ARZUNUN NAĞILI

 

“Nağıllar” silsiləsindən

 

Gənc bir oğlanla gənc və gözəl bir qız bir-birlərini sevirdilər və budaqların pöhrə bağladığı bir yaz günü onlar toy edib, evləndilər, gələn yazda isə günlərin bir gözəl günündə onların ilk övladı – bir oğlan dünyaya gəldi. Gənc ata ilə ana gələcəklə bağlı böyük arzularının şərəfinə o oğlanın adını Arzu qoydular və bəlkə elə birinci səhvi də onda etdilər...

Arzu böyüdükcə onun kiçik qardaşları, bacıları dünyaya gəldi və bu çoxuşaqlı ailədə Ata hər gün səhər tezdən durub, işə gedirdi, ana evi yığışdırırdı, uşaqların paltarlarını yuyurdu, xörək bişirirdi, uşaqları çimizdirirdi, hərdən vaxt tapanda özü də çimirdi, gecə düşəndə Ata işdən qayıdırdı, arvadı qabağına nə qoyurdusa, onu yeyirdi, yatırdı, yenə də səhər tezdən durub işə gedirdi.

 Arzu yeddi yaşında məktəbə getdi və üçüncü sinifdə oxuyanda bir gün müəllim onlara ev tapşırığı verdi: hər şagird öz adının mənasını və bu məna ilə bağlı fikirlərini yazmalı idi. Arzu öz adının mənasını təxminən bilirdi, bəlkə də, sadəcə, təhtəlşüur hiss edirdi, amma ev tapşırığı dəqiq olsun deyə, adının mənasını anasından da soruşdu. Ana mətbəxdə çirkli qabları yuyurdu, Arzunun sualını eşidəndə, əvvəlcə, deyəsən, bu sual onun üçün gözlənilməz oldu, başını geri çevirərək iri qara gözləri ilə Arzuya baxıb:

– A-a-a...- dedi, sonra gülümsəyib həmin sualı təzədən təkrar etdi:

– Arzunun mənası? Arzunun mənası... yəni... arzu də, arzu!..

 – Sonra Ananın iri qara gözləri Arzunun başının üstündən harasa naməlum bir nöqtəyə baxdı:

 – Arzu...

 – Yenə bir müddət eləcə, o naməlum nöqtəyə baxdı və nəhayət, dedi:

 – Arzu... yəni ki, gələcəkdə olacaq gözəl şeylər barədə fikirləşmək...

Arzu soruşdu:

– Ancaq sonra o şeylər olmur? Ana çiyinlərini çəkdi:

– Niyə?..

Bəzisi olmur, ancaq bəzisi də olur...

Arzu ev tapşırığında bu sözləri yazdı:

“Mənim adımın mənası gələcəkdə olacaq gözəl şeylər barədə fikirləşməkdir. O gözəl şeylərin bəzisi olmur, ancaq bəzisi də olur.”

 Uşaqlar böyüdükcə bir-bir məktəbə gedirdilər və Ata yenə də hər gün səhər tezdən durub, işə yollanırdı, sonra uşaqlar dərsə gedirdi və Arzu bilirdi ki, o, dərsdə olduğu vaxt Ana evi yığışdırır, uşaqların paltarlarını və çirkli qabları yuyur, xörək bişirir, hələ məktəbə getməyən kiçik uşaqları çimizdirir, hərdən vaxt tapanda özü də çimir. Sonra uşaqlar bir-bir dərsə getdiyi kimi, bir-bir də dərsdən qayıdırdı, gecə düşəndə isə, Ata işdən gəlirdi, arvadı qabağına nə qoyurdusa, onu yeyirdi, yatırdı, səhər durub yenə işə yollanırdı, sonra da uşaqlar güc-bəla ilə yuxudan oyanıb yenə bir-bir məktəbə gedirdi.

 Arzugilin həyətində hündür, qollu-budaqlı bir qoz ağacı var idi və məhəllənin uşaqları, o cümlədən də Arzunun kiçik qardaşları səs-küylə o qoz ağacına dırmaşıb, oynaşırdı. Arzu o qoz ağacı ilə üzbəüz köhnə skamyada oturub, ağaca dırmaşmış uşaqlara baxırdı, sonra gözlərini uşaqlardan çəkib, budaqdan budağa adlayan nəzərləri ilə ağacın təpəsinə, oradan da göyə baxırdı və o vaxtlar ki, göyün üzü tərtəmiz olurdu, Arzu uzun müddət gözlərini göydən çəkə bilmirdi.

Bir gün uşaqlar yenə o qoca qoz ağacına dırmaşanda və Arzu yenə də uşaqlara yox, ağacın təpəsinə baxanda, onun özündən yaşyarım kiçik qardaşı soruşdu: – Sən nə üçün heç vaxt bizimlə birlikdə bu ağaca çıxmırsan? Amma Arzunun cavabından qardaşı bir şey başa düşmədi, bilmədi Arzu zarafat edir, ya onu ələ salır? Arzu çox fikirli idi və eləcə fikirli-fikirli də dedi: – Mən o ağacdan yerə qayıtmaq istəmirəm...- Sonra gözlərini qardaşından çəkib, yenə o qoca qoz ağacının başına, oradan da həmin gün tərtəmiz olan göyə baxdı.- Mən istəyirəm o ağacın başından göyə uçum!..

 Onda Arzu altıncı sinifdə oxuyurdu və elə həmin gündən də Arzu məktəbə gedəndə, evə qayıdanda rastına düşdüyü taxta, kardon parçalarından, evlərindən bir az aralıdakı bazarda meyvə satanların boşaldıb atdıqları yeşiklərin arasından nə lazım bilirdisə, seçib götürürdü və bütün bu ləvazimatlardan nəsə kəsirdi, nəsə hazırlayırdı, nələrisə məftillə, kəndirlə, ordan-burdan əldə etdiyi dülgər yapışqanı ilə bir-birinə bağlayırdı, yapışdırırdı – Arzu uçmaq üçün özünə qoşa qanad düzəltməyə başladı. Ancaq aylar bir-birini əvəz edirdi, o qoşa qanad isə Arzunun istədiyi kimi olmurdu, dünən düzəltdiyini gecə fikirləşib, səhərisi günü sökürdü, təzədən düzəldirdi. Beləcə, vaxt ötürdü...

 Məhəllənin bütün uşaqları bilirdi ki, Arzu uçmaq üçün özünə qoşa qanad düzəldir və əvvəlcə buna lağ edirdilər, sonra yavaş-yavaş o lağ marağa çevrildi, sonra isə, vaxt ötdükcə, o maraq da yarandığı kimi söndü: Arzunun özünə qoşa qanad düzəltməyi uşaqların gündəlik həyatının adi və maraqsız bir hissəsinə çevrildi.

 Arzu böyümüşdü, qədd-qamətli, boy-buxunlu bir oğlan olmuşdu və Ana deyirdi:

– Yekə oğlan olmusan, amma yenə də, elə bil, balaca uşaqsan, özünə qanad düzəldirsən!..

 Arzu bir söz demirdi və düzəltdiyi, ancaq heç vəchlə qurtara bilmədiyi, hər gecə fikirləşib, hansı hissələrinisə təzədən düzəltdiyi o qoşa qanadı diqqətlə, hər hissəsini bir-bir nəzərdən keçirirdi, sonra eləcə bir diqqətlə də həyətdəki qoz ağacına baxırdı, sonra da gözlərini ağacın başından çəkib, göyə zilləyirdi, elə bil ki, baxışları ilə ancaq özünə məlum olan məsafələri ölçürdü, hansısa rəqəmləri, parametrləri hesablayırdı.

Arzu doqquzuncu sinifdə oxuyanda, nəhayət, elə bir gün gəlib çıxdı ki, düzəltdiyi taxta-karton qoşa qanad onun istədiyi kimi oldu, daha heç bir əlavəyə ehtiyac yox idi və həmin gün Arzunun məktəbdən qayıdandan sonra qoz ağacına çıxıb uçacağını ilk olaraq kiçik qardaşı bildi və az qala ağlaya-ağlaya Arzuya yalvarmağa başladı: – Sən qozun başından yıxılıb öləcəksən! Eləmə!.. Ancaq Arzu tərtəmiz göy rəngində olan və həmin anlarda işım-işım işıldayan gözləri ilə qardaşına elə baxdı, elə bil, artıq göy üzündədir və oradan aşağı baxır, sonra da açıq-aşkar bir qürurla qoşa qanadı nəzərdən keçirib:

 – Qorxma,- dedi.- Sən mənə kömək edəcəksən!

 Sonra məhəllə uşaqları arasında ildırım sürəti ilə xəbər yayıldı ki, Arzu bu gün qoz ağacının başına dırmaşıb, oradan uçacaq və o günorta vaxtı ki, Arzu məktəbdən evə qayıtdı, sonra həyətə çıxıb köhnə damda saxladığı qoşa qanadı götürdü, artıq məhəllə uşaqları qoca qozun ətrafına toplaşmışdı. Arzu bir topa kəndiri qoluna keçirdi, qoşa qanadı qucağına alıb qoz ağacının altına gəldi, qanadları qardaşına verib: – Burda saxla!- dedi və özü ağaca dırmaşmağa başladı. Arzu elə cəld və ustalıqla budaqların arasından keçib ağaca dırmaşmağa başladı ki, əvvəlcə onu ələ salmağa, ona söz atmağa hazırlaşmış uşaqlar buna sidq-ürəkdən heyrət etdi, çünki tamam əmin idilər ki, ömründə bu ağaca çıxmayan Arzu heç yarıya qədər də dırmaşa bilməyəcək.

 Nəhayət, Arzu dırmaşıb qoca qoz ağacının başına çatdı və qoluna keçirdiyi kəndirin ucunu oradan aşağı ataraq qardaşına qışqırdı: – Bağla!..

Arzunun kiçik qardaşı içini çəkə-çəkə ağlayırdı və kəndirin ucunu heç vəchlə qoşa qanada bağlamaq istəmirdi, ancaq Arzunun səsində nə vardısa – illərdən sonra həmin kiçik qardaş fikirləşirdi ki, buna tilsimdən başqa bir ad qoymaq mümkün deyil!—qardaşı eləcə ağlaya-ağlaya kəndiri qoşa qanada bağladı və Arzu qoşa qanadı yuxarı çəkməyə başlayanda, qaçıb anasını çağırmaq istədi ki, Arzunu uçmağa qoymasın, çünki Arzu indicə o qoca qoz ağacının başından qopub, asfaltın üstünə düşəcəkdi, öləcəkdi; ancaq Arzunun kiçik qardaşı heç cürə yerindən tərpənə bilmədi – elə bu da tilsim kimi bir şey idi. lll Qoz ağacının altına toplaşaraq başlarını yuxarı qaldırıb qoz ağacının başında dayanmış Arzuya baxan məhəllə uşaqları da o dəm nə edəcəklərini bilmirdilər və tamam şaşırmış bir halda, təlaş içində çınqırıqlarını belə çəkmirdilər.

 Arzu o qoşa qanadı da ağacın budaqları arasından heç bir budağa ilişmədən məharətlə çəkib qaldırdı və kəndiri açıb yerə atdı, qoşa qanadı isə qollarına keçirtdi. lll O gün göy də, elə bil, Arzu ilə əlbir idi, günün birinci yarısında görünən adda-budda buludlar keçib getmişdi və göyün üzü tərtəmiz idi. lll Arzu şappıltıyla qanadlarını tərpətdi və bu zaman qoca qoz ağacının altında dayanıb gözlərini ona dikmiş kiçik qardaşı daha özünü saxlaya bilməyib, ağlaya-ağlaya:

 – Arzu!..- qışqırdı və elə o dəm də Arzu sürətlə qanadlarını şappıldada-şappıldada özünü ağacdan irəli atdı. Get-gedə daha da artan bir həyəcanla Arzuya baxan məhəllə uşaqlarının içindən ətrafa bir heyrət sədası yayıldı və on-on beş gün bütün Bakı sakinlərinin danışdığı, bütün Bakı sakinlərinin də inana bilmədiyi bir hadisə baş verdi: Arzu uçdu.

Arzu taxta-kardon qanadlarını var gücü ilə şappıldada-şappıldada əvvəlcə, elə bil, çox çətinlik çəkirdi ki, yerə düşməsin, göydə özünü saxlaya bilsin, ancaq bu uzun sürmədi, bir-neçə andan sonra Arzu bir quş yüngüllüyü ilə uçmağa başladı.

Arzu uçdu, uçdu və o tərtəmiz göydə bir nöqtəyə dönüb, sonra da yox oldu.

Arzu bir də geri qayıtmadı. Bir də heç kim Arzunu görmədi.

 Ana da, hər gün səhər tezdən işə gedən və gecə evə qayıdan Ata da, illər keçdikcə böyüyən qardaş və bacıları da Arzunu çox gözlədi, amma Arzu qayıtmadı.

 Hərdən göyün üzü tərtəmiz olanda kiçik qardaşı həyətə çıxıb, gözlərini göyə zilləyirdi, amma Arzu heç vaxt görünmürdü. Xeyli illər keçəndən sonra bir dəfə qoca Ana mətbəxdə bulaşıq qabları yuya-yuya solmuş qara gözlərini naməlum bir nöqtəyə zillədi və elə bil, öz-özü ilə danışırdı, dedi:

 – Arzu adının dalınca uçdu...

 

9 fevral 2010 Bakı.

 

 

Elçin

 

525-ci qəzet.- 2011.- 9 aprel.- S.26-27.