Daha dekabrda ölən olmayacaq,
yaxud 3-cü qapı
Allah, Allah,
Səndə nə
möcüzələr var,
Qardaşlarımın
beşi də
Dekabrda doğuldular,
Dekabrda öldülər.
Görəsən başqa
möcüzədə ola bilməzdimi?! Görəsən bu
şairin bütün şeirləri də dekabrda
yazılıb dekabrda ölürlərmiş, bizim hər nədən
xəbərimiz yoxmuş, olmaya?!
Nə bilim, nə deyim,
vallah, bu dünyada hər şey olur və hər nə desən
ola bilər. Necə ki, elə bil bütün
ağrı-acılar bizimkilərin alnına
yazılıbmış. Biz dekabrda doğulub dekabrda ölənləriymişik?!
İlahi, yaratdığın
Sir-sifətdə fərqə
bax.
Nə vaxt kişi sifəti,
Nə vaxt kişi qeyrəti
Bir-birini tapacaq?!
O vaxt ki, dekabrda doğulsun, o
vaxt ki, dekabrda ölsün, eləmi?!
Ancaq dekabrda doğulub,
dekabrda ölənlərin ruhu özündə yaşadan
şair ola bilər! Dekabrda oxuna bilməzdimi?! Yaxud niyə
hökmən dekabrda yazılmalı, dekabrda oxunmalıdır
ki?! Yaxud da bəlkə bizim dediyimiz bu insanların
hamısı bəlkə elə hamısı dekabrda
doğulub, dekabrda ölürlər...
Ancaq belə şairin
sözü, vəsiyyəti heç bir sözə, vəsiyyətə
bənzəməz və o şair ancaq belə deyə bilər:
Qəbrimi bu vətən
boyda qazın ki,
Dərdimin kəfəni vətən
boydadır!
Məhz belə bir şairin
gözü dekabrda doğulanların niyə dekabrda
öldüklərinin fərqinə varar, gözləri təkcə
Arazın bu tayındakı yaralı yurdlarımıza yox, həm
də o taydakı obalara, yurdlara, yollara, izlərə dikilər
və yenə də yalnız o, belə deyə bilər və
deyir:
Təbrizə çatmayan
şikəst yolları,
Doğrayın, qəbrimin
tökün üstünə!
Məhz belə şairin
şikəst adamı yox, şikəst yolu da görməyə
gözü olmaz! Necə ki, qədim spartalılar şikəst
doğulan uşağı aparıb qayadan atırdılar ki,
qurd-quşa yem olsun, ondan ölkəyə övlad (və gələcəkdə
əsgər) olmaz!
Belə şikəst yollara
baxanda təkcə şair yox, hamının halı-əhvalı
dəyişər...
Sərhəd dirəyinə
çırpıb başını,
Çığıra-çığıra
ölərlər yollar.
Şairin qeyrətini,
yolların qəhrəmanlığını görəndə
–
Dönüb ildırıma,
çaxıb, hey çaxıb,
Qılınc tariximiz
heç vaxt pas atmaz – sözünə heyranlıqla
baxırıq.
Necə ki, hər
qılınc pas atsa da, Misri qılınc pas atmayıb, pas
atmaz! Yeri gəlmişkən, biz indiyə qədər Misri qılıncdan
danışmışıq, Misri qələmdənsə yox.
Sən demə, Misri qələm də varmış. Bunu Xaqani
deyir, mən demirəm. Misri qılıncın da, Misri qələmin
də doğum tarixi dekabrmış. Ancaq bir şərtlə:
Ölüm tarixləri yoxdur! Olmayacaq da!
Çünki Misri
Qılıncın da, Misri qələmin də yerinə ölənlərimiz
var hələ! Öz canını Misri Qılıncın,
Misri Qələmin yolunda verən ərənlərimiz var hələ!
Yoxsa dekabrda doğulub,
dekabrda ölərdilərmi?! Və ölməyə də bilərdilərmi?!
Bu boyda dərdi hansı çiyinə qoysan sınardı,
hansı ata yükləsən yatardı, hansı dəvəyə
çatsan çökərdi?!
Keçmişdən
üzü bəri nənə-babalarımız qorxulu yuxunu
axar suya danışıb, deyiblər. Dərdini yaz
kağıza, at suya, padşaha gedib çatacaq. Ənvər Əhməd
də “Xudafərinin iş ərizəsi” şeirində həmin
köhnə, sınanılmış yolla gedir. Lakin bu dəfə
ərizəni adam deyil, bir körpü yazır – Xudafərin
körpüsü. Tarix səhnəsində bu qədim
körpü öz yerinin nə olduğunu bilmək istəyir.
Şair ona yol göstərir:
At ərizəni Araza,
Araz bilər ünvanı!
Yəni sənin dadına
yetsə, suya atdığın ərizə yetəcək. Ərizəni
hansı ünvana lazımdırsa oraya çatdıracaq:
Dekabrda yazmışdı
Xudafərin də yəqin ki, bu ərizəni?!
O ərizənin suya
atılmasından neçə dekabr keçib görəsən?..
Sular o ərizəni harda
atıb-oynadır indi?! Hər halda hələ ümid var.
Çünki ərizə suya atılıb! Çünki dekabrda
hər hansı bir kağızın ölüm-itim xəbəri
çıxmayıb hələ!
Özü də söhbət
o sulardan gedir ki, qanlı, bulanıq olması öz yerində.
Qorxusu bu deyil! Qorxusu odur ki, bu cür sularda şair demişkən,
“Zəmanənin əliylə axtalananda məslək”, “Bəlkə
balığı iştahla yeyir öz balasını”.
Oljas Süleymanovun şeirlərindən
birinin epiqrafında belə bir məqam var: “Afrikada ana qəbirlərinin
başdaşı üstündə açıla
qalmış əl şəkli həkk olunub”. Sən demə,
bunun mənası bu imiş.
Yumruğu düyülü
oğulları həlak olduqca ana əlləri onların
dalınca uzalı (asılı halda) qalırmış və
açıla əllər ana qəbirlərinin
başdaşı üzərinə gəlib
“çıxırmış”.
Yəni, əlimiz arxanca
uzalı qaldı” deməkmiş bu!
Ənvər Əhmədin əlləri
həmin əllərdən “duz-çörək” alıb
yeyibmiş.
Ona görə də
dekabrın sazağında kişilərin əlləri donsa
da, üşümür onun əlləri. O, deyir ki, bu əllərin
də doğum tarixi dekabrdır. Amma ölüm tarixi yoxdur (hələ
üşüməyi qalsın bir yana)...
Yaman döyünür əllərimin
“ürəyi”, – deyir. Ənvər Əhməd və bu, o əllərdir
ki, dekabrda ölən kişilərin qəbir daşı
üstə elə ürək kimi də həkk olub qalır.
Bu əllərin köməyi ilə “Türk qanlı köynək
kimi geyir əyninə yurdu”.
Uzana qalmış,
açılmış əl sinəli olan qəbir
daşları təkcə Afrikada deyil, əziz oxucular! O
daşlar Azərbaycanda, xüsusən Qarabağda da var. Ənvər
Əhmədin olmasının başdaşı üstündəsə
hökmən!
Hər adam baxıb görəmməz
onu! Necə ki, hər şair Ənvər Əhməd kimi “Qəbiristanlıq
yolunda səhərə kimi ağlayıb-ağlayıb kiriyən
gecə” deyəmməyib. Anasını ağlayanda
(oğulları dekabrda doğulub dekabrda ölən
anasını) fikirləşib ki, birdən göz yaşı
bəs etməz, payızları gözlərinə
köçürüb... Ənvər Əhməd!
