ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Sərgi: “Unudulmaz bəstəkar Qara Qarayev”

06.02.2018

Fevral ayının 6-da Milli Kitabxanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli bəstəkar və pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı, musiqiçi-alim, akademik Qara Qarayevin 100 illik yubileyi münasibətilə “Unudulmaz bəstəkar Qara Qarayev” adlı geniş kitab sərgisinin açılışı olmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq dahi bəstəkarın milli musiqi irsimizə dəyərli əsərlər bəxş etdiyini demiş, sənətkarın 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından, Sərəncama müvafiq olaraq il ərzində keçiriləcək tədbirlərdən danışmışdır.

Direktor qeyd etmişdir ki, ötən ay ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los-Anceles Universitetinin kitabxanasında səfərdə olmuş və  amerikalılar ona hələ 1961-ci ildə Qara Qarayevin I Beynəlxalq Los-Anceles musiqi festivalında çıxış etdikdən sonra dəqiqələrlə alqışların kəsilmədiyini demişlər. Direktor bu sözləri eşidərkən mədəniyyətimizi dünyanın hər yerində tanıdan xalqımızın bu cür nümayəndəsinin olması ilə bir daha fəxarət hissi keçirdiyini vurğulamışdır. O, həmçinin kitabxana tərəfindən də elektron məlumat bazasının və biblioqrafik vəsaitin hazırlandığını, silsilə tədbirlərin keçiriləcəyini qeyd etmişdir.

Daha sonra kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi Gülbəniz Səfərəliyeva və direktor müavini Ədibə İsmayılova sənətkarın çağdaş musiqi mədəniyyətimizin inkişafındakı, özünəməxsus dəyərli əsərləri ilə musiqimizin dünya səviyyəsində təbliğindəki misilsiz xidmətlərindən danışmışlar.

Sonda direktor qonaqları sərgi ilə tanış olmağa dəvət etmişdir. Sərgidə görkəmli bəstəkarın not-musiqi əsərləri, görkəmli şəxsiyyətlərin bəstəkar haqqında söylədikləri fikirlər, Azərbaycan və xarici dillərdə haqqında yazılmış kitablar və dövri mətbuat materialları sərgilənmişdir.
Sərginin nümayişi bu həftə davam edəcək.

Share