ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

28-30 sentyabr 2017-ci il tarixlərində keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: Kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfransda iştirak edən ABŞ-ın Koliforniya ştatının Los-Anceles şəhərinin UCLA - Universitet kitabxanasının əməkdaşı Devid Hörş Quba rayonuna səfər etmişdir.

02.10.2017

28-30 sentyabr 2017-ci il tarixlərində keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: Kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfransda iştirak edən ABŞ-ın Koliforniya ştatının Los-Anceles şəhərinin UCLA - Universitet kitabxanasının əməkdaşı Devid Hörş Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində qonaq Qubanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə maraqlanmış, rayonun bir sıra tarixi və dini yerlərini, mədəni abidələrini ziyarət etmişdir.

Qonaq əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olmuş, ümummilli liderin abidəsini ziyarət etmişdir.

Qırmızı qəsəbəyə səfər edən qonaq Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibinə daxil olan Qırmızı qəsəbə filial kitabxanasında olmuş, kitabxanada Azərbaycan və yəhudi dillərində olan kitablarla yaxından maraqlanmışdır. Quba şəhər MKS-nin direktoru Saməddin Nəsirov ona kitabxana barədə ətraflı məlumat vermiş və Los-Anceles UCLA - Universitet kitabxanasının Azərbaycan dilində olan fondu üçün bir neçə kitab hədiyyə etmişdir.

Kitabxanadan, onun fəaliyyətindən məmnunluğunu bildirən Devid Hörş daha sonra Qırmızı qəsəbədə olan yəhudi qəbiristanlığı, Giləki və 6 günbəz sinaqoqlarında olmuş, qəsəbədə sinaqoqla üzbəüz yerləşən məscidlə də maraqlanmışdır.

Quba rayonunda amerikalı qonağı daha çox maraqlandıran Quba Soyqırımı Memorial Kompleksi oldu. Kompleks haqqında məlumat verən bələdçi Xatirə Kompleksinin 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldıldığını bildirdi. 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib və 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzaladığını qeyd etdi.

Məlumat verildi ki, Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

Abidə-muzeydə 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır: qədim Quba həyatı, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələri, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir. Ekspozisiya həmçinin unikal arxiv sənədləri ilə zəngindir. Burada 1918-ci ilin qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırım haqqında sərəncamı təqdim olunur. Muzeydə hər bir qəzanın tarixi faciəsi ayrı-ayrı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir. Bütün informasiya üç dildə, hər bölmənin qarşısında quraşdırılan elektron məlumat bazasında öz əksini tapıb. Sonda qonağa Heydər Əliyev Fondu tərəfindən, həmçinin 1918-ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımı tarixi faktlarla əks etdirən 16 adda, üç dildə buklet hədiyyə edildi. Qonaq Quba Soyqırımı Memorial Kompleksi barədə əldə etdiyi məlumatlardan sonra Qubada baş verən bu erməni vəhşiliyinə təəssüf hissi keçirdiyini bildirdi və qeyd etdi ki, bu soyqırım barədə informasiya eşitsə də belə geniş məlumatı olmamışdır. Burada əldə etdiyi nəşrlərin Los-Anceles şəhərinin UCLA - Universitet kitabxanası üçün əhəmiyyətli olduğunu vurğuladı.

Share