ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq divanı”nın latın qrafikalı əlifba ilə nəşrinin və Milli Kitabxana tərəfindən hazırlanan “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimat mərasimi

04.07.2018

4 iyul 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq divanı”nın latın qrafikalı əlifba ilə nəşrinin və Milli Kitabxana tərəfindən hazırlanan Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimat mərasimini keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov ilk olaraq qonaqları salamlamış, görkəmli alimin elmi və bədii yaradıcılığından, ədəbiyyatımıza verdiyi töhfələrdən danışmış, alimin ziyalılıq üçün örnək olacaq şəxsiyyət olduğunu, ədəbiyyatşünas alimin həm də bədii əsərləri ilə sevildiyini, həmişə hamı tərəfindən eşidilən, rəğbətlə qarşılanan ziyalı olduğunu söyləmişdir.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında ilk olaraq İnstitutun, geniş mənada AMEA-nın və şəxsən öz adından Milli Kitabxananın rəhbərliyinə, prof. Kərim Tahirova bu cür tədbirlərin təşkilinə, tədqiqatçılar üçün araşdırma əsərlərinin nəşrinə görə təşəkkürünü bildirmiş, qeyd etmişdir ki, Qəzənfər Paşayev Azərbaycan oxucusuna, bütünlükdə türk aləminə məlum olan və qəbul olunan bir şəxsiyyətdir. Akademik Qəzənfər Paşayevi Azərbaycan səfərnamə yaradıcılarından biri adlandırmış, bildirmişdir ki, onun fəaliyyətində Kərkük mühiti, həyatı daim ağırlıq təşkil etmiş, əsərlərində Kərkük ədəbiyyatını Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi vermiş, Azərbaycan Kərkükşünaslıq elminin əsaslarını yaratmışdır. Natiq İmadəddin Nəsiminin İraq Divanını Azərbaycan Nəsimişünaslığına, bütünlükdə Nəsimişünaslığa verilən böyük töhfə hesab etmiş, Nəsimi haqqında çox az sayda monoqrafik tədqiqatların olduğunu, Qəzənfər müəllimin İraq-türkman ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının isə İraqda təbliğində xüsusi rolu olduğunu, bu kitabın latın əlifbası ilə yenidən nəşrinin Nəsiminin bir daha Azərbaycan ədəbiyyatına məxsus olduğunu sübut etdiyini, ilin sonuna kimi professorun 7 cildlik əsərlərinin 8, 9 və 10-cu cildlərinin də nəşrinin nəzərdə tutulduğunu qeyd etmişdir.

Millət vəkili Qənirə Paşayeva kitabın ərsəyə gəlməsi haqqında Qəzənfər müəllimin xatirələrindən, Nəsiminin Hələb şəhərindəki qəbrini ziyarətindən  danışmış, Milli Kitabxananın rəhbərliyinə tədbirin təşəbbüskarı olduğu üçün minnətdarlığını bildirmiş, kitabların Azərbaycan ədəbiyyatına və elminə böyük töhfə olduğunu vurğulamış, respublika kitabxanaları, universitetlərdə yayımının həyata keçiriləcəyini və növbəti tirajla çap olunacağını söyləmişdir.

“Azərsun Holdinq” İdarə Heətinin üzvü Tahir Gözəl, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri prof. Şirindil Alışanlı, Azərbaycan Aşıqlar Birliyinin sədri prof. Məhərrəm Qasımlı, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktor müavini, şair-publisist Vaqif  Bəhmənli, prof. Rəhim Əliyev və başqaları görkəmli ədəbiyyatşünas alimi xeyirxahlığın və səmimiyyətin mücəssəməsi adlandırmış, professorun ədəbi və bədii irsi haqqında çıxış etmişlər.

Tədbir boyu Şamaxıdan gəlmiş və ustadın üç minə qədər qəzəlini əzbər bilən Hacı Fərəc Əliyev Nəsiminin qəzəlini səsləndirmişdir.

Sonda professor Qəzənfər Paşayev Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə iştirak edən bütün ziyalılara ayrı-ayrılıqda təşəkkürünü bildirmiş, onun ədəbi və bədii irsini, haqqında yazılan, dərc olunan materialları tam şəkildə əks etdirən bu fundamental biblioqrafiyanı və  Nəsiminin İraq Divan nüsxəsini tədqiqatçılar üçün qiymətli mənbə hesab edərək kitabların ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıq etmişdir.

Share