
M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasının tarixindən.
Azərbaycanın baş kitabxanası nəinki Qafqazda,
yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada tanınan
ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan
biridir.
Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı
isə 1923-cü ilin may ayının 23-də olmuşdur.
Kitabxana yarananda onun fonduna İmperator Texniki
Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin
kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir.
1923-cü ildən sürətlə inkişaf etməyə başlayan
kitabxana əsas diqqəti fondunu komplektləşdirməyə vermişdir.
1925-ci ildə artıq fondda 51000, 1928-ci ildə isə 300000 adda
kitab, jurnal, qəzet, kart və digər çap məhsullarını toplaya
bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat
alınmışdır. Oxucularının sayı 3183 nəfər: onlardan 2957-si kişi,
226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə təşkil
etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə
hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artan
maraqla bağlı olaraq “Şərq haqqında jurnal materialları
(1917-1927)”, “1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı” adlı
göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə fəaliyyətə
başlayan kitabxananın ilk direktoru Müseyib Səlimov olmuşdur.
Kitabxanada oxu zalı 1927-ci ildə açılmış, hər gün saat 10-dan
axşam saat 10-a kimi işləmişdir.
Kitabxana Azərbaycan Elmlər Akademiyasının
binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini
genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci
ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə,
Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı
isə 29-a çatmışdır.
1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və
maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.
İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi
genişlənmiş, onlarca yeni şöbə yaranmış, fondlarında ədəbiyyat
sayı milyonlara, işçilərinin sayı yüzlərə çatmışdır.
Kitabxananın memarlıq baxımından tarixi abidə
kimi qiymətləndirilən əzəmətli binaya 1961-ci ildə köçməsi onu
sevənlər üçün gözəl hədiyyə olmuşdur. Qeyd etmək lazımdır ki,
binanın yerinin seçilməsində və tikilməsində görkəmli xalq
yazıçısı Süleyman Rəhimovun böyük xidməti olmuşdur, layihənin
memarı isə akademik Mikayıl Useynovdur.
“Kitabxana işi haqqında” və “Nəşriyyat işi
haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən Milli
Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi
nüsxələr alır və onların əsasında Azərbaycan kitabının arxiv
fondunu yaradır.
Bu gün Milli Kitabxana kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı
müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz,
oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti
göstərərək, kitabxanalararası abonement, milli və tövsiyyə
biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz
funksiyalarını yerinə yetirir.
Dünyanın 30-dan artıq milli kitabxanası ilə ikitərəfli
qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalamışdır.
Heç təsadüfi deyildir ki, ulu öndərimiz, elm və
mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev cənabları 4 dəfə
(1995 – 3 iyun; 1996 – 4 mart; 1997 – 5, 20 noyabr) Milli
Kitabxanaya gəlmiş və öz şəxsi kitabxanasından yüzlərlə kitabı
kitabxanaya hədiyyə etmişdir.
2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin
qərarı ilə “Milli Kitabxana” statusu verilmişdir ki, bu da
kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Hal-hazırda Milli Kitabxanada 27 şöbə, 47 bölmə
fəaliyyət göstərir. Kitabxana fondunda 4
560 301 çap
məhsulu saxlanılır. 2013-cü
ildə kitabxanaya 20 039
nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Oxucuların
sayı 75 526 nəfərə,
kitabxanaya gələnlərin sayı isə 155 979
nəfərə çatmışdır.
Virtual oxucuların (sayt və elektron kitabxanadan istifadə
edənlər) sayı 551 616 nəfər olmuşdur.
Milli Kitabxanamızın bir çox şöbələrinin
fəaliyyətində son illərdə xeyli irəliləyişlər və yeniliklər baş
vermişdir.
2005-ci ildən nəşriyyatlardan və poliqrafiya
müəssisələrindən alınan məcburi nüsxələr əsasında Milli
Kitabxananın Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya
şöbəsi (Kitab palatası) 15 illik fasilədən sonra “Birillik
Azərbaycan kitabiyyatı”nın çapını bərpa etmiş, artıq
respublikamızda dərc olunmuş kitabları əhatə edən 23 buraxılışı
(1990-2012-ci illər) çap edilmişdir.
Milli Kitabxananın nəşriyyat fəaliyyəti də
inkişaf etmişdir. 2013-ci il də 40 adda, 6745 nüsxə,
472,6 çap vərəqi biblioqrafiya, biblioqrafik məlumat kitabı,
metodik vəsait, metodik tövsiyyələr nəşr edilmişdir. Tanınmış
şəxsiyyətlər seriyasından “Elçin (Əfəndiyev Elçin İlyas oğlu):
biblioqrafiya”, “Tahir Salahov:biblioqrafiya”, “Azərbaycan Milli
Kitabxanası. Fotoalbom”, “Azərbaycan Milli
Kitabxanası-90:biblioqrafiya”, Heydər Əliyev. Müstəqilliyimiz
əbədidir. Çoxcildliyin XXIX-XXXXII cildlərinin köməkçi
göstəricisi, “Azərbaycan Milli Kitabxanası – 90: məqalələr
məcmuəsi”, “Azərbaycan kitabxanaları XXI əsrin informasiya
məkanında VI cild: Azərbaycan Respublikası şəhər və
rayonlarının ümumtəhsil məktəblərinin kitabxanaları”, və s.
göstəricilər çap olunmuşdur. Çap olunan bütün vəsaitlər
respublikanın MKS-nə və Bakı şəhər kitabxanalarına vaxtında və
operativ surətdə çatdırılmışdır.
İxtisaslaşdırılmış Xarici ədəbiyyat şöbəsi
2005-ci ildən beynəlxalq kitab mübadiləsini bərpa edərək, bu gün
dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir.
