Azərbaycan mİllİ kİtabxanası

ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZASI

MUSİQİ KİTABXANASI

İLİN YEKUNLARI

Azərbaycan Milli Kitabxanasının

2017-ci il fəaliyyəti haqqında

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sistemində xüsusi yeri olan M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası ölkənin mühüm elmi-mədəni, ictimai-siyasi, tarixi, iqtisadi informasiya resurslarını mühafizə edən və cəmiyyət üzvlərinin informasiya təminatını ödəyən, əhalidə mütaliə vərdişlərini kütləviləşdirən zəngin informasiya mərkəzi, elm məbədidir.

Azərbaycan Milli Kitabxanası 2017-ci il ərzində öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət, elm, təhsil, informasiya texnologiyaları və digər müvafiq sahələrə dair imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin, Mədəniyyət və Turizm nazirliyinin verdiyi göstəriş və tapşırıqlar, eləcə də mövcud qanunvericiliyə uyğun olaraq qurmuş, ölkədə elm, təhsil, mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərimizin, kitab və mütaliənin təbliği ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirmiş, Azərbaycan gerçəkliklərinin dünyada tanıdılması, istiqamətində mühüm nəticələrə nail olmuşdur. Bu baxımdan 2017-ci il ölkəmiz üçün uğurlu və yaddaqalan il olduğu kimi Azərbaycan Milli Kitabxanası üçün də fəaliyyətinin əsas prioritetləri olan oxuculara xidmət proseslərinin tam avtomatlaşdırılması, yeni texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli tədbirlərin təşkili, kitabın təbliği, oxucularda informasiya və mütaliə mədəniyyətinin formalaşdırılması və inkişafı, oxuculara xidmət işində yeniliklərin tətbiqi istiqamətində əlamətdar il hesab edilir.

Belə ki, şəhər əhalisinin və şəhərimizin qonaqlarının asudə vaxtının səmərəli təşkili, mütaliənin geniş oxucu kütləsi arasında təbliği məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi əsasında 2016-cı ildən etibarən “Açıq kitabxana” fəaliyyət göstərir. “Mən oxudum, sən də oxu” devizi altında vətəndaşlara fasiləsiz kitabxana xidmətini həyata keçirən məkanda ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar oxucuların mütaliəsinə verilir, eyni zamanda kitab mübadiləsinə də gözəl imkan yaradılır. Açıq kitabxanada yeniyetmələrin və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün oxuculara yeni xidmət növləri təqdim edilmiş, açıq səma altında poeziya günləri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər, təqdimat mərasimləri, imzalı görüşlər təşkil olunmuş, “Kitab satışı mərkəzi” yaradılmışdır.

Hazırkı dönəmdə mütaliənin əhəmiyyətini və onun insan həyatındakı mühüm rolunu nəzərə alaraq gəncləri kitabxanaya cəlb etmək, onlar arasında bədii ədəbiyyatın təbliğini gücləndirmək məqsədilə fəal oxuculardan, yuxarı sinif şagirdlərindən, universitet tələbələrindən, kitabxananı və kitabı sevən oxuculardan ibarət “Könüllülər qrupu” yaradılmışdır. Bu qrup keçirilən tədbirləri sosial şəbəkələrdə paylaşır və öz oxuduqları maraqlı kitablar haqqında fikir mübadiləsi edir. İl ərzində “Gəlin kitab oxuyaq”, “Evlərə kitab ataq”, “Ən çox oxunan kitablar”, "Günlərdən ŞEİR" adlı layihələr həyata keçirilmiş, kiçikyaşlı oxucular üçün “Ən çox kitab oxuyan oxucu” müsabiqəsi təşkil edilmişdir. Bu tədbirlər sayəsində gənclər arasında kitab təbliği genişlənmiş, oxucuların və kitabxanaya gələnlərin, mütaliə edənlərin sayı əsaslı şəkildə artmışdır. Bununla yanaşı “Milli Kitabxanada Bir gün” adlı layihə çərçivəsində kitabxana ilə tanışlıq məqsədilə məktəblərdə, lisey və kolleclərdə təhsil alan şagirdlər, yeniyetmələr üçün ekskursiya təşkil edilmişdir. Bu ekskursiyalar müəllim və şagird heyəti tərəfindən böyük maraq və həvəslə qarşılanmış, Milli Kitabxananın potensial oxucularının yetişdirilməsinə, kitaba, mütaliəyə həvəsli gəncliyin formalaşmasına müsbət təsir göstərmişdir. Beləliklə, Milli Kitabxananın fondunda 4 591 953 nüsxə ədəbiyyat mühafizə olunur, kitabxananın oxucularının sayı 143 627 nəfər olmuş, il ərzində oxucu davamiyyəti 194 777 nəfərə, kitab verilişi isə 1102 658 nüsxəyə çatmışdır. Gündən-günə artmaqda olan virtual oxucuların sayı 980 minə yaxın, il ərzində isə virtual oxucularımızın sayı 77 705 nəfər olmuş, saytımıza və elektron bazalarımıza 3 048 910 giriş olmuşdur. Ötən illərlə müqayisədə bu göstəricilərin yüksəliş tempi təbii ki, Milli Kitabxananın kitab təbliği, mütaliənin kütləviləşdirilməsi, əhalinin, xüsusilə də gənclərin kitabxanaya cəlb edilməsi istiqamətində həyata keçirdiyi yeni layihələrin uğurlu nəticəsidir. Eyni zamanda il ərzində kitabxanaya 23 052 nüsxə ədəbiyyat daxil olmuş, onun 15 624 nüsxəsi Azərbaycan, 4112 nüsxəsi rus, 3316 nüsxəsi isə xarici dildə olmuşdur. Daxil olan yeni ədəbiyyat dərhal kitabxananın saytının “Yeni kitablar” http://anl.az/new/az/new-books/16/1/2017 bölməsində yerləşdirilmiş və Sərgi zalında Yeni kitablar bölməsində nümayiş olunmuşdur. Qeyd edək ki, ədəbiyyat seçimində oxucuların tələbatları nəzərə alınmışdır. İl ərzində fiziki cəhətdən yararsız hala düşmüş, köhnəlmiş, aktuallığını itirmiş 11 961 nüsxə ədəbiyyat silinmişdir ki, bu ədəbiyyatın 7267 nüsxəsi kitab, 4694 nüsxəsi isə jurnal olmuşdur.

Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri, görkəmli şəxsiyyətlər, ölkə üçün mühüm əhəmiyyət kəsb edən əlamətdar və tarixi hadisələrlə bağlı, hərbi vətənpərvərlik tərbiyəsi, islam dini, multikultural və tolerant dəyərlər üzrə təbliğat işinin təşkilində müxtəlif istiqamətlərdə kütləvi tədbirlərdən istifadə edilir. Hesabat ilində Milli Kitabxanada 100-dən artıq müxtəlif kütləvi tədbir keçirilmişdir. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulması ilə əlaqədar nəşriyyat və poliqrafiya müəssisələrinin, jurnal və qəzet redaktorlarının iştirakı ilə respublika müşavirəsi, “Soyqırım muzeyi”, “N.Cəfərov. Molla Pənah Vaqif”, “Azərbaycanda multikulturalizm. Biblioqrafiya”, “Səməd Mənsurun poeziyası”, “Əziz Əliyev. Biblioqrafiya”, “Abbas Səhhət. Biblioqrafiya”, “Elçin.Yazıçının yaradıcılıq yolu”, “G.Kazımlı Qaranlıqdan işığa. Əsgər ağa Gorani”, “Molla Pənah Vaqif dünya dillərində” kitablarının, “Açıq kitabxana”nın elektron xidmətlərinin təqdimatı, Azərbaycan Dövlət Pedaqoji Kollecində “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans, “Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi” mövzusunda elmi konfrans, “Qədim tarixi Quran kitabları” sərgi, “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda Beynəlxalq Elmi Konfrans, “İslam Həmrəyliyi ili” adlı tədbir, Ağdaş rayonunda “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda regional seminar, “Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda treninq, Azərbaycanın müstəqilliyinin 26-cı ildönümünə və Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa, Ağcabədi rayon Mədəniyyət Mərkəzində “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili məclisləri layihəsindən görkəmli xanəndə, Xalq artisti Yaqub Məmmədovun xatirəsinə həsr olunmuş musiqili ədəbi məclis, Qazax şəhərinin Ədəbiyyat Muzeyində “Sirlər xəzinəsi” layihəsinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii musiqili məclisi və başqa tədbirləri nümunə göstərmək olar.

Kitab təbliğində xüsusi əhəmiyyət kəsb edən tədbirlərdən biri də Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilidir. 2017-ci ildə V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi ilə yanaşı ilk dəfə olaraq sıralarına Amerika, İngiltərə, Malayziya və Misirdən nümayəndələrin qatıldığı 10-dan artıq dünya milli kitabxanası öz ekspozisiyası ilə iştirak etmişdir. Tədbirin sonunda 10-dan artıq milli kitabxananın sərgi-yarmarkada nümayiş etdirdiyi 500 nüsxə ədəbiyyat Azərbaycan Milli Kitabxanasına hədiyyə edilmiş və bu kitab töhfəsi Milli Kitabxananın oxucuları üçün dəyərli mənbələrdir.

Artıq ənənəvi olaraq Bakı Beynəlxalq Kitab sərgi-yarmarkası çərçivəsində dünya milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair Memorandumlar imzalanır. Növbəti belə memorandum Misir Milli Kitabxanası və Arxivi ilə Azərbaycan Milli Kitabxanası arasında imzalandı. Bu memorandum hər iki kitabxana arasında kitab, informasiya və təcrübə mübadiləsini, qiymətli kolleksiyalar və əlyazmaları, elektron resurslardan qarşılıqlı istifadəni təmin edir. Qeyd edək ki, il ərzində Azərbaycan Milli Kitabxanası ilə Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM), Rusiya, Belarus və Tacikistan Milli Kitabxanaları arasında əməkdaşlıq barədə Memorandumlar imzalanmışdır.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Amerika, İngiltərə, Malayziya, Misir, Türkiyə, Rusiya, Belarus, Bosniya və Herseqovina, Moldova, Özbəkistan kimi dünya ölkələrinin səriştəli kitabxana mütəxəssislərinin iştirakı ilə kitabxana-informasiya xidmətinin təşkilində innovasiyalar, mütaliə problemlərində sosial-mədəni əlaqələr, informasiyalı cəmiyyətdə kitabxanaların yeri və vəzifələri, kreativ iş formalarından istifadə və digər məsələlərə dair geniş elmi müzakirələr aparılmış və mühüm nəticələr əldə olunmuşdur.

Ötən illərdən fərqli olaraq bu beynəlxalq sərgi-yarmarkaya respublikamızın şəhər və rayon kitabxanaları da cəlb olunmuş və Azərbaycan kitabxanaçılarının Ümumrespublika müşavirəsi keçirilmişdir. Bu tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev informasiya texnologiyalarının, İNTERNET-in və innovasiyaların dominantlıq qazandığı müasir mərhələdə kitabxanalarımızın və kitabxanaçılarımızın qarşısında mühüm vəzifələr qoymuş və Milli Kitabxananın bu sahədəki təcrübəsini yüksək qiymətləndirərək hamını bu təcrübədən bəhrələnməyə çağırmış və oxuculara xidmət işində innovasiyalardan daha çox istifadəni günün tələbi hesab etmişdir.

Kitabxana-informasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işlər bu il də davam etdirilmişdir. Milli Kitabxananın əməkdaşları il ərzində qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə xarici ölkə kitabxanalarında ezamiyyələrdə olmuş və əldə etdikləri bilik və təcrübələri vaxtaşırı regionlarda keçirilən treninqlərdə, seminarlarda və görüşlərdə öz həmkarları ilə bölüşmüş, respublikamızın kitabxanalarında tətbiqinə çalışmışlar. Milli Kitabxana ötən il ərzində Moskva, Minsk, Astana, Daşkənd, Ankara və Aqsburq şəhərlərində keçirilən beynəlxalq elmi konfanslarda, simpoziumlarda, seminarlarda iştirak etmiş, kitabxana işinə dair aktual mövzularda elmi məruzələrlə çıxış etmişlər.

Milli Kitabxananın ən mühüm vəzifələrindən biri də Azərbaycan həqiqətlərinin ölkə xaricində daha geniş təbliğində fəal iştirak etmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək, eləcə də Azərbaycana məxsus nəşrlərin ölkəyə gətirilməsidir. İllər ərzində dünya kitabxanaları ilə bağlanan qarşılıqlı əməkdaşlığa dair memorandumlar sayəsində bu gün Milli Kitabxana 60-dan çox dünya kitabxanası ilə beynəlxalq kitab mübadiləsi işini həyata keçirir. Xarici ölkə kitabxanalarından 943 nüsxə ədəbiyyat (kitab, jurnal, DVD) daxil olmuş, Azərbaycana aid 30 mühüm ədəbiyyatın surəti alınmışdır. Çexiya Milli Kitabxanasında saxlanılan Azərbaycan-türk ədiblərinin və Azərbaycanla bağlı 112 türk, fars və ərəb dilində yazılmış əlyazmanın kataloqu tərtib olunmuşdur. Tariximizə, mədəniyyətimizə, iqtisadiyyatımıza, daxili və xarici siyasətimizə, Dağlıq Qarabağ məsələsinə və digər mühüm sahələrə dair 5697 nüsxə ədəbiyyat dünyanın milli kitabxanalarına, səfirliklərə, universitetlərə, Frankfurt-Mayn, Moskva, Tehran, Təbriz, Düşənbə və İstanbul şəhərlərində beynəlxalq kitab sərgi yarmarkalarına və digər təşkilatlara göndərilmişdir.

Milli Kitabxana artıq neçə illərdir ki, ölkə prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı ilə nəşr edilən kitabların, Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına nəşr olunmuş kitabların, Milli Kitabxananın nəşrlərinin şəhər və kənd kitabxanalarına, bir sıra idarə və təşkilatlara göndərilməsi işini də həyata keçirir. 2017-ci ildə 8854 belə nəşr göndərilmiş və bunlar əsasən Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, elmi, iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən nəşrlər olmuşdur.

2017-ci il həm də onunla əlamətdar idi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamı ilə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi geniş qeyd olunmuş və Milli Kitabxana bununla əlaqədar həm ölkəmizdə və həm də ölkədən xaricdə bir sıra tədbirlər keçirmişdir. İlk dəfə olaraq M.P.Vaqifin fundamental biblioqrafiyası hazırlanaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəfis tərtibatla nəşr olunmuşdur, şairin əsərlərini və haqqında materialları əks etdirən Elektron-Məlumat bazası hazırlanaraq dünya oxucularına təqdim olunmuşdur. Habelə YUNESKO və TÜRKSOY təşkilatının 2017-ci ili “M.P.Vaqif ili” elan etməsi çərçivəsində il ərzində TÜRKSOY-la birlikdə Türkiyənin Ankara, İstanbul və Sakarya şəhərlərində, Qazaxıstanın Astana və Türküstan şəhərlərində, Qırğızıstanda yubiley tədbirləri, elmi konfranslar, kitab sərgiləri və Milli Kitabxananın TÜRKSOY-la birlikdə nəşr etdirdiyi və şairin 12 dildə seçilmiş şeirlərini əhatə edən “M.P.Vaqifin şeirləri dünya dillərində”, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif”, Milli Kitabxananın nəşr etdiyi “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimat mərasimləri keçirilmişdir. Bu silsilə tədbirlər görkəmli Azərbaycan şairi M.P.Vaqifin təkcə Azərbaycanda deyil dünyada tanınmasına, dünya xalqlarının dilində təbliğinə böyük töhfə vermişdir.

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq  Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə və əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. Qeyd edək ki, hesabat dövründə milli, tövsiyə və şəxsi biblioqrafik nəşrlərin hazırlanması istiqamətində “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Molla Pənah Vaqif”, “Əziz Əliyev”, “Qəzənfər Paşayev”, “Xəlil Rza”, “Bülbül”, “Yusif Vəzir Çəmənzəminli”, “Tofiq Quliyev”, ümumi biblioqrafik nəşrlərdən “Birillik Azərbaycan Kitabiyyatı-2016”, “Yeni kitablar” (2016-cı ilin IV buraxılışı, 2017-ci ilin I, II, III buraxılışları), mövzu xarakterli “İslamşünaslıq” biblioqrafiyası çap edilmişdir. Bu nəşrlərin çapı həm oxucuları ölkə ərazisində nəşr edilən yeni kitablar haqqında, həm də görkəmli şəxslər, onların elmi, ədəbi irsi haqqında məlumatlandırır, yeni elmi tədqiqatların aparılmasında yaxından köməklik göstərir.

Ölkənin bütün kitabxanaları üçün metodik mərkəz kimi Milli Kitabxana tərəfindən respublikada mövcud olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə və kütləvi kitabxanalara mütəmadi olaraq ezamiyyələr təşkil edilir. Bu ezamiyyələrin məqsədi region kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması, innovasiyaların kitabxana təcrübəsinə tətbiqi, kitabxanaçılarda yeni texniki vasitələrdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, oxuculara innovativ elektron xidmətlər göstərilməsinə kömək etməkdən ibarət olmuşdur. İl ərzində Milli Kitabxana tərəfindən respublikanın 18 rayon mərkəzi kitabxanası, 54 kənd filialına elmi-metodik köməklik göstərilmişdir. Eyni zamanda bir sıra metodik nəşrlər: “Əlamətdar və tarixi günlər təqvimi - 2018”, “Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüşlərinin rolu”, “Molla Pənah Vaqif – 300”, “İslam həmrəyliyi ili” və kitabxanalar”, “Mütaliə mədəniyyəti, kitabla rəftar və kitabxanadan istifadə qaydalarına dair metodik tövsiyələr”, “Mütaliə mədəniyyəti və kitabxana xidməti (2010-2016): Daycest” çap olunmuşdur. Milli kitabxananın çap etdiyi bütün nəşrlər respublikanın MKS-lərinə və Bakı şəhər kitabxanalarına operativ surətdə çatdırılmış və Elektron kitabxanada və Milli Kitabxananın saytında (anl.az) “Kitabxanamızın nəşrləri” bölməsində yerləşdirilmişdir.

Eyni zamanda kitabxanada “Mədəniyyət, incəsənət, turizm, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq” adlı cari biblioqrafik informasiya göstəricisi hazırlanaraq ayda bir dəfə 50 nüsxə tirajla nəşr edilir. Göstəricidə materiallar kitabxana biblioqrafiya təsnifatına uyğun olaraq yarımrubrikalara ayrılmışdır. Vəsaitin hazırlanmasında əsas məqsəd Mədəniyyət və Turizm Nazirliyinin, onun strukturunda olan kitabxana, muzey, teatr və digər idarə-müəssisələrin rəhbər işçilərinə, aparıcı mütəxəssislərinə Azərbaycan və rus dillərində kitabxanaya daxil olan dövri mətbuatda müvafiq mövzular üzrə dərc edilən məqalələr haqqında operativ məlumat verməkdir. Biblioqrafik informasiya göstəricisində materialların tam elektron mətnini Milli Kitabxananın saytı (http://www.anl.az) və elektron kataloqu vasitəsilə açıb oxumaq mümkündür.

Ümumilikdə, 2017-ci il ərzində Milli Kitabxana tərəfindən 36 adda, 6560 nüsxə tirajla biblioqrafik vəsaitlər, məlumat kitabları və informasiya bülletenləri, metodik materiallar və b. vəsaitlər nəşr edilmişdir.

Azərbaycan Milli Kitabxanasının fəaliyyətinin əsas istiqamətlərini, elmi-tədqiqat və nəşriyyat fəaliyyətinin perspektivlərini müəyyənləşdirmək, kitabxananın strukturunun və iş proseslərinin dövrün tələblərinə uyğun qurulmasına kömək məqsədilə 2014-cü ildən Milli Kitabxanada Elmi Şura fəaliyyət göstərir. Hesabat ilində Elmi Şuranın üç iclası keçirilmiş, qarşıda duran məsələlər müzakirə olunmuşdur. Burada müzakirələr bir neçə istiqamətdə həyata keçirilmişdir. İlk olaraq ayrı-ayrı şöbələrin illik fəaliyyətləri Elmi Şuranın müzakirəsinə təqdim edilmişdir. Struktur dəyişiklikləri ilə əlaqədar kitabxananın Diyarşünaslıq və analitik biblioqrafik resursların yaradılması şöbəsinin əsasnaməsi və iş bölgüsünün müəyyənləşdirilməsi, şöbənin işinin yenidən qurulması istiqamətində müzakirələr aparılmış, şura üzvləri tərəfindən yeni təkliflər verilmişdir. Eyni zamanda Not nəşrləri və səsyazmaları şöbəsinin son illərdə gördüyü işlər müzakirəyə çıxarılmış, şöbənin fəaliyyətində yeni istiqamətlər müəyyənləşdirilmiş və işinin yenidən qurulması üzrə tövsiyələr dəyərləndirilmişdir.

Elmi Şurada müzakirəyə çıxarılan məsələlərdən biri də kitabxana fondlarının mühafizəsi şöbəsində format düzülüşünə keçid zamanı kataloq və kartoteka sistemində aşkar olunmuş problemlər və onların həlli yollarının müəyyən edilməsi ilə əlaqədardır. Burada kitabxananın kataloq və kartoteka sisteminin elmi redaktə edilməsi, bu sahədə qüvvədə olan standartlar əsasında işin təhlili, elektron kataloqda rus dilində işlənmiş retrospektiv ədəbiyyata dair açar sözlərin düzgün verilməsi barədə məsələlər əsas müzakirə obyekti olmuş və aşkar edilmiş problemlərin həlli yolları araşdırılmışdır.

Milli Kitabxananın fəaliyyətində mühüm istiqamətlərdən biri olan fondun komplektləşdirilməsi məsələsi üzrə Komplektləşdirmə şurasının yaradılması da Elmi Şurada müzakirə edilmişdir. Milli Kitabxananın fondunda olmayan, oxucular tərəfindən soruşulan yerli və xarici nəşrlərin araşdırılması, çap və ya elektron formada əldə edilməsi məqsədilə Komplektləşdirmə şurasının tərkibi təsdiq edilmiş, fəaliyyət planı müəyyənləşdirilmişdir. Elmi Şurada müzakirəyə çıxarılmış məsələlər Milli Kitabxananın fəaliyyətinin daha da yaxşılaşdırılmasına, kitabxananın fondunun zənginləşdirilməsinə və oxuculara xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

         “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq  Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə və əlaqələndirici mərkəz kimi bir sıra elmi tədqiqat işləri həyata keçirilmişdir. “Respublika kitabxanalarının kadr resursları: yerləşdirilməsi vəziyyəti (statistik təhlil)” və “Kitabxanalarda elmi işin təşkili istiqamətləri (Azərbaycan Milli Kitabxanasının fəaliyyəti əsasında)” adlı elmi-tədqiqat işləri aparılmışdır. Tədqiqatın nəticələrinə uyğun mövcud problemlər qeyd edilmiş, onların aradan qaldırılması istiqamətində tövsiyə və təkliflər irəli sürülmüşdür. Oxucuların fikirlərinin Milli Kitabxana üçün hər zaman dəyərli olduğunu nəzərə alaraq “İstifadəçilərə informasiya xidməti səviyyəsi” adlı anket-sorğu keçirilmişdir. Bu sorğu nəticəsində də oxucuların Milli Kitabxanada üstünlük verdiyi xidmətlər müəyyənləşdirilmiş, onların istəkləri, maraqlı təklifləri nəzərə alınmışdır. Nəzarət buraxılış məntəqəsində yerləşən “Sizin fikriniz bizim üçün dəyərlidir” adlı qutudan 24 oxucu məktubu götürülmüş, oxucular tərəfindən yazılan təkliflər, tövsiyə və iradlar müntəzəm olaraq araşdırılmışdır. Hazırda “Azərbaycan Milli Kitabxanası fondunun elmi ədəbiyyatla komplektləşdirilməsi (mövcud vəziyyət, problemlər, onların həlli yolları və perspektiv istiqamət) və “Azərbaycan Milli Kitabxanasında onlayn xidmətlərin istifadə səviyyəsi, keyfiyyəti” mövzularında tədqiqat işləri davam etdirilir.

         Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Proqramda nəzərdə tutulmuş informasiya cəmiyyəti şəraitində vətəndaşların informasiya əldə etmək hüququnun səmərəli təmin edilməsi və qorunması, cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi, milli kontentin zənginləşdirilməsi kimi vəzifələri yerinə yetirmək məqsədilə Milli Kitabxanada mövcud İKT sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, oxucular fasiləsiz internetlə təmin olunmuş, Açıq kitabxanada oxuculara xidmətin keyfiyyətinin artırılması məqsədilə İnfoTuch panelləri quraşdırılmış, proqram təminatı ilə təmin olunmuşdur. Oxuculara İnfoTuch panelləri vasitəsi ilə kitabxana haqqında məlumat almaq, bütün elektron resurslardan istifadə etmək və həmçinin kitab sifariş etmək imkanı yaradılmışdır. Milli Kitabxananın oxu zallarında olduğu kimi, Açıq kitabxanada da oxucuların internetdən rahat istifadəsi üçün Wi-Fi şəbəkəsi qurulmuşdur.

         Oxuculara xidmətin operativliyini artırmaq məqsədilə kitabxana tərəfindən elektron resurslar da yaradılmışdır. 2017-ci ildə 28 413 elektron resurs (kitab, dövri mətbuat, və avtoreferat, not), 4 elektron məlumat bazası (“Əziz Əliyev-120”, “M.P.Vaqif-300”, “İslam həmrəyliyi”, “Bülbül”) yaradılaraq elektron kitabxanaya daxil edilmiş, Açıq kitabxananın saytı yaradılmışdır (http:www.anl.az/AK). Ümumilikdə, 33 zəngin məlumat bazası oxucuların istifadəsinə təqdim edilmişdir.

Məlum olduğu kimi, Milli Kitabxana avtomatlaşdırılmış kitabxana sistemi VİRTUA proqramı ilə işləyir, Orakle üzərində qurulmuş bu proqram vasitəsilə hazırda oxuculara xidmət prosesləri tam şəkildə avtomatlaşdırılmışdır. Elektron kataloqa 28066 adda ədəbiyyatın biblioqrafik yazısı daxil edilmişdir. Kitabla yanaşı bazaya 31 920 məqalənin biblioqrafik yazısı əlavə edilmişdir ki, bunların 27008-i Azərbaycan dilində, 5037-si rus dilindədir. Bunlardan 24084 tammətnli analitik-biblioqrafik resursdur. Eyni zamanda 1044 dissertasiya və avtoreferatın elektron resursu hazırlanaraq bazaya əlavə edilmişdir. Ümumilikdə kitabxananın 193097 elektron resursu (kitab, dövri mətbuat, dissertasiya və avtoreferat, not) oxucuların istifadəsinə verilmişdir. Biblioqrafik və elektron informasiya xidməti vasitəsilə 49031 sorğu cavablandırılmışdır ki, bunlardan 473-ü elektron sorğudur. Artıq oxucuların elektron müraciətlərində də artım hiss edilir. Sevindirici haldır ki, daxil olan sorğular arasındə xarici ölkələr də yer alır və 55 sorğu Türkiyə, ABŞ, Misir, Çexiya, İsveç, Çin, Rusiya, Belarus, Gürcüstan, Ukrayna kimi ölkələr tərəfindən daxil olmuşdur.

Hesabat dövründə kitabxanaçı kadrların peşəkarlığının artırılması, onların biliklərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Milli Kitabxanası və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin birgə layihəsi əsasında respublikanın şəhər və rayonlarından İxtisasartırma Mərkəzinə tədris keçmək üçün gələn kitabxana işçilərinə Milli Kitabxananın Treninq Mərkəzində kitabxananın trenerləri tərəfindən “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında treninqlər keçirilmişdir. Həmçinin “Kitabxanalarda informasiya texnologiyaları vasitəsi ilə gənc oxucu kontingentinə yönəlik mütaliə motivasiyasını yüksəltmək məqsədilə kreativ layihələrin hazırlanması” mövzusunda da treninqlər təşkil edilmişdir. Treninqlərdə Yevlax, Balakən, Ağsu, Biləsuvar, Cəbrayıl, İmişli, Qobustan, Oğuz, Salyan, Şabran, Masallı, Gədəbəy, Tərtər, Lerik, Şamaxı rayon Mərkəzi Kitabxanasının əməkdaşları iştirak etmiş, yeni biliklər və təcrübə əldə etmişlər.

Milli Kitabxananın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, oxuculara yaradılmış rahat və əlverişli şərait, təqdim edilən elektron xidmətlər, “Açıq Kitabxana” asudə mütaliə guşəsinin yaradılması təkcə paytaxtımızın sakinlərinin deyil, həm də ölkəmizin qonaqlarının da böyük marağına səbəb olmuşdur. Bakıda fəaliyyət göstərən xarici ölkə səfirləri, müxtəlif idarə və təşkilatların, mədəniyyət mərkəzlərinin rəhbərləri və başqaları bu il Milli Kitabxananın qonağı olmuş və kitabxana ilə, orada həyata keçirilən proseslərlə, yeni layihələrlə yaxından tanış olmuşlar. Bu qonaqlar arasında - Avstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols, İtaliyanın Florensiya Əyaləti hökumətinin informasiya texnologiyaları üzrə meneceri Jurgen Assfalg, İtaliya Milli Kitabxanasının Roma kolleksiyaları və qrafika şöbəsinin işçisi xanım Paola Puglisi, Çexiya Respublikasının Bakıdakı Səfirliyinin Missiya rəhbərinin müavini cənab Petr Vagner, ABŞ-ın Bakıdakı Səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri xanım Emi Stayman, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Yanku və səfirliyin diplomatik müşaviri Mihaela Yanku, Hindistanın Azərbaycan Respublikasındakı Səfiri cənab Sancay Rana və başqalarını sadalamaq olar.

Kitabxananın fəaliyyəti, həyata keçirdiyi tədbirlər, yeni innovativ layihələr, elektron xidmətlər hər zaman ictimaiyyətin böyük marağına səbəb olmuş və  müxtəlif informasiya vasitələrində - televiziya və radio kanallarında, mətbuatda, müxtəlif saytlarda, sosial şəbəkələrdə geniş işıqlandırılmışdır. Qeyd edək ki, bu il dövri mətbuat səhifələrində Milli Kitabxana haqqında 110 material çap olunmuşdur.

Milli Kitabxananın əldə etdiyi uğurlarda kadr potensialının rolu xüsusi qeyd edilməlidir. Milli Kitabxanada fəaliyyət göstərən 24 şöbədə 355 nəfər işçi çalışır. Onlardan 297 nəfəri kitabxanaçı, 220 nəfəri ali təhsilli (143 nəfəri ali ixtisas) işçilərdir. Bu kadrlar həm yerli, həm də xarici beynəlxalq treniniq, seminar, vorkşop və digər tədbirlərdə müntəzəm şəkildə iştirak edir, bilik, bacarıq və səriştələrini artırır, yeni qabaqcıl təcrübə əldə edirlər. Və təsadüfi deyil ki, hesabat ilində kitabxananın 2 nəfər əməkdaşı - AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Adilə Abdullayeva “Cəmiyyətdə informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların iştirakı” adlı dissertasiya işini, BDU-nun dissertantı Gözəl Baxşəliyeva “XIX yüzilləkdə Azərbaycanda kitab işinin tarixi (əlyazma, daşbasma, kitab çapı)” adlı dissertasiya işini müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışlar. Həmçinin Kitabxanaşünaslıq-elmi tədqiqat şöbəsinin müdiri, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Aygün Hacıyeva “Kitabxanalarda bibliometriya: mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusundakı dissertasiya işinin ilkin müzakirəsini keçirmiş, həmin şöbənin aparıcı elmi işçisi, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Validə Həsənova “Azərbaycan nağıllarının nəşri və tədqiqi təcrübəsinə dair biblioqrafik informasiya resursu (təşəkkülü, inkişafı və müasir vəziyyəti)” adlı dissertasiya işini müdafiə etmişdir.

2 əməkdaşımız - Milli kitabxananın direktor müavini Ə.İsmayılova və elmi katib Ə.Cəfərova 3356.01- “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olmuşlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının Qərarına (Protokol № 4/1, 10 iyun 2015) əsasən M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının nəzdində çap məhsullarının, kitabların və əlyazmaların bədii və elmi dəyərinin müəyyənləşdirilməsi, xüsusi bədii ekspertiza keçirilməsi, mühafızə şəhadətnaməsinin verilməsi üzrə ekspert komissiyası fəaliyyət göstərir. Bu il Ekspert Komissiyası tərəfindən çap məhsullarının xaricə aparılmasına 10 icazə sertifikatı verilmişdir. 3 sertifikat sərgidə nümayiş olunacaq ədəbiyyatlar üçün (qaytarılmaq şərtilə), 1 sertifikat fiziki şəxsə, 6 sertifikat isə tədbirlərdə paylanmaq üçün və beynəlxalq kitab sərgilərində nümayiş olunmaq üçün verilmişdir.