Oralarda kimlər var:
BÖYÜKXAN BAĞIRLI-2
Ədəbiyyatımızın
və sənətimizin böyük bir qolunu təşkil edən
Bakıdan,yəni mərkəzdən uzaqlarda yaşayan
yaradıcı qüvvələrə adətən ƏYALƏTDƏKİ
YARADICILAR adı verilmiş.Təbii ki, mərkəzdən
uzaqda olan bu yaradıcılar Yazıçılar Birliyinin
indiki məqamında böyük bir qüvvədilər və
buna görə də bu Birliyin filialları deyə bir termin də
var və onlar bu filiallarda birləşirlər.İndiki
kommunikasiya dövründə artıq bu termin öz əhəmiyyətini
itirmiş kimidir və internet dünyası o filialların
yaradıcılarını və günlük qəzet
yazarlarını daha yaxına çəkib gətirmişdir.İnternet-sorğu
deyilən bir termin yaranıb ki, bu uzaqlığı çox
yaxınlaşdırıb. Həmin sıradan bu günkü
qonağımız yazar Böyükxan
Bağırlıdır.Bəyəfəndiylə söhbətimiz
Özü və Ədəbiyyat haqqındadır.
–Keçənlərdə sənin
“Ulduz” jurnalında bir hekayən çıxmışdı və
orada yekə- yekə yazmışdılar ƏYALƏT- CƏLİLABAD.Nə
deməkdi bu? Boynuna bir minnətmi qoyurlar. Sən bilən nə
deməkdi bu əyalət yazıçısı?
–Dediyin o hekayə “Ulduz “
jurnalının onuncu sayında dərc olunub. Soruşa bilərsən:
Bəs niyə “Ulduz”da? Bu, qəlbimdəki nostalji bir hiss,
duyğuyla bağlıdı. Mənim ilk ədəbi
yazım-“Qonşular”sərlövhəli şeirim unudulmaz
şairimiz Məmməd Arazın xeyir-duasıyla 1968-ci ildə
“Ulduz” jurnalının üçüncü sayında dərc
olunmuşdu. Gənclik illərimdə hər bir sayını
oxuyub, yatandan sonra başımın altına qoyduğum “Ulduz”
bu gün də mənimçün doğmadır, əzizdir.
Jurnalın saylarını diqqətlə izləyirəm. Gənc
həmkarlarımın uğurlu axtarışları, həqiqi,
istedadın bəhrəsi olan yazıları məni sevindirir və
mən bu yazılara istinadən ədəbiyyatımızın
sabahına çox nikbin baxıram. “Ulduz”da dərc olunan “Tələ”
adlı hekayəmə gəldikdə, bunu deyə bilərəm
ki, müəllif kimi mənimçün əsas onun “Əyalət”
və qeyri hər hansı bir rubrika altında verilməsindən
asılı olmayaraq, çap edilməsidi, oxucuya
çatdırılmasıdı. Bu işi də, sağ
olsunlar, “Ulduz”un redaktoru və şöbə müdiri
görüblər. Mən o hekayəni yazmaqla əslində
azarımı öldürmüşəm. Yaxından
tanıdığım, hər gün təmasda olduğum bu
tipləri “Ulduz”un oxucularına göstərmək istəmişəm.
Qaldı ki, yazıçının əyalətdə, yaxud mərkəzdə
yaşamasına, məncə, bunun məsələyə nə
dəxli var?! Harda və necə yaşamasından asılı
olmayaraq yazar elə yazardı. Yox, söhbət onun ədəbi
məhsulunun keyfiyyətindən gedirsə, bu ayrı məsələdi.
Məsələn indiyə kimi “Ədəbiyyat”qəzeti mənim
xeyli hekayəmi dərc eləyib. Amma heç birinin
üstündə “Əyalət”sözü yazılmayıb.
Heç “525-ci qəzet”in 8 dekabr tarixli (2010-cu il) sayında dərc
olunmuş hekayəmin üstündə də “Əyalət”sözünü
görmədim. Yazsaydılar da, yenə deyirəm, mən inciməzdim.
Mənimçün əsas azarımın öldürülməsidir.
Mənim elə bir iddiam yoxdu, redaksiyaları heç narahat etməyə
də bilərəm. Mənimçün əsas məsələ
yazı yazmaqdır, ürəyimi boşaltmaqdı. Olmasın
bir parça kağız, yaxud qəzet, jurnal səhifəsi,
yeri düşəndə arada bəzən ürəyimi,
yaşıl yarpaqlara, səmada üzən aya, ulduzlara
boşaldıram. Kağız-qələm tapmayanda
ağzımı quyuya tutub :“İskəndərin buynuzu
var-buynuzu...” deyir və cəmiyyət qarşısında
öz mənəvi borcumu yerinə yetirdiyimə görə mənən
özümü bir az rahat hiss edirəm.
–Bir yazar olaraq sənin
yazılarında çox gözəl bir kolorit duyulmaqdadı
və bilirəm ki, sən bu şəhərlə də
çox bağlısan.Ancaq bütün hekayələrində
cənuba bağlılıq və cənub aksenti çox
seçilir.Sizin tərəflərdən olan neçə-neçə
yazarda bunu hiss etmək çox çətindi.Heç
uzağa getməyək: çox istedadlı şair və
yazar Aqşin Yenisey... bax ha... təxəllüsə bax...
YENİSEY. Məsələn Sergey Yesenin yada düşür.Və
onun yazılarında həmişə bir intelektullıq
özünü biruzə verir və bunu onun yazarlar haqqında
yazılarında da görmək mümkündü. Məsələn,
yazar Kamal Abdulla haqqında yazısı məhz bu əynəmdə
yazılmış bir yazı idi.Sən bilən
intellektuallıq yazara haracan lazımdı. Və ya zorla
intellektuallıq haqqında fikriniz nədir?
–Yazılarımda dediyin o,
koloriti ilk dəfə ustad yazıçımız Sabir Əhmədli
duymuşdu. Hekayələrimi oxuduqca altdan-altdan
qımışdığını görmüşəm,
bir çox gənc yazarların yazılarını bəyənməyərək
üstlərinə atan, ümumiyyətlə, rəhbərlik
etdiyi nəsr şöbəsinnən yazı keçirmək
çox müşgül məsələ olan Sabir Əhmədlinin
“Ədəbiyyat”qəzetində hekayələrimə səxavətlə
yer ayırması, bəlkə də, o koloritlə
bağlıdır.
– Sizinlə razıyam amma bu
da var ki,şərti olaraq deyə bilərik ki, cənub ləhcəsi
yazılarınızda açıq-aydın görünməkdədi...
–Bildiyin kimi, mən Cənub bölgəsində,
bir vaxtlar yaşadığın Pokrovka kəndi ilə
qonşu olan Alar kəndində doğulub boya-başa
çatmışam. Bizim alarlıların, yaşlı nəslin
dediyinə görə, kökü Altaylara, Sibir çöllərinə,
daha sonra Cənubi Azərbaycanın Urmiya gölü ətrafına,
Şahdağı mahalına, Ərdəbil dövrəsinə
gedib çıxır. Düzünü Allah bilir. Ana tərəfdən
isə, Cənubi Azərbaycanın Ərşə mahalıyla
bağlılığımız var. Bizim evdə, kəndimizdə,
demək olar ki, bütün rayonumuzda, eləcə də,
qonşu Yardımlı rayonunun kəndlərində də
hamı Cənubun Ərdəbil dövrəsinin ləhcəsində
danışır. Sərhədlər açılanda, bir
neçə dəfə yolum İrana
düşmüşdü. Gedib gördüm ki, Ərdəbildən
tutmuş ta Təbrizəcən hamı bizim ləhcədə
danışır. Odur ki, orda darıxmadım,
özümü onlardan biri hesab etdim. Adamlara
qaynayıb-qarışdım. Yadımdadı, bir dəfə
mən, birinci kursda tarix dərsində çıxış
edərkən qeyri ixtiyari olaraq Cənub ləhcəsində
ağzımdan sözlər çıxdı. “Ir”, “ir”,
“r” xəbər şəkilçilərini
“ey” sonluğuyla əvəzlədim. Bir də gördüm ki,
hamı mənə baxır və qımışır.
AZƏRBAYCAN TARİXİNDƏN BİZƏ
MÜHAZİRƏ OXUYAN RƏHMƏTLİK LƏTİF ƏSGƏROV MƏNİM
SIXILDIĞIMI GÖRÜB DEDİ:
Siz bu oğlana gülməyin,
o özüylə birlikdə auditoriyamıza Cənub
ab-havasını gətirib. Sizin hər birinizin mənsub
olduğunuz bölgənin ləhcəsində,
uzaqbaşı, bir-iki milyona yaxın adam danışır,
amma bu oğlanın ləhcəsində ən azı on
milyondan çox Azərbaycan türkü bir-biriylə kəlmə
kəsir, ünsiyyətdə olur...” Sonra Lətif müəllim
əlavə elədi ki, xalqımızın ən gözəl
ədəbi abidələrindən biri olan “Heydər babaya
salam” əsəri Cənub ləhcəsində yazılıb.
“Kitabi-Dədə Qorqud” dastanları da Təbriz
aşıqlarının dilindən yazıya alınıb.
“Koroğlu”eposu da həmçinin.Cavandım. Bu sözlərdən
sonra qoltuğum şişdi. Bir az da məşhurlaşdım.
Yaşa dolduqca hiss etdim ki, dil baxımından, Cənub
bölgəsində böyük bir xəzinə var. Bu xəzinənin
qapılarını açmağa xiridar gərək. Ləhcəyə
gəldikdə isə, o, hər hansı bir bədii əsərdəki
surətlərin dilində, özü də zəruri hallarda
özünü göstərə bilər. Bir şərtlə,
dilimizin ədəbi qanun və normalarına ziyan vurmadan.
Koloritə gəldikdə isə o, yazının ruhunda,
canında və qanında olmalıdı. İsa Hüseynovun
“Kollu koxa” povestində, İlyas Əfəndiyevin
“Körpüsalanlar” əsərində, Sabir Əhmədlinin
“Yamacda nişanə” kitabında olduğu kimi. Bu barədə
çoxlu misallar çəkmək olar. Amma bununla belə,
dilimizdə lüğət kitablarına, sözlüklərə
düşməyən xalqın gündəlik həyatında
gen-bol istifadə etdiyi nə qədər canlı sözlər,
gözəl ifadələr var. Onlar nə üçün ədəbiyyatımıza
gətirilməsin? Yeri gələndə, dilimizin ədəbi
normaları dediyimiz çərçivəni sındırmaq
olar – lüğət fondumuzun zənginləşdirilməsi
naminə. Bu çərçivələr, qəfəslər
giriftarı olmaqdan qurtulmaq gərək.
NECƏ Kİ, NƏSİMİ DEYİRDİ:
“...Sındır qəfəsi,
tazə gülüstan tələb eylə”.
Əgər Puşkin, Qoqol,
Turgenev və digər rus klassikləri ədəbiyyata yeni
sözlər gətirməsəydilər, görün rus ədəbiyyatı
nə qədər kasıb görünərdi. Mən
böyük söz ustadımız Rəsul Rzanın
“Qızıl gül olmayaydı”, Səməd Vurğunun
“Muğan”, “Aygün”, Nəbi Xəzrinin “Günəşin
bacısı”, Bəxtiyar Vahabzadənin “Etiraf”, “Muğam”, Əli
Kərimin “İlk simfoniya”, İsa İsmayılzadənin
“Böyüdülmüş şəkillər”
poemalarını, böyük şairimiz Məmməd
Arazın təbiət mövzusunda yazdığı şeirləri,
eləcə də Vaqif Bayatlının “Qonşu toyuna oynayan
uşaq” şerini, Anarın “Dantenin yubileyi” povestini,
“Yaxşı padşahın nağılı” hekayəsini, Bayram
Bayramovun “Karvanyolu”, İsmayıl Şıxlının “Dəli
kür”, Sabir Əhmədlinin “Gülmalı kişinin
axırı”, İlyas Əfəndiyevin “Geriyə boylanma,
qoca”, Elçinin “Ölüm hökmü” romanlarını, Əkrəm
Əylislinin “Kür qırağının meşələri”,
Mövlud Süleymanlının “Dəyirman” povestlərini
dönə-dönə oxumaqdan doymuram. Ona görə ki, bu əsərlərdə
xalqımın ruhu, ürəyinin
çırpıntıları, dilinin dadı-tamı var. Bu əsərlərin
müəlliflərinin imzalarını gizlətsən,
göstərməsən, yaxud sürətlərin
adlarını digər millətlərin adlarıyla əvəzləsən
də, mətnlərin koloritindən bilinəcək ki, bu
yazılar məhz Azərbaycan xalqına, Azərbaycan təfəkkürünə
məxsusdur. Əlbətdə, bu sözləri kitablardan, yaxud
ədəbiyyatdan ədəbiyyata gələn intellekt
“Dibçək güllərinin” – özlərini super yazar kimi
təqdim edənlərin, savad gücünə
quraşdırıb-uydurduqları və pişik alması kimi
müxtəlif nəşrlərdə tez-tez oxucuların
qabağına çıxıb, onların ovqatını təlx
eyləyən əndərəbadi sicilləmələrinə
aid etmək olmaz. “Bu dibçək güllərinin”
yazılarına nə qədər intellekt enerjisi yüklənsə
də, xalqın ovqatını əks etdirən bədii
söz baxımından müqayisədə onlar dərman və
rayondaki kalorili yem gücünə çəki artımı
verən, günəşin altında gəzişib
yaşıl otlarla qidalanmayan dadsız-tamsız yekrəng
fabrik toyuq-cücələrinə bənzəyir. Müqayisə,
bir az kobud çıxsa da, bu həyat həqiqətidir.
İş onda mütəqəlqəl olur ki, bu intellekt-yazarlar
vəzifə, mənsəb sahibi olalar. Belələrinin
dövrəsində fırlananlar başlayırlar onların
ora-burasına xına yaxmağa. Bir deyən də yoxdur ki, ay
qardaş, həvəsdi, bəsdi. Ayıbdı axı, bu
adamlar nə Çexovdu, nə Mirzə Cəlil, nə Çəmənzəminlidir,
nə də Ənvər Məmmədxanlı. “
(Davam edəcək)
NOT: Soyaddakı dəyişiklik yazıçının arzusu ilə olmuşdur
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 9 aprel.- S.26-27.