ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Milli Kitabxanada Arif Məlikovun anadan olmasının 85 illik yubileyi münasibətilə “Arif Məlikov-85” adlı geniş kitab sərgisi açılmışdır

12.09.2018

Sentyabr ayının 12-də Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, Xalq artisti, AMEA-nın həqiqi üzvü Arif Cahangir oğlu Məlikovun anadan olmasının 85 illik yubileyi münasibətilə “Arif Məlikov-85” adlı geniş kitab sərgisi açılmışdır.

Sərgini Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov açaraq qonaqları salamlamış, canlı klassikimiz Arif Məlikovun həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söhbət açmışdır. Professor bildirmişdir ki, “Şərəf nişanı”, “İstiqlal” ordenləri laureatı, akademik Arif Məlikov dahi sənətkar Qara Qarayevin bəstəkarlıq sinfini bitirmiş, öz simfoniyaları ilə XX əsrin sonu – XXI əsrin əvvəlində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən etmiş, milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir.

Direktor söyləmişdir ki, yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnən dahi sənətkarın “Məhəbbət əfsanəsi” baleti bəstəkara dünya şöhrəti qazandırmışdır. Arif Məlikov həm də təcrübəli müəllim kimi böyük nüfuz sahibidir. Onun sinfində gənc istedadlı bəstəkarlar təhsil almışdır.

Görkəmli bəstəkarın “Ölümdən güclü”, “Yer üzündə iki nəfər”, “Əlibaba və qırx quldur”, “İki ürək dastanı”, “Yusif və Züleyxa” baletlərinin, “Azərbaycan” balladasının, “Dalğalar” 3 hissəli operettanın və 8 simfoniyanın müəllifi olduğunu vurğulayan natiq sənətkarın həmçinin 30-a yaxın Azərbaycan filminə musiqi bəstələdiyini, əsərlərinin dünyanın hər bir ölkəsində dinlənildiyini və səhnələşdirildiyini, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Bolqarıstan, Rumıniya, Macarıstan, Almaniya, Qazaxıstan, Moldova, Ukrayna və digər ölkələrdə ifa olunduğunu qeyd etmişdir.

Sonda iştirakçılar geniş kitab sərgisi ilə tanış olmuşlar. Sərgidə bəstəkarın Azərbaycan və xarici dillərdə nəşr olunan əsərləri, not əsərləri, redaktoru olduğu, ön söz yazdığı, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunmuşdur.

Sərgi 10 gün davam edəcək.

Share