DİSSERTASİYALARIN ELEKTRON KİTABXANASI

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Azərbaycan Milli Kitabxanasında “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı tədbir keçirildi.

01.08.2019

1 avqust 2019-cu il tarixində Azərbaycan Milli Kitabxanasında “1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı tədbir keçirildi. Tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq, milli varlığımızın əsas atributlarından biri, milli sərvətimiz, milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Ana dilimizin saflığı haqqında danışdı, dilin qorunmasına yönələn düşünülmüş siyasətdən bəhs etdi, bu əlamətdar günün Ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edildiyini söylədi.

Direktor müavini qeyd etdi ki, Ulu öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Republikasının qanununda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür.

Natiq vurğuladı ki, Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır və dövlət başçımızın müxtəlif vaxtlarda imzaladığı sərəncamları, ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl strategiyasını sübut edən qanunvericilik aktları və bu istiqamətdə görülən bütün işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. 12 yanvar 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” imzalanmış sərəncama əsasən klassik və müasir Azərbaycan və dünya ədəbiyyatının əvəzsiz incilərinin latın qrafikası ilə yenidən nəşrinə başlanmış, nəfis və zərif tərtibatla nəşr olunan bu kitablar çoxmilyonlu oxucu kütləsinin istifadəsinə verilmişdir.

Direktor müavini söylədi ki, milli mədəniyyətimizin sarsılmaz sütunu, varlığımızın və bütövlüyümüzün təcəssümü, təsdiqi olan doğma ana dilimizə hörmət və ehtiramımız, məhəbbətimiz daimidir və onun saflığını qorumaq, gələcək nəsillərə dilimizi mükəmməl formada, ləyaqətlə ötürmək üçün dayanmadan çalışmalıyıq.

Milli Kitabxananın böyük kitabxanaçısı Şahnaz Tahirova çıxış edərək millətin dilinin onun milliliyini ən birinci təsdiq edən amil olduğunu söylədi, Nəsimilər, Füzulilər, Xətailər, Zərdabilər, Vaqiflər, Vidadilər, Sabirlər, Müşfiqlərin dili olan Azərbaycan dilinin dünyanın ən gözəl, qədim dillərindən biri olduğunu və xalqımızın zəngin dil mədəniyyətinə sahib olduğunu bildirdi.

Sonda iştirakçılar xatirə şəkli çəkdirdi və geniş kitab sərgisi ilə tanış oldular. Sərgidə Azərbaycan, rus və xarici dillərdə Azərbaycan dilinin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən 300-dən çox kitab və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.

Share