Anasının izlərini gəzib
hər izdə, bir poemaya bərabər “Anamın izləri”
şeirində olduğu kimi. Gəlin o şeirlərdən bəzi
sətirləri bir də oxuyaq:
Minib qarğı atları,
yollar boyu çapardıq,
Palçıq üstə
anamın izlərini tapardıq.
Əyilib o izdəki göz
yaşı tək saf sudan,
İçərdik biz
doyuncan!
Şair bu sudan doyunca
içir ki, yanmış ürəyi sərinləsin. Doyunca
içir ki, hamı bilsin, hamı duysun, hamı dinsin, hamı
desin:
Götürün, yolları
üfüqdən asın,
Bir ana izi də
tapdalanmasın!
Nə gözəl arzu! Nə
gözəl istək! Bax, ana heykəlini belə qoyarlar, o heykəli
ürək kimi döyünən əlləri öz
başı üstünə bax, belə qaldırarlar! Bayraq
kimi...
... Anam ölərkən
üç dəfə “Ana!” deyərək öldü. Ənvər
Əhmədin “Ana! Ana! Ana!” şeirini oxuyanda duydum ki, mən də
onun qardaşlarından biriymişəm. Bizi bir ana
doğubmuş. Özü də nə Ənvərin, nə də
mənim doğum aylarımız məhz dekabr deyil.
Ənvər Əhmədin
şeirlərindən ruh işığı gəlir. Yanan
ürəyin, əlin, sözün, uzun yaşı olurmuş.
Bu təsadüf deyilmiş.
... Anası onu şeir
yazmağa qoymurmuş. Bir zənbil şeirini təndirə
atıb yandırıbmış. O yanan şeirlərin alovu Ənvərin
üzünü, gözünü, sözünü necə
qarsıdıbsa hələ də üzünün yox,
sözünün necə yanmağı yadından
çıxmır! Görən sözlərin də ahı olurmuş?!
Bəlkə dekabrda
atılıbmış o şeirlər ocağa? Bəlkə
elə onun üçün də bir ananın övladları
dekabrda çıxıb gediblər, dünyasını dəyişmişlər
kimi yox olublar. Gediblər Ənvərin şeirlərini geri
qaytarmağa! Öz ölümləri bahasına olsa da! Bu qəribə
deyilmi, hardan gəlib hara “daşar” ürəyim?
... Ənvərlə bizi
bir-birimizə bağlayan tellər çoxdu.
İkimiz də Tərəkəmə
oğluyuq. Boyat elindənik. İkimizin də həyatımızda
yanğın olub. Birimizin sözü yanıb, birimizin
özü, yəni mən!
...Uşaq vaxtı məni
yanğının əlindən alan anam bəlkə də
özümü yox, sözümü xilas edibmiş?!
Ənvər Əhmədin
özü də, sözü də, qəbri də, məhəbbəti
də, vətən eşq də, təbiət duyumları da,
el-oba, ehtiramı da yanğınlardan keçib. Hətta
“Atandan qorxulu idi o böyürtkən kolunuz” misrasındakı
səmimiliyin özü belə!
Hələ bu misraları
demirəm:
Gülüm,
qardaşının da xasyəti sərt olardı,
Sevgimiz el yanında çox
zaman pərt olardı.
Ə.Əhmədin “Dünya
əlimdən sürüşür” (Bakı, “Qarabağ”,
2007) kitabını oxuduqca gördüm ki, bu yaşı əbədi
yaşadı. Sönənə oxşamır. Küləyin
uğultusu qulaq batırır. Bu külək də biz deyən
küləklərdən deyil.
Görün ki, “küləyin
işığı” düşür gözümə. Küləyin
əlləri dəyir əlimə”. Qoy onda əssin belə
külək. İşığı var olsun, əlləri var
olsun.
O külək
yanğını şiddətləndirmək
üçün deyil. Öz ürəyinin
yanğısını şiddətləndirmək
üçün əsir.
... Təvəllüdünə
yaxşı baxın,
... Dekabrda ildönümü
olacaq.
... Bir kiçik daş
ömrü verilə bizə,
... Bir qaya ömrünü
başlamaq üçün! –
Deyən şair Ənvər
Əhməd ömrü, bütövlükdə həyatı,
sənəti qaya ömrü, daş ömrüdür. Vətən,
yurd dastanını o, buna görə yaza bilir!
Hərdən adama elə gəlir
ki, Ə.Əhməd bütün şeirlərini dekabrda
yazır. Fikrimə ən yaxşı sübut, şahid misal gətirəcəyim
misralardır:
Şeir yazıram yenə.
Soyuqlar da elə bil isinmək
istəyirlər
Qəlbimin istisinə!
Belə qəlbin istisinə
kim, nə isinmək istəməz ki?! Məhz belə qəlbdən.
Yaylımda çalınan
tütəyin səsi
Qayıdıb çəhlimlə
obaya gəlir.
Bu cür isti misraların, qəlbi
olan duyğuların sayını yetərincə artırmaq
olardı. Gəlin bir neçə beytə yenə birlikdə
nəzər salaq:
...Axşam qapımızdan başlanan
bir iz,
Səhər görürsən
ki, günəşə çatır!
... Torpağın arxası
dağlar, dərələr,
İnsanın arxası eldir-
obadır.
... Kaş insan ömrü də
çata biləydi,
Dərənin
yaşına-dağın yaşına!
Kaş hamı dekabrda
doğulaydı!
Kaş! Kaş! Kaş!
Kaş heç kim dekabrda
ölməyəydi
Kaş! Kaş! Kaş!
P.S. Möcüzəli
kişilər torpağımızda az olmayıb. Alı dədə
də belə bir kişiymiş. Ərəblər onu
öldürmək üçün qucağına bir quzu qoyub
təndirə atıb ağzını bağlayıblar. Səhər
açıb baxanda görürlər ki, kişinin quzu
qucağında bişib, özü sağ-salamatdır,
saqqalından buz salxımları sallanır...
... Ölümü
yaxınlaşanda Alı dədə atını minir,
oğluna deyir ki, at harda dayansa, orda basdırarsan məni. At
Tovuzun Ağdam kəndində, dağlar qoynunda ayaq saxlayır.
O buz kişi orda uyumaqdadır:
Bunları niyə
xatırlatdım ki?
Ə.Əhmədin “Tərəkəmə”
poemasının sonluğu məcbur elədi.
Baxın, elə bil, illər,
əsrlər, eralar geri qayıdır, hər şey təkrar
olunur.
Ürək həmin ürək,
Duyğu həmin duyğu,
Yolçu həmin
yolçu!
... Minib köhlən
atımı,
Çapdım,
çapdım, ha çapdım
Harda dayandı,
Orda yurdumu tapdım.
Tapdım, ulu babamın
Ulusu düşdü yada.
Çomağım
sancılmamış
Yer yoxumuş dünyada.
Nə gözəl, nə qədər
ülvi duyğulardır bunlar. Bunlar bir daha nəyi göstərir
Ənvər Əhmədin anadan atüstü
doğulmadığını, at üstə
doğulduğunu!
Ənvər Əhməd nə
olursa olsun, dekabrda gələcəyini bilmirdi.
Dekabrda doğulanlara son
duyğularımı.
P.S.S. Hər sönən həyat
– ölümün açıla qalmış
qapıçısıdır. Hər açıla
qalmış qapı (ən çox da dekabr küləklərini,
döyüb açdığı qapı) həyatın yeni
doğulmuşudur.
Bir küləyin
açdığı qapı var,
Bir ölümün
açdığı qapı var,
Bir şair əllərinin
açdığı qapı var...
Və nə yaxşı ki,
axırda hamı (lap dekabrda olsa belə!) şair əllərilə
açdığı qapıdan keçir!
Barat VÜSAL
525-ci qəzet.- 2011.- 12 aprel.- S.7.