css slider by WOWSlider.com v9.0

Yazıçı-publisist,

tarixi romanlar müəllifi

Yunus Oğuz

Əliyev Yunus İsaxan oğlu  1960-cı il iyulun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirib. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979-1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb.

Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi seçilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən Milli Azadlıq hərəkatına aktiv qoşulub. Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək "Azad söz" qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1990-ci ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadlıq Partiyasını (XAP) yaradıb və onun sədri seçilib.

1991-1992-cı illərdə Ordu qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

1995-ci ildən bu günə qədər "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına, 2010-cu ildə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb, 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

2009-cu ildə "Nadir şah" romanı Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən "Qızıl kəlmə" mükafatının Şans ödülünə layiq görülüb. 2010-cu ildə "Nadir şah", “Təhmasib şah”, “Attila”  və “Qədim türklər və passionarlıq nəzəriyyəsi” əsərləri Türkiyə türkcəsinə çevrilib və bu ölkədə böyük tirajla nəşr olunub.

"Nadir şah" romanı 2010-cu ildə ingilis dilində Londonda işıq üzü görüb. 

“Türkün tarixinə yeni bir baxış” kitabı 2008-ci ildə Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi tövsiyə edilərək  çap olunub. 2011-ci ildə yenə Təhsil Nazirliyinin qərarı ilə “Nadir şah” və “Təhmasib şah” tarixi romanları sinifdənxaric oxu ədəbiyyatı kimi sifariş edilib və çap olunub.

2011-ci ildə Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında” adlı elmi kitabı nəşr olunub və Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə edilib. Bu kitab eyni zamanda 2012-ci ildə İstanbulda türk dilində nəşr olunub.

2011-2012-ci illərdə iki cildlik “Əmir Teymur – zirvəyə doğru” və “Əmir Teymur  - dünyanın hakimi” tarixi romanı dərc olunub.

2013-cü ildə “Şah arvadı və cadugər”, 2015-ci ildə “Sultan Alp Arslan” tarixi romanları və “Pyeslər; Attila, Altun dəftər, Nadir şah” kitabı capdan çıxıb.

2017-ci ildə “Atabəy Eldəniz” tarixi romanı, 2018-ci ildə “Ovçu” tarixi romanı, 2019-cu ildə “Səfəvi Şeyxi” tarixi romanı dərc olunub.

2018-ci ildə Özbəkistan və Azərbaycan arasında ədəbi əlaqələrin dərinləşməsinə, özbək tarixinin, ədəbiyyatının fəal təbliğinə, habelə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin fəxri fərmanı ilə təltif edilib. 2019-cu ildə Yunus Oğuz Özbəkistan Respublikası TURAN Elmlər Akademyasının 26 may tarixində keçirilən Elmi Məclisində TURAN Elmlər Akademyasının Akademiki seçilib. Qeyd edək ki, Yunus Oğuz bu ölkədə çox sevilir və yazıçının bir neçə kitabı özbək dilinə tərcümə olunub. Daşkənd, Səmərqənd və Kokand şəhərlərində yazıçının kitablarının təqdimatları keçirilib.

Əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.

Əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib.

 

 

 Virtual Sərgi Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır