Şöbə müdiri: Nağıyeva Şəhla İkram qızı
Tel.: (994 12) 493 92 18
E-mail: [email protected]
Şöbə haqqında ümumi məlumat
Respublikamızda uzun illərdən bəri formalaşmaqda olan kitabxana fondları içərisində Milli Kitabxananın universal məzmunlu kitab fondu xüsusi yer tutur.
Respublikanın baş kitabxanasında əsas fondun təşkili və onun inkişafı 95 illik tarixə malikdir. 1923-cü ildə rəsmi açılışı olmuş kitabxananın fəaliyyətini təmin etmək məqsədilə fondun təşkilinə ciddi fikir verilmiş, əsas diqqət ayrı-ayrı şəxslərdən kitabların satın alınmasına yönəldilmiş və əsasən milli çap məhsullarının toplanmasına səy göstərilmişdir. Bir faktı göstərmək kifayətdir ki, 1922-ci ildə Baş İqtisad Şurası Dövlət kitabxanasına milli dildə kitab almaq üçün 10 000 manat qızıl pul verilməsini lazım bilmişdir.
Kitabxananın açılışı zamanı onun fondunda 20 441 nüsxə çap məhsulu toplanmış və bunun 900 nüsxəsi milli dildə olmuşdur. Bu zaman fond 3 şöbədə : Şərq, Avropa, Rus şöbələri kimi sistemləşdirilmişdir.
Fondda bütün elm sahələri üzrə kitablar, jurnallar, ardı davam edən nəşrlər, qəzetlər, avtoreferatlar (Azərbaycan və rus dilində) toplanılır. Əsas diqqət fondun təşkilinə, uçotunun aparılmasına, səmərəli istifadə olunmasına və mühafizəsinə verilir.
Ədəbiyyat format, inventar-sıra, xronloji və əlifba-xronoloji qaydada düzülmüşdür.Fondun tərkibində erməni və gürcü dilində də ədəbiyyat saxlanılır.
Strukturu
Azərbaycan ədəbiyyatı bölməsi
Elektron informasiya daşıyıcıları və format üzrə qruplaşdırılmış ədəbiyyat bölməsi.
Dövrü mətbuat və ardı davam edən nəşrlər bölməsi.
Depozitar ədəbiyyat bölməsi
Vəzifələri
Kitabxananın bütün oxu zallarının oxucularının, Elektron informasiya xidməti bölməsinin abonentlərinin və kitabxananın əməkdaşlarının istifadəsini təmin edir.
Universal məzmunlu ədəbiyyat fondunu toplayır və mühafizə edir.
Respublika kitabxanalarına fondun təşkili, qorunması və ondan istifadə olunması haqqında metodik köməklik göstərir.
Fəaliyyət istiqamətləri
Ədəbiyyat verilişi oxucuların və abonentlərin sifarişi əsasında həyata keçirilir.
Şöbənin fondu kitabxananın bütün kataloqlar sistemində öz əksini tapır.
Kitabxanada fondların mühafizəsi üçün mühüm tədbirlər həyata keçirilir. 2014-cü ildən kitabxananın fondlarında müasir tipli mobil kitab rəflərinin quraşdırılması işinə başlanılmışdır. Fondlarda Avropa standartlarına uyğun işıqlandırma, havalandırma və rütubət rejimini tənzimləyən avadanlıqlar quraşdırılmış, qazla işləyən avtomatlaşdırılmış yanğın xəbərverici və yanğın söndürücü sistem quraşdırılaraq istifadəyə verilmişdir. Fondun xüsusi, mobil kitab rəflərində yerləşdirilməsi həm oxucuya xidmət işini yaxşılaşdırır, həm də kitab sərvətini mühafizə edir.
Azərbaycan ədəbiyyatı fondunda kitablar mobil rəflərdə inventar-sıra düzülüşünə əsasən düzülmüş, fond kompyüter avadanlığı ilə təhciz edilmişdir.
Elektron informasiya daşıyıcıları və format üzrə qruplaşdırılmış ədəbiyyat bölməsinə 1, 2, 3, 4 ölçüdə format üzrə kitablar, avtoreferatlar, xəritələr, CD Rom və DVD-lər daxildir.
Avtoreferatlar fondda xronoloji qaydaya əsasən düzülür, azərbaycan, rus və xarici dillərdədir. Nəşr yerlərindən asılı olaraq düzülüş şifrələri fərqlənir.
Fondda azərbaycan və rus dillərində 5328 nüsxə xəritə var.
Bəzi nəşrlər kitabxanaya CD Rom və DVD şəklində daxil olur və şöbədə mühafizə və istifadəsi təmin edilir.
Dövri mətbuat və ardı davam edən nəşrlər bölməsinə qəzetlər, jurnallar, elmi əsərlər daxildir. Jurnallar və qəzetıər əlifba-xronoloji,elmi əsərlər isə inventar-sıra düzülüşünə əsasən yığılmışdır.
Jurnallar:
Azərb. dilində - 540 adda
Rus dilində - 1845 adda
Elmi əsərlər:
azərb. dilində - D-4509
rus dilində - П-130693
Dj-13425 (1807-1917-ci illər)
Qəzetlər:
azərb. dilində - 1356 adda
rus dilində - 424 adda
Qəzet fondunun tərkibində 1920-ci ildən sonra çap olunmuş Azərbaycan və rus dillərində “Qəzet” arxivi yaradılıb.
Depozitar ədəbiyyat bölməsində oxucular tərəfindən az soruşulan 266 401 nüsxə ədəbiyyat saxlanılır. Bu bölmədəki ədəbiyyatlar XX əsrin əvvəllərindən 1980-ci ilə kimi olan dövri əhatə edir, rus dilindədir, kitablar format, jurnallar əlifba-xronoloji qaydada düzülür.
kitab-15519 nüsxə
jurnal- 250882 nüsxə
Şöbənin bütün fondlarının komplektləşdirilməsi müntəzəm olaraq, Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsi tərəfindən həyata keçirilir. Bərpaya ehtiyacı olan nüsxələr seçilir və bərpa olunur.
Ədəbiyyat verilişi oxucuların və abonentlərin sifarişləri əsasında həyata keçirilir, istifadə olunduqdan sonra fonda qaytarılır. Digər şöbələrin yardımçı fondlarına verilən ədəbiyyatlara fərdi kartoçka yazılır və bölmənin daxili kataloqunda öz əksini tapır. Azərbaycan ədəbiyyatı bölməsindəki bütün kitablar, format üzrə olan kitabların və jurnalların cari hissəsi elektron kataloqda öz əksini tapmış, retrospektiv ədəbiyyatın yazılışı isə davam etdirilir.
Hal-hazırda şöbənin fondlarında mobil kitab rəflərinə köçürülmə işləri davam edir.