Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

İSTİFADƏ QAYDALARI

M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasından
istifadə qaydaları

1. Ümumi müddəalar

1.1. Azərbaycan Milli Kitabxanası (bundan sonra AMK) respublikada kitabxana işi sahəsində dövlət  siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan dilində nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən  milli xəzinə və dövlət kitabsaxlayıcısıdır. AMK ölkənin bütün kitabxanaları üçün elmi metodik mərkəz funksiyasını yerinə yetirir, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində aparıcı elmi mərkəz rolunu oynayır, cəmiyyətin hərtərəfli informasiya ehtiyaclarını ödəyir, ölkənin və dünya mədəniyyətinin, elmin, təhsilin inkişafının maraqlarına uyğun fəaliyyət göstərir.

1.2. AMK öz fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyinə və Azərbaycan Milli Kitabxanasının Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir. 

1.3. Azərbaycan xalqının mədəni irsinin bir hissəsi olan AMK, onun fondları və əmlakı Azərbaycan Respublikasının Qanunvericiliyinə və digər normativ hüquqi aktlara  müvafiq olaraq istifadə olunur və xüsusi qorunma rejimində mühafizə olunur.

1.4. AMK-nın fəaliyyəti elm adamlarına, ali təhsilli mütəxəssislərə və gənclərə prioritet xidmətə yönəldilmişdir.

1.5. Bu qaydalar AMK-nın Nizamnaməsinə müvafiq olaraq işlənib hazırlanmışdır və  AMK ilə oxucular arasındakı münasibətləri, cavabdehliyi, hüquq və  vəzifələri tənzimləyir.

İxtisaslaşdırılmış şöbələrin oxu zallarından istifadə, uzaq məsafədən oxuculara xidmət, həmçinin sənədlərin elektron variantda  çatdırılması xidmətinin işi bu şöbələrin müvafiq sənədləri və təlimatları ilə nizamlanır.

2. Kitabxanaya yazılma qaydaları

2.1. AMK  vətəndaşların kitabxana xidməti üzrə konstitusiya ilə təsbit olunmuş mütaliə  hüquqlarını reallaşdıraraq, oxucuları həm AMK fondları, həm də digər kitabxana fondları üzrə sənədlərin axtarışına istiqamətləndirir.

 2.2. AMK-nın məlumat-biblioqrafiya aparatından və fondlarından, oxu zallarından istifadə etmək hüququ verən əsas sənəd oxucu  biletidir.

2.3. Oxucu bileti şəxsiyyəti təsdiq edən sənədlər: şəxsiyyət vəsiqəsi və ya pasport və  hərbi bilet əsasında (hərbçilər üçün) verilə bilər. Oxucu bileti ödənişsizdir (oxucu bileti itirildikdə, korlandıqda və istifadəyə yararsız hala salındıqda onların dublikatı ödənişli əsaslarla verilir).

2.4. AMK-dan 16 yaşına çatmış və şəxsiyyət vəsiqəsini təqdim edən hər bir Azərbaycan vətəndaşı, habelə vətəndaşlığını təsdiq edən sənədi (xarici pasport) təqdim edən xarici ölkə vətəndaşları istifadə edə bilərlər.

 2.5. Kitabxananın elmi zallarına üzv olmaq üçün oxucu elmi dərəcə və fəxri ad haqqında sənədin surətini təqdim etməlidir.

2.6. Birdəfəlik bilet bütün oxucu tipləri üçün  ancaq bir dəfə verilir. (Birdəfəlik bilet şəxsiyyəti təsdiq edən sənədlər əsasında verilir.)

3. Oxucuların hüquq və vəzifələri

3.1.  Oxucuların hüquqları aşağıdakılardır:

3.1.1. AMK-nın oxu zallarında  kitabxana  fondunda olan hər növ sənəddən istifadə etmək;

3.1.2. AMK-nın fondlarında olmayan  sənədləri Kitabxanalararası və Beynəlxalq kitabxanalararası abonement (KAA və BKAA)  vasitəsilə sifariş etmək;

3.1.3.  AMK-nın kataloqlar sistemi vasitəsilə kitabxana fondlarının tərkibi haqqında tam məlumat almaq;

3.1.4. Sənədlərin mövzular üzrə seçilməsi, faktoqrafik məlumatlar, sənədlər haqqında məlumatların dəqiqləşdirilməsi üçün məlumat mənbəyinin axtarışında və seçilməsində növbətçi biblioqrafın köməyindən istifadə etmək;

3.1.5. AMK-da olan məlumat bazaları (MB) üzrə  avtomatlaşdırılmış rejimdə axtarışlar aparmaq;

3.1.6. AMK-nın fondlarında, o cümlədən “Azərbaycan ədəbiyyatının arxivi” və “Nadir kitablar və Kitabxana Muzeyi” şöbələrinin fondlarında mühafizə olunan materiallardan, habelə onların elektron versiyalarından istifadə etmək;

3.1.7. Tematik sərgilərdə və yeni daxil olan ədəbiyyatın sərgilərində nümayiş olunan  ədəbiyyatdan istifadə etmək;

3.1.8. AMK-nın  biblioqrafik seminarlar,  icmallar, mühazirələr, kitab təqdimatları, oxucu konfransları və yazıçılar ilə görüşlər kimi   kütləvi-informasiya tədbirlərində iştirak etmək;

3.1.9. AMK-nın fondlarında mühafizə olunan və digər kitabxanalardan (KAA və BKAA yolu ilə) alınmış sənədlərin surətinin çıxarılması xidmətlərindən istifadə etmək;

3.1.10. AMK-nın müdiriyyətinə, yaxud onun səlahiyyətli nümayəndələrinə xidmətə aid olan bütün məsələlər üzrə  şikayət, irad və təkliflərlə müraciət etmək; 

3.1.11. AMK-nın direktoru tərəfindən təsdiq edilmiş siyahıya müvafiq olaraq  pullu xidmətlərdən istifadə etmək;

3.1.12 Müdiriyyətlə və yaxud onun səlahiyyətli nümayəndələri ilə razılaşaraq, özü ilə orijinal nəşrləri, səhifələri,  çap olunmuş işləri, audiokasetləri, dissertasiya işlərini, kontur xəritələrini, slaydları, şəkilləri, tədris kursları üçün metodik vəsaitləri oxu zallarına  gətirmək .

3.2. Oxucuların vəzifələri:

3.2.1.  Hazırkı qaydalara və ixtisaslaşdırılmış şöbələrdən istifadə qaydalarına, AMK-nın iş rejiminə riayət etmək;

3.2.2. AMK fondlarında olan və digər kitabxanalardan alınmış  çap əsərlərinə və digər sənədlərə, eləcə də  AMK-nın əmlak və avadanlıqlarına  qayğı ilə  yanaşmaq; 

3.2.3. AMK-ya daxil olarkən nəzarət vərəqəsi almaq, onu düzgün və aydın şəkildə (qələmlə) doldurmaq  və AMK-dan  çıxarkən  rəsmi şəkildə təhvil vermək;

3.2.4. AMK-ya daxil olarkən və oradan çıxarkən, ədəbiyyat sifarişi və qəbulu zamanı, eləcə də kitabxananın Lokal şəbəkədən istifadə üzrə oxu və İnternet zallarından istifadə edərkən oxucu biletini kitabxananın əməkdaşına təqdim etmək;

3.2.5. Növbətçi polis əməkdaşının qanuni tələblərini  yerinə yetirmək, nəzarət bölməsindən keçərkən yoxlama məqsədilə qovluqları, qadın çantalarını, dəftər və kağızları polis əməkdaşına, nəzarət vərəqəsini isə nəzarətçiyə təqdim etmək;

3.2.6. Oxucu biletini itirərkən dərhal qeydiyyat bölməsinə, nəzarət vərəqəsini itirərkən isə nəzarətçiyə xəbər vermək;

3.2.7. Oxucu biletini itirən şəxs qeydiyyat bölməsinə müvafiq ərizə ilə müraciət etməlidir. Oxucu biletinin dublikatı müəyyən olunmuş qaydada ödəniş etməklə verilir. Oxucu bileti təkrar itirildikdə ikiqat ödəniş edilir.

3.2.8. İstifadə üçün qəbul olunan ədəbiyyatda aşkar olunan nöqsanlar haqqında dərhal kitabxanaçıya vaxtında məlumat vermək lazımdır, əks halda oxucu onların zədələnməsinə görə məsuliyyət daşıyır;

3.2.9. Nəzarətsiz qoyduğu ədəbiyyata görə məsuliyyət  daşımaq;

3.2.10. AMK-nın zallarında təmizliyə və ictimai qaydalara riayət etmək və digər oxucuların qaydalara riayət etməsinə təsir göstərmək; oxuculara, AMK əməkdaşlarına, polis və yanğından mühafizə personalına qarşı nəzakətli davranmaq;

3.2.11. Fövqəladə vəziyyətlərdə (yanğın, qəza, terror aktları təhlükəsi) AMK-nın  polis və yanğın xidmətinin əməkdaşlarının tələblərinə tabe olmaq;

3.2.12. Bu qaydaların pozulması halları aşkar olunduqda AMK-nın müdriyyətinə yazılı şəkildə izahat vermək;

3.2.13. İdman, yol, təsərrüfat çantalarını, diplomatları, bel çantalarını  (noutbuk çantaları, üzlüklü musiqi alətləri istisna olmaqla) şəffaf olmayan polietilen torbaları, üst geyimlərini (o cümlədən gödəkçələri, yarımpaltoları və baş geyimlərini) qarderoba, saxlama kamerasına təhvil vermək;

4. Oxuculara qadağan olunur:

4.1. AMK-ya məxsus olan çap əsərlərini və digər sənədləri kitabxanadan çıxartmaq: AMK-ya məxsus olan və kitabxanadan qeyri-qanuni yolla çıxarılmağa cəhd göstərilən və oxucuda aşkar olunan  sənədlər oxucu  kitabxanadan çıxarkən nəzarətçi və növbətçi polis tərəfindən oxucu bileti ilə birlikdə müsadirə olunur;

4.2. AMK-nın fondunda olan nəşr və sənədlərə ziyan vurmaq  (kəsmək, səhifələrini cırmaq, işarələr qoymaq, sözlərin altından cızıq çəkmək, səhifələri qatlamaq,   çıxartmaq);

4.3. kataloq kartoçkalarında işarələr qoymaq, onları AMK-nın kataloq və kartotekalarından götürmək və başqa yerə qoymaq;

4.4. oxucu biletini, nəzarət vərəqəsini başqa şəxslərə vermək və həmin şəxslərə öz adından istifadə etmək hüququ vermək;

4.5 başqasının oxucu biletindən istifadə etmək;

4.6. kəsici alətləri, odlu və soyuq silahları, partlayıcı və tezalışan maddələri AMK-ya gətirmək (əks təqdirdə mühafizəçi və yaxud nəzarətçi tərəfindən müsadirə edilir);

4.7. müxtəlif skanedici və sürətçıxaran texniki qurğuları kitabxanaya gətirmək və onlardan istifadə etmək;

4.8. kitabxananın Nadir kitablar və kitabxana muzeyi, Azərbaycan ədəbiyyatının arxivi şöbələrinin fondlarında olan sənədlərin və kitabxananın qəzet fondunda cildlənmiş qəzetlərin, Not nəşrləri və səsyazmaları şöbəsinin fondunda olan  not əlyazmalarının kserosurətlərinin çıxarılması qəti qadağandır. Həmin ədəbiyyatların  fotosurətlərinin çıxarılmasına ancaq “Elektron resurslardan istifadənin təşkili” bölməsində icazə verilir;

4.9. oxu zallarından kitabları və digər sənədləri yeməkxanaya, ayaqyoluna, kitabxanada siqaret çəkmək üçün nəzərdə tutulmuş yerlərə aparmaq;

4.10. oxu zallarında yer saxlamaq; oxu zalında 1 saatdan artıq boş qalan yer AMK əməkdaşları ( nəzarətçi) tərəfindən başqa oxucuya verilir;

