M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası

(3 iyun 1995-ci il)

Hörmətli xanımlar və cənablar, hörmətli dostlar! Bu gün biz buraya -Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.

Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm. Bugünkü hadisə çox əlamətdardır. Burada Azərbaycanın miniatür kitablarının sərgisi keçirilir. Zənnimcə, biz Azərbaycanda belə bir sərginin ilk dəfə şahidi oluruq. Azərbaycanda kitab çapının tarixi böyükdür. Yaxın keçmişdə Azərbaycan Respublikası onun 400 illiyini qeyd etmişdir. Keçmiş dövrlərdə məzmununa və formasına görə müxtəlif, çox maraqlı nəfis kitablar buraxılmışdır. Bu   nəşrlər   dünyanın   bir   çox   ölkələrində   də   Azərbaycanı təmsil edir, onun haqqında biliklər verir. Ancaq Azərbaycanda miniatür kitab nəşrinin tarixi çox qısadır. Mən çox məmnunam ki, bu gün biz Azərbaycanda yazıçılarımızın, şairlərimizin və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür nəşrini də görürük. Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar hadisə, böyük nailiyyətdir. Bununla əlaqədar mən sərginin təşkilatçılarını, Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətini, buraya toplaşanları təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, bu iş, təşəbbüs gələcəkdə də davam etdiriləcəkdir.

Burada mənim Azərbaycan prezidenti vəzifəsinə başlayarkən andiçmə mərasimində nitqimin də miniatür nəşri nümayiş etdirilir. Bu gün həmin kitabı mənə təqdim etdilər. Mən buna  çox məmnunam. Doğrudan da, mən nitqləri söyləyirəm, lakin bunların kitab şəklində çıxmasını o qədər də gözləmirəm, hesab edirəm ki, haradasa dərc olunur. Ancaq indi belə bir təşəbbüs göstərmişlər. Güman edirəm ki, ölkəmiz, respublikamız üçün, o cümlədən mənim üçün də çox əhəmiyyətli olan andiçmə mərasimində söylənilmiş nitq nəfis şəkildə buraxılmışdır və bu, mənim üçün də əlamətdar hadisədir. Bu işin təşəbbüsçülərinə, kitabı nəşr edənlərə - ilk növbədə Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətinə və onun rəhbəri Zərifə xanım Salahovaya təşəkkür edirəm. Eyni zamanda Amerikanın "Stark enterprayz" firmasının bu işdə fəaliyyətini, təşəbbüsünü qiymətləndirir və təşəkkürümü bildirirəm.

Burada Zərifə xanım xoş sözlər söylədi və arzularını bildirdi. Güman edirəm ki, bunlar bizim ümumi arzularımızdır və hamımız çalışmalıyıq ki, bu arzular yerinə yetsin, Azərbaycanda kitab nəşri inkişaf etsin, miniatür kitablar kolleksiyası da genişlənsin. "Stark" firmasının nümayəndəsi, həmvətənimiz cənab Nisanovun nitqində məni sevindirən cəhət ondan ibarətdir ki, Azərbaycan vətəndaşları, burada böyümüş, yaşamış, onunla bağlı olan insanlar Azərbaycanı unutmurlar və indi buradan uzaqlarda olsalar da, ölkəmizə kömək edir, Azərbaycanla əlaqələrini saxlayırlar.

Nisanovlar ailəsi Bakıda məşhur ailədir. Onlanrın bir neçə nəsli mənim xatirimdədir. Güman edirəm ki, siz də Nisanovlar ailəsindənsiniz. Mən bu ailənin keçmişini də bilir, onları tanıyıram. Indi belə başa düşdüm ki, Nisanovlardan biri Amerika Birləşmiş Ştatlarında yaşayır, ancaq doğma Vətəni kimi Azərbaycanı unutmamışdır və mənsub olduğu firma ilə bərabər ölkəmizə kömək edir, iqtisadi və başqa əlaqələr qurur. Mən bu təşəbbüsü bəyənir və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu iş davam edəcək, Azərbaycanda doğulub-böyümüş, indi ondan kənarda olan adamlar Azərbaycanı unutmayacaq, doğma Vətən kimi həmişə yad edərək ölkəmizlə əlaqələrini genişləndirəcəklər.

Bu, indi bizim üçün çox lazımdır. Çünki biz Azərbaycanı dünyaya açmışıq, indi Azərbaycanın həm ərazisi, iqtisadiyyatı, həm də intellektual potensialı dünya üçün açıqdır. Iqtisadi və ticarət əlaqələrimizdə tam açıqlığı təbliğ edirik və bunu genişləndirməyə çalışacağıq. Bayaq qeyd etdiyim addımlar, böyük olmasa da, xarici ölkələrlə, dünya iqtisadiyyatı, dünya mədəniyyəti    ilə  birləşməyə,  əlaqələri  inkişaf  etdirməyə  olan meyllərimizə kömək edir. Ona görə də mən bu təşəbbüsü bəyənir və güman edirəm ki, o, gələcəkdə də davam edəcəkdir.

Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram.

Doğrudur, indiki ağır sosial-iqtisadi böhran dövründə, respublikamızın iqtisadiyyatında yaranmış çətinliklərlə əlaqədar və başqa ölkələrlə əlaqələrimizin məhdudlaşdığı bir vaxtda  nəşriyyat işi də çox çətinliklərlə qarşılaşır. Bu, təbiidir. Ancaq biz bu çətinliklərin qarşısını almalıyıq, bunun üçün yeni-yeni yollar axtarmalıyıq. Həyatımız dəyişir, hər bir şey dəyişir. Biz bu dəyişikliklər prosesinin içindəyik. Keçmişdə nəşriyyat işi dövlətin əlində idi, onun tərəfindən maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox genişlənmişdi. İndi, dövlətin imkanları məhdudlaşdığı, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxtda, özəl bölməyə geniş imkanlar yaratmağa çalışdığımız və Azərbaycanda, kiçik də olsa, özəl bölmənin meydana çıxdığı bir vaxtda biz onun bütün imkanlarını nəşriyyat işinin canlandırılmasına, inkişaf etdirilməsinə, xüsusən kitab nəşrinin genişləndirilməsinə cəlb etməli, yönəltməliyik;

Bu sahədə başqa ölkələrdə, xüsusən Rusiyada yaxşı təcrübə var. Məsələn, Rusiyada bəzi firmalar, şirkətlər uşaqlar, gənclər üçün, ümumiyyətlə cəmiyyət üçün, o cümlədən məktəblilər üçün lazım olan kitabların nəşrini öz üzərinə götürür, bu işə sponsorluq edirlər. Mən bir neçə nümunə ilə tanış oldum və deyə bilərəm ki, keçmişdəkindən də yaxşı kitablar buraxırlar.

İndi respublikamızda xeyriyyəçilik fəaliyyəti genişlənir. Arzu edərdim ki, bizim iş adamları, imkanlı sahibkarlar bütün sahələrdə xeyriyyəçilik fəaliyyəti göstərdikləri kimi, bu işdə  kitabların yazılması və nəşri sahəsində də köməklərini əsirgəməsinlər. Zənnimcə, bu, xeyriyyəçilik sahəsində ən yaxşı iş ola bilər. Mən iş adamlarını buna dəvət edirəm. Şübhəsiz ki, dövlətin imkanlarından da daha səmərəli istifadə olunmalıdır. Ancaq, bayaq dediyim kimi, indi biz mülkiyyət formasını dəyişdiririk, bazar iqtisadiyyatı yolu ilə gedirik, özəl bölməyə geniş imkanlar yaradırıq və bundan sonra da yaradacağıq. Ona görə də bunların hamısı ümummilli əhəmiyyət kəsb edən kitab nəşrinə səfərbər edilməli, cəlb olunmalıdır. Ümidvaram ki, belə də olacaqdır.

Buradakı sərgidə Azərbaycanın görkəmli yazıçı və şairlərinin, alimlərinin əsərlərinin miniatür nəşrləri nümayiş etdirilir. Bir daha qeyd edirəm ki, bu, əlamətdar hadisədir. Yazıçı və şairlərimiz, alimlərimiz, mədəniyyət xadimlərimiz böyük potensiala malikdirlər. Onların indiyədək yazdıqları əsərlər Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında öz rolunu oynamışdır. Ancaq xalqımız Azərbaycanın elmi, mədəni potensialından, ümumiyyətlə intellektual potensialından bundan sonra daha çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki, belə yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək etməliyik, şərait yaratmalıyıq.

Eyni zamanda yazılan kitabların nəşr olunmasının qayğısına qalmalıyıq. Bilirəm ki, yazanlar və yazmaq istəyənlər çoxdur. Bu adamlar - alimlər, yazıçılar, mədəniyyət xadimləri yazdıqlarının bir çoxunu çap etdirə bilmirlər. Bu çətinliyi hamımız dərk etməliyik. Ancaq bununla kifayətlənmək olmaz. Hər bir çətinlikdən çıxış yolu tapmalıyıq, özü də bunu birlikdə axtarmalıyıq. Dövlət də bütün imkanlardan istifadə edəcəkdir. Ancaq ayrı-ayrı cəmiyyətlər, təşkilatlar, iş adamlarımız da bu işə qoşulmalıdırlar. Arzu edərdim ki, bu tövsiyənin əməli nəticələri olsun.

Bugünkü mərasim münasibətilə hamınızı bir daha təbrik edirəm. Belə hesab edirəm ki, bu, təkcə mənim nitqimin miniatür nəşrinin təqdimatına yox, ümumiyyətlə, respublikamızda miniatür kitabların sərgisinə həsr olunmuşdur. Bu sərgini təbrik edirəm və çox böyük məmnuniyyətlə onunla tanış olmaq istəyirəm.

Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli olan, ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim özümün deyil, müxtəlif müəlliflərin kitablarıdır və kitabxananın böyük xəzinəsində öz yerini tutarlar. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar kitabxanamızı zənginləşdirmək üçün  yəqin ki, ona kitablar bağışlayacaqlar. Bilirəm, bizim bu kitabxananın çox böyük fondu var. Kitabxananın direktoru bu barədə məlumat verdi. Ancaq kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar insanlara yeni biliklər, yeni məlumat gətirir. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun. Vaxtilə biz bunu planlı şəkildə edirdik. Dövlət planı var idi, heç kəsi narahat etmədən bu kitabxananı yaradıb inkişaf etdirmişdik və o, indi də fəaliyyət göstərir. Ancaq gərək indi buraya hərə öz payını versin. Azərbaycanın bütün ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm.

Bağışladığım kitabları nümayiş etdirmək istəmirəm. Ancaq bizim üçün müqəddəs olan bir kitabı da bağışlamaq istəyirəm. Bilirsiniz ki, mən Səudiyyə Ərəbistanına rəsmi səfərə getmişdim. Səfər zamanı biz İslam aləminin müqəddəs yerlərini ziyarət etdik və bundan çox məmnun olduq. Orada - İslam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxələrini bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də Dövlət kitabxanasına verirəm.

Hamınıza bir daha hörmət və ehtiramımı bildirirəm. Sizinlə, xarici ölkələrin burada iştirak edən nümayəndələri, səfirləri ilə görüşdüyümə görə məmnun qaldığımı qeyd edirəm. Sağ olun.

 

 

 

 

Axundov adına Pespublika Dövlət Kitabxanası

(4 mart 1996-cı il)

 Hörmətlı xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün mən Azərbaycan - İsrail dostluq cəmiyyətinin dəvətini qəbul edərək buraya gəlmişəm. Bu fürsətdən, yəni İsraildə nəşr olunmuş kitabın təqdimatından istifadə edərək Azərbaycan - İsrail cəmiyyətinə, Azərbaycan Respublikası ilə İsrail arasında qarşılıqlı əlaqələrə münasibətimi bıldirmək istəyirəm. Bu gün elə hadisə baş verir ki, bəlkə də bir neçə il əvvəl bunun mümkünlüyünə inanmaq çətin olardı. Bizim sevimli aktrisamız Dina Tumarkina 1974-cü ildə çəkilmiş fotoşəkli təqdim etdi. 22 il ötmüşdür. Təsəvvür etmək olardımı ki, illər ötdükdən sonra dünya bu qədər dəyişəcəkdir. O zaman, biz sosialist dövləti rejimində yaşayarkən kim xaricə yaşamağa gedirdisə, üstəlik bunu qanunlardan yan keçməklə edirdisə, o, cinayətkar sayılır, yaxud da dövlətin və cəmiyyətin yanında heç bir hörməti olmayan adama çevrilirdi. Vaxt var idi ki, Sovetlər İttifaqından adamların müxtəlif ölkələrə, o cümlədən İsrailə getmələrinə mane olurdular. Xaricə getmək cəhdləri dövlət əleyhinə hərəkət kimi qiymətləndirilirdi. İndi böyük dəyişikliklər baş veribdir. Bunlar təbiidir, bütün dünyada baş verən təbii ictimai-tarixi inkişafın nəticəsidir. Bu dəyişikliklər bir çox xoşagəlməz hallar, çoxlu mürəkkəb problemlər doğurubdur. Bununla belə, azadlıq, müstəqillik gətiribdir, şəxsiyyətin, insanın həqiqi azadlığını təmin etmək üçün şərait yaradıbdır. Bütün müsbət və mənfi cəhətləri müqayisə edəndə görürsən ki, müsbət olanlar mənfilərdən daha çoxdur. Hamımızın birlikdə yaşadığımız həmin əminamanlıq illəri ilə müqayisədə nə qədər  mürəkkəb,  nə  qədər çətin olsa da biz baş vermiş bütün bu hadisələri müsbət, tarixi prosesə, təbii ictimai-tarixi dəyişikliklərə uyğun olan hadisələr kimi qiymətləndirməliyik.

İndi tamamilə başqa şərait, başqa vəziyyətdir. Azərbaycanda, Bakıda doğulmuş insanlar bizə qonaq kimi gəlirlər və deyirlər ki, İsraildə, iyirmi il əvvəl onlardan ötrü tamamilə bağlı olan ölkədə, bəzi məlumatlara görə, Azərbaycandan gedən 30 min, 50 və ya 60 min adam yaşayır. Əksəriyyəti Azərbaycanda doğulub boya-başa çatan, burada təhsil alan, formalaşan adamlar indi İsraildə yaşayırlar. Hərə öz həyatını yaşayır, lakin İsraildə yaşayan keçmiş azərbaycanlıları əhatə edən cəmiyyətdə birləşiblər. Mən hesab edirəm ki, bu da Azərbaycanın bir hissəsidir. Həmyerlilərimizin buradan getdiyi vaxtdan beş il, yaxud on il keçsə də, əminəm ki, onlar özlərini Azərbaycan torpağı, Azərbaycan xalqı, gözəl Bakı şəhəri ilə birləşdirən hisslərdən heç cür ayrıla bilmirlər.

Hesab edirəm ki, bu mənada biz İsraildə yaxşı diaspor və yaxşı lobbi əldə etmişik. Ümidvar olduğumu bildirmək istəyirəm ki, buradan gedərək hazırda İsraildə yaşayanların hamısı bu dövlətin qarşısındakı vətəndaşlıq borcları ilə yanaşı, doğulduqları, təhsil, ixtisas aldıqları, təcrübə əldə etdikləri, yəni əvvəllər onlara tanış olmayan ölkədə yaşayıbişləməkdə kömək edən baza qazandıqları torpağın - Azərbaycanın mənafeyini də qoruyacaq və müdafiə edəcəklər.

Bu mənada mən hesab edirəm ki, İsraildəki bu cəmiyyət, həmin Azərbaycan diasporu ölkəmiz haqqında həqiqəti dünyaya çatdırmaq üçün təkcə İsraildə deyil, həm də başqa ölkələrdə bizdən ötrü böyük dayaqdır. Azərbaycan haqqında həqiqətləri dünyaya çatdırmağa bizim çox ehtiyacımız var. Dörd il öncə Azərbaycan özünün dövlət müstəqilliyini əldə edibdir. Bu, tarixi hadisə, bizim tarixi nailiyyətimizdir, onu yüksək qiymətləndirir, qoruyur və əbədi olaraq qoruyacağıq.

Eyni zamanda sizə məlumdur ki, səkkiz il öncə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayıb və bu təcavüz torpağımıza, ölkəmizə, xalqımıza hədsiz zərər vurubdur. Biz insanlarımızı .itirmişik, Azərbaycan torpaqlarının bir qismi işğal edilibdir. İşğal olunmuş ərazilərdən bir milyondan artıq vətəndaşımız zorla qovulub və indi çox ağır vəziyyətdə yaşayırlar. Bu gün biz müharibə vəziyyətindəyik. Bununla belə, biz döyüşləri dayandırmağa, barışıq haqqında sazişə nail ola bilmişik,  21 aydır  ki,  atəşkəs davam edir. Biz sülhsevər ölkəyik.

Regionumuzda sülhü möhkəmləndirməyi, münaqişəni dinc yolla aradan qaldırmağa nail olmağı qarşımıza məqsəd qoymuşuq. Lakin bütün bunlar asan deyildır, çünki Azərbaycan haqqında əsl həqiqəti dünyanın heç də hər yerində bılmirlər. Mən açıq deyirəm, hətta son vaxtlar müxtəlif dövlətlərin ayrı-ayrı nümayəndələri ilə görüşlərim zamanı getdikcə daha çox aydın olur ki, Ermənistan ilə Azərbaycan arasında baş verən hadisələrin heç də hamısı dünyanın digər ölkələrində yaxşı məlum deyildir.

Bu günlərdə mən ATƏT-in indiki sədri, İsveçrənin xarici işlər naziri cənab Kotti ilə görüşdüm. Geniş söhbətimiz oldu. Lakin mən bir cəhətə xüsusi diqqət yetirdim. O deyir: Sizin danışdıqlarınızın coxunu Qərbdə heç də hamı bilmir. Çalışın ki, sizin haqqınızdakı həqiqəti, yəni respublikanız, Azərbaycan barədə, burada, Azərbaycanda baş verən hadisələr barədə daha çox bilsinlər, mən Ermənistan ilə Azərbaycan arasında baş verən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı hadisələri nəzərdə tuturam. Bu bir faktdır, amma belə faktlar çoxdur. Mən bunlarla tez-tez rastlaşıram və ona. görə də bu gün diqqəti bir məsələyə xüsusi cəlb edirəm ki, İsraildəki Azərbaycan diasporu, yəni Azərbaycan cəmiyyəti, həmyerlilərimiz, Azərbaycandan getmiş dostlarımız ölkəmiz haqqında, bu münaqişə, Ermənistanın təcavüzü haqqında həqiqəti deyəcəklər. Özü də təkcə İsraildə deyil, öz imkanları daxilində başqa ölkələrdə, bütün dünyada da deyəcəklər. Hesab edirəm ki, dostlarımızın belə imkanları var.

Axı sizlərdən bir coxunuz Azərbaycanı, Bakını məhz Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün başlanması ilə əlaqədar burada vəziyyətin mürəkkəbləşdiyi vaxtdan tərk etmisiniz. Əlbəttə, mən doğma diyarımızdan getdiyinizə görə heç birinizi qınamıram. Bayaq dediyim kimi, son illərdə, son onillikdə gedən proseslərin böyük nəticəsi budur ki, insan azad olmuşdur. O, güzəranının harada yaxşı keçəcəyi yeri sərbəşt seçə bilər. Eyni zamanda bu bir faktdır ki, siz, mən buradan İsrailə, başqa ölkələrə gedənləri nəzərdə tuturam, əsasən ona görə getmisiniz ki, burada vəziyyət mürəkkəbləşmiş, Azərbaycana qarşı hərbi təcavüz başlanmış, çox mürəkkəb proseslər, hadisələr cərəyan etmiş, təkcə cəbhəyanı ərazilərdə deyil, Azərbaycanın digər bölgələrində də qan tökülmüşdür. Təbii ki, belə vəziyyətdə bir çoxları yaşayış yerini dəyişməyi qərara almış, o cümlədən siz də İsrailə getmisiniz. Mən bunu xatırladıram, lakin siz İsraildəki həmyerlilərimizsiniz və özünüz bilirsiniz ki, Qafqazda, xüsusən Ermənistan ilə Azərbaycan arasında nə baş vermişdir və indi nə baş verir?

Əminəm ki, bu cəmiyyətin - Azərbaycandan gedərək İsraildə yaşayanların şəxsində bizim yaxşı dayağımız var. Biz Azərbaycanda sizə, sizin cəmiyyətinizə böyük hörmət bəsləyirik. İsrail - Azərbaycan dövlətlərarası münasibətlərindən əlavə, biz hər bir həmyerlimizlə və ümumən sizin cəmiyyətinizlə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Əmin ola bilərsiniz ki, bizim tərəfimizdən həmişə ən xoş, ən ehtiramlı münasibətlə qarşılaşacaqsınız.

Mən burada eşidəndə ki, Azərbaycandan gedənlərin İsraildəki cəmiyyəti ən mütəşəkkil, dostumuz Bromberqin dediyi kimi, ən möhkəm, ən yaxşı cəmiyyətdir, bundan sevindim. Əgər belədirsə, sual doğur: nəyə görə o, ən yaxşı cəmiyyətdir? Odessalıların cəmiyyətindən, moskvalıların, kiyevlilərin cəmiyyətindən yaxşıdır? Axı siz hamınız bir millətdən, eyni dindənsiniz. İstəristəməz düşünürsən: deməli, hansısa bir təsir var? Yəqin ki, Azərbaycan torpağının, Azərbaycan mühitinin və Azərbaycan ənənələrinin əhəmiyyəti az deyildir. Doğrudan da keçmişdəki və indiki bütün çatışmazlıqlara baxmayaraq, biz burada, Azərbaycanda uzun illər, onilliklərlə böyük dostluq, qarşılıqlı anlaşma şəraitində, hörmətehtiram və xeyirxahlıq mühitində yaşamışıq.

Bilirsiniz, adamlar birlikdə yaşayanda bəlkə də çox şeyi dərk etmir və lazımınca qiymətləndirmirlər, ayrılanda, bir-birindən uzaq düşəndə isə daha ayıq başla təhlil etməyə və daha obyektiv qiymət verməyə başlayırlar. İndi də belədir. İsraildə yaşayan dostlarımız yəqin kı, Azərbaycanda olubkeçənləri burada yaşadıqları vaxtdakından indi daha çox qiymətləndirirlər. Bu, tamamilə təbiidir, özü də təkcə onlara deyil, hər bir adama aiddir. Məsələn, mən özüm də bir müddət Azərbaycandan kənarda yaşamışam, lakin çox yüksəkdə olduğum illər və qəzəbə düçar olduğum illər də olmuşdur. Amma mən əvvəl də və bütün bunlar baş verdikdən sonra da Azərbaycan üçün, doğma torpaq, Bakı üçün darıxırdım. Otən vaxtdan xatırlayırdım: bəli, həqiqətən də o zaman çəkişərdik də, küsüşərdik də və bir-birimizdən daha çox şey də tələb edərdik, lakin hər halda yaxşı idi.

Əgər indi İsraildəki diasporumuz mütəşəkkil və deyildiyi kimi, digər cəmiyyətlərlə müqayisədə bir çox keyfiyyətlərinə görə yüksəkdirsə, bu, yəqin ki, burada, Azərbaycanda mövcud olmuş dostluq, həmrəylik mühitinin təzahürüdür.

Aydındır ki, son illər Azərbaycanda dəyişikliklər baş verib və bunlar müəyyən dərəcədə həm də mənfi səciyyə daşıyıbdır. Müxtəlif ictimai-siyasi proseslər də gedib, heç də hər şey sivilizasiyalı səviyyədə, insanlıq səviyyəsində olmayıbdır. Biz hamımız həddən artıq çətinliklərdən keçmişik və bu gün də mürəkkəb, çətin şəraitdə yaşayırıq. Amma bütün bunlara baxmayaraq, əvvəlki ənənələr  Azərbaycanda onilliklər, yüzilliklər ərzində yaranmış milli və ümummilli ənənələr itməyib, qorunub saxlanıbdır. Mən əminəm ki, biz çətinlikləri aradan qaldıraraq bu ənənələri daha da zənginləşdirəcəyik. Bu ənənələr müstəqil Azərbaycan Respublikası şəraitində, azadlıq şəraitində yeni inkişafını tapacaqdır. Hesab edirəm ki, biz Azərbaycanın gözəl gələcəyinin şahidi olacağıq.

Bununla əlaqədar mən Azərbaycan ilə İsrail arasında olan münasibətlərə böyük əhəmiyyət verirəm, İsrailin tarixi, xalqın tarixi yaxşı məlumdur, bu ölkədə baş vermiş, və indi də baş verən proseslər də məlumdur. Budur, dünən İsraildə daha bir faciə olubdur. Bomba partlayışı nəticəsində 20-dən çox adam həlak olub, bir çoxları yaralanıbdır. Terrorçular əməllərini davam etdirirlər. Fürsətdən istifadə edərək demək istəyirəm ki, biz terrorçuluğun bütün təzahürlərini pisləyir, onu rədd edirik. Terrorçuluq - vəhşilikdir, ümumbəşəri dəyərlərlə, sivilizasiya və azadlıqla bir araya sığa bilməz.

Biz hər cür separatçılığı pisləyirik. Səkkiz ildir ki, Azərbaycan separatçılıqdan, terrorçuluqdan əzab çəkir. Ona görə də bu iyrənc təzahürlərin faciəli nəticələrini xalqımızın taleyində hiss etdiyimizə görə, biz daim separatçılığın və terrorçuluğun əleyhinə olmuşuq yə bu gün də əleyhinə olacağıq. Mən hər yerdə, o cümlədən İsraildə baş verən terrorçuluq hərəkətlərini qətiyyətlə pisləyirəm.

Bu imkandan istifadə edərək, faciə ilə əlaqədar İsrail dövlətinin rəhbərlərinə, həlak olanların ailələrinə başsağlığı verir, ümidvar olduğumu bildirmək istəyirəm ki, tərəqqi, demokratiya irtica, terror,  separatçılıq qüvvələrinə üstün gələçəkdir.

Bizim qarşılaşdığımız təkcə erməni terrorçuluğu, Ermənistanın təcavüzü deyildir. Daxildə də terrorçuluq faktları ilə qarşılaşırıq. Terrorçuluq əməlləri nəticəsində adamlarımız, dövlət xadimlərimiz həlak olublar. Terrorçular bizim özümüzü də təkcə fiziki cəhətdən məhv etməklə deyil, həm də dövlətçiliyimizi məhv etməklə hədələyiblər. Lakin bunların hamısını aradan qaldırmışıq. Əminəm ki, indi Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik möhkəmlənəcək və inkişaf edəcəkdir. Əminəm ki, Azərbaycanın bütün vətəndaşları terrorçuluğun təhlükəsini, cinayətkarlığın artmasının təhlükəsini dərk edəcək, hər biri Azərbaycan dövlətçiliyini müdafiə edərək bu təzahürlərin əleyhinə çıxacaqdır.

Bəli, mən qonaqlarımıza da, bütün dünyaya da cəsarətlə deyə bilərəm ki, indi Azərbaycanda sabitlik yaranıbdır, biz vəziyyətə nəzarət edirik, ayrı-ayrı cinayətkar ünsürlərin müxtəlif cəhdlərinin qarşısı alınır və alınacaqdır. Hazırda döylətin kifayət qədər gücü, ən başlıcası isə özünə inamı var. İndən belə biz heç kəsə qanunlarımızı pozmağa, cəmiyyətimizi, dövlətçiliyimizi laxlatmağa imkan verməyəcəyik, əgər kimsə belə cinayətkar hərəkətlərə cəsarət edərsə, qanunlarımıza əsasən cəzasını alacaqdır. Ona görə də indi Azərbaycanda xarici investisiyalar üçün yaxşı şərait var, mən bunu həm qonaqlarımıza, həm də İsraildəki dostlarımıza deyirəm.

Biz qarşılıqlı fayda, mehriban münasibətlər prinsipləri əsasında bütün ölkələrlə əməkdaşlıq edirik və bütün imkanlarımızı, qapılarımızı açaraq xarici investorları Azərbaycana dəvət edirik. Biz bunu iqtisadiyyatımızı, dövlətimizi inkişaf etdirmək üçün çox mühüm vasitə sayırıq.

İndi isə kitab haqqında. Ümumiyyətlə, mən özüm haqqında kitablar yaradılmasının böyük pərəstişkarı deyiləm. Azərbaycan prezidentinin siyasi portreti haqqında İsraildə, ivrit dilində kitabın nəşr olunmasından tamamilə xəbərsiz idim. Bu məndən ötrü gözlənilməz, lakin xoş hadisə oldu. Ona görə yox ki, mənim həyat yolumu müəyyən dərəcədə əks etdirən kitab nəşr olunubdur, ona görə ki, bu, Azərbaycan haqqında, onun xalqı, müstəqil Azərbaycan Respublikası haqqında daha çox şey bilməyə kömək edəcəkdir.

Bu təşəbbüsü göstərənlərin, bu gün burada kitabı təqdim edənlərin hamısına öz təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, bu, xalqlarımız və ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsi yolunda yaxşı addımdır. Kitabın təqdimatı ilə əlaqədar İsraildən buraya gəlmiş dostlarımıza təşəkkür edirəm, həmyerlilərimi görməyimə şadam. Xüsusən də ona görə ki, deyəsən, onlar buraya uzun fasilədən sonra gəliblər, vəziyyəti  qiymətləndirmək imkanları var. Əgər iki, yaxud üç il əvvəl burada olsaydılar, ötən mliddətdə baş vermiş dəyişikliklər onları bəlkə daha çox heyrətə salardı.

Dəyişikliklər isə çoxdur. 1993-cü ildə mən özüm buraya gələrkən respublikada, Bakıda vəziyyət çox mürəkkəb idi. Küçələrdə gəzmək mümkün deyildi, fövqəladə vəziyyət tətbiq olunmuşdu, hər tində avtomatçılara rast gəlirdin, dövlətə xidmət edənlər, əksinə çıxanlar və ya gizli silahlı dəstələrdən olanlar  bir sözlə, hər cürəsi vardı. Şübhəsiz ki, bütün bunlar qorxu, inamsızlıq şəraiti, hərc-mərclik vəziyyəti yaradırdı. Biz bunların hamısını aradan qaldırdıq. Mən şadam ki, dostlarımız indi başqa vəziyyəti görürlər. Amma hesab edirəm ki, gələcəkdə vəziyyət daha yaxşı olacaqdır.

Mənə belə gəlir ki, teatrımızın ulduzu Dina Tumarkinam dinləmək hamımız üçün xoş oldu. Biz həmişə onun sənətinə pərəstiş etmişik. Azərbaycanda Rus Dram Teatrının daim böyük nüfuzu olub və bu gün də var. Bu teatnn həmişə daimi tamaşaçıları olubdur. Zənnimcə, bir çoxları bu teatra ümumən incəsənətdən, eləcə də Dina Tumarkina kimi gözəl aktrisanın sənətindən zövq almaq üçün gedirdilər. Mən şadam ki, o, yenə buradadır və Nizaminin şerlərini unutmaması xoş təsir bağışladı.

Bir daha hamınıza təşəkkürümü bildirirəm. Yenə deyirəm, bugünkü görüşü sadəcə olaraq kitabın təqdimatı kimi deyil, daha geniş qiymətləndirirəm. Mən bu gün buraya gəlib bəzi fikir və mülahizələrimi söylədim. Sağ olun.

 

 

 

M.F.AXUNDOV  ADINA AZƏRBAYCAN  DÖVLƏT  KİTABXANASINDA "AZƏRBAYCAN QAÇQINLARI" FOTOALBOMUNUN TƏQDİMATI MƏRASİMİNDƏ   NİTQ

Axundov adına Pespublika Dövlət Kitabxanası

 5 noyabr 1997-ci il

Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycanda yaşayan qaçqınların və məcburi köçkünlərin həyatını əks etdirən fotoşəkillərdən ibarət kitabın yaranması və təqdim olunması təqdirəlayiq, əlamətdar bir hadisədir. 1988-ci ildən, Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan indiyə qədər Azərbaycanın həyatında qaçqınlar və məcburi köçkünlər amili yaranmışdır. Təəssüflər olsun ki, qaçqınların və məcburi köçkünlərin sayı ilbəil artmışdır. İndi onların sayı artıq 1 milyon nəfərdir.

Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində yaranmış hərbi münaqişə ölkəmizə çox ağır zərbələr  vurmuşdur. Bu hərbi təcavüz Azərbaycanın iqtisadiyyatına, həyatının bütün sahələrinə və vətəndaşlarına böyük zərbələr vurmuşdur. Azər-baycan əsrin sonunda - 1988-ci ildən başlayaraq indiyə qədər üzləşdiyi bu ağır faciə XX əsrdə xalqımızın başına gəlmiş bəlalardan, faciələrdən ən dəhşətlisi, ən ağırı, ən zərərlisidir. Biz bu faciənin mənfi, dəhşətlı, nəticələrini həyatımızın bütün sahələrində hiss edirik. Onun ağır nəticələri o cümlədən insanların, vətəndaşlarımızın həyatında çox təsirli şəkildə hiss olunur.

Dünyada, Yer kürəsinin bir çox yerlərində qaçqınlar və köçkünlər mövcuddur. Ancaq Azərbaycanın, 7 milyon əhahisi olan ölkəmizin vətəndaşlarından 1 milyonu qaçqın və köçkün  vəzivyətində yaşayır. Hesab edirəm ki, dünyanın heç bir yerində belə bir hadisə yoxdur.

Biz müharibə nəticəsində çoxlu şəhidlər, itkilər vermişik. Bu xalqımız üçün ağır yaradır. Torpaqlarımızın işğal olunmuş hissəsində əsrlər boyu yaranmış varidatımız dagıdılıbdır, tarixi abidələrimiz təhrif olunubdur, məhv edilibdir. Orada yaşamış insanların qəbiristanlıqları dağıdılıbdır. Bunların hamısı bizim üçün ağır yaradır. Bütün bunlarla bərabər, insanların evindən, yerindən-yurdundan zorla çıxarılması, onların didərgin düşməsi, varım-yoxunu, ailə üzvlərindən çoxunu itirməsi və bir neçə ildən bəri çadırlarda, vaqonlarda, yaşayış üçün yararlı olmayan ayrı-ayrı yerlərdə ağır vəziyyətdə yaşaması bizim həyatımızda, Azərbaycan xalqının, hər bir vətəndaşımızın qəlbində olan böyük bir yaradır.

Təəssüflər olsun ki, biz Azərbaycan xalqının düşdüyü bu ağır vəziyyəti, insanların o çətin şəraitdə yaşamasını, qaçqınların bu ağır vəziyyətini dünya ictimaiyyətinə lazımi qədər çatdıra bilməmişik. Təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsində kimin günahkar olmasını da son illərə qədər hələ sübut etmək mümkün olmamışdı. Ermənistan Azərbaycana təcavüz etdiyi, respublikamızın torpaqlarını işgal etdiyi halda bəzi beynəlxalq təşkilatlarda, bəzi ölkələrdə, dünyada hesab edilirdi ki, Azərbaycan Ermənistanı blokadaya alıbdır, guya Azərbaycan Ermənistana əziyyət verir, güya Azərbaycanın düzgün olmayan siyasəti nəticəsində Ermənistanda insanlar pis yaşayırlar. Bəzi hallarda belə  təsəvvür yaranırdı ki, burada Azərbaycan Ermənistandan daha çox günahkardır.

Məlumdur ki, son illər Azərbaycan dövlətinin, hökumətinin apardığı   siyasət   nəticəsində  beynəlxalq   təşkilatlarda, dünya   ölkələrinin   tam   əksəriyyətində   artıq   bu   məsələ aydınlaşıbdır. Kimin təcavüzkar olması və kimin təcavüzə məruz qalması artıq məlumdur.

Bizim apardığımız ardıcıl siyasət nəticəsində ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması barəsində qəbul edilmiş bəyanat da buna əyani sübutdur. Ancaq təəssüflər olsun ki, dövlət səviyyəsində aparılan bu ardıcıl siyasətlə bərabər, respublikamızın başqa təşkilatları, ictimai təşkilatları tərəfindən Azərbaycanın həqiqətlərini dünyaya yaymaq üçün lazımi işlər keçmişdə görülməyibdir, indi çox az görülür. Qaçqınların, məcburi köçkünlərin vəziyyəti haqqında dünya ictimaiyyətinə daim ətraflı, müfəssəl məlumat vermək və dünya ictimaiyyətini bu problemə cəlb etmək, onu daim diqqət mərkəzində saxlamaq üçün, yenə də deyirəm, Azərbaycanın müvafıq təşkilatları və ictimaiyyəti, ictimai təşkilatları lazımi iş görə bilməyiblər.

Bu gün burada təqdim olunan kitab Azərbaycanda yaşayan köçkünlərin və qaçqınların vəziyyətini müəyyən qədər əks etdirir. Hesab edirəm ki, bu, həmin məsələni, yəni qaçqınların vəziyyətini müəyyən qədər əks etdirir. Hesab edirəm ki, bu, həmin məsələni, yəni qaçqınların vəziyyətini bu qədər geniş əks etdirən ilk kitabdır. Ancaq mən hesab edirəm ki, Azərbaycanda yaşayan qaçqınların, məcburi köçkunlərin, çadırlarda ağır şəraitdə yaşayan insanların vəziyyətini əks etdirmək üçün bir neçə belə kitab lazımdır. Bu məsələ heç vaxt bir kitaba sığmaz. Ancaq indiyə qədər, demək olar ki, heç bir şey olmadığına, yaxud bu barədə az vəsaitlər olduğuna görə biz bu kitabı yüksək qiymətləndiririk.

Mən fürsətdən istifadə edib, bu münasibətlə bildirmək istəyirəm ki, Azərbaycanda - həm hökumətdə, həm də ictimai təşkilatlarda - qaçqınların və köçkünlərin vəziyyəti ilə məşğul olan orqanlar qeyri-qənaətbəxş işləyirlər. Azərbaycanda qaçqınların və köçkünlərin vəziyyəti ilə məşğul olan xüsusi dövlət komitəsi, böyük bir nazirlik var. Nazirlər Kabinetində bu məsələ ilə məşğul olan böyük bir şöbə var. Bir çox ictimai təşkilatlar bu məsələ ilə məşğul olmalıdırlar. Ancaq mən hesab edirəm ki, bu təşkilatlar, bu orqanlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmirlər. Mənim bu sözlərim qaçqınlara və məcburi köçkünlərə daimi göstərilməli olan diqqət, qayğı və humanitar yardımlar məsələsinə də aiddir. Eyni zamanda qaçqınların və köçkünlərin vəziyyətini həm Azərbaycan ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin daim diqqət mərkəzində saxlamaq və dünya ictimaiyyətinə daim çatdırmaq sahəsinə də aiddir.

Belə olan halda qaçqınların, məcburi köçkünlərin vəziyyətinə get-gedə diqqət azalır, onların yaşaması üçün göstəriləcək yardımların miqdarı azalır və beləliklə, bu məsələ - bizim həyatımızın ən faciəli bir cəhəti - adiləşir. Təsadüfı deyil ki, beynəlxalq humanitar təşkilatlar da Azərbaycanda olan qaçqınlara, köçkünlərə öz yardımlarını azaldırlar, bu məsələyə öz münasibətlərini soyudurlar. Təəssüf ki, bizim dövlət, hökumət orqanları bu işlərə diqqət yetirmirlər. Bəziləri belə düşünürlər ki, artıq bir çox il keçibdir, qaçqınlar və məcburi köçkünlər öz vəziyyətlərinə alışıblar, çadırlarda, dəmir yolunun üzərində, vaqonlarda yaşamağa öyrəşiblər, dözümlü olublar və dözürlər, ona görə də bunların yaşayışını xırda-xırda elə normal hesab etmək lazımdır. Mən belə meylləri hiss edirəm. Ona görə də mən bu sözləri bu gün həyəcanla, çox narahatlıqla nəinki burada toplaşanlara, ümumiyyətlə, bütün ictimaiyyətimizə çatdırmaq istəyirəm.

Əgər biz işğal olunmuş torpaqlarımızın azad edilməsinə nail ola bilməmişiksə və yerindən-yurdundan didərgin düşmüş insanları öz evlərinə, yurdlarına qaytara bilməmişiksə, demək, bu problem həll olunmayıbdır. Demək, biz qaçqınlara və köçkünlərə daha da borcluyuq və onlara daha da diqqətli olmalıyıq. Çünki insan bir ay, iki ay, bir il belə vəziyyətə dözür. Ona görə dözür ki, onda ümid var ki, o bu vəziyyətdən tezliklə çıxacaq. Ancaq bir il, iki il, üç il, dörd il olanda o, ümidini itirə bilir. Amma gərək biz imkan verməyək ki, insanlar ümidini itirsinlər. Apardığımız böyük işlərlə yanaşı - yəni işğal edilmiş torpaqlarımızın azad olunması sahəsində apardığımız böyük işlərlə yanaşı - biz gərək qaçqınlara, köçkünlərə daim diqqət, qayğı göstərək. Gərək onlara diqqətimizi, qayğımızı, köməyimizi keçən illərə nisbətən daha da artıraq.

Təəssüf ki, vəziyyət belə deyil. Ona görə də mən bu gün bu məsələ barəsində belə həyəcanla danışıram. Mən qaçqınların, məcburi köçkünlərin işi ilə məşğul olanda bütün orqanlardan - hökumət, dövlət orqanlarından tələb edirəm ki, onlar öz işlərində buraxdıqları səhvləri aradan qaldırsınlar, öz vəzifələrini layiqincə yerinə yetirsinlər və bu sahədə öz işlərində ciddi dönüş yaratsınlar.

Nazirlər Kabineti bu işlə ciddi məşğul olmalıdır. Baş nazirin müavini İzzət Rüstəmov - bu məsələyə məsul və həmin vəzifəyə məhz bu məqsədlə təyin edilmiş şəxs gərək bilsin ki, görülən işlər bizi qane etmir. Bu işlərlə daha da ciddi və konkret məşğul olmaq lazımdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Qəhrəmanovu mən bir dəfə tənqid etmişdim, bu gün bir daha deyirəm - vəziyyəti kökündən düzəltməlidir və biz bu komitənin, bu böyük hökumət orqanlarınn işinin nəticələrini görməliyik.

Nazirlər Kabineti bu məsələni daim diqqət mərkəzində saxlamalıdır və vaxtaşırı, bəlkə də ardıcıl surətdə, müəyyən bir plan əsasında bu məsələlərin vəziyyətini dinləməli, müzakirə etməli, lazımi tədbirlər görməlidir və lazım olan vaxtlarda mənə məlumatlar və öz təkliflərini verməlidir.

Mən ictimai təşkilatlara müraciət edirəm. Onlar da bu sahəyə öz münasibətlərini tamamilə dəyişdirməlidirlər. Qaçqınların, köçkünlərin vəziyyətini unutmaq olmaz. Unutmaq olmaz ki, biz daim onların yanında olmalıyıq, biz onlarla bir yerdə olmalıyıq, onlarla tez-tez görüşməliyik, qaçqın düşərgələrində olmalıyıq, onların vəziyyətini bilməliyik və onlara əlimizdən gələn yardımı etməliyik.

Mən beynəlxalq humanitar təşkilatlara müraciət edirəm və rica edirəm ki, onlar Azərbaycanın bu vəziyyətinə öz diqqətlərini daha da artırsınlar, öz münasibətlərini zəiflətməsinlər, göstərdikləri yardımları da mütəşəkkil etsinlər. Bəzən bunlar pərakəndə xarakter daşıyır və bəzən də bir sıra səbəblərdən, yardımların qaçqınlara çatdırılması ilə məşğul olan ayrı-ayrı Azərbaycan vətəndaşlarının günahı üzündən, yaxud da ki, onların qeyri-qanuni hərəkətlərinə görə bu yardımlar qaçqınlara, köçkünlərə vaxtı-vaxtında çatmır.

Qaçqınlar, məcburi köçkünlər Azərbaycanın bir çox inzibati bölgələrində yaşayırlar və bu inzibati rayonların, şəhərlərin icra orqanları, icra hakimiyyəti başçıları var. Mən onlardan tələb edirəm ki, qaçqınlara və məcburi köçkünlərə qayğı və diqqəti artırsınlar, onların üzərinə bu sahədə qoyduğumuz vəzifələri layiqincə yerinə yetirsinlər.

Şübhəsiz, bu gün burada təqdim olunan kitabı geniş yaymaq mümkün olsa, bu, Azərbaycandakı qaçqınların və məcburi köçkünlərin vəziyyəti haqqında beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda, dünyada təəssüratı daha da dəqiqləşdirəcəkdir. Ancaq tam təəssürat yaratmaq üçün gərək bu iş ardıcıl, mütəmadi getsin, epizodik xarakter, kampaniya xarakteri daşımasın. Hələ ki Azərbaycanda qaçqınlar, köçkünlər var, hələ ki münaqişə qurtarmayıbdır, bu məsələ ilə hamımız daim, ardıcıl məşğul olmalıyıq.

Qaçqınların, köçkünlərin vəziyyətini bilməyən adamlar uçün əlbəttə ki, bu kitab geniş təəssürat yaradır. Amma bizim üçün, yəni qaçqınların, məcburi köçkünlərin vəziyyətini gözü uə görmüş adamlar üçün bu kitab çox kiçik bir şeydir, azdır. Yəni mən bu kitabda qaçqınların o ağır vəziyyətini tamamilə ağır görmürəm. Yenə də deyirəm, bu kitab kənar adamlarda böyük təəssürat yaradacaqdır. Amma bizim borcumuz odur ki, bütün bu mənzərəni - Azərbaycanın həyatında olan, qaçqınlarla və köçkünlərlə əlaqədar yaranmış mənzərəni bütün dünyaya çatdıraq. Onun üçün bir kitab yox, bir neçə kitab yaranmalıdır, bəlkə seriyalar olmalıdır, bəlkə də hər bir qaçqın düşərgəsi haqqında bir kitab yaratmaq lazımdır. Buna heç bir şeyi əsirgəmək lazım deyil. Bunun üçün hər bir vəsaitdən istifadə etmək lazımdır.

Hesab edirəm ki, Nazirlər Kabineti Prezidentin İcra Aparatı ilə bərabər belə kitabların yaranmasının proqramını hazırlamalıdır, tərtib etməlidir. Bu proqram əsasında bir çox seriya belə kitablar yaranmalıdır. Mən bayaq fikirlərimi dedim. Ancaq başqa fikirlər də ola bilər. Bu fikirlərin əsasında bu məsələnin çərçivəsini genişləndirmək olar. Bunun üçün də həm humanitar təşkilatlardan, həm ictimai təşkilatlardan, həm də dövlətdən, hökumətdən lazımi vəsait ayırmaq mümkündür. Biz bunu edə bilərik. Burada çətinlik olmayacaqdır. Ancaq bu işi görmək lazımdır.

Məlumdur ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması uğrunda çalışırıq və bu sahədə müəyyən irəliləyişlər mövcuddur. ATƏT-in Minsk qrupunun son təkliflərini Azərbaycan da, Ermənistan da əsasən qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin nümayəndələri bu günlərdə yenidən bizim bölgəyə gələcəklər, danışıqlar aparacağıq. Hesab edirik ki, məsələnin sülh yolu ilə həll olunması müəyyən bir relslər üzərinə düşübdür. Biz bunu sadəcə, sürətləndirməliyik və qarşıda olan maneələri aradan götürməliyik.

Şübhəsiz ki, işğal olunmuş rayonlar bunların nəticəsində işğalçı hərbi dəstələrdən azad ediləcəkdir. Bilirsiniz ki, birinci mərhələdə, işğal edilmiş altı rayonun azad olunması və oradan zorla köçürülmüş, çıxarılmış insanların öz yerlərinə qayıtması nəzərdə tutulubdur. Ancaq bu, müəyyən vaxt tələb edən bir prosesdir.

Nə qədər ki, biz bu münaqişəyə son qoymamışıq, nə qədər ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyibdir, nə qədər ki, bu qaçqınlar, məcburi köçkünlər öz yerlərinə, yurdlarına qayıtmayıblar, bu problem Azərbaycanın bütün orqanlarının - hökumətin, dövlətin, ictimaiyyətin, hər bir vətəndaşın diqqət mərkəzində olmalıdır. Hamı çalışmalıdır ki, qaçqınların, köçkünlərin indiki vəziyyətinin müəyyən qədər normal saxlanması üçün öz yardımını etsin. Hamımız ardıcıl surətdə çalışmalıyıq ki, Azərbaycanın bugünkü mənzərəsi, məcburi köçkünlərin, qaçqınların belə ağır vəziyyətdə olması dünyanın hər bir guşəsinə, ölkəsinə, hər bir dövlət başçısına, hər bir beynəlxalq təşkilata çatsın. Beləliklə, biz sülh yolu ilə ədalətin qələbəsinə nail olacağıq.

Bu gün təqdim olunan kitabın yaranmasında zəhmət çəkmiş bütün təşkilatlara, şəxslərə təşəkkür edirəm. Bu təşəbbüsü qiymətləndirirəm. Hesab edirəm ki, çox gec də olsa, belə bir təşəbbüs və bugünkü təqdimat mərasimi bu sahədə gələcəkdə görüləsi işlər üçün təkanverici bir məqamdır.

Ümidvaram ki, bu mərasimdə iştirak edən xarici ölkələrin səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri bu kitabın yayılmasında, təbliğ olunmasında öz xidmətlərini göstərəcəklər, ümumiyyətlə, bu gün burada meydana çıxmış məsələlərin həll olunmasında Azərbaycan Respublikasına, xalqına və yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşlarına yardımçı olacaqdır. Sağ olun.

 

 

 

AMERİKADA  NƏŞR  EDİLƏN "AZƏRBAYCAN  İNTERNƏŞNL" JURNALININ  BEŞ  İLLİYİNƏ HƏSR OLUNMUŞ MƏRASİMDƏ NİTQ

M.F.Axundov adına Respublika Kitabxanası

20 noyabr 1997-ci il

Hörmətli xanımlar və cənablar, dostlar!

Bugünkü mərasim "Azərbaycan internəşnl" jurnalının beşillik fəaliyyətinin qeyd olunmasına həsr edilmişdir.

Son illər belə bir ənənə yaranıbdır ki, yeni bir maraqlı kitab, yaxud jurnal, toplu, məcmuə, başqa bir əsər meydana çıxan zaman onun təqdimat mərasimi keçirilir. Bu ənənədən fərqli olaraq "Azərbaycan internəşnl" jurnalı beş il bundan əvvəl özünün ilk addımlarını atıbdır və heç bir təqdimat mərasimi keçirməyibdir. Ancaq ötən illərdə ilbəil öz fəaliyyətini artırıb, gücləndirib və jurnalı çox yüksək səviyyəyə qaldırıbdır. Hesab edirəm ki, indi jurnalın fəaliyyətinə qiymət vermək üçün bu mərasim çox lazımlı bir mərasimdir.

Mübaliğəsiz demək olar ki, "Azərbaycan internəşnl" jurnalı müstəqil Azərbaycanın həyatında, ümumiyyətlə, dünya Azərbaycana məxsus olan çox əlamətdar və nadir bir hadisədir. Azərbaycan daim öz milli mədəniyyətini, nailiyyətlərini xalqımızın    ənənələrini    dünya    xalqlarına,    ictimaiyyətinə tanıtmağa çalışmışdır. Bu sahədə Azərbaycanın mütəfəkkir insanlarının  tarix  boyu  göstərdikləri  xidmətləri  biz  daim qiymətləndirməliyik. Ancaq bu səylər nə qədər olmuşdursa Azərbaycan dünyada, dünya xalqları içərisində indiyədək heç vaxt tanınmamışdır.

Sübhəsiz ki, indi dünyada tanınmağımızın ən əsas səbəbi Azərbaycanın dövlət müstəqilliyi əldə etməsidir və dövlət müstəqilliyi əldə edəndən sonra bir müstəqil dövlət kimi Azərbaycanın Dünya Birliyinə daxil olmasıdır. Ancaq bu fakt da yəni bu hüquqi, siyasi akt da öz-özlüyündə Azərbaycanı dünyada istədiyimiz kimi heç vaxt tanıda bilməz. Bunun üçün daim ardıcıl, çoxsahəli işlər görmək lazımdır. Bu işlər bütün sahələrdə aparılmalıdır. Dövlət orqanları, bizim ictimai təşkilatlarımız, mədəniyyət, elm xadimlərimiz - hamımız birlikdə Azərbaycanı dünyaya açmağa, tanıtmağa çalışmalıyıq, Azərbaycanın həqiqətlərini dünyanın hər bir guşəsinə çatdırmağa çalışmalıyıq.

Bu,  indi  xüsusən  ona  görə  daha  da  çox  lazımdır  ki, Ermənistanın Azərbaycana təcavüzü başlayandan, Ermənistan-Azərbaycan münaqişəsi davam etdiyi dövrdə Ermənistanın tərəfdarları, dünyada olan erməni diasporunun təbliğat maşını çox  güclü  olmuşdur.   Onlar  Azərbaycana  təcavüz etdikləri,    torpaqlarımızı    işğal    etdikləri,    işğal    olunmuş ərazilərimizdən  bir  milyon  insanı  öz  yerindən-yurdundan zorla didərgin saldıqları halda Azərbaycanı məhkum etməyə çalışmışlar, Azərbaycan haqqında yalan, iftiralar, böhtanlar yaymışlar.  Təəssüf ki,  Azərbaycanın  təbliğatı  olmadığına görə, yaxud da çox zəif olduğuna görə onlar üstünlük əldə edə bilmişlər və öz istədiklərinə nail olmuşlar. Yaranmış şərait bir tərəfdən bizim vəziyyətimizi çox mürəkkəbləşdirmişdir, ikinci tərəfdən də Azərbaycan haqqında dünyaya məlumat verməyin. Azərbaycanı dünyaya tanıtmağın  nə qədər vacib, zəruri, əhəmiyyətli olduğunu bir daha sübut etmişdir.

Qeyd etmək lazımdır ki, son illər bu sahədə çox işlər görülmüş, birinci növbədə Azərbaycanın ardıcıl xarici siyasəti, ardıcıl, çox təşəbbüskar, doğru-düzgün xarici siyasəti Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında sıx əlaqələr əməkdaşlıq yaratmış və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmağa böyük imkanlar açmışdır.

İnformasiya orqanlarımız da, ictimai təşkilatlarımız da və bizim Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, elmi təşkilatlarımız, Elmlər Akademiyası və başqaları da bu sahədə bir çox işlər görmüş və müəyyən nailiyyətlər əldə etmişlər. Ancaq bunlar heç də yetərli deyil, hələ çox iş görülməlidir. Çox səylər qoymalıyıq ki, Azərbaycanı hər yerdə, hər ölkədə olduğu kimi tanısınlar, bilsinlər, Azərbaycan xalqının tarixini, nailiyyətlərini, xüsusiyyətlərini, keyfiyyətlərini həqiqətən bilsinlər.

Hələ çox iş görülməlidir, bir də ona görə ki, təəssüflər olsun ki, bizim xarici düşmənlərimizlə yanaşı, Azərbaycanın daxilində olan, bəzən guya müxalifət mövqeyində duran bəzi qüvvələr öz şəxsi məqsədləri naminə, öz şəxsi məqsədlərinə çatmaq üçün Azərbaycanı bir çox yerlərdə ləkələməyə, Azərbaycanın həqiqətləri haqqında yalanlar, iftiralar yaymağa çalışırlar. Bu da həmin o düşmən qüvvələrinin səyləri ilə üst-üstə gələrək Azərbaycanın həqiqətlərinə kölgə salır.

"Azərbaycan internəşnl" jurnalının fəaliyyəti xüsusi qiymətə layiqdir. Çox qətiyyətlə demək olar və bunu etiraf etməliyik ki, indiyə qədər xarici ölkələrdə dərc olunan, nəşr edilən cürbəcür nümunələr - kitablar, jurnallar içərisində "Azərbaycan internəşnl" jurnalı qədər Azərbaycan haqqında dolğun, düzgün və çox parlaq, gözəl, cazibədar məluma yayan jurnalımız, toplumuz olmayıbdır.

Maraqlı,  sevindirici  cəhət  də  bundan ibarətdir ki, jurnalı nə Azərbaycanın dövlət  orqanları,  nə  bir ictimai təşkilat, nə də respublikamızdakı hansısa bir təşkilat yaradıb, Bu jurnalı yaradanlar Azərbaycanı sevən, ona ürək yandıran, Azərbaycanla dostluq edən iki şəxs - xanım Betti və Piruz Yanlıdır - Onlardan biri amerikalı, o birisi isə azərbaycanlıdır, amma Amerika vətəndaşıdır. Onlar şəxsi təşəbbüs göstəriblər və öz fədakarlıqları nəticəsində o jurnalı yaradıb, indi belə bir yüksək səviyyəyə gətirib çıxarıblar.

Mən xanım Bettinin və Piruz Xanlının təşəbbüsünü və ötən illərdə gördükləri işləri, Azərbaycana göstərdikləri münasibəti, dostluğu və ölkəmiz haqqında çəkdikləri bu qədər zəhməti çox yüksək qiymətləndirirəm. Onların gördükləri iş, əldə etdikləri nailiyyət onu göstərir ki, insan bir işə həvəslə, ürəklə, canla yanaşarsa, həqiqətən xalqa xidmət etmək istəyərsə, o, çox işlər görə bilər. O, təkbaşına da çox işlər görə bilər.

Azərbaycanda nə qədər nəşriyyat orqanları, ictimai təşkilatlar, cürbəcür nə qədər kitab, jurnal buraxanlar var. Onlardan indi hansı gəlib buna bərabər bir nümunəni ortaya qoya bilər ki, Amerika Birləşmiş Ştatlarında belə bir jurnalın yaranmasını və bu qədər yüksək səviyyəyə çatmasını təmin edə bilsin? Heç birisi yoxdur. Əgər kiminsə varsa, ortaya çıxarsın, meydana qoysun.

Bu jurnalın yaranması və onun varlığı, bugünkü səviyyəsi məni həddindən artıq sevindirir. Bu, eyni zamanda onu göstərir ki, insan nəyə qadirdir. Bu, eyni zamanda onu göstərir ki, bizim Azərbaycanın cürbəcür təşkilatlarının, böyük-böyük imkanlara malik olan təşkilatlarının istifadə olunmamış nə qədər imkanları var.

Bu gün biz bu jurnalın ilk nömrəsinə də, son nömrəsinə də baxdıq.   Mən   1993-cü   ildən   bu  jurnalın   hər   nömrəsini oxuyuram, ona baxıram, müşahidə edirəm. Bu jurnalın ayba-ay hər nömrədən-nömrəyə keyfıyyətinin artmasını, onun səhifələrinin genişlənməsini görürəm. Görürəm ki, bu jurnal günbəgün nə qədər inkişaf edir, genişlənir və Azərbaycanın həyatını nə qədər geniş əhatə etməyə gəlib çatıbdır.

Bu insanlar - xanım Betti və Piruz Xanlı öz işlərinə sadiqdirlər, ancaq eyni zamanda onlar Azərbaycanın ən gözəl dostlarıdır, Azərbaycanın həqiqətlərinə, xalqımızın bugünkü həyatına sadiqdirlər. Ona görə də mən onlara səmimi-qəlbdən təşəkkür edirəm.

"Azərbaycan internəşnl" bütün parametrlərinə, xüsusiy- yətlərinə görə dünyada, ən inkişaf etmiş ölkələrdə nəşr edilən yüksək səviyyəli jurnallarla rəqabət apara bilən bir jurnaldır. Sovetlər İttifaqı mövcud olan zaman ABŞ-da bir "Amerika" jurnalı çıxırdı və o da siyahı ilə abunə yazdırılıb paylanırdı. Mənim xatirimdədir, bu "Amerika" jurnalına abunə yazılmaq üçün Azərbaycana da müəyyən limit verilirdi və keçmiş Azərbaycan hökumətində də bunun üçün siyahı tərtib edilirdi. Kim bu siyahıya düşər, kim də düşə bilməzdi. Həmin jurnalı kim ala bilirdisə, o özünü xoşbəxt hesab edirdi. Bu jurnalın qiyməti də sovet jurnallarının qiymətinə nisbətən çox baha idi. Çoxları onu oxuyub mənasını başa düşmürdülər.

Həmin jurnal çox nəfis nəşr olunurdu, oradakı rəsmlər, fotoşəkillər çox gözəl idi, bir də Amerikanın həyatından cürbəcür mənzərələr verilirdi. Biz o vaxt Amerikanın həyatını o qədər də yaxşı bilmirdik. Ona görə də insanlar bu jurnala çox böyük maraq göstərirdilər. Həmin jurnal mənim yaxşı xatirimdədir. O vaxt biz bu jurnalı daim alırdıq, baxırdıq, vaxt olanda ayrı-ayrı məqalələri oxuyurduq.

Bəli, o jurnal mənim yadımdadır. Doğrudur, Amerikada onun keyfiyyəti sonralar nədənsə get-gedə aşağıya düşdü. Ancaq o vaxt həmin o "Amerika" jurnalının həsrətini çəkən azərbaycanlılar - yəqin, həmin adamlardan indi bu mərasimdə iştirak edənlər də var - bu "Azərbaycan internəşnl" jurnalını əllərinə alsınlar və əgər arxivlərində varsa, gedib o jurnalı çıxarsınlar, müqayisə etsinlər. "Azərbaycan internəşnl" ondan qat-qat üstün səviyyədə nəşr olunan bir jurnaldır.

Jurnalın yüksək qiyməti onun yalnız nəşr keyfiyyəti ilə baglı deyıl.  Mənim bu jurnala verdiyim yüksək qiymət onun məzmunu ilə əlaqədardır. Bu, nə qədər məzmunlu jurnaldır! Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı, ölkəmizin ayrı-ayrı     görkəmli      şəxsiyyətlərinin      əsərləri,      onların yaradıcılığı, Azərbaycanın həyatının cürbəcür mənzərələri və çoxlarımızın tanımadığımız, çoxdan unutduğumuz səhifələr - hamısı bu jurnalda böyük ustalıqla, məharətlə, deyə bilərəm ki, çox böyük sevgi ilə, məhəbbətlə açılıb, dərc olunub. Bu məni heyran edir.

Biz bir neçə il vaxt bundan əvvəl burada Azərbaycan qaçqınlarının vəziyyətinə həsr olunmuş fotoalbomun təqdimat mərasimini keçirdik. Ancaq təəssüf ki, o, gec bir zamanda oldu. "Azərbaycan internəşnl" jurnalı iki nömrəsini Azərbaycan qaçqınları mövzusuna həsr edibdir və nə qədər məzmunlu, mənalı fotoşəkillər tapıb dərc edibdir. Şübhəsiz ki, bax, bunu oxuyan hər bir insan Azərbaycanda qaçqınların olduğunu və onların nə vəziyyətdə yaşadığını çox gözəl dərk edə bilir.

"Azərbaycan internəşnl" jurnalında Azərbaycanın parlaq nailiyyətləri, tarixinin parlaq səhifələri necə gözəl əks olunur! Mən   sonuncu    nömrəyə    baxdım.    Burada    Azərbaycan kinosunun  tarixindən  bir  çox   səhifələr,   bir  çox  məşhur kinofılmlərimiz, onların ayrı-ayrı kadrları haqqında çox gözəl rəngli   fotoşəkillər   verilibdir.   Orada   "Nəsimi",   "Babək", "Arşın mal alan", "Məşədi İbad" və başqa kinofilmlərimiz, kino xadimlərimiz haqqında  fotoşəkillər  dərc olunubdur. Bılirsiniz, onlara baxanda çox şeyləri unutduğumuzu görürük. Bizim mədəniyyətimizin  bütün  sahələri,   o  cümlədən kine-matoqrafiya sahəsi nə qədər zəngindir, nə qədər gözəl işlər yaranıbdır. Bunu bizim özümüz bilirik, amma çoxları indi unudubdur. Ancaq bunları Amerika da, İngiltərə də, Almaniya da, Fransa da bilməlidir. Bütün dünya bilməlidir

ki,   Azərbaycan   xalqının   mədəniyyəti   bu   qədər   yüksək səviyyələrə qalxıbdır.

Bu jurnalın ən gözəl xüsusiyyətlərindən biri də odur ki bizim çoxlarımızın həyatımızda olan, bəzən görmədiyimiz gözəl hadisələri gedir, tapır, çıxarır, öz səhifələrində göstərir. Bu məlumatlar bəzən bizə, o cümlədən mənə də jurnal vasitəsilə gəlir. Bu da çox maraqlıdır.

Məsələn, bir gənc müğənnimiz var - Surxay Əsgərov. O, iki ildir ki, meydana çıxıbdır, çox gözəl gələcəyi olan bir gəncdir. Şəxsən mən Surxay Əsgərov haqqında ilk məlumatı bu jurnaldan almışam. Betti xanım bu jurnalı mənə təqdim edərkən Surxay Əsgərov haqqında geniş məlumat veribdir. Bundan sonra, gərək ki, bir axşam incəsənət muzeyində konsertini düzəltmişdilər. Mən orada Surxay Əsgərovu dinləyib onun istedadı ilə tanış olmuşam.

Bu jurnal həm Üzeyir Hacıbəyovu, Rəşid Behbudovu, Niyazini, həm bizim böyük şairlərimizi, rəssamlarımızı təbliğ edir, həm də bu gün meydana gələn gənc istedadlarımızı təbliğ edir. Bu, nə qədər gözəl təşəbbüsdür, işdir!

Mənim bu jurnal haqqında o qədər böyük təəssüratım var ki, bütün bunlar barədə çox danışmaq olar. Ən mühüm cəhət bir də ondan ibarətdir ki, bu jurnal artıq 47 ölkədə yayılır, 7 min nüsxə tirajla nəşr olunur. Demək, bu jurnal 47 ölkədə, özü də yüksək dövlət dairələrində, ictimai təşkilatlarda, böyük biznes, maliyyə mərkəzlərində yayılır. Bu, çox əhəmiyyətlidir.

Jurnalın gördüyü çox gözəl işlərdən biri də Azərbaycan musiqisinin kompakt disklərə yazılması və dünyaya yayılmasıdır. Xanım Betti bu barədə geniş məlumat verdi. Bu bizim üçün çox faydalı bir işdir. Onlar şəxsən mənə də kömək ediblər. Mən indi məni ziyarət edən qonaqlara "Azərbaycan internəşnl" jurnalını və Azərbaycan bəstəkarlarının gözəl musiqi əsərlərindən ibarət kompakt diskləri hədiyyə verirəm.

Bu jurnalı nəşr edənlərin fəaliyyətinin ən gözəl cəhəti bir də ondan ibarətdir ki, onların nə redaksiya heyəti, nə böyük ştatı, nə katibləri, nə də çoxlu telefonları var. Heç bir şeyləri yoxdur. Ər-arvad - Betti xanım və Piruz Xanlı, bir də bizim alimimiz Məzahir onlarla birlikdə bu jurnalı yaradırlar. Görün onlar nə qədər gözəl nümunə göstərirlər! Respublikamızda bir jurnalın, qəzetin çıxması üçün deyirlər ki, buna böyük ştat, avtomobil vermək, tez telefon çəkmək, özü də hökumət telefonu çəkmək, sonra başqa şeylər lazımdır. Amma qəzetin də, jurnalın da keyfıyyəti yoxdur, çoxları da heç onu oxumurlar. Ancaq görürsünüz, bu iki-üç adam nə qədər iş görür.

Bunlar hamısı ona görə mümkün olur ki, onlar Azərbaycanı çox sevirlər, ölkəmizə çox ədalətli münasibəti olan insanlardır və öz işlərinin çox böyük entuziastlarıdır. Yalnız və yalnız böyük entuziastlar möcüzələr yarada bilərlər. Onlar  məhz bu cür insanlardır. Ona görə də mən onları xüsusi qiymətləndirirəm.

Ümid etmək olar ki, bu jurnal daim yaşayacaq, təkcə Amerika Birləşmiş Ştatlarında yox, dünyanın bir çox ölkələrində Azərbaycanın həqiqətlərini gündən-günə daha da parlaq şəkildə yayacaqdır. Ümid edirəm ki, bu jurnalın illik sayı da artacaqdır. Onlar bu jurnalı ildə dörd dəfə buraxırlar. Çox arzu edərdim ki, onlar işlərini, jurnalın sayını bir az artırsınlar, onun sayı ildə bəlkə beş, altı dəfə olsun. Bunu da edəcəklər. Çünki birinci nömrədən sonuncuya qədər olan böyük inkişafı görərkən hesab edirəm ki, qarşıdakı iki-üç il içərisində onlar jurnalı həm sayca, həm keyfıyyətcə, həm də məzmunca daha da yüksəklərə qaldıracaqlar.

Jurnalın son xidmətlərindən biri də Azərbaycan prezidentinin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərinə həsr olunmuş, onların yaratdığı və burada təqdim etdikləri kitabdır. Bu kitab da çox yüksək səviyyədə yaranıbdır. Hesab dirəm ki, jurnal kimi, bu kitab da Azərbaycanın bugünkü həyatının, həqiqətlərinin, xarici siyasətimizin və Azərbaycan Amerika   Birləşmiş   Ştatları   əlaqələrinin   dünyada   təbliğ olunması üçün çox dəyərli xidmətlər edəcəkdir.

Mən Sizi, xalqımızı, vətəndaşlarımızı Azərbaycan üçün çox böyük əhəmiyyətli olan "Azərbaycan internəşnl" jurnalının əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edirəm. Mən bu jurnalı yaradıb bu qədər yüksək səviyyəyə çatdıran insanları - xanım Bettini, dostumuz Piruz Xanlını ürəkdən təbrik edirəm. Onlara təşəkkür edirəm və bu xeyirxah işlərində yeni-yeni uğurlar arzulayıram. Sağ olun*.