BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən 5 may Əlillərin Hüquqlarının
Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan insanların sayı
500 min nəfərə yaxındır, onlardan 40 mini gözdən əlil olanlardır. Ölkəmizdə
əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları mövcuddur. Həmin
proqramlarda əlilliyin qarşısının alınması, reabilitasiyası və sosial müdafiəsi
haqqında qanunun bütün müddəaları öz əksini tapıb.
Ölkəmizdə dövlət və bəzi qeyri-hökumət təşkilatları tərəfindən əlillər üçün hər
cür şərait yaradılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə kor və zəif görən vətəndaşların informasiya-telekommunikasiya
texnologiyalarına cəlb edilməsi onlarda həyata bağlılıq yaradır.
Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar
təşkil edir. Əlilliyi olanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin qənaətincə,
Azərbaycanda isə əhalinin 5 faizi əlilliyi olan şəxslər, sağlamlıq imkanları
məhdud uşaqlardır. Respublikamızda əlilliyin artmasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi də əsas səbəblərdən biridir. Təkcə bu döyüşlərdə 12
minə yaxın vətəndaşımız əlil olub. O bildirdi ki, ulu öndər Heydər Əliyev
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki
sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla
yanaşırdı. Hələ maliyyə imkanlarının aşağı olduğu 1997-2003-cü illərdə 646 əlil
ailəsi evlə təmin olunmuşdu. 1998-2002-ci illərdə 1090 nəfər əlilə minik
avtomobili verilmişdi.
Əlilliyi olan insanlara ümummilli lider Heydər Əliyevin vaxtilə göstərdiyi
diqqət və qayğı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək
səviyyədə davam etdirilir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir.
Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq
ki, bunu edək” deyən dövlət başçısının bu sözləri isə əlilliyi olan şəxslərin
sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
Dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi
istiqamətində mühüm addımlar atılır. Bu insanların müalicəsi, reabilitasiyası,
sosial təminatı ildən-ilə yaxşılaşır.
ISESCO-ya üzv dövlətlərin Bakıda keçirilən IV konfransındakı müzakirələr bir
daha göstərdi ki, insanları birləşdirən amillər onları ayıran məsələlərdən daha
çoxdur. Ona görə də xüsusi qayğıya ehtiyacı olanların problemlərinin həlli,
yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması və digər
sahələrdə 80-dən çox qanun və 30-dan artıq dövlət proqramı qəbul edilib.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin fikrincə,
Azərbaycanda əlilliyi olanların sosial müdafiəsi digər ölkələrə nümunədir:
“Çünki Azərbaycan dövləti onların hərtərəfli qayğısına qalır. Lakin Azərbaycanın
üzləşdiyi əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bir milyondan
artıq azərbaycanlı doğma torpaqlarından didərgin düşmüş, 50 min nəfərdən artıq
insan əlil və şikəstə çevrilmişdir ki, onların arasında uşaqlar və yetkinlik
yaşına çatmayanlar daha çox olmuşdur”.
Əlil və şikəst hesab edilən insanların reabilitasiyası və cəmiyyətə
inteqrasiyası bu gün olduqca vacib və aktual problem hesab edilir. Ona görə də
beynəlxalq birliklər bu istiqamətdə fəaliyyətlərini genişləndirmək üçün bir
araya gəlməkdə, bəşəri problemin həlli yollarını birgə axtarmaqdadırlar. 2011-ci
ilin oktyabr ayında Türkiyənin İstanbul şəhərində 65 ölkədən 82 əlil təşkilatın
iştirakı ilə konfrans keçirilməsi də məhz bu məqsədi daşıyırdı. Onu da qeyd edək
ki, Dünya Əngəllilər Forumu da həmin konfransda təsis edilmişdir.
Ümumiyyətlə, əlillərin sağlam həyata qaytarılması yalnız ailənin, hər hansı
dövlət və ya qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu
problemin həllində geniş ictimaiyyət iştirak etməli, onlara qayğı hər kəsin
mənəvi borcuna çevrilməlidir.