Anar Camal oğlu İsgəndərli 1956-cı il yanvar ayının 10-da Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur.
1973-1978-ci illərdə BDU-nun tarix fakültəsində təhsil almışdır. 1978- 1981-ci illərdə Masallı rayonunda tarix müəllimi, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Fəlsəfə kafedrasında kabinet müdiri, 1984-1999-cu illərdə BDU-nun Tarix fakültəsi Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent olmuş, professor elmi rütbəsini almışdır. 1999-cu ildən indiyə qədər həmin kafedraya rəhbərlik edir.
1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Çalışdığı müddətdə Azərbaycan tarixinin tarixşünaslığı, Azərbaycan tarixinin mənbəşünaslığı, tarix elminin aktual problemləri, tarixi tədqiqatların metodoloji problemləri fənləri üzrə mühazirə və seminar məşğələləri aparır.
200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, iki kitabın müəllifidir. Rəhbərliyi altında 4 nəfər namizədlik disserasiyası müdafiə etmiş, 3 əyani aspirant, 6 nəfər dissertant namizədlik dissertasiyası üzərində tədqiqat işlərini davam etdirirlər.
İlk dəfə olaraq 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı tədqiq edilərək Azərbaycan ictimaiyyətinə çatdırılmışdır.
1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəyə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və “Altun” qızıl medalı ilə təltif olunmuşdur.
Hazırda Türk dünyasının bir çox görkəmli tarixçiləri ilə, o cümlədən Amerika tarixçisi Castin Makkarti ilə birlikdə türk-müsəlman soyqırımı problemi ilə bağlı əməkdaşlıq edir.
2008-ci ilin dekabrında Türkiyə və Azərbaycan tarixinin araşdırılmasındakı xidmətlərinə görə “Qızıl döş nişanı” ilə, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə, 2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918- 2018)” yubiley medalı ilə, 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
2020-ci ilin fevral ayında VI çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.