css slider by WOWSlider.com v9.0

Xəlil İsmayıl oğlu İsmayılov 1945- ci il iyul ayının 1-də Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1952-1963-cü illərdə yeddiillik kənd məktəbində təhsil almış, sonra isə Çay Rəsullu kənd onbirillik orta məktəbdə təhsilini davam etdirmişdir. 1967-1972-ci illərdə ADU-nun (indiki BDU) kitabxanaçılıq fakültəsində təhsil almışdır.

1974-1976-cı illərdə Kitabxanaşünaslıq kafedrasının laborantı vəzifəsində işləmiş, 1976-1979-cu illərdə kafedranın əyani aspirantı olmuşdur. 1979-1983-cü illərdə həmin kafedrada müəllim, 1983-1986-cı illərdə baş müəllim, 1986-2004-cü illərdə kafedranın dosenti vəzifəsində çalışmışdır.

1984-cü ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Партийные библиотеки Азербайджана в годы Советской власти (История, современное состояние и перспективы развития)” mövzusunda müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi, 2004-cü ildə isə “Azərbaycan Respublikasında kitabxanaların metodik təminat sistemi: 1918-2000-ci illər (Tarixi, müasir vəziyyəti və perspektivləri)” mövzusunda müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.

1990-1993-cü illərdə Kitabxanaçılıq kafedrasının müdiri olmuş, 1993-2012- ci illərdə kitabxanaşünaslıq-informasiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2007-ci ildən 2019-cu ilə kimi Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri olmuşdur.

Professor X.İsmayılov şəxsi təşəbbüsü ilə 1997-ci ildən nəşr olunan ixtisas məcmuəsinin - “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri və təcrübi jurnalın təsisçisi və baş redaktoru kimi mühüm bir fəaliyyətlə də məşğuldur.

1999-cu ildə Azərbaycanda təşkil olunmuş AKİİA-nın (Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası) təsisçilərindən biri və prezidentidir. ABŞ (Boston), Fransa (Nitsa, Leon, Kan), Belçika (Brüssel, Namur), Norveç (Oslo), və Koreyada (Seul) təşkil olunmuş Beynəlxalq kitabxana forumlarında və İFLA-nın iclaslarında Azərbaycan kitabxana cəmiyyətini təmsil etmiş və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. “Kitabxana işinin idarə edilməsinin təşkilatimetodik məsələləri”, “Kitabxana menecmentinin əsasları”, “Kitabxanainformasiya texnologiyaları”, “Kitabxana işinin təşkili və idarə olunması” adlı dərs vəsaitlərinin və “Azərbaycan Respublikasında Kitabxanaların metodik təminat sisteminin inkişaf tarixi: (1918-2000)” monoqrafiyanın, 150- dən çox elmi məqalənin müəllifidir.

X.İsmayılovun rəhbərliyi ilə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsində Avropa Şurasının TASİS proqramı çərçivəsində həyata keçirilən “Universitetlərin modernləşdirilməsi” proqramının da böyük əhəmiyyəti olmuşdur.

2009-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş, Respublika Təhsil Nazirliyi tərəfindən iki dəfə “Qabaqcıl təhsil işçisi” adına, BDU-nun rektoru tərəfindən Fəxri fərmanlara layiq görülmüşdür. 2014-cü ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir.

2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

 Virtual Sərgi Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır