Ziyad Əliabbas oğlu Səmədzadə 1940- cı il iyun ayının 25-də Bakı
şəhərinin Buzovna kəndində anadan olmuşdur.
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) iqtisad
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1962-1965-ci illərdə SSRİ EA
İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin
institutda namizədlik dissertasiyası müdafiə etmişdir.
1971-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi, 1977-ci ildə
professor elmi adını almışdır.
1976-1978-ci illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsi
Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini,
1978-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər
üzrə prorektoru olmuşdur.
1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü
seçilmişdir. 1983-1993-cü illərdə Azərbaycan KP MK iqtisadiyyat
şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci
müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin
sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru
olmuşdur.
500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.
Azərbaycan tarixinin mürəkkəb dövrlərindən birində Respublika Ali Soveti
sədrinin birinci müavini vəzifəsində işləmişdir.
Akademikin apardığı dərin iqtisadi araşdırmalar əsasında keçmiş
İttifaqda və bütün dünyada siyasi xadimlər və geniş ictimaiyyət
DQMV-dəki həqiqi sosial iqtisadi vəziyyət haqda düzgün təsəvvür əldə
etdi. O, TASİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük
zəhmət çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər
keçirmiş, milli koordinator, bir iqtisadçı-alim kimi TRASEKA proqramının
hazırlanması ilə bağlı elmi araşdırmalar aparmış, 1993-cü ilin may
ayında Brüsseldə birinci beynəlxalq konfransda əsas məruzə ilə çıxış
etmiş və Brüssel bəyannaməsini imzalamışdır.
İqtisadçı elmi kadrların hazırlanması sahəsində müstəsna xidmətləri
olan akademik nüfuzlu beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı
ləyaqətlə təmsil edir.
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar
İttifaqının vitse-prezidenti kimi də çox faydalı işlər görür.
1999-cu ildə “İqtisadiyyat” adlı qəzet təsis etmiş və onun müntəzəm
nəşrinə başlamışdır.
Elm və Texnika sahəsində Azərbaycanın Lenin Komsomolu mükafatı laureatı
(1974), “Qırmızı Əmək Bayrağı” ordeni (1986), Beynəlxalq İqtisadçılar
İttifaqının Qızıl qələm mükafatı (2010), “Şöhrət” ordeni (2010), Belarus
ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə
əhəmiyyətli töhfəsinə görə Belarus Respublikasının Prezidentinin
Sərəncamı ilə Fransisk Skorina medalı (2011), ARDNŞ-nin Fəxri fərmanı
(2013), Humay mükafatı (2013), AMEA-nın Fəxri fərmanı (2000, 2010,
2015), Beynəlxalq İqtisadçılar İttifaqının Gümüş medalı (2015), “Şərəf”
ordeni (2015) ilə mükafatlandırılmış akademik Ziyad Səmədzadə Milli
Məclisin İqtisadi Siyasət Komitəsinin sədri kimi respublikada iqtisadi
qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin
təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının
reallaşması məsələlərinin həllində fəal iştirak edir.