“Naxçıvan möcüzəsi”

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı dövlət başçısının bu ilin əvvəlində imzaladığı sərəncamda bu ictimai-siyasi hadisənin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıdığı vurğulanıb. Bununla bərabər, müstəqillik illərində keçilən zəngin inkişaf yolunda qazanılan parlaq nailiyyətlərin təbliği başlıca vəzifə kimi qarşıya qoyulub. Çünki sosial-iqtisadi və mədəni həyatımızda qazanılan uğurların hər biri müstəqilliyimizin şirin bəhrəsi olub. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri də diqqəti cəlb edir.

Naxçıvanda ötən il elan olunan “Yeniləşmə ili” bir çox əlamətdar hadisələrlə yadda qaldı. Heç şübhəsiz, ötən ilin mühüm və yaddaqalan hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri oldu. Səfər zamanı dövlətimizin başçısı ümummilli liderimiz Heydər Əliyevin Kəngərli rayonunun mərkəzində ucaldılmış möhtəşəm abidəsinin, eləcə də bir sıra yeni istifadəyə verilən obyektlərin açılış mərasimlərində iştirak etdi. Bundan başqa, ötən il muxtar respublikada sosial-iqtisadi sahədə yeniləşmə və quruculuq tədbirlərinin daha da dərinləşməsi kimi də yadda qalacaq. Belə ki, effektiv islahatların xeyli sürətləndirildiyi dövrdə iqtisadi və sosial inkişaf üzrə yeni nəticələr təmin olundu, insanların həyat səviyyəsinin yüksəldilməsinə diqqət daha da artırıldı.

Ölkəmizin bütün regionlarının tarazlı inkişafına çalışan prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına da qayğı və diqqətini əsirgəmədi. Dövlətimizin başçısı muxtar respublikaya səfəri zamanı görülmüş işləri yüksək qiymətləndirdi: “Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir. Naxçıvan ən müasir şəhərə çevrilib. Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılıb, sosial obyektlərin tikintisi geniş vüsət alıb. Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir”. Həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də sənayenin üstün inkişafının təmin olunmasıdır. Belə ki muxtar respublikada yeni sənaye müəssisələrinin yaradılmasına və inkişafına xüsusi diqqət yetirilir. Daxili bazarın tələbatı ilə yanaşı, ixrac yönümlü məhsulların istehsalı artır. Əgər 1989-cu ilin əvvəlində muxtar respublikada 40 sənaye müəssisəsi mövcud idisə, 2011-ci ilin əvvəlinə bu müəssisələrin sayı 11 dəfə artaraq, 423-ə çatdı, 239 adda sənaye məhsulunun istehsalı təmin olundu. Görülmüş işlərin nəticəsində tarixən aqrar region kimi formalaşan muxtar respublika hazırda sənayenin üstün inkişafı təmin olunan regiona çevrildi. Ötən il əvvəlki ildəkindən 44 faiz çox olmaqla 318 milyon 565 min manatlıq sənaye məhsulunun istehsal olunması da diqqət çəkicidir. İstehsal olunan sənaye məhsulun 88 faizi özəl sektorun payına düşür... Ötən dövr ərzində dövlət dəstəyi ilə 78 istehsal və xidmət sahəsi fəaliyyətə başladı. Hazırda 32 layihə üzrə işlər davam etdirilir.

 Təbii ki, daxili bazarın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının dolğun ödənilməsində yerli istehsalın həcminin artırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün muxtar respublikada 108-i ərzaq və 184-ü qeyri-ərzaq olmaqla 292 növdə məhsul istehsal olunur. 247 növ məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu məhsullardan 89-u ərzaq, 158-i isə qeyri-ərzaq məhsullarıdır. Son dövrlər ərzində sahibkarlıq fəaliyyəti və ticarətin inkişafı üçün yaradılmış şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənərək, ilk dəfə olaraq xarici ticarət dövriyyəsində müsbət saldo yaranıb. Bu proses 2010-cu ildə də davam etdirilib. 211 milyon 714 min ABŞ dollarını ixrac, 46 milyon 219 min ABŞ dollarını isə idxal təşkil etməklə xarici ticarət dövriyyəsi 257 milyon 933 min ABŞ dollarına çatıb. İdxalın strukturundakı əsas dəyişiklik isə ərzaq məhsulları idxalının texnoloji avadanlıqlarla əvəz olunmasıdır. Yəni indiki halda xarici ölkələrdən ərzaq məhsulları alınıb gətirilmir. Müasir texnoloji avadanlıqlar hesabına isə əsasən yeni müəssisələr, istehsal sahələri yaradılır. İqtisadi inkişafda diqqəti cəlb edən əsas amillərdən biri də Ümumi Daxili Məhsulda tikinti-quraşdırma işlərinin xüsusi çəkisinin davamlı olaraq yüksəlməsidir. 2010-cu il ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala əvvəlki illə müqayisədə 22 faiz çox olmaqla 501 milyon manat həcmində investisiya yönəldilib. İstifadə olunan investisiyaların həcmində əvvəlki illə müqayisədə 22 faiz artım qeydə alınıb. İnvestisiyanın 443,4 milyon manatı, yaxud 88 faizi isə tikinti-quraşdırma işlərində istifadə olunub. İl ərzində tikinti və ya əsaslı təmirdən sonra 669 müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Dövlət idarəetməsinin səmərəli təşkili prosesinin ilkin mərhələsi üzrə mühüm element qismində inzibati binaların inşası və yenidən qurulması, iş yerlərinin erqonomik tələblər səviyyəsində təşkili ötən dövr ərzində də diqqət mərkəzində saxlanılıb. Bir il ərzində bu istiqamətdə 30 obyekt istifadəyə verilib. Hazırda 14 inzibati binanın inşası sürətlə davam etdirilir. İnzibati obyektlər arasında dörd və beş mərtəbəli binalar da az deyil. Naxçıvan şəhər məhkəməsi və şəhər vergilər idarəsi üçün inşa olunan obyektlər memarlıq üslubları ilə də seçiliblər. Məmləkətimizin başqa bölgələrindən fərqli olaraq muxtar respublikanın bir çox kənd yaşayış məskənlərində, daha doğrusu 3 qəsəbə və 52 kəndində ictimai mərkəz funksiyasını məzmun və mahiyyətcə yeni yaradılan “Kənd mərkəzləri” adlı obyektlər yerinə yetirməyə başlayıblar. Onlar kəndə yeni mədəniyyət gətirməklə bərabər adamların düşüncə və təfəkkürlərində də yeniliklər yaradıb. Müasir layihə əsasında inşa olunan, hər biri iki mərtəbədən artıq olan bu obyektlərdə kənddə fəaliyyət göstərən dövlət qurum və təşkilatları üçün normal iş şəraiti yaradılır, otaqlar lazımi avadanlıq və mebel dəstləri ilə təmin olunur. Ötən il daha 9 kənd mərkəzi istifadəyə verilib. Belə bir amili də xüsusi vurğulayaq ki, son dörd ildə muxtar respublikada 284 yaşayış binasında tikinti, yenidənqurma və bərpa işləri aparılıb, 301 yaşayış binasında istilik xətləri yeniləri ilə əvəzlənib, 35 lift quraşdırılıb. Bu faktın özü də müstəqillik dövrümüzdə ölkəmizdə insan amilinə göstərilən qayğının bəhrəsidir. Son illər Muxtar Respublikada aparılan quruculuq tədbirlərində məktəb tikintisi üstün yer tutur.

Əgər müstəqilliyimizin ilk on ili ərzində 36 yeni məktəb binası tikilmişdirsə, ondan sonrakı illərdə 68 min 374 şagirdlik 168 məktəb binası, 1398 yerlik 14 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar tədris müəssisəsi tikilib və ya yenidən qurulub. Ötən il daha 10 ümumtəhsil məktəbi istifadəyə verilib. Onlardan təkcə biri – 954 şagird yerlik 15 saylı orta məktəb binası muxtar respublikanın paytaxt şəhərinin payına düşüb. Digər məktəblər isə rayon mərkəzlərində və kənd yaşayış məskənlərində tikilib. Onlardan dördü yüz min nəfərdən artıq əhalisi olan Şərur rayonunda inşa olunub. Rayon mərkəzindəki 2 saylı 738 şagird yerlik orta məktəb binası isə əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Ötən ilin oktyabr ayında Şərur rayonun Yengicə və Maxta, Sədərək rayonunun Sədərək kənd orta məktəblərinin açılış mərasimlərində ölkə başçısı cənab İlham Əliyev iştirak edərək öz xeyir-duasını verib.

Dövlət başçımız bu təhsil müəssisələrində görülən işlərdən, yaradılan şəraitdən razı qaldığını bildirərək ölkəmizdə bu sahədə həyata keçirilən siyasətin məqsədini də açıqlayıb: “Bu gün Azərbaycanın bütün kəndlərində belə gözəl məktəblər tikilir. Bizim siyasətimiz məhz bundan ibarətdir ki, bütün yerlərdə, bütün bölgələrdə, ən ucqar kəndlərdə də ən müasