M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından
istifadə qaydaları

  1. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası (bundan sonra  “Kitabxana” adlanacaqdır) respublikanın baş kitabxanasıdır, milli dövlət kitabsaxlayıcısıdır, onun kitab fondları Azərbaycan xalqının milli mədəniyyət sərvətidir və dövlət tərəfindən xüsusi qaydada mühafizə olunur.

  2. Kitabxana şəxsiyyəti təsdiq edən sənəd almış bütün Azərbaycan və xarici ölkə vətəndaşları üçün açıqdır və ondan istifadə pulsuzdur. Eyni zamanda əlavə əmək tələb edən pullu xidmətlər  də tətbiq oluna bilər (sənədlərin kserosurəti, skaneri, başqa kitabxanalardan kitab sifarişi və s.).

  3. Kitabxanadan istifadə yalnız oxucu kartı əsasında həyata keçirilir. Kitabxanaya daxil olarkən oxucu kartını nəzarət-buraxılış məntəqəsində qeydiyyatdan keçirməlidir. Oxucu ədəbiyyat sifariş verərkən və alarkən, müdiriyyət və ya kitabxana üzrə məsul növbətçi tələb edərkən oxucu kartını göstərməlidir. İnternet zalın xidmətlərindən və lokal şəbəkədən istifadə edərkən oxucu kartını mütləq təqdim etməlidir.

  4. Oxucu kartını itirən şəxs dərhal qeydiyyat bölməsinə müvafiq ərizə ilə müraciət etməlidir. O, yeni oxucu kartını ödəniş etməklə ala bilər.

  5. Oxucu kartı şəxsiyyəti təsdiq edən sənədlər: şəxsiyyət vəsiqəsi və ya pasport, şəxsi vəsiqə, hərbi bilet, sürücülük vəsiqəsi əsasında verilə bilər. Elmi zallara üzv olmaq üçün oxucular müvafiq sənədlərinin surətini (ali təhsil haqqında, elmi dərəcə haqqında) təqdim etməlidir. Oxucu kartı üçün ərizəçi şəxsən özü müraciət etməlidir.

  6. Birdəfəlik bilet bütün oxucu kateqoriyaları üçün ancaq bir dəfə verilir.

  7. Oxucu kartını başqa şəxsə vermək qəti qadağandır. Belə hal baş verərsə həmin oxucu kitabxanadan istifadə hüqüqundan müəyyən müddət məhrum olunur.

  8. Hər bir oxucu nəzarət-buraxılış məntəqəsindən keçərkən nəzarət vərəqi almalı, orada öz adını, soyadını və oxucu kartının nömrəsini  yazmalıdır.

  9. Nəzarət  vərəqi təqdim olunmadan oxucuya ədəbiyyat verilmir.

  10.  Nəzarət vərəqini qoruyun. Onu itirdikdə dərhal nəzarət-buraxılış məntəqəsinə və Sizə xidmət edən kitabxanaçıya xəbər verin.

  11.  Oxumaq üçün alınmış ədəbiyyatı başqa şəxsə vermək və ya nəzarət-buraxılış məntəqəsindən kənara çıxarmaq qəti qadağandır.

  12.  Hər bir oxu zalının köməkçi fondundan alınan ədəbiyyatdan yalnız həmin zalda istifadə etmək olar. 

  13. Üst geyimində, söndürülməmiş mobil telefonla, fotoaparatla və iri çanta ilə kitabxanaya daxil olmaq qəti qadağandır. Həmin əşyalar qarderoba təhvil verilməlidir.

  14. Kitabxananın daxili nizam- intizam qaydalarına (mobil telefonla danışmaq, səs-küy salmaq, saqqız çeynəmək, qazlı su gətirmək) tabe olmayan oxucular kitabxanaya buraxılmır.

  15. Kitabxanada istifadə üçün alınmış ədəbiyyatı cıran və korlayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

  16. Kataloq və kartotekalardan nəzakətlə istifadə olunmalıdır. Onların kartoçkalarını yazmaq, cırmaq, çıxarmaq və kataloq qutularını kataloq yeşiklərindən kənara aparmaq olmaz.

  17. Kitabxanada şəxsi kompyuterdən istifadəyə icazə verilir.

  18. Kitabxananın kompyuterlərində yaddaş kartı (fləş kart) və disklərdən istifadə qadağandır.

  19. Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsindən, Azərbaycan kitabının arxivi şöbəsindən kitab və jurnalların, Dövri mətbuat bölməsindən  cildlənmiş qəzetlərin və  Not nəşrləri və səsyazmaları şöbəsindən not əlyazmalarının fotosurətinin çıxarılmasına ancaq Elektron resurslardan istifadənin təşkili bölməsində icazə verilir.

  20. Milli Kitabxanaya daxil olan hər bir oxucu geyim mədəniyyətinə fikir verməli, gigiyena qaydalarına əməl etməlidir.

  21. Kitabxanadan yalnız bu istifadə qaydalarına riayət edən vətəndaşlar istifadə edə bilərlər.

  22. “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından istifadə Qaydaları”na əməl etməyən, kitabxananın daxili nizam-intizam qaydalarına tabe olmayan (mobil telefonla danışan, başqalarına mane olan, səs-küy salan, kitabxanaya maddi ziyan vuran və s.) oxucular kitabxanadan uzaqlaşdırılır, oxucu hüququndan məhrum edilirlər.


National Library of Azerbaijan © All Rights Reserved