Bu il martın 22-də Xalq yazıçısı, Sosialist Əməyi
Qəhrəmanı Süleyman Rəhimovun anadan olmasının 120 ili tamam olur. Yoxsul
bir ailədən çıxıb Azərbaycanın ən görkəmli ziyalılarından biri kimi
tanınan, nəinki öz ölkəsində, keçmiş SSRİ məkanında da adı hörmətlə
çəkilən, nəsr əsərləri ilə milyonlarla oxucunun sevimlisinə çevrilən
Süleyman Rəhimov 83 il ömür sürdü. Bu 83 il ömrün 53 ili ədəbi
yaradıcılığa həsr olundu, onun qələmindən neçə roman, povest, hekayə
ərsəyə gəldi və şəksiz ki, bu əsərlər XX əsr Azərbaycan ədəbiyyatının
qiymətli inciləridir. "Şamo", "Saçlı", "Aynalı", "Mehman", "Ana
abidəsi", "Qafqaz qartalı" romanları və povestləri olmadan XX əsr
Azərbaycan nəsrini təsəvvür etmək mümkün deyil. Süleyman Rəhimov fəal
ictimai xadim idi, MK-da məsul vəzifələrdə çalışmışdı, üç dəfə
Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsini daşımışdı. Amma hansı
vəzifədə olur-olsun, yazıçılığın daşını atmamışdı. Ulu öndər Heydər
Əliyev demişdi: "Bilirsiniz ki, insanlar arasında paxıllıq da, rəqabət
də var. Bəziləri dedilər ki, niyə Süleyman Rəhimova belə yüksək ad -
Sosialist Əməyi Qəhrəmanı adı verdilər? Hələ o vaxt düşünürdüm ki,
Süleyman Rəhimov ədəbiyyatımızda həqiqətən özünəməxsus yer tutub". Böyük
şairimiz Səməd Vurğun elə sağlığında Süleyman Rəhimovun əsl qiymətini
vermişdi: "Süleyman nadir simalardandır. Məhz buna görə də mən ona
bağlıyam. Süleyman Rəhimov Azərbaycan nəsrinin uzaqvuran, ağır
artilleriyasıdır. Süleyman Rəhimov sənətin ağırlıqlarını öz bahadır
çiyinlərində qaldıran bir sənətkardır. Onun sinəsində xalqın ürəyi
döyünür. Bu romançı böyük yazıçıdır, xalq yazıçısıdır. Sözün əsl
mənasında müdrik ədibdir".
Süleyman Rəhimovun tərcümeyi-halı, keçdiyi həyat yolu, ağlı-qaralı
günləri onun "Ömür yolu" xatiratında əks olunub. 1920-ci ilədək yalnız
ikiillik rus məktəbində təhsil alan, öz doğma kəndində mal-qara otaran
Süleyman Rəhimov sonralar Şuşada pedaqoji kursu bitirib Zəngəzur,
Qubadlı və Laçın rayonlarında müəllim, Qubadlının Mamor kəndində məktəb
müdiri işləmişdi. ADU-nun tarix fakültəsində təhsil almışdı. Süleyman
Rəhimov 1930-cu ildə ədəbiyyata gəldi, "Şamo"nun ilk variantını çap
etdirdi. Amma bir müddət ədəbiyyatdan uzaq düşdü, Laçın, Samux, Noraşen,
Şahbuz rayonlarında rəhbər partiya işlərində çalışdı. Amma görünür,
ədəbiyyata bağlılıq onun canındaydı. 1940-cı ildə o, əvvəl sadəcə povest
halında olan "Şamo"nu təkmilləşdirdi və "Şamo" ömrünün axırına kimi onu
tərk etmədi. Amma oğlu Şamonun erkən ölümü ata ürəyinə dağ çəkdi.
Süleyman Rəhimovun ömür yolu yaradıcı bir şəxsiyyətin, həm də partiya
işçisinin, ictimai xadimin ömür yoludur. Bir kommunist kimi o, mühüm
vəzifələrdə çalışır və təbii ki, Sistemin yaratdığı qayda-qanunlara zidd
hərəkət etmirdi (hərçənd ki, otuzuncu illərdə o da təqiblərə məruz
qalmışdı). Düzlük, saflıq, həqiqətpərəstlik və hər şeydən əvvəl xalqa
bağlılığı onun bir şəxsiyyət kimi amalıydı. Süleyman Rəhimovun
yaradıcılığı bütünlüklə xalq fenomenindən ayrılmazdır. Özünün bir
yazısında deyirdi ki: "Yazıçılarımız öz qüdrət və ilhamını xalqdan
alırlar, ayrı-ayrı şəxsiyyətlər xalqa xidmət üçündür. Biz həmişə bu
mühüm məsələni nəzərdə tutmalıyıq. Ayrı-ayrı xalq artistinin, Əməkdar
incəsənət xadiminin, adlı-sanlı şairin, ədibin, dramaturqun fəaliyyəti
həmişə, hər zaman xalqa xidmətlə ölçülməlidir".
Süleyman Rəhimovun yaradıcılığından söz açan tədqiqatçılar və onun qələm
yoldaşları yazırlar ki, Üzeyir Hacıbəyov musiqidə, Cəfər Cabbarlı
dramaturgiyada, Səməd Vurğun poeziyada nədirsə, Süleyman Rəhimov da
Azərbaycan nəsrində odur. Bəlkə də, bu fikir indi bir çoxlarına mübaligə
kimi görünsün. Amma gəlin, həqiqətin gözünə düz baxaq. Yaxın keçmişə
qara eynəklə boylananlar deyə bilərlər ki, onun bir sıra əsərləri
Sistemin yaratdığı sosializm realizminin tələblərini dolğun şəkildə əks
etdirir. Məsələn, "Şamo" inqilabi hərəkatdan bəhs edir, "Saçlı"da
kollektivləşmədən danışılır. Təbii ki, o dövrdə yaşayan hər hansı bir
yazıçını belə yanlış mövqe ilə səciyyələndirmək doğru deyil. Yazıçıları
qələmə aldıqları mövzulara görə yox, əsərlərindəki həyat həqiqətinə görə
qiymətləndirmək lazımdır. Azərbaycan nəsrində həyat həqiqətini (təbii ki,
dövrün həqiqətini), insan xarakterlərini bəlkə də Süleyman Rəhimov qədər
real canlandıran yazıçılar az idi.
Süleyman Rəhimovun ədəbiyyat tariximizdə rolunu, mövqeyini
qiymətləndirərkən, ilk növbədə, onun Azərbaycan romanının inkişafındakı
aparıcı mövqeyindən söz açmaq lazımdır. Niyə məhz romanları? Çünki
M.S.Ordubadiyə,Yusif Vəzir Çəmənzəminliyə, Əbülhəsənə, Mehdi Hüseynə,
Mir Cəlala, Süleyman Rəhimova, Əli Vəliyevə qədər Azərbaycan romanı əgər
belə demək mümkünsə, uşaqlıq dövrünü yaşamışdır. Otuzuncu illərin
romançıları isə nəsrimizə gənclik havası gətirdilər. Və burada Süleyman
Rəhimovun da rolu az deyil. Dəxli yoxdur, bu yazıçılar öz romanlarında
nədən bəhs etmişlər, amma fakt dudur ki, adına roman dediyimiz bir sənət
formalaşırdı.
Bəs Süleyman Rəhimovun romanları hansı fərqli xüsusiyyətləri ilə
seçilirdi?
Birincisi; Süleyman Rəhimov ilk dəfə olaraq Azərbaycan romanına xalqın
bütün təbəqələrini əks etdirən obrazlar gətirdi. Ancaq məsələ ondadır ki,
Süleyman Rəhimov bu obrazların əksəriyyətini xarakter səviyyəsinə
qaldırdı. Alo, Safo, Şamo, Fərzalı, Gülsənəm ("Şamo"), Rüxsarə, Nənəqız,
Tahir Dəmirov, Dəyirman daşı yonan Qoca ("Saçlı") xalqı, onun mənəvi
dünyasını əks etdirən obrazlardır. Təbii ki, xalq eyni tərkibli, eyni
müsbət xarakterə malik olan insanlardan ibarət deyil. Göyərçin, Maro,
Pası, Müqim bəy, Kosa, Sübhanverdizadə bu xalqın nümayəndələri
deyillərmi? "Azərbaycan ədəbiyyatında bu qədər geniş siqlətli, masştablı
təsir gücünə malik obrazlar yaratmaq C.Cabbarlıdan sonra S.Rəhimova
nəsib olmuşdur. Qəribədir ki, ədib bu surətlərin hamısının özünəməxsus
danışıq tərzi, jest, əda, hərəkət, davranış qaydası tapır, onları çox
ustalıqla fərdiləşdirir, ümumiləşdirir, heç kim bu tiplərin danışığını
bir-birilə qarışdırmaz, çünki onların hər birinin öz ədası, danışıq
tərzi, öz aləmi vardır" (Qulu Xəlilov).
İkincisi; hər hansı bir yazıçının sənətkarlıq xüsusiyyətlərindən söz
açılırsa, ilk növbədə, onun dili, ifadə tərzi, nitq mədəniyyəti haqqında
danışmaq lazımdır. Bu mənada, Süleyman Rəhimovun əsərlərindəki dil ədəbi
dillə xalq danışıq dilinin sintezini özündə əks etdirir. Yenə onun sadiq
tədqiqatçısı Qulu Xəlilova müraciət edək: "Süleyman Rəhimov sözü mum
kimi əlində oynadır, hər tipin xarakterini, mənəviyyatını açmaqda ondan
məharətlə istifadə edir". Şəhdli-şirəli bir dil - onun tədqiqatçıları
S.Rəhimovun dilini məhz belə səciyyələndirmişlər. Bir misal: "Alagöz
dayanıb düşünür, belə bir halı göz qabağına gətirincə, istər-istəmiz əli
ürpəşir, onun gözləri Kür qırağına doğru çevrilir, çovğun içində o
tərəf-bu tərəfə baxır, sanki çoban Fərzəlini görür, gözlərindən qanlı
yaş tökürdü. İndi bu axşam çağında, yox, yox, səpmə minlərlə qarğa
qırıldaşan vaxtda nə etmək, haraya getmək, hansı uçuq çovustana girib
yurdsuzlara qovuşmaq, onlarla birlikdə öz məşəqqətli günlərini keçirmək,
ölmək, ya da ölümcül yaşamaq olardı! Yox, yox, səpmə yatalağın dəhşətli
qorxusu Alagözün sümüklərini dilləndirir, qaçqınların üzünə deyilən min
söz onu sarsıdırdı. Əzilmiş olsa belə, hələ də öz vüqarını itirmirdi".
Üçüncüsü; Süleyman Rəhimov xarakter ustası idi. Roman, əslində,
xarakterlər üstündə qurulur. Dünya ədəbiyyatında elə əsərlər var ki,
yazıçının təsvir etdiyi xarakterlərin adını daşıyır: Hamlet, Otello,
Kral Lir, Maqbet, Madam Bovari, Don Kixot, Anna Karenina, Karamazov
qardaşları, Boris Qodunov, Oblomov və b. Azərbaycan ədəbiyyatında da
buna aid xeyli misallar gətirmək olar. Və Süleyman Rəhimovun "Şamo"su,
"Saçlı"sı, Mehmanı, Mahtəban"ı... Amma təkcə əsas qəhrəmanlar deyil,
onun romanlarındakı əksər obrazlar da xarakter kimi diqqəti cəlb edir.
Kim deyə bilər ki, "Şamo"da Qəmər, Göyərçin, Alo kişi, Kəlbalı Hətəmxan,
Leylək Ələmdar, "Saçlı"da Dəmirov, Subhanverdizadə, Nənəqız xala,
Xudakərim Meşinov əsl xarakter deyil. Məsələ bundadır ki, bu obrazlar
müsbət, ya mənfi səciyyələrindən asılı olmayaraq həyatda müəyyən
tendensiyanı əks etdirirlər. Süleyman Rəhimov yazırdı: "Fərdi cizgilərə
malik insan surətləri bədii nəsrin əsasıdır. Xaraktersiz ədəbiyyat
mümkün şey deyildir". Süleyman Rəhimovun qəhrəmanları inkişaf prosesində
təqdim edilirlər, obrazı elə ilk gəlişində tamamilə müsbət bir obraz
kimi təqdim eləmək onun prinsiplərinə yad idi. Bu xüsusda uzun-uzadı söz
açmaq olar. Amma "Şamo"dakı iki obrazı misal göstərmək istəyirəm. Alo
kişini və Gülsənəmi. Əvvəllər öz kobudluğu və fiziki qüvvəsiylə
düşmənləri cəlb edən Alo gözlərinin qarşısında Şamonun vurulduğunun, al
qanına boyandığının şahidi olur və beləliklə, onda şüur dəyişikliyə
səbəb olur. Gülsənəm isə aciz və zəif iradəli adi kənd qadınından
tədricən inkişaf edərək partizan dəstəsinin üzvü kimi fəaliyyət
göstərir.
Dördüncüsü; Görkəmli ədəbiyyatşünas M.Baxtin yazırdı: "Roman nəsrin
bütün janrları içərisində yeganə janrdır ki, getdikcə inkişaf edir,
təkmilləşir, zənginləşir. Zamanla, əsrlə ən çox ayaqlaşan janr da
romandır". Azərbaycan romanının yaşı minillik poeziya ilə, hətta
dramaturgiya ilə müqayisədə o qədər də çox deyil. Amma roman janrı bizim
ədəbiyyatın əsas janrlarından birinə çevrilməmişmi? Və burada Süleyman
Rəhimovun romanları bu janra hansı yenilikləri gətirib? Görkəmli
tənqidçi Yaşar Qarayev yazırdı: "Roman, hər şeydən əvvəl, böyük epik
lövhələr janrıdır, dövrü, epoxanı təsvir etmək üçün ən əhatəli və
imkanlı formadır. Oçerk, hekayə, yaxud povest həyatın nisbətən kiçik bir
parçasını təsvir edir, roman isə ən böyük parçasıdır. O, həyatı və
cəmiyyət tarixini vəhdət və bütövlükdə mənalandıra bilir. Hər şeyi və ən
geniş səpkidə təsvir etmək hüququ hamıdan çox romana məxsusdur".
Süleyman Rəhimovun romanlarında (ən çox "Şamo"da, "Saçlı"da) XX əsrin
bədii-tarixi mənzərəsi əks olunub, bu əsərlərdə cəmiyyət həyatının bütün
hadisələri (ictimai-siysi, mənəvi-əxlaqi və s.) öz əksini tapır.
"Şamo"dakı Şehli kəndində, sanki bütün Azərbaycan görünür. Süleyman
Rəhimovun romanlarında diqqəti cəlb edən onlardakı epik vüsətdir. Və
epik vüsət Azərbaycan romanının sonrakı mərhələlərində janrın
müəyyənedici xüsusiyyətlərindən birinə çevrildi. Bunun da əsasını daha
çox S.Rəhimovun romanlarında axtarırıq. Həqiqi epik vüsət, monumentallıq
isə dövrü, zamanı, böyük həyat yolu keçmiş insanı geniş və panoram
lövhələrdə əks etdirmək, epoxanın mühüm və qlobal hadisələrini
canlandırmaq deməkdir. Elə bircə "Şamo" romanına nəzər yetirmək
kifayətdir. Bəs "Qafqaz qartalı", Qaçaq Nəbi hərəkatından bəhs edən bu
romanda məkan hüdudları genişdir, Qubadlıdan Tiflisə, oradan rus
imperiyasına doğru uzanır.
Beşincisi; Süleyman Rəhimovun romanları və ümumiyyətlə, bütün nəsri
dastan yaradıcılığından, folklordan bəhrələnir. Onun "Gülən balıq",
"Pəri çınqılı", "Bülbül əfsanəsi", "Əfsanələr" kitablarında folklor
motivləri, nağıl və əfsanələrə yaradıcı münasibət diqqəti cəlb edir.
"Uğundu" povesti isə Mirzə Cəlilə həsr edilib. O, Mirzə Cəlilin vurğunu
idi, məqalələrində, çıxışlarında tez-tez onun ölməz irsinə müraciət
edirdi.
Süleyman Rəhimovun "Yazıçı və həyat" adlı bir kitabı da var ki, bu
kitabda o, tənqidi, publisistik yazılarını toplayıb. Təbii ki, bu
kitabda yaşadığı dövrün təqazasına uyğun motivlər də diqqətdən yayınmır.
Bu da təbiidir. Süleyman Rəhimovun müasirləri də sosializm realizmini
yeganə ədəbi cərəyan hesab etmiş, ədəbiyyatda partiyalılıq prinsipindən
söz açmışlar. Amma bu məlum xətti Süleyman Rəhimovun tənqidi,
publisistik yazılarından ixtisar etsək, kənarlaşdırsaq, onun bədii
ədəbiyyat haqqında çox qiymətli fikirləri ilə rastlaşarıq. Məsələn, onun
"Müəllif qeydləri" ("Saçlı" romanı münasibətilə") məqaləsi ədibin öz
romanı ilə bağlı etirafları kimi səslənir. Yazır ki: "Mənim üçün,
"Şamo"nu yazmaq, "Saçlı"nı yazmaqdan asan gəlmişdir. Əgər mən "Şamo"nu
yazarkən romantik xəyal aləminə qanadlanmışamsa, "Saçlı"nı yazarkən,
sanki daş-qaya üstündə buruq qoyub yerin qatlarını qazmışam. "Saçlı"da
olan axtarış çətinliyi, demək olar ki, mənim indiyə qədər olan ömrümün
yarısına bərabərdir... Rüxsarə kimdir? Bizcə, Rüxsarə çox mürəkkəb bir
dövrə düşən, dözülməz müqavimətlərdən, maneçiliklərdən addım-addım ötən,
bəzən də bürəyə-qalxa keçən, çətinliklə inkişaf edən yeni adam, yeni
insandır. Mən Rüxsarəni asan yolla aparmaq istəmədim. Mən, təbii olaraq,
Rüxsarəni çox darısqal döngələrdən keçirmək istədim. Rüxsarəni işdə,
hərəkətdə, eyni zamanda təbii-qanuni inkişaf, mübarizə gedişində
göstərməyə çalışdım".
Süleyman Rəhimovun ədəbiyyatda xəlqilik haqqında fikirləri daha
maraqlıdır. Bu fikirlər onun nəsrindəki xəlqiliyi isbata yetirir:
"Məncə, xəlqilik hər hansı bədii əsərin yalnız zahiri formasından asılı
olmayaraq, onun məzmun və mündərəcəsində, onun daxili varlığında,
bütünlüklə onun ruhi-mənəvi aləmində, onun iliyində, qanında olmalıdır.
Xəlqilik bədii əsərə xalqın dəruni aləmindən, xalq üçün çırpınan
sənətkar ürəyilə axıb gəlməlidir. Bizim klassik şeirimizdə M.Ə.Sabir
daha artıq xəlqidir".
Süleyman Rəhimov öz müasirlərinin yaradıcılığına qətiyyən biganə
qalmırdı. Səməd Vurğunu çox sevirdi. Onun dəfni zamanı öz ağ saçlarından
bir çəngə qoparıb şairin nəşi üzərinə atmışdı. "Ağbulaq dağlarında"
romanında Ərəstun surətində Səməd Vurğunu təsvir etmişdi. O, Rəsul Rzanı
"axtaran şair" adlandırırdı. "Mən Rəsul Rzanı axtaran, hey axtaran, bir
çox sərvəti dürüst tapan, bəzən də tapa bilməyən, ancaq tapa bilməyəndə
həvəsdən düşməyən, "yoruldum" deməyən bir kəşfiyyatçı kimi təsəvvürümə
gətirirəm. Rəsul Rza şeirində mənim xoşladığım ümdə cəhət onun şeirinə
gətirdiyi həyatilik və konkretlikdir". Onun Mirzə Ələkbər Sabir, Cəfər
Cabbarlı, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Sabit Rəhman, Qılman İlkin,
Məmməd Rahim, Osman Sarıvəlli, İsa Hüseynov və o dövrün nəsri, poeziyası
və dramaturgiyası barədə məqalələri, məruzələri maraqlı düşündürücü
fikirlərlə zəngindir.
Bu yazıda Süleyman Rəhimovun "Mehman" povestini xatırlamamaq olmaz.
Doğrudan da, bu əsər o dövrün ədəbiyyatında "müsbət qəhrəman necə
olmalıdır" sualına tam, dolğun bir cavab idi. Yəni müsbət qəhrəman elə
təsvir edilməlidir ki, o, gənclərə nümunə olsun, onun həyatı, mübarizəsi
çətinliklərdən keçsin. Həm də bu əsər Süleyman Rəhimovun belə bir
fikrini təsdiq edirdi ki, hüquqşünaslar arasında ədaləti göz bəbəyi kimi
qoruyan insanlar az deyil. Süleyman Rəhimovun çox sevdiyi, həmişə
tənqidi mülahizələrilə razılaşdığı Məmməd Arif ""Mehman" povesti və
müsbət qəhrəman məsələsi" məqaləsində yazmışdı: "Süleyman Rəhimov
nöqsanlarımızı cəsarətlə göstərən yazıçılarımızdandır. Onun əsərləri öz
aktuallığı ilə oxucularda müsbət əks-sədalar oyadır. "Mehman" povesti də
belə əsərlərdəndir".
Süleyman Rəhimov 1983-cü il iyunun 10-da vəfat etdi. Bu yazını onun
dostu, adaşı, poeziyamızın Süleymanının bir şeirindən bu misralarla
bitirmək istəyirəm:
Sıramızdan necə gör yaxşı bir insan getdi,
Köçdü son mənzilə, getdi, Süleyman getdi.
Yusifli Vaqif
Ədəbiyyat qəzeti.- 2020.- 14 mart.- S.10