DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada “Aşıq Ələsgər – 200” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

29.04.2021

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan olan Aşıq Ələsgər aşıq poeziyasını zənginləşdirmişdir. Həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir. Dövrünün tanınmış görkəmli aşıqlarından dərs alan Aşıq Ələsgər özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdır. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü ən gözəl şəkildə büruzə verməkdədir.

Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aşıq Ələsgər – 200” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Asiq_Elesger_200/index.htmlinkindən istifadə edə bilərlər.  

Share