüşləri 24 saat ərzində dayandırmağa, münaqişə və müharibələr zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına çağırış edir. Sülhün bərqərar olmasına yönəlmiş bu çağırış insanlığın missiyası, bəşəri dəyərlərin ən önəmlisidir.

Ənənəvi olaraq Nyu-Yorkda keçirilən və gündəliyində planetimizin qorunması üçün sülh, sabitlik, təhlükəsizlik kimi əhəmiyyətli məsələlərin dayandığı BMT Baş Assambleyasının sessiyalarında dövlət başçıları bir araya gələrək yoxsul ölkələrdə xəstəlik, ana və uşaq ölümlərinin qarşısının alınması, yoxsulluq və aclıqla mübarizə yolları ilə bağlı müzakirələr aparır, əhalisi aclıqdan, maddi vəziyyətdən əziyyət çəkən xalqlara yardımların ayrılması ilə bağlı fikirlərini bildirirlər. Ümumi rəy bu olur ki, səyləri birləşdirməklə qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmaq mümkündür.

Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, sülsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb.

Son 14 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qeyd olunan istiqamətdə də yeri və roluna öz müsbət təsirini göstərir. Dünyada sülhün, təhlükəsizliyin təminatını vacib amil kimi önə çəkən dövlətimizin başçısı İlham Əliyev bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərir. Ən yüksək tribunalardan qətiyyətlə bəyan edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır.

Mənsumə Babayeva

 

 Virtual Sərgi Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır