css slider by WOWSlider.com v9.0

Müxtəlif dövrlərdə xalqın həyatında mühüm rolu olan görkəmli insanların hər biri öz dəst-xətti ilə seçilib. Tarixin səhifələrində, xatirələrini, fikirlərini bir-birinə ötürən nəsillərin yaddaşında da bu cür qalıblar - hərəsi öz dəst-xətti ilə. Maraqlıdır ki, bu dəst-xətt təkcə onların sənətində, əsərlərində, dünyagörüşlərində deyil, şəxsiyyətlərində də görünüb. Bu gün biz Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov və digərləri haqqında düşünərkən onların gördükləri işlər, vəzifələri və əməllərilə yanaşı, şəxsiyyətlərini də xatırlayırıq. Bu insanların adı çəkiləndə üzlər sanki işıqlanır. Çünki onların işıqlı şəxsiyyəti olub. İşləri, fəaliyyətləri, xarakterlərinin bütövlüyü, hətta adi davranışları, söz-söhbətləri, oturuşları-duruşları birləşərək onları əsl ziyalı kimi tanıdıb. Xalqa, vətənə, mənsub olduğu millətə nə dərəcədə xidmət etmək onlar üçün ilk meyara çevrilib. Azərbaycan xalqının görkəmli, unudulmaz insanları sırasında ilk Azərbaycanlı pediatr-alim, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin də özünməxsus yeri var.

Xalqı, milləti qarşısında böyük xidmətləri olan prof.Əbülfəz Qarayev bu gün həm həkim, həm də şəxsiyyət kimi hörmət və ehtiramla yad edilir. O, həkim idi və adi olmayan, daim insanlarla ünsiyyət tələb edən fəaliyyəti bu insanın xarakterinin tam açılmasında mühüm rol oynamışdır. Təbiblik, loğmanlıq sənətinin tarix boyu bütün zamanlarda dəyəri və əhəmiyyəti heç vaxt azalmayıb. Bəlkə də yeganə müqəddəs peşədir ki, sərhəd tanımır. Əsl həkimlər isə həmişə seçilirlər. Onlardan qalan irs və ənənə, təcrübə və bilik zaman-zaman xalqın sərvətinə çevrilir, xeyirxah əməlləri özlərindən sonra da davam edir, insanlara gərək olur. Odur ki, adı Azərbaycan xalqına yaxşı tanış olan doktor Əbülfəz Qarayev illər, onilliklər keçsə də unudulmur. O, özünün alimliyi, həkimlik sənəti, parlaq şəxsiyyəti ilə xalqa xidmətin əsl nümunəsini göstərmişdir.

Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anasını erkən itirən Əbülfəz atası Fərəc kişinin himayəsində böyümüşdü. Kiçik yaşlarından zirəkliyi, fərasəti ilə seçilmişdi. 12 yaşında Bakı gimnaziyasına daxil olmuş, 1907-ci ildə oranı bitirmişdir.

Gimnaziya təhsili və rus dilini bilməsi gənc Əbülfəzə Bakıdan kənara çıxaraq başqa şəhərlərə gedib ali məktəbə qəbul olunmaq imkanı yaratmışdı. Belə ki, o, Odessada Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirəndən sonra perspektivli mütəxəssis olduğu üçün uşaq xəstəlikləri kafedrasında ordinator kimi saxlanılmışdı. Lakin iki il sonra Birinci Dünya müharibəsi başlamış və gənc həkim təkmilləşməni sona çatdıra bilməmişdi. Bu səbəbdən də 1915-ci ildə Bakıya qayıtmışdı.

Burada əhalinin maddi vəziyyətinin çox ağır olduğu bir dövr idi. Səhiyyə də acınacaqlı durumda idi. Əhaliyə demək olar ki, tibbi xidmət göstərilmirdi. Odur ki, müxtəlif xəstəliklər baş alıb gedir, epidemiyalar yayılırdı. Xəstə insanların, o cümlədən uşaqların sayı günbəgün artırdı. Bu da ölüm hallarının çoxalmasına səbəb olurdu.

Acınacaqlı mənzərə gənc həkimin qəlbini ağrıdırdı. Amma o, hələlik var gücü ilə insanları müalicə etməkdən başqa bir imkan və səlahiyyətə malik deyildi. Beləliklə, sanitar qatarında həkim işləyən Əbülfəz Qarayev sonra 1 nömrəli şəhər xəstəxanasında uşaq həkimi kimi çalışır (1916-1918). Növbəti dörd ildə isə Bakının Bayıl qəsəbəsindəki uşaq xəstəxanasında şöbə müdiri işləyir.

Əbülfəz Qarayev ilk azərbaycanlı pediatr idi. Enerjisi coşqun, potensialı böyük idi. Xalq da onun insansevərliyini və həkimlik qabiliyyətini görür, ona inanır, pənah gətirirdi. Təsadüfi deyil ki, o, tezliklə xalq arasında böyük hörmət və həkim nüfuzu qazanır. Əbəs yerə xalq arasında onu “Doktor Qarayev” deyə çağırırdılar.

Lakin Ə.Qarayev yaxşı bilirdi ki, uşaq xəstəlikləri ilə səmərəli mübarizənin təşkili üçün onun apardığı praktiki iş kifayət deyil. Müvafiq elmi baza olmalıdır, bir sıra nəzəri və elmi-praktiki məsələlər həll edilməli, xəstəlikləri törədən səbəblər aradan götürülməlidir. Qarşıda duran vəzifələrin həllinə həmçinin ixtisaslaşmış kadrların olmaması, səhiyyənin inkişafına dövlət tərəfindən maddi dəstəyin göstərilməməsi mane olurdu.

Ötən əsrin 20-ci illərinin əvvəllərindən doktor Qarayev Bakıda, həmçinin respublikanın rayonlarında dövlət uşaq müalicə-profilaktika müəssisəslərinin geniş şəbəkəsinin yaradılması işinə qoşulur. O, eyni zamanda pediatriyanın nəzəri məsələlərinin işlənməsinə başlayır.

Əbülfəz Qarayevin həkim kimi istedadı və səriştəsi onun zəhmətsevərliyi ilə vəhdət təşkil edirdi. İlk elmi işləri, tədqiqatları da elə bu dövrdən, 20-ci illərin əvvəllərindən üzə çıxır. O, uşaqlarda bağırsaq infeksiyalarının etimologiyası və patogenezi məsələlərini araşdırır. İstedadlı mikrobioloq-alim olan P.Zdradovski ilə birlikdə o zaman yeni elm sayılan bakteriologiyanın imkanlarını uşaq xəstəliklərinin müalicəsinə cəlb edir.

Əbülfəz Qarayev klinikada uşaqların xəstəliklərini müşahidə və müalicə etdikcə onların aradan qaldırılmasının elmi yollarını axtarırdı. Məsələn, 1929-cu ildə yazdığı məqalədə uşaqlarda bağırsaq infeksiyaları ilə iflicin bir-biri ilə sıx bağlılığını elmi cəhətdən şərh etmişdi. Öz praktiki işinə əsaslanaraq xəstəliyin müalicəsi yollarını göstərmişdir. Yeri gəlmişkən qeyd edək ki, Qarayev sonralar da özünün və yetirmələrinin elmi işlərində bağırsaq infeksiyaları probleminə dönə-dönə qayıtmışdır. Bu da təsadüfi deyildi. Çünki həmin illərdə əhalinin sosial-məişət şəraiti və mədəni səviyyəsi ilə bağlı olaraq bu xəstəliyin xüsusi çəkisi və onların səbəb olduğu ölüm halları çox idi. Ə.Qarayev böyük vətəndaşlıq və həkim hünəri göstərərək Q.Beloqlazov, Q.Bron, T.Axundova, B.Averbux, S.Sanamova kimi mütəxəssislərlə birlikdə uşaqlarda bağırsaq infeksiyasının kəskin və xroniki formalarını öyrənmişdir.

Ə.Qarayevin digər böyük bir xidməti də Azərbaycanda uşaq xəstəlikləri xəstəxanasının yaradılmasında fəal iştirak etməsidir. Həmin xəstəxana 1923-cü ildə Pediatriya İnstitutuna, 1927-ci ildə isə Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilmişdi. Qarayevin özü uzun illər burada çalışmışdır.

Görkəmli alimin həyatının növbəti mərhələsi Azərbaycan Dövlət Tibb İnstitutu (Hazırda Azərbaycan Tibb Universiteti) ilə bağlı olmuşdur. Burada əvvəlcə assistent, 1931-ci ildən dosent kimi çalışmışdır. 1939-cu ildə professor, pediatriya kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. Paralel olaraq bir neçə il Ana və Uşaqları Mühafizə İnstitutuna, eyni zamanda pediatriya şöbəsinə başçılıq etmişdir.

Alimin 1937-ci ildə müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyası “Skarlatina zamanı mərkəzi sinir sisteminin patomorfoloji dəyişiklikləri məsələsinə dair materiallar” mövzusuna həsr olunmuşdu. Ə.Qarayev bu əsərində skarlatinanın patogenezində mərkəzi sinir sisteminin rolunun vacibliyini müəyyənləşdirmişdir. Onun bu xəstəlik zamanı nəfəs yollarının zədələnməsi ilə bağlı apardığı tədqiqatlar da böyük maraq doğurmuşdur.

Ümumiyyətlə, professor Qarayevin elmi işləri pediatriyanın bir çox sahələrinə işıq salmışdır. Belə ki, alim uşaqlarda südəmər dövrdə protein terapiyası, dizenteriya, epidemik hepatit, meningit, pnevmoniyaların müalicəsinə aid tədqiqatlar aparmış və onların müalicəsi üçün səmərəli yollar tapmışdır.

Həm tutduğu vəzifələr, həm də həkimlik vicdanı onu sahənin müxtəlif problemlərini görməyə çağırırdı. Məsələn, körpələrin ölümünə ən çox səbəb olan xəstəliklərdən biri - pnevmoniya ilə bağlı bir sıra məsələlər aydınlaşdırılmalı, həll edilməli idi. Professor Ə.Qarayev sahənin Vinoqradov, Hacıyeva, Tarnoqradskaya kimi bacarıqlı mütəxəssislərinin də diqqətini bu məsələyə cəlb edir. Nəticədə böyük alim Bakı şəhəri şəraitində bu xəstəliyin kliniki gedişinin geniş xarakteristikasını verir, mahiyyətini açır, onun profilaktikası və müalicəsi üçün tövsiyələr işləyib hazırlayır, yeni preparatların istifadəsini məsləhət görür.

Prof.Ə.Qarayevin rəhbərliyi ilə onun bir sıra yetirmələri pediatriyanın ən aktual problemlərini araşdırmışlar. S.Hacıyeva Bakı şəhəri şəraitində raxitin yayılması və xüsusiyyətləri, T.Axundova uşaqlarda vərəm meningitinin streptomisinlə müalicəsi məsələləri ilə məşğul olmuşlar. M.Quliyev skarlatinanın müalicə prosesləri, B.Averbux dizenteriyanın klinikası və müalicəsi, E.Yaqodrinskaya təzə doğulmuş körpələrin qan məsələlərini araşdırmışlar. Yeri gəlmişkən qeyd edək ki, prof.Əbülfəz Qarayevin özü də qan azlığı xəstəliklərinin tədqiqi ilə məşğul olmuş və bu mövzuda əsərlər yazmışdır.

Görkəmli alimin fəaliyyət dairəsi yalnız xəstələrin müalicəsiylə və elmi-pedaqoji işlə məhdudlaşmırdı. O, eləcə də təşkilati və metodiki işlər aparırdı. 1938-ci ildən başlayaraq ömrünün sonunadək Azərbaycan Uşaq Həkimləri Cəmiyyətinə başçılıq etmişdir. Bir sıra illərdə isə Səhiyyə Nazirliyinin Elmi-Tibb Şurasının sədri və Uşaqlara Müalicə-profilaktika Yardımı Şurasının üzvü olmuşdur.

Professor Ə.Qarayevin qəlbi insan sevgisi, səxavət və xeyirxahlıqla dolu idi. Müasirlərinin xatirələrinə görə, böyük alim, tanınmış insan olmasına baxmayaraq çox sadə və mehriban idi. İncə yumoru vardı. İnsanların psixologiyasını dərindən bilirdi, sanki onların ürəyini oxuyurdu.

Prof.Əbülfəz Qarayev tutduğu vəzifədən, vaxtının azlığından-çoxluğundan, əhval-ruhiyyəsindən asılı olmayaraq hər an xəstəni müayinə etməyə, kömək göstərməyə hazır idi. Nəinki Bakı camaatı, hətta bölgələrin sakinləri bunu yaxşı bilir, inamla, ümidlə ona müraciət edirdilər. Çalışdığı klinikalardan əlavə, onun evi də şəfa ocağına çevrilmişdi. Görsə, hiss etsə ki, xəstə imkansızdır, hətta ona dərman almaq üçün pul yardımı da edirdi.

Ağır sənət kimi tanınan, yəni mətinlik və tükənməz səbr tələb edən həkimliyin çətinliklərinin öhdəsindən gəlməyə ona böyük ürəyi kömək edirdi. Onun şəxsiyyəti özünü təkcə nəhəng işlərdə deyil, ən adi məqamlarda da büruzə verirdi. Hamı ilə mehribanlıqla salamlaşar, xoş rəftar edər, xəstələri gözlətməzdi. Ad-sanına, şan-şöhrətinə rəğmən sadə yaşayan, adi dolanan, var-dövlət toplamayan bir insan idi. Dəbdəbədən uzaq olan bağında rahat dincəlməyi çox sevərdi. Nəvəsi Züleyxa xanım xatirələrində yazır: “Sonralar babam bir bağ da tikdirmişdi. Çox böyük, dəbdəbəli deyildi - cəmi üç otaqdan ibarət idi, sonra buraya yay mətbəxi və qaraj da əlavə olunmuşdu. İndi həmin günləri xatırlayanda babamın bu kiçik bağında böyük ailəmizin necə yerləşdiyinə təəccüblənirəm. Hər axşam gün batan vaxtı babam aynabəndin bir küncündə oturar, günəşin yavaş-yavaş qürub etməsini seyr edərdi. Bu, ailəmizdə bir ayin halını almışdı və günəş batana qədər babamı bir adamın narahat etməyə ixtiyarı yox idi.

Hava qaralandan sonra atam piano arxasına keçər və neft lampalarının işığında bütün ailəyə konsert verərdi. Böyüklərimizin sağlığında, mehriban ailədə yaşadığım o günlər, axşamlar xatirimdə dərin iz buraxaraq həmişəlik həkk olunub.

Biz tez-tez “o dövrün ziyalıları” ifadəsini işlədirik. Prof. Əbülfəz Qarayev öz dövrünün o ziyalılarının zümrəsinə daxildir ki, onlar ağayanalığı, davranışı, hamının həsəd apara biləcəyi sözü-söhbəti ilə fərqlənirdilər. Onların məclislərində çox şey öyrənirdin: kübarlığı, ziyalılığı, elmə, mədəniyyətə bağlılığı, söz deməyi, dinləməyi, mədəni davranışı... Hər şey təmiz, səliqəli, yerli-yerində idi...”

Doktor Qarayev o dövrün ən sanballı Bakı ziyalılarından idi. Təkcə savadı ilə deyil, asta, məntiqli danışığı, səliqəli geyimi ilə də seçilirdi. Əsil-nəcabətli olması, Bakının köklü nəsillərindən birini təmsil etməsi həm görkəmində, həm insaniyyətində, həm də daxili aləminin təmizliyində özünü göstərirdi.

Professor Əbülfəz Qarayev bu gün Azərbaycanda “Qarayevlər sülaləsi” kimi tanınan böyük ziyalılar ailəsinin başında məhz öz xeyirxah əməlləri ilə həmişəyaşarlıq qazanmışdır. Xalq yazıçısı Anar yazır: “Elə ailələr, elə sülalələr var ki, cəmiyyətin nəinki çox önəmli hüceyrəsidir, bəlkə onun təməl sütunlarındandır. Azərbaycanda belə ailələrdən, belə sülalələrdən biri Qarayevlər ailəsi, Qarayevlər sülaləsidir. Azərbaycanın ilk uşaq həkimi, professor Əbülfəz Qarayev və onun xanımı, ali savad almış ilk qadınlarımızdan biri Sona xanım, onların iki oğlu, məşhur bəstəkar Qara Qarayev və tanınmış cərrah-həkim Mürsəl Qarayev. Qara Qarayevin oğlu - görkəmli bəstəkar Fərəc Qarayev və Mürsəl Qarayevin iki oğlu - istedadlı musiqiçi, pianist Cahangir Qarayev və dəyərli ziyalımız Əbülfəs Qarayev”.

İlk baxışdan bəlkə də düşünmək olar ki, Əbülfəz Qarayev sakit həkim və alim ömrü yaşayıb. Bu, əsla belə deyil! O, 1905-1906-cı illərin dəhşətini görüb. 1918-1920-ci illərin çaxnaşmalarında özünü itirməyib. 1937-ci ilin təlatümlərindən keçib. 1941-1945-ci illərin acılarını, ağrılarını yaşayıb. Bütün sınaqlardan alnıaçıq çıxıb. Bu, bir tərəfdən qismət və alınyazısı idisə, digər tərəfdən Qarayevin özünün dəyanəti, möhkəmliyi, mətinliyi və dərin zəkasının nəticəsi idi.

Əbülfəz Qarayev şəxsi həyatında da xoşbəxt bir insan idi. Belə ki, Odessadan Bakıya qayıdandan az sonra gənc həkim gələcək həyat yoldaşı Sona xanım Axundova ilə tanış olur. Sona xanımın valideynləri mütərəqqi fikirli insanlar idi və o vaxtın sərt şəriət qaydalarına baxmayaraq qızlarına mükəmməl təhsil vermişdilər. Sona xanım Peterburq Smolnı İnstitutunun Bakı filialı olan müqəddəs Nina gimnaziyasında, habelə Rusiya Musiqi Cəmiyyətinin nəzdindəki Bakı musiqi məktəbinin fortepiano kursunda təhsil almışdı.

Əbülfəz Qarayevlə Sona xanıma tale iki oğul övladı bəxş etmişdi ki, onların da hər ikisi ilə Azərbaycan xalqı fəxr edir. Bunlar dünya şöhrətli bəstəkar Qara Qarayev və istedadlı cərrah Mürsəl Qarayevdir.

Əbülfəz Qarayev gözəl ailə başçısı idi. Həyat yoldaşı ilə hörmət və ehtiramını sonadək qoruyub saxlamışdı. Övladlarının tərbiyəsi ata üçün çox əziz idi, onların seçdikləri sahədə özlərini təsdiq etməsi, yaxşı mütəxəssis və vətəndaş olması böyük önəm daşıyırdı.

Təsadüfi deyil ki, oğullar da həyatda atanın tutduğu yolun - xalqa xidmət, xeyirxahlıq yolunun davamçıları olmuşlar. Dünya şöhrətli bəstəkar Qara Qarayev atasının ad-sanını daha da möhtəşəmləndirmişdir.

Mürsəl Qarayev isə sənətdə də ata yolunun davamçısı olmuşdur. İkinci Dünya müharibəsi cəbhələrində həkim kimi çalışmış, sonra da xalqının sağlamlığı keşiyində dayanmışdı.

Bu ailə haqqında yazılanlarda oxuyuruq ki, o dövrün nüfuzlu həkimlərindən olan Əbülfəz Qarayev oğlunu cəbhədən saxlaya bilərdi və o, arxada fəaliyyət göstərərdi. Amma Mürsəlin ilk gündən cəbhənin ön xəttində bir ordu həkimi kimi gərgin və şərəfli işi, bir neçə dəfə ağır yaralanmasına baxmayaraq, yenə də peşəsinə sadiq qalması - tibb tariximizdən daha artıq, mərdlik və cəsurluq tariximizin bariz örnəyidir. ...Mürsəl Qarayevin kasıb pasiyentlərinə yardımı, himayəsi, heç kəsi təəccübləndirməməlidir. Çünki ailə ənənələri, sülalə dəyərləri məhz elə bundadır. Mürsəl gözünü açıb atası Əbülfəz bəyin, qohumu Mirqasımovun məhz bu cür davrandığını, bu meyarlarla yaşadığını görmüşdü...

Professor Əbülfəz Qarayevin böyüklüyünü tam təsəvvür etmək üçün bir daha onun Bakıda həkimlik fəaliyyətinə başladığı ilk illəri xatırlayaq: ...uşaqlar arasında ağır raxit və sümük şikəstliyi, sifilis və malyariya, vərəm və traxoma, mədə-bağırsaq xəstəlikləri və kəskin infeksiyaların tüğyan etdiyi dövr idi. Bu, uşaqların sağlamlığına və fiziki inkişafına mənfi təsir göstərirdi. Anaların və uşaqların sosial müdafiəsi yox dərəcəsində idi. Azərbaycanda uşaq ölümü 40-45 faizə çatmışdı.

Azərbaycanda pediatriyanı irəli aparmağa, necə deyərlər, sıfırdan başlayan Əbülfəz Qarayevin zəhməti və xidməti danılmazdır. Bu gün Azərbaycanda pediatriyanın qazandığı nailiyyətlərin təməlində həkim və alim Əbülfəz Qarayevin gördüyü işlər dayanır.

İllər keçsə də, professor Əbülfəz Qarayevin öz xalqı qarşısındakı xidmətləri unudulmur. Onun elmi irsi, yaratdığı baza və tibbi infrastruktur, qoyub getdiyi həkimlik nümunəsi əsasında inkişaf edən Azərbaycan pediatriyası xalqımızın neçə-neçə nəsil körpələrinə sağlam, gümrah, xoşbəxt uşaqlıq bağışlayır.

Bu gün Azərbaycanın ən böyük və nüfuzlu uşaq xəstəxanasının da məhz Əbülfəz Qarayevin adına daşıması heç də rəmzi məna kəsb etmir, sözün əsl mənasında ömrünü pediatriyaya həsr etmiş həkim-alimin halal haqqıdır.

Professorun xidmətləri hələ sağlığında dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur. Əbülfəz Oarayev Azərbaycanın “Əməkdar həkim” və Əməkdar elm xadimi” kimi yüksək fəxri adlarına layiq görülmüşdür, Bakı Şəhər Sovetinə deputat seçilmişdir.

1952-ci ilin oktyabrında professor Əbülfəz Qarayev qəflətən vəfat etdi. Bu, bütün ailə üçün gözlənilməz və ağır itki idi. Təkcə ailə üçünmü? Xeyr, Azərbaycan xalqı həyatı boyu hamı üçün nümunə olan bir insanı, dəyərli alimini, əli şəfalar bəxş edən həkimini, ləyaqətli oğlunu itirmişdi. O günlərdə həkimin böyük oğlu, dünya şöhrətli bəstəkar Qara Qarayev bu itkinin ağırlığından sarsılıb öz gündəliklərində belə bir qeyd etmişdi: “Atam vəfat etdi... Bundan sonra nə olacaq?”

Əbülfəz Qarayevin vəfat etdiyi günün sabahı ailəsi onun dolabının içində əmanət kassasından çıxarılmış pul olan zərfə rast gəlir. Zərfin üstündə bu sözlər yazılıbmış: “Atanızın dəfni üçün”.

Bu da halallığın, əməli-salehliyin, təmizliyin, saflığın daha bir və son nümunəsi. Prof.Əbülfəz Qarayevin ilk baxışdan adi görünən bu jesti əslində çox dərin məna daşıyırdı! Bu, ömrüboyu böyük amallarla yaşayan və böyük işlər görən görkəmli alimin, ictimai xadimin milli-mənəvi dəyərlərə tapındığının, xalqın adət-ənənəsini içində gəzdirdiyinin parlaq nümunəsi idi desək, yanılmarıq! Əbülfəz Qarayev məhz bu əvəzsiz dəyərlərə arxalanaraq işləmiş, qurub-yaratmış, bir çox sahələrdə təməl daşı, bünövrə qoymuş, mənalı ömür yaşamışdır.

Azərbaycanda pediatriyanın inkişafı Əbülfəz Fərəc oğlu Qarayevin adı ilə bağlıdır.

 

 

 

 Virtual Sərgi Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır