ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Milli Kitabxana ilə birgə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının və Milli Kitabxana tərəfindən hazırlanmış Elektron məlumat bazasının təqdimat mərasimini keçirmişdir.

13.04.2017

Aprel ayının 13-də Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Milli Kitabxana ilə birgə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının və Milli Kitabxana tərəfindən hazırlanmış Elektron məlumat bazasının təqdimat mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bu il Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsinin YUNESKO-nun yubileylər proqramına daxil edildiyini və 2017-ci ili TÜRKSOY təşkilatı tərəfindən “Molla Pənah Vaqif ili” elan olunduğunu qeyd etmiş,  “Molla Pənah Vaqif ili”nin açılış mərasimlərini Türkiyənin Ankara və Sakarya şəhərlərində keçirildiyini bildirmişdir.

Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev  “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq respublikada və türkdilli ölkələrdə keçiriləcək silsilə tədbirlərdən danışmış və qeyd etmişdir ki, bütün bunlar Azərbaycan ədəbiyyatı tarixində silinməz işlər qoymuş qüdrətli söz ustadının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Böyük şairin dövrünü, həyatını və yaradıcılığını daha müfəssəl anlamaq üçün bu gün təqdimatı keçirilən “Molla Pənah Vaqif” kitabının oxuculara yardımçı olacağını bildirmişdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva  söyləmişdir ki, bu gün oxuculara təqdim olunan bu kitab görkəmli şairin həyat və yaradıcılığına dair çap olunan ilk fundamental tədqiqat əsəri hesab oluna bilər.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov “Vaqif ili” ilə əlaqədar türkdilli ölkələrdə və TÜRKSOY-da keçiriləcək tədbirlərdən,TÜRKSOY-un dəstəyi ilə çap olunacaq “Molla Pənah Vaqifin 9 şeiri” kitabında şairin şeirlərinin türk xalqlarının dillərinə tərcümə olunaraq çap olunacağından danışmışdır.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin redaktoru Rəşad Məcid, Slavyan Universitetinin professoru, tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamal, AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Məmməd Əliyev,  ADPU-nun Filologiya fakültəsinin dekanı, prof. Buludxan Xəlilov, folklorşünas, dilçi, yazışı, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev,  AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı, Qazaxıstan Respublikasından olan qonaq Novruz Baykadimov  və başqa çıxış edənlər M.P.Vaqif haqqında danışmış, yaradıcılığı dövründə Azərbaycanın siyasi və iqtisadi vəziyyətinin son dərəcə gərgin olduğunu söyləmişlər. Çıxış edənlər kitabın giriş, ön söz və 3 bölmədən - 1. Molla Pənah Vaqifin dövrü, həyatı və dünyagörüşü. 2. Molla Pənah Vaqifin yaradıcılığı və ya milli intibahın poeziyası. 3. Molla Pənah Vaqifin dil-üslub texnologiyaları -  ibarət olduğunu söyləmişlər. Kitabın sonunda ingilis dilində xülasənin verilməsini təqdirəlayiq hesab etmişlər.

Sonda müəllif kitabın ərsəyə gəlməsində, çap olunub, təqdim olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.

Milli Kitabxananın şöbə müdiri Rübabə Səfərova tərəfindən təqdim olunan “Molla Pənah Vaqif” adlı Elektron məlumat bazası tədbir  iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Sonda tədbir iştirakçıları görkəmli şairin həyat və yaradıcılığını özündə əks etdirən “Molla Pənah Vaqif -300” adlı geniş kitab sərgisi ilə tanış oldular. 

Share