M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixindən.

Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada tanınan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir. 

Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur.  Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir.

1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondunu komplektləşdirməyə vermişdir. 1925-ci ildə artıq fondda 51000, 1928-ci ildə isə 300000 adda kitab, jurnal, qəzet, kart və digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucularının sayı 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə təşkil etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artan maraqla bağlı olaraq “Şərq haqqında jurnal materialları (1917-1927)”, “1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı” adlı göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru Müseyib Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmış, hər gün saat 10-dan axşam saat 10-a kimi işləmişdir.

Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır. 

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir. 

İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmış, fondlarında ədəbiyyat sayı milyonlara, işçilərinin sayı yüzlərə çatmışdır. 

Kitabxananın memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən əzəmətli binaya 1961-ci ildə köçməsi onu sevənlər üçün gözəl hədiyyə olmuşdur. Qeyd etmək lazımdır ki, binanın yerinin seçilməsində və tikilməsində görkəmli xalq yazıçısı Süleyman Rəhimovun böyük xidməti olmuşdur, layihənin memarı isə akademik Mikayıl  Useynovdur. 

 “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında Azərbaycan kitabının arxiv fondunu yaradır.

Bu gün Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz  funksiyalarını yerinə yetirir. Dünyanın 30-dan artıq milli kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalamışdır.

Heç təsadüfi deyildir ki, ulu öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev cənabları 4 dəfə (1995 – 3 iyun; 1996 – 4 mart; 1997 – 5, 20 noyabr) Milli Kitabxanaya gəlmiş və öz şəxsi kitabxanasından yüzlərlə kitabı kitabxanaya hədiyyə etmişdir. 

2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir. 

Hal-hazırda Milli Kitabxanada 27 şöbə, 47 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 560 301 çap məhsulu saxlanılır. 2013-cü ildə kitabxanaya 20 039   nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Oxucuların sayı 75 526 nəfərə, kitabxanaya gələnlərin sayı isə 155 979  nəfərə çatmışdır. Virtual oxucuların (sayt və elektron kitabxanadan istifadə edənlər)  sayı 551 616  nəfər olmuşdur.

Milli Kitabxanamızın bir çox şöbələrinin fəaliyyətində son illərdə xeyli irəliləyişlər və yeniliklər baş vermişdir. 

2005-ci ildən nəşriyyatlardan və poliqrafiya müəssisələrindən alınan məcburi nüsxələr əsasında Milli Kitabxananın Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya şöbəsi (Kitab palatası) 15 illik fasilədən sonra “Birillik Azərbaycan kitabiyyatı”nın çapını bərpa etmiş, artıq respublikamızda dərc olunmuş kitabları əhatə edən 23 buraxılışı (1990-2012-ci illər) çap edilmişdir. 

Milli Kitabxananın nəşriyyat fəaliyyəti də inkişaf etmişdir. 2013-ci il də 40 adda, 6745 nüsxə,  472,6  çap vərəqi biblioqrafiya, biblioqrafik məlumat kitabı, metodik vəsait, metodik tövsiyyələr nəşr edilmişdir. Tanınmış şəxsiyyətlər seriyasından “Elçin (Əfəndiyev Elçin İlyas oğlu): biblioqrafiya”, “Tahir Salahov:biblioqrafiya”, “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Azərbaycan Milli Kitabxanası-90:biblioqrafiya”, Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Çoxcildliyin XXIX-XXXXII cildlərinin köməkçi göstəricisi, “Azərbaycan Milli Kitabxanası – 90: məqalələr məcmuəsi”, “Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında  VI cild: Azərbaycan Respublikası  şəhər və rayonlarının ümumtəhsil məktəblərinin kitabxanaları”, və s. göstəricilər çap olunmuşdur. Çap olunan bütün vəsaitlər respublikanın MKS-nə və Bakı şəhər kitabxanalarına vaxtında və operativ surətdə çatdırılmışdır.

İxtisaslaşdırılmış Xarici ədəbiyyat şöbəsi 2005-ci ildən beynəlxalq kitab mübadiləsini bərpa edərək, bu gün dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir. 

Oxuculara xidmətin yüksək səviyyədə olması işin təşkilindən, kitabxanaçıların peşəkarlığından çox asılıdır. Bu məqsədlə xidmət sahələri genişləndirilmiş, istifadəçilərə yeni xidmət növləri təklif edilmişdir. Lokal şəbəkədən istifadə üzrə oxu zalı bölməsində 24 kompyuterlə yanaşı 5 İpad vasitəsilə oxuculara xidmət işinə başlanılmışdır. Bu ildən etibarən oxucu qeydiyyatı, kitab verilişi prosesləri avtomatlaşdırılmışdır.

Kitabxananın metodik fəaliyyətində də xeyli işlər görülmüşdür. Cari ildə 60-70-ci illərdə çap olunan, kitabxanalar tərəfindən böyük rəğbətlə qarşılanan “Əlamətdar və tarixi günlər təqvimi”nin nəşri bərpa olunmuş və 2005-2014cü  illər toplusu çap edilmişdir.

Artıq kitabxananın Kitabxana siyasəti və metodik rəhbərlik şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik göstərməyə başlamışdır. Bu iş forması nəticəsində Milli Kitabxananın hazırladığı materiallar və vəsaitlər, tövsiyələr kitabxananın saytında yerləşdirilir və nəticədə bütün nəşrlər çap olunmamışdan və yerlərə göndərilməmişdən kitabxanaçıların ixtiyarına verilir. Milli Kitabxananın saytında “Metodik xidmət” bölməsi vasitəsilə kitabxanaçıları maraqlandıran suallara dərhal və operativ cavab verilir.

Bu gün elə bir sahə tapılmaz ki, orada kompyuterlərdən, digər informasiya texnologiyalarından istifadə olunmasın. M.F.Axundov adına Milli Kitabxanada bu isə 1999-cu ildən başlanmış və 2000-ci ildə kitabxanada İnternet zalı istifadəyə verilmişdir. 2001-ci ildə işə kitabxanada Tədris Mərkəzi yaradılmışdır. 

2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanmışdır. Sistemin proqram təminatı ABŞ-ın VTLS-kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış proqramlar işləyən təşkilatlar tərəfindən həyata keçirilmişdir. Buraya elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi, Milli biblioqrafiyanın və respublikanın bütün iri kitabxanalarının toplu kataloqunun yaradılması, yəni bütün kitabxana proseslərinin avtomatlaşdırılması modulları daxildir.  Milli kitabxana 2013-cü ildə yeni Chamo proqramını da almışdır. Chamo yeni təkmilləşdirilmiş, inkişaf etdirilmiş, oxucu tələbatına uyğun veb interfeysifir. Bu proqram oxucunun kitab sifarişini sürətləndirəcəkdir.

Əvvəlcə avtomatlaşdırma işinə kitabxananın ən vacib sahəsi olan elektron kataloqunun tərtibindən başlanmışdır, hazırda elektron kitabxana, oxucu qeydiyyatı, kitab verilişi və b. sahələr avtomatlaşdırılmışdır. Bu gün Elektron kitabxanada artıq 76 543 elektron resurs vardır.

İnformasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq Milli Kitabxanada yeni şöbələr- Avtomatlaşdırma və informasiya texnologiyaları şöbəsi, Elektron informasiya xidməti, Elektron resurslarının yaradılması, Elektron kataloqun formalaşdırılmasına dəstək, İnfrastrukturun təşkili və proqram təminatı, Analitik elektron məlumat bazasının təşkili - açılmışdır.

2008-ci ildə Milli Kitabxanada Rusiya Dövlət Kitabxanasının Elektron dissertasiya fondunun virtual oxu zalı açılmışdır. Oxu zalında  Azərbaycan Milli Kitabxanasının oxucuları Rusiya Dövlət Kitabxanasının bir milyon nüsxədən artıq dissertasiya və avtoreferatlarının tam elektron mətnindən istifadə etmək imkanı əldə etmişlər.

2013-cü ildə Kitab fondlarının mühafizəsi şöbəsinin tərkibində fəaliyyət göstərən Nadir kitablar bölməsi ləğv edilərək may ayının 1-dən Nadir kitablar və kitabxananın muzeyi şöbəsi kimi fəaliyyətə başlamışdır.

Milli Kitabxananın 90 illik yubiley tədbirləri çərçivəsində sentyabr ayının 25-də təntənəli açılış mərasimi olmuşdur.

2005-ci ildə Milli Kitabxanamız Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına (CENL) üzvdür. Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv olan ikinci dövlət Azərbaycan oldu. Bu da kitabxanamızın beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, ümumavropa və ümümdünya layihələrində iştirakına real imkanlar yaradır. Bu təşkilat özündə 48 Avropa ölkəsinin kitabxanalarını birləşdirir.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası  Avropa Milli Kitabxanaları konfransı (CENL),  Avrasiya Kitabxanalar Assambleyası (BAE), Avropa Kitabxanası, Türkdilli ölkələrin milli kitabxana direktorları şurasının, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları şurasının, Avrasiya Kitabxanaçılar Birliyinın üzvüdür və bu təşkilatlarlsa sıx əməkdaşlıq edir.

 
National Library of Azerbaijan © All Rights Reserved