Məhərrəmova T.

 

Kim ki, sənətdə can qoyub, onu layiqincə qiymətləndirmirlər

 

Azərbaycanın ilk kanon ifaçısı Asya Tağıyeva özünə qarşı diqqətsizlikdən gileylidir

 

Qədim musiqi aləti olan kanonun (qanun) ölkəmizdə ilk dəfə nə vaxtdan ifa olunduğu haqqında dəqiq məlumat yoxdur. Ancaq klassik irsə əsaslanan musiqi tədqiqatçıları kanonun tarixinin qədim dövrlərlə bağlı olduğunu bildirirlər. Bu tədqiqatlara istinad edən Qədim Musiqi Alətləri Ansamblı kanonu qədim alət kimi ansambla daxil edib.

Azərbaycanda ilk kanon ifaçısı Asya Tağıyevadır. Ömrünü bu sənətin inkişafına həsr edən görkəmli ifaçı 70 yaşı haqlasa da, alətini əlindən qoymayıb.

 

- Necə oldu ki, əvvəllər o qədər də dəbdə olmayan bir alətlə məşğul olmağa başladınız?

- Uşaqlıqdan musiqini çox sevmişəm. İrəvanda yaşayarkən Pionerlər evində xor dərnəyinə gedirdim. 1954-cü ildə musiqi məktəbinə daxil oldum. Əvvəlcə vokal sinfində oxumaq istəyirdim. Çünki müsabiqələrdə yaxşı oxuduğuma görə mənə vokalist olmağımı məsləhət görürdülər. Ancaq yaşım çatmadı. Bu aləti görəndən sonra xoşuma gəldi və kanonda çalmağa başladım. Mənə evdə alət almaq istəmirdilər. "Ermənilərlə oxuyur, yəqin müğənni olacaq" - deyə fikirləşirdilər. Ancaq mən inadkarlıq göstərərək müsabiqədən keçib kanon sinfinə daxil oldum. Sonra məni Ermənistanın Dövlət rəqs ansamblına dəvət etdilər.

1956-cı ildə Moskva dekadası başlandı. Dekadada uğurlu iştirak etdiyim üçün "Əməkdə müvəffəqiyyətə görə" medalı və bir aylıq əmək haqqı ilə təltif olundum. Bir ildən sonra Moskvada Ümumdünya festivalında iştirak etmək üçün təşkil olunan müsabiqədə I dərəcəli diploma və qızıl medala layiq görüldüm. Festivalda isə III dərəcəli bürünc medal qazandım. Azərbaycandan olan nümayəndələr komissiyanın üzvü olarkən azərbaycanlı qızı olduğumu hiss edib, mənimlə maraqlandılar. Onlar məni işləmək üçün Bakıya dəvət etdilər. Mən də onların təklifini qəbul etdim. 1958-ci Dövlət Televiziyasının Xalq Çalğı Alətləri Orkestrində solist kimi işə başladım. Bir il sonra Moskvada keçirilən Azərbaycan ongünlüyündə iştirak etdim. Dekadanın açılışı mənim solo ifamda "Bayatı-Şiraz" muğamı ilə başladı. Dekadadan sonra Ali Sovetin Fəxri Fərmanı ilə təltif olundum.

Ailə qurandan sonra da orkestrdə fəaliyyətimi davam etdirirdim. 1963-cü ildə incəsənət ustalarının Bolqarıstan şəhərində keçirilən bir aylıq solo konsertində iştirak elədim. Müslüm Maqomayev, Sara Qədimova, Habil Əliyev, Lütfiyar İmanov, Sona Aslanova kimi tanınmış sənətkarlarla birlikdə mən də səhnəyə çıxdım. Qayıdandan sonra Filarmoniyanın solisti kimi fəaliyyətə başladım. Eyni zamanda, İncəsənət İnstitutunun teatrşünaslıq şöbəsində oxuyurdum. Aydın Qaradağlı, Lütfiyar İmanov da mənimlə oxuyurdular. 1964-cü ildə Moskvanın Kreml Sarayında bəstəkar Zakir Bağırovun "2 arfa üçün" əsərini çaldım. Bu ifam Moskva arfa ustalarının çox xoşuna gəldi və Zakir Bağırovdan bu əsəri 4 arfa üçün yazmasını xahiş etdilər. Bir il sonra Moldovada keçirilən ongünlükdə də görkəmli sənətkarlarla bir yerdə solo ifamla çıxış eləmişəm. Eləcə də Kiyevdə keçirilən bir aylıq konsertdə solo ifam böyük rəğbətlə qarşılandı.

Yaxşı bir alətimin olmasını həmişə arzulayırdım. Bu barədə maestro Niyazidən də xahiş eləmişdim ki, mənə yaxşı bir alət tapsınlar. Türkiyədə radio vasitəsilə konsert verəndən sonra İstanbul radiosunun solisti Sumar məni dəvət elədi. İfamdan o qədər xoşlandı ki, çalandan sonra bir neçə türk musiqilərinin notları ilə birlikdə öz sədəfli alətini mənə bağışladı.

- Yəqin xarici ölkələrə səfərlər zamanı unudulmayan xatirələriniz çox olub.

- O səfərlərin hər biri xatirələrlə doludur. 1957-ci ildə Moskvada dünya festivalında iştirak edərkən Rac Kapurla görüşdüm. Belə bir sənətkarla görüşəcəyim heç vaxt ağlıma gəlməzdi. Böyük aktyorun ailəsi ilə şəkil çəkdirdim. O, mənim əlimi öpdü. Həmin görüşün xatirəsi mənim üçün unudulmazdır.

- Əhməd Bakıxanovun ansamblında nə vaxtdan çalışmağa başladınız?

- 1965-ci ildə Əhməd müəllim məni öz ansamblına dəvət elədi. Əhməd müəllim rəhmətə gedənə kimi onun ansamblında çalışmışam. Bütün müğənniləri həmin ansamblda müşayiət etmişəm. Ələkbər Tağıyevin xahişi ilə ilk çəkiliş olanda Zeynəb Xanlarova üçün çalmışam. İslam Rzayev, Əlibaba Məmmədov, Rübabə Muradova, Nəzakət Məmmədova, Şövkət Ələkbərova, Sara Qədimova kimi müğənnilər mənim müşayiətimlə oxuyublar. Demək olar ki, bəstəkarların hamısı ilə işləmişəm.

- O dövrün musiqi ab-havası necə qalıb yadınızda?

- Tamam başqa idi. Bir musiqini efirə buraxmaq üçün bədii şura yığışıb qulaq asırdı. Baxmayaraq ki, mənim muğamlardan ibarət valım çıxmışdı, yenə qulaq asırdılar. Hamımız da canlı çalırdıq. İndi hər şey dəyişib. Nə əvvəlki komissiya üzvləri var, nə də keyfiyyət. Biz çox çətin şəraitdə çalmışıq. Elə vaxt olub ki, konsert zamanı işıqlar sönüb, amma mən çalmışam. Elə vaxt olub ki, qar yağıb, mən qolu qısa paltarda səhnəyə çıxmışam. Mərkəzi Komitənin tapşırığı ilə ucqarlara konsert verməyə gedirdik. Biz səhnəyə məsuliyyətlə çıxırdıq. İndi tələbə dərsə gələndə gah notu olmur, gah aləti. Tələbələr diplom xatirinə oxuyurlar.

- Kanon sırf Azərbaycan musiqi alətidir?

- Kanon Nizaminin, Füzulinin əsərində təsvir olunub. Klassik irsdə alətlərin bəhsində "sən qədər bəxtəvərsən ki, öz sevdiyin adamın qucağında uzanmısan" - deyə kanonu təsvir ediblər. Bu alətin tarixi naməlumdur. O vaxt sərhədlər açıq olanda get-gəl çox olurmuş. Ona görə hansı ölkədən gətirildiyi dəqiq bilinmir. Ermənilər özləri üçün götürüb çalıblar. İrəvanda kanon çalmaq üzrə 3-cü tələbə mən olmuşam.

- Siz Azərbaycana gələndə burada kanonu kim çalırdı?

- Heç kəs çala bilmirdi. Azərbaycanda da ilk kanonçalan mən olmuşam. O vaxt qəzetlərdə bu başlıqla yazılar da gedirdi. Mən radioda, televiziyada, dövlət konsertlərində solo çalırdım. Elə bir konsert olmayıb ki, orada iştirak etməyim.

- Kanonun ilk ifaçısı kimi bu alətin ölkəmizdə inkişafından ötrü hansı işləri görmüsünüz?

- 1965-ci ildə A.Zeynallı adına musiqi məktəbində ilk dəfə kanon sinfini açaraq orda dərs demişəm. 1985-ci ildə isə Konservatoriyada bu şöbəni açdım. Kanon üçün 250-yə qədər əsər işləmişəm. Kanona həsr olunan 3 broşüram var. Dərs dediyim məktəblərdə tələbələrim yetişib. İndi onlar musiqi kollecində, konservatoriyada dərs verirlər.

- Kanon ifaçılığının bugünkü inkişafından necə, razısınızmı?

- İndiyə qədər çox uşaqları müsabiqələrdən keçirmişəm. Hamısı da əla qiymət alıb. Ancaq heç biri çıxıb solo çalmır. Bu məktəb üçündür? Burdan solistlər çıxmalıdır ki, qabaqkı kimi konsertlərdə solo ifa eləsinlər. İndi belə şey yoxdur. Hamı qurtarıb müəllim işləyir. İfaçılıq inkişaf eləmir. Mən solo çalanda Cahangir Cahangirov, Fikrət Əmirov, Rauf Hacıyev kimi görkəmli bəstəkarlar qulaq asırdı. Rauf Hacıyev məni filmlərin musiqisi üçün çalmağa dəvət elədi. Kinolar üçün çalmışam. Polad Bülbüloğlu "Babək" filmi üçün məni "Mosfilm"ə çağırdı. Gedib orda çalmışam. İndiki tələbələr isə bu aləti inkişaf etdirmir. Klassik əsərlər var, ancaq ifa edən yoxdur.

- Bu gün pedaqoyi işlə məşğulsunuz?

- Ailə vəziyyətinə görə, 2000-ci ildə pedaqoyi fəaliyyətdən uzaqlaşdım. Ailənin bütün yükü üstümdə olub. Çox vaxt dərsləri evdə keçirdim. Həyat yoldaşım 10 il iflic yatdı, onun qayğısına qaldım. Cürbəcür zərbələrə dözə-dözə yaşamışam. Övladlarım da musiqi ilə məşğuldurlar. Həyat yoldaşım Dövlət Sirkinin baş reyissoru olub. Böyük oğlumun akrobat nömrəsi vardı. O, rəhmətə getdi. O biri üç övladım da incəsənət sahəsindədir.

- Səhnədə neçə il çalışdınız?

- 45 il səhnədə olmuşam. Ondan əlavə, məktəblər üzrə komissiyanın üzvü kimi çalışmışam.

- Sonuncu dəfə konsert verəndə səhnədən ayrılacağınızı bilirdiniz?

- Yox, heç vaxt bu barədə fikirləşməmişdim. İndiyə kimi alətim açıqdır, futlyara qoyulmayıb. Ailəmizdə baş verən hadisələrə görə, alətə yaxın düşmürdüm. Demək olar, 30 ildir ki, alətə yaxın düşmürəm. Sadəcə, bir yerə çağıranda məcbur olub gedirəm.

- Səhnə üçün darıxırsınız?

- Çox... Elə-belə sənətkar olsaydım, bəlkə də darıxmazdım. Ömrümün 45 ilini səhnəyə həsr eləmişəm. Necə darıxmaya bilərəm?! Ancaq qiymətimi lazımınca vermədilər.

Belə diqqətsizliyi görüncə məndə ruh düşkünlüyü yaranıb. Əziyyət çəkməyən sənətçilərə qiymət verilir. Kim ki, sənətdə can qoyub, onu layiqincə qiymətləndirmirlər. Gedib kimin qapısında durub yalvarmalıyam ki, mənə fəxri ad və ya təqaüd verin. Bunu özləri başa düşməlidir.

 

Kaspi.- 2007.- 15 noyabr.- S. 16.