4.11. oxu zallarında qida qəbul etmək;                                                                                       

4.12. AMK əməkdaşlarının icazəsi olmadan xidməti otaqlara daxil olmaq və oradakı xidməti telefonlardan, kataloqlardan, kartotekalardan istifadə etmək;

4.13. AMK-da icazəsiz elanlar, afişalar, digər  kommersiya xarakterli reklamlar asmaq, AMK daxilində kiçik pərakəndə ticarətlə və digər kommersiya fəaliyyəti ilə məşğul olmaq;

4.14. kitabxanaya uşaqla daxil olmaq;                                   

4.15. AMK-da sakitliyi pozmaq, dava-dalaş salmaq, iş şəraitinə mane olmaq, oxu zallarında, kataloqlarda və digər xidməti otaqlarda  mobil telefonlardan və peycinq rabitələrindən istifadə etmək, saqqız çeynəmək, kitabxanaya və oxu zallarına qazlı su gətirmək, xidməti vəzifələrini yerinə yetirən əməkdaşları təhqir etmək və digər istifadəçilər üçün  xoşagəlməz hallar yaratmaq, siqaret çəkmək üçün ayrılmış yerlər istisna olmaqla digər yerlərdə siqaret çəkmək qadağandır. Sanitariya və şəxsi gigiyena qaydalarına əməl etməyən, sərxoş vəziyyətdə və narkotik vasitələrin təsiri altında olan şəxslər kitabxanaya buraxılmırlar;

4.16. hər hansı texniki vasitədən istifadə edərək kitabxana fondlarından icazəsiz    sənəd skaner etmək, telefonla və fotoaparatla şəkil çəkmək;

 4.17. kitabxananın kompyuterlərində yaddaş kartından (fləş kartdan) istifadə etmək;

4.18. kitabxanaya fotoaparat, video-foto cihazlar gətirmək və AMK-nın fond və zallarında istənilən texniki qurğular vasitəsilə çəkilişlər aparmaq;

5."AMK-dan istifadə qaydaları"nın pozulması zamanı oxucuların məsuliyyəti

5.1. Kitabxanada dava-dalaş salaraq digər istifadəçilərə və ya kitabxana əməkdaşlarına xəsarət yetirən, kitabxananın fondunda olan nəşr və sənədlərə ziyan vuran, onları cıran, yararsız hala salan və kitabxanadan çıxarılmasına cəhd  edən oxucular kitabxananın oxucuları sırasından çıxarılırlar.

5.2. Bu qaydaları və xüsusi şöbələrdən istifadə qaydalarını pozan və kitabxanaya ziyan vuran istifadəçilər Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və "AMK-dan istifadə qaydaları"- da nəzərdə tutulmuş inzibati, maddi və cinayət məsuliyyəti daşıyırlar.

5.3. Qaydaların pozulması zamanı müdiriyyət aşağıdakı hallarda oxucunu kitabxanadan istifadə etmək hüququndan müvəqqəti məhrum edir:

- başqasının oxucu biletindən istifadə etdiyi , oxucu biletini başqa şəxslərə verdiyi , oxu zallarında mobil və peycinq vasitələrindən istifadə etdiyi ,  nəzarət vərəqəsini itirdiyi üçün, AMK-dan vaxtından gec çıxdığı,  kitabxananın vaxtında bağlanmasına maneçilik törətdiyi üçün 1 ay müddətinə  oxucu hüququndan müvəqqəti məhrum etmək; eyni qayda pozuntuları təkrar törədildikdə 6 ay müddətinə oxucu hüququndan müvəqqəti məhrum etmək;

- müdiriyyətin icazəsi olmadan foto-video çəkilişlər aparmaq, istənilən texniki qurğulardan istifadə etmək, AMK-nın kataloq və kartotekalarında kartoçkalara ziyan vurulması kimi qaydaları pozma halları yaradarkən 1 ilə qədər;

5.4. AMK-nın avadanlıqlarına (kompyuter, ofis avadanlığı, mebel, elektrik avadanlığı və s.) ziyan vuran oxucular onların bərpası üçün tələb olunan tam məbləği ödəmək və 6 aya qədər müddətinə oxucu hüququndan müvəqqəti məhrum edilmək;

 5.5. Qaydalara riayət etməyən oxuculara xəbərdarlıq edilə bilər, AMK-nı tərk etməsi tələb edilə bilər və yaxud qanun pozuntusu halları  araşdırılan müddətdə kitabxanadan istifadə etməsinə qadağa qoyula bilər.