Oxuculara xidmətin yüksək səviyyədə olması işin
təşkilindən, kitabxanaçıların peşəkarlığından çox asılıdır. Bu
məqsədlə xidmət sahələri genişləndirilmiş, istifadəçilərə yeni
xidmət növləri təklif edilmişdir. Lokal şəbəkədən istifadə üzrə
oxu zalı bölməsində 24 kompyuterlə yanaşı 5 İpad vasitəsilə
oxuculara xidmət işinə başlanılmışdır. Bu ildən etibarən oxucu
qeydiyyatı, kitab verilişi prosesləri avtomatlaşdırılmışdır.
Kitabxananın metodik fəaliyyətində də xeyli işlər
görülmüşdür. Cari ildə 60-70-ci illərdə çap olunan, kitabxanalar
tərəfindən böyük rəğbətlə qarşılanan “Əlamətdar və tarixi günlər
təqvimi”nin nəşri bərpa olunmuş və 2005-2014cü illər toplusu
çap edilmişdir.
Artıq kitabxananın
Kitabxana siyasəti və metodik rəhbərlik
şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik göstərməyə
başlamışdır. Bu iş forması nəticəsində Milli Kitabxananın
hazırladığı materiallar və vəsaitlər, tövsiyələr kitabxananın
saytında yerləşdirilir və nəticədə bütün nəşrlər çap
olunmamışdan və yerlərə göndərilməmişdən kitabxanaçıların
ixtiyarına verilir. Milli
Kitabxananın saytında “Metodik xidmət” bölməsi vasitəsilə
kitabxanaçıları maraqlandıran suallara dərhal və operativ cavab
verilir.
Bu gün elə bir sahə tapılmaz ki, orada
kompyuterlərdən, digər informasiya texnologiyalarından istifadə
olunmasın. M.F.Axundov adına Milli Kitabxanada bu isə 1999-cu
ildən başlanmış və 2000-ci ildə kitabxanada İnternet zalı
istifadəyə verilmişdir. 2001-ci ildə işə kitabxanada Tədris
Mərkəzi yaradılmışdır.
2003-cü ildən kitabxanada avtomatlaşdırılmış
idarəetmə sisteminin tətbiqinə başlanmışdır. Sistemin proqram
təminatı ABŞ-ın VTLS-kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış
proqramlar işləyən təşkilatlar tərəfindən həyata keçirilmişdir.
Buraya elektron kataloqun tərtibi, elektron kitabxananın
təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun
komplektləşdirilməsi, Milli biblioqrafiyanın və respublikanın
bütün iri kitabxanalarının toplu kataloqunun yaradılması, yəni
bütün kitabxana proseslərinin avtomatlaşdırılması modulları
daxildir. Milli
kitabxana 2013-cü ildə yeni Chamo proqramını da almışdır. Chamo
yeni təkmilləşdirilmiş, inkişaf etdirilmiş, oxucu tələbatına
uyğun veb interfeysifir. Bu proqram oxucunun kitab sifarişini
sürətləndirəcəkdir.
Əvvəlcə avtomatlaşdırma işinə kitabxananın ən
vacib sahəsi olan elektron kataloqunun tərtibindən başlanmışdır,
hazırda elektron kitabxana, oxucu qeydiyyatı, kitab verilişi və
b. sahələr avtomatlaşdırılmışdır.
Bu gün
Elektron kitabxanada artıq 76 543 elektron resurs
vardır.
İnformasiya-kommunikasiya texnologiyalarının
kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq Milli Kitabxanada
yeni şöbələr-
Avtomatlaşdırma və informasiya texnologiyaları
şöbəsi,
Elektron informasiya xidməti, Elektron resurslarının
yaradılması, Elektron kataloqun formalaşdırılmasına dəstək,
İnfrastrukturun təşkili və proqram təminatı,
Analitik elektron məlumat bazasının təşkili
- açılmışdır.
2008-ci ildə Milli Kitabxanada Rusiya Dövlət
Kitabxanasının Elektron dissertasiya fondunun virtual oxu zalı
açılmışdır. Oxu zalında Azərbaycan Milli Kitabxanasının
oxucuları Rusiya Dövlət Kitabxanasının bir milyon nüsxədən artıq
dissertasiya və avtoreferatlarının tam elektron mətnindən
istifadə etmək imkanı əldə etmişlər.
2013-cü ildə Kitab fondlarının mühafizəsi
şöbəsinin tərkibində fəaliyyət göstərən Nadir kitablar bölməsi
ləğv edilərək may ayının 1-dən Nadir kitablar və kitabxananın
muzeyi şöbəsi kimi fəaliyyətə başlamışdır.
Milli Kitabxananın 90 illik yubiley tədbirləri
çərçivəsində sentyabr ayının 25-də təntənəli açılış mərasimi
olmuşdur.
2005-ci ildə Milli Kitabxanamız Avropa Milli
Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına (CENL) üzvdür.
Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv
olan ikinci dövlət Azərbaycan oldu. Bu da kitabxanamızın
beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, ümumavropa və
ümümdünya layihələrində iştirakına real imkanlar yaradır. Bu
təşkilat özündə 48 Avropa ölkəsinin kitabxanalarını birləşdirir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
Avropa Milli Kitabxanaları konfransı (CENL), Avrasiya
Kitabxanalar Assambleyası (BAE), Avropa Kitabxanası, Türkdilli
ölkələrin milli kitabxana direktorları şurasının, İqtisadi
Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları
şurasının, Avrasiya Kitabxanaçılar Birliyinın üzvüdür və bu
təşkilatlarlsa sıx əməkdaşlıq edir.