ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Böyük şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilmiş “Mikayıl Müşfiq. Biblioqrafiya” kitabının və “Mikayıl Müşfiq – 110” adlı elektron məlumat bazasının təqdimat mərasimi

05.10.2018

Oktyabrın 5-də Milli Kitabxanada Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 may 2018-ci il tarixli sərancamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə böyük şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilmiş “Mikayıl Müşfiq. Biblioqrafiya” kitabının“Mikayıl Müşfiq – 110” elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlamış, böyük şair Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışmış, Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanmış bu göstəricinin görkəmli şair haqqında ilk fundamental biblioqrafiya olduğunu söyləmişdir. Professor çıxışında bibliqrafiyada “Mikayıl Müşfiqin həyat və yaradıcılığının əsas tarixləri”, “Mikayıl Müşfiq poeziyasından nümunələr”, “Görkəmli şəxsiyyətlər Mikayıl Müşfiq haqqında” bölmələrinin, şairin ədəbi fəaliyyətini, həyat və yaradıcılığını əks etdirən 1926-2018-ci illərdə dərc olunmuş materialların öz əksini tapdığını qeyd etmişdir.

Daha sonra Mikayıl Müşfiq haqqında 5 dəqiqəlik film nümayiş edilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin I müavini Vaqif Əliyev çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin yaradıcılığına yüksək qiymət verdiyini söyləmiş, bütün respublikada şairin yubileyinin böyük təntənə ilə keçirildiyini bildirmişdir. Nazir müavini çıxışında Milli Kitabxananın bu nəşrinin tədqiqatçılar üçün çox dəyərli vəsait olduğunu vurğulamış, kitabxana tərəfindən son illər ənənə halını almış bu fəaliyyət istiqamətinin vacibliyindən danışmışdır.   

Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin redaktoru Rəşad Məcid çıxışında Mikayıl Müşfiq şeirlərində gənclik ruhunun duyulduğunu, yaradıcılığının geniş tədqiq olunduğunu, şeirlərinin müxtəlif aspektlərdən araşdırıldığını, nakam taleyinin hər bir insanın ağrısına çevrildiyini söyləmişdir.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxışında şairin 12 illik yaradıcılıq dövründə yaddaşlarda qalan şeirlər yaratdığını, Azərbaycan xalqının Müşfiqi heç zaman unutmadığını, şairin bir vaxtlar işlədiyi 18 nömrəli məktəbin hal-hazırda onun adını daşıdığını bildirmişdir. Natiq görkəmli şairin yaradıcılığı haqqında geniş tədqiqatlar aparıldığını, sanballı monoqrafiyaların, namizədlik və doktorluq dissertasiyalarının yazıldığını söyləmişdir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ şöbəsinin müdiri şair Ənvər Əhməd, yazıçı, publisist, tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Katibi, Müşfiq Komissiyasının sədri Xəyal Rza Mikayıl Müşfiqin çətin həyat yolu və zəngin bədii yaradıcılığından danışmış, biblioqrafiyanın və elektron məlumat bazasının ərsəyə gəlməsinə görə Milli Kitabxananın kollektivinə təşəkkürlərini bildirmişlər.      

Sonda Milli Kitabxana tərəfindən hazırlanmış “Mikayıl Müşfiq – 110” elektron məlumat bazasının təqdimatı olmuşdur.

Share