5.6. Qaydalarda əks olunmayan qanun pozuntuları zamanı AMK-nın müdiriyyəti konkret hallarda məsələyə fərdi yanaşmaq hüququna malikdir.

5.7."AMK-dan istifadə qaydaları"nın pozulmasına görə məsuliyyətin müəyyən olunması müvafiq səlahiyyətli əməkdaşların təqdimatları əsasında AMK-nın rəhbərliyi tərəfindən həyata keçirilir.

6. AMK-nın oxuculara xidmət zamanı hüquqları

Azərbaycan Milli Kitabxanası  aşağıdakı hüquqlara malikdir:

6.1. AMK-nın Nizamnaməsi ilə müəyyənləşdirilmiş məqsəd və vəzifələrə müvafiq olaraq öz fəaliyyətinin konkret formalarını və məzmununu müstəqil təyin etmək.

6.2. AMK-nın qeydiyyat və istifadə qaydalarına dəyişikliklər və əlavələr etmək; kitabxana fondlarından və digər məlumat ehtiyatlarından istifadə etmək şərtlərini müəyyənləşdirmək.

6.3. AMK-nın oxucuları tərəfindən kitabxanaya vurulan zərərin məbləğini, oxucu biletinin dublikatı verilərkən kompensasiya məbləğini Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun qaydada müəyyənləşdirmək.

6.4. Bu qaydaları və ayrı-ayrı şöbələrdən istifadə qaydalarını pozan oxucular üçün kitabxanadan istifadə etmək hüququndan məhrum olunma müddətini müəyyənləşdirmək.

6.5. AMK-nın pullu xidmətləri üçün qiymət siyahısını hazırlamaq və təsdiq etmək.

7. AMK-nın oxuculara xidmət zamanı vəzifələri

Azərbaycan Milli  Kitabxanası aşağıdakı vəzifələri yerinə yetirməlidir:

7.1. Oxucuların bu qaydalarla  nəzərdə tutulmuş hüquqlarını təmin etmək.

7.2. Kitabxana fondlarını təşkil etmək, onların uçotunu, qorunmasını, təhlü­kəsizli­yi­­ni  və səmərəli istifadəsini həyata keçirmək.

7.3. Kitabxana-informasiya xidmətini təkmilləşdirmək; oxucuların sorğularını daha qənaətbəxş ödəmək məqsədilə onların tələbatlarını öyrənmək.

7.4. Oxucuları AMK-nın, onun bölmələrinin xidmət qaydaları, AMK-nın iş rejimində olan dəyişikliklər, AMK-nın bütün xidmət növləri haqqında operativ məlumatlandırmaq, onlara mədəni xidmət göstərmək, oxu zallarında lazımi rahatlıq və şərait, fövqəladə vəziyyətlərdə təhlükəsiz şərait yaratmaq.

7.5. Oxucular haqqında məlumatların məxfiliyini qoruyub saxlamaq.

8. Oxuculara xidmət işində vəzifəli şəxslərin məsuliyyəti

8.1. AMK-nın vəzifəli şəxsləri öz vəzifə öhdəliklərinə və oxuculara xidmətin təşkilinə görə məsuliyyət daşıyırlar.

8.2. AMK-nın bütün əməkdaşları oxucularla mədəni rəftar etməyə və onların sorğularının ödənilməsinə qayğı ilə yanaşmalıdırlar.

8.3. Əməkdaşların oxucularla kobud rəftar etmələri qətiyyən yolverilməzdir və müvafiq qaydada cəzalandırılır.

           

        Qeyd: Oxu zallarında və digər xidmət sahələrində  nəzarətsiz qoyulan və itirilən qiymətli əşyalara görə AMK məsuliyyət daşımır.