Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

1923

Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur.

1939

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.

2004

2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə «Milli Kitabxana» statusu verilmişdir ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Tarixi

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixindən.
Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir. 
Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. 
Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir. 
1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300000 adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə təşkil etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artaq maraqla bağlı olaraq «Şərq haqqında jurnal materialları (1917-1927)», «1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı» adlı göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Oxu zalı hər gün saat 10-dan axşam saat 10-a kimi açıq idi. Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır. 
1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir. 
İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmış, fondlarında ədəbiyyat sayı milyonlara, işçilərinin sayı yüzlərə çatmışdır. 
Kitabxananın memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən əzəmətli binaya 1961-ci ildə köçməsi onu sevənlər üçün gözəl hədiyyə olmuşdur. Qeyd etmək lazımdır ki, binanın yerinin seçilməsində və tikilməsində görkəmli xalq yazıçısı Süleyman Rəhimovun böyük xidməti olmuşdur, binanın layihəsini hazırlamaq isə akademik Mikayıl Hüseynova məxsusdur. 

Hal-hazırda Milli Kitabxanada 24 şöbə fəaliyyət göstərir. Kitabxananın fondu 4 604 133 nüsxədir.  

Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz  funksiyalarını yerinə yetirir. 

Heç təsadüfi deyildir ki, ulu öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev prezidentliyi müddətində 4 dəfə (1995-3 iyun; 1996-4 mart; 1997-5, 20 noyabr) Milli Kitabxanaya gəlmiş və öz şəxsi kitabxanasından yüzlərlə kitabı kitabxanaya hədiyyə etmişdir. 

2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir. 

Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır. 

“Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq 2017-ci ildə kitabxanaya 23271 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. 

İl ərzində oxucuların sayı 152 069 nəfərə, kitabxanaya gələnlərin sayı isə 191 183 nəfərə çatmışdır. 

Milli Kitabxananın şöbələrinin fəaliyyətində son illər  xeyli irəliləyişlər və yeniliklər baş vermişdir. 

2005-ci ildən nəşriyyatlardan və poliqrafiya müəssisələrindən alınan məcburi nüsxələr əsasında Milli Kitabxananın Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya şöbəsi (Kitab palatası) 15 illik fasilədən sonra “Birillik Azərbaycan kitabiyyatı”nın çapını bərpa edərək, respublikamızda dərc olunmuş kitabları əhatə edən bütün buraxılışları çap edilmişdir. 

İxtisaslaşdırılmış Xarici ədəbiyyat şöbəsi beynəlxalq  kitab  mübadiləsini bərpa edərək, dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir. 

Kkitabxananın metodik fəaliyyətində də xeyli işlər görülmüşdür. 60-70-ci illərdə çap olunan, kitabxanalar tərəfindən böyük rəğbətlə qarşılanan “Əlamətdar və tarixi günlər təqvimi”nin nəşri bərpa olunmuşdur.

“Kitabxanaların metodik təminatı” şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik göstərir. 

Milli Kitabxananın hazırladığı materiallar və vəsaitlər kitabxananın saytında yerləşdirilir və nəticədə bütün nəşrlər çap olunmamışdan və yerlərə göndərilməmişdən kitabxanaçıların ixtiyarına verilir. 

Bu gün elə bir sahə tapılmaz ki, orada kompyuterlərdən, digər informasiya texnologiyalarından istifadə olunmasın. M.F.Axundov adına Milli Kitabxanada bu isə 1999-cu ildən başlanmış və 2000-ci ildə kitabxanada İnternet zalı istifadəyə verilmiş, 2001-ci ildə işə Tədris Mərkəzi yaradılmışdır. 

2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanmışdır. Sistemin proqram təminatı ABŞ-ın VTLS-kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış proqramlar işləyən təşkilatlar tərəfindən həyata keçirilmişdir. Bura elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi, Milli biblioqrafiyanın yaradılması, bütün kitabxana proseslərinin avtomatlaşdırılması modulları daxildir.

Şəhər əhalisinin və şəhərimizin qonaqlarının asudə vaxtının təşkili, uşaq və yeniyetmələrin mədəniyyət müəssisələrinə, kitabxanalara cəlb olunması məqsədilə  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi əsasında 2016-cı ildən etibarən “Mən oxudum, sən də oxu” devizi altında vətəndaşlara fasiləsiz kitabxana xidmətini həyata keçirən  “Açıq kitabxana” fəaliyyətə başlamışdır, burada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar oxucuların mütaliəsinə verilir, eyni zamanda kitab mübadiləsinə də gözəl imkan yaradılır.