Əlağa Vahid 1895-ci il fevral ayının 17-də Bakı şəhərində
anadan olub. Atası Məmmədqulu bəy, anası Səkinə xanımdır. Əlağa oxumağa
mollaxanada başlayıb və iki il burada oxuduqdan sonra yoxsulluq üzündən
təhsilini yarımçıq qoyaraq işləməyə başlayıb.Yeni üsullu məktəblərdə,
yəni ödənişli təhsil almağın onun üçün əlçatmaz olduğunu anlayan Əlağa
atası çox erkən vəfat etdiyindən əmisinin himayəsində boyüyürdü.
O zaman yaşayanlar arasında “meyxana” deyilən bədahətən xalq
şeiri növü geniş yayılmışdı. Çox guman ki, yeniyetmə Əlağanın söz
sənətinə marağı, şeir yazmaq istedadının münbit zəmini elə bu meyxana
məclisləri olub.
Cəmiyyət həyatına fəhlə kimi gəlməsinə baxmayaraq, şeirə
olan marağı Əlağanı mütaliəyə sövq edirdi. O, erkən yaşlarından dahi
qəzəl ustadı Məhəmməd Füzulinin bir çox qəzəllərini əzbərdən bilir,
Mirzə Ələkbər Sabirin satiralarının sadə deyim tərzindən təsirlənir,
Seyid Əzimin mənzum hekayələrini, qəzəllərini dönə-dönə oxuyurdu. Bədii
parçaların tez-tez verildiyi qəzet və jurnalları da müntəzəm mütaliə
edir, bədii yaradıcılıqla maraqlanır, dövrün problemlərinə, tələblərinə
diqqət yetirirdi. Bu zamanlar Əlağa şairlər məclisi “Məcməüs-şüara”da
keçirilən Əbdül Xaliqin şeir gecələrinə gedir. Bura yığışan cavan
şairlər onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ
çevirməli idilər. Əlağa öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül
Xaliq gənc Əlağaya “Sən bu təbinlə Vahidsən” deyib, Vahid ləqəbini ona
verir. Çox keçmədən Sabiranə şeirlərlə mətbuatda görünməyə başlayan
Əlağa Vahidin ilk şeiri 1914-cü ildə çap olunub.
1920-ci illərdə Vahid yaradıcılığının yeni dövrü başlayır. O,
Bakıda fəaliyyət göstərən Tənqid-Təbliğ Teatrına gedir, buradakı
tamaşaları izləyir. Mirzağa Əliyev, Hacağa Abbasov kimi aktyorlarla
dostluq edir. O vaxtlar həmin teatrın repertuarı əsasən Əbdürrəhim bəy
Haqverdiyev, Süleyman Sani Axundov, Süleyman Rüstəm və başqa yazıçıların
pyeslərindən ibarət idi. Tamaşalar zamanı, pərdələr arasında
səhnəciklərdə məşhur artistlərdən Mirzağa Əliyev və Hacağa Abbasovla
birgə satirik kupletlərlə çıxış etməsi Vahidi daha da həvəsləndirir və
onu müasirliyə səsləyirdi. Digər tərəfdən həmin illərdə onun “Kommünist”,
“Yeni yol” qəzetlərində, “Molla Nəsrəddin”, “Şərq qadını”, “İnqilab və
Mədəniyyət” jurnallarında həm lirik, həm də satirik şeirləri dərc
olunurdu. Bu şeirlərin əsas mövzusu mədəniyyətə, maarifə çağırış,
avamlığa, cahilliyə və zülmə etiraz idi. Dövrünün nöqsanlarına,
haqsızlarına etiraz edən şair öz şeirlərində bu kimi halları çox sərt
tənqid edirdi.
Əlağa Vahidin yaradıcılığına nəzər salarkən bir-birini
tamamlayan iki xüsusiyyət görünür: “Lirik Vahid dahi Füzuli məktəbinin,
satirik Vahid isə böyük Sabirin yetişdirməsidir.” Bunu o özü də
dəfələrlə etiraf edib, “Böyük Füzulinin xaki-payı” olması ilə öyünüb,
Sabirə “Möhtərəm, böyük şair” deyib.
Vahid dövrü çox qarışıq və təlatümlü dövr olub. O zamanlar
bir mühüm hadisə bitməmiş, ikincisi başlayıb. Əlağa Vahidin yazdığı
bütün əsərlərdə vətənpərvərlik mövzusu üstünlük təşkil edir. Onun
qəzəllərində özünəxas müsbət cəhətlərdən biri də onların sadə olması və
asan anlaşılmasıdır.
Əlağa Vahid sovet hakimiyyəti illərində Bakıda yaranan
hərbi vəziyyət şəraitində Azərbaycanın üçrəngli istiqlal bayrağına şeir
yazan ilk şairimizdir. Həmin şeir “Bir kərə yüksələn bayraq!” adı ilə
onun şöbə müdiri kimi çalışdığı “İlham” qəzetində dərc edilib.
Müstəqillik illərində bu əsərə bəstəkar Ədliyyə Rəhimova məhz Arif
Məlikovun tövsiyəsi ilə müsabiqə üçün simfonik marş bəstələyib,
Azərbaycan Respublikası Dövlət Simfonik Orkestrinin ifasında əsər
müsabiqə əsasında Qızıl Fonda daxil edilib:
Qılınc vuran qolumuzsan,
Sən azadlıq yolumuzsan,
Simurq kimi doğulmusan,
Bir kərə yüksələn bayraq!
Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəl şairi kimi
şöhrət qazanan Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və
özünəxas cəhətlərə malikdir. Dahi Füzulini özünün böyük ustadı
adlandıran Əlağa Vahid onun bədii üslubundan faydalanaraq öz
yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlistliyinə nail
olub. O, qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin
istedadlı davamçısı kimi, öz dəsti-xətti ilə seçilib, dərin mənalı
qəzəlləri və satirik seirləri xalq arasında sürətlə yayılıb, dillər
əzbəri olub.
Dillər əzbərinə çevrilən qəzəllərindən əvvəl Vahid cəhaləti
yamanlayıb. “Molla Nəsrəddin” jurnalında onun bir neçə satirik şeiri
Əlağa İsgəndərov imzasıyla dərc olunub. Onun Hitleri, ümumiyyərlə
faşizmi lənətləyən şeirləri xalq ədəbiyyatı nümunələri kimi dillərdə
dolaşıb. Buna görə Vahidə 1943-cü ildə “Əməkdar İncəsənət Xadimi” fəxri
adı verilib.
Əlağa Vahid özü öz böyüklüyünün fərqində olmayıb. Amma
bilirdi ki, istedadı ad-san verilənlərdən qat-qat üstündür. Olduqca
güclü hafizəsi Vahidə sinədəftər olmaq imkanı qazandırıb. O, vəfatına
qədər bütün şeirlərini ərəb qrafikası ilə yazıb. Ona savadsız demək
olmazdı. O, fitri istedad idi. Onun qəzəlləri milli poeziyamızda
özünəxas rəngi, ahəngi olan qiymətli sənət əsərləri kimi əbədi qərar
tütub.
Əlağa Vahidin böyüklüyü bir də onda idi ki, o öz
müəllimlərinin dərin etimadını qoruya bildi, min illik tarixə malik
Azərbaycan qəzəlini yaşatdı.
Füzuli ənənəsinin davamçısı olan Əlağa Vahid müasir
Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun
qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir.
Vahidin əsərləri bir çox xarici dillərə tərcümə edilib, pyesləri
Azərbaycan və xarici ölkə teatrlarında tamaşaya qoyulub, şeirlərinə
bəstələnən gözəl mahnılar tanınmış xanəndələrin repertuarında mühüm yer
tutub.
Əlağa Vahid yaş müdrikliyini qəbul etməzdi. Belə adamlar
elə uşaqlıqdan seçilir, fərqli olurlar. Vahidin də istedadı elə onun ilk
yaradıcılığa başladığı dövrdən özünü göstərirdi. Bu istedadı görənlər
isə əvvəlcə ustad saydığı Əbdülxalıq Yusif, daha sonra böyük Nəriman
Nərimanov olmuşdu. Əlağa Vahidə ilk dövlət mükafatını da Nəriman
Nərimanov verib.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan
həyatında qəzəl janrının ən görkəmli nümayəndələrindən biridir. 1943-cü
ildə Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi adına layiq görülən şairin
sağlığında 13 kitabı işıq üzü görüb.
Əlağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə
özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. O zaman Mircəfər
Bağırova repressiya ilə bağlı bir siyahı veriblər. Vahidin adı da orada
olub. Mircəfər Bağırov Əlağa Vahidin adının üstündən xətt çəkib ki,
bütün günü sərxoş olan bir adamdır, ondan bizə nə ziyan gələcək? Vahid
bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı Mircəfər
Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırıb, ona 2
otaqlı mənzil verib. Əlağa Vahidə “Əməkdar incəsənət xadimi” adını da
Mircəfər Bağırov verib.
Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid
inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən
çoxlu şeirlər yazıb, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə
əməkdaşlıq edib. Onun “Kupletlər” və “Mollaxana” adlı kitablarındakı
şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Əlağa
Vahid Böyük Vətən müharibəsi illərində yazdığı “Döyüş qəzəlləri” və
“Qəzəllər” adlı kitablarında Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə
inam hislərini təbliğ edirdi.
Əlağa Vahidin böyüklüyü bir də onda idi ki, o öz
müəllimlərinin dərin etimadını qazanaraq Azərbaycan ədəbiyyatında qəzəl
janrının görkəmli nümayəndələrindən biri kimi tanınıb.
Dahi Füzulini özünün böyük ustadı adlandıran Vahid onun
bədii üslubundan, işlətdiyi əruz bəhrinin təsvir və ifadə vasitələrindən
faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə
səlisliyinə nail olub. Klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi
öz dəsti-xətti ilə seçilən, qəzəlləri və satirik şeirləri xalq arasında
yayılan Vahid sevilərək dillər əzbərinə çevrilib, Azərbaycanda, eləcə də
Yaxın Şərqdə qəzəl şairi kimi şöhrət qazanıb.
Əlağa Vahid adı kimi tək oldu, özündən sonra o istedadda
davamçısı gəlmədi. O, XX əsr qəzəlinə, türk əruzuna vahid olaraq gəldi,
vahid olaraq da getdi. Əlağa Vahid 1965-ci il sentyabrın 30-da vəfat
edib.
Əlağa Vahidin dünyasını dəyişməsi onu sevənləri çox
sarsıtmışdı. O, böyük xalq məhəbbəti qazansa da, xalq şairi fəxri adını
almadığı üçün dövlət rəsmləri onun Fəxri Xiyabanda dəfn edilməsinə icazə
vermək istəmirdilər. Amma xalq o zamankı rəhbərliyi qərarını dəyişməyə
məcbur edə bildi. Yazıçı Salam Qədirzadə ölkə rəhbərliyini xalqın kəskin
etirazlarından xəbərdar etmişdi. Beləliklə, Azərbaycan SSR Mərkəzi
Komitəsinin katibi olan Vəli Axundov özü Bakıda olmasa da, xalqın bu
qərarını rəsmi şəkildə təsdiqləməlu olur.
Azərbaycan xalqı Vahidin tabutunu Yazıçılar İttifaqından
Fəxri Xiyabana əlləri üstdə piyada aparır və onu burada dəfn
edirlər. Əlağa Vahiddən nə əvvəl, nə də ondan sonra heç bir şair bu cür
dəfn edilməmişdi....
Əlağa Vahid öz xalqını, vətənini, onun milli istiqlal
mübarizəsini nə qədər dərindən sevirdisə, qədirbilən xalqımız da onu
eyni böyük və sonsuz məhəbbətlə sevib və sevir. Bunun təsdiqini Sovet
hökuməti onun dəfn günü Fəxri Xiyabana axın edən yüzminlərlə
Vahidsevərin şəxsində bir daha əyani olaraq görmüş, onun dəfnini
layiqincə təşkil etməkdən yaxasını kənara çəkə bilməmişdi...
Allah rəhmət eləsin.
Fazil Qaraoğlu
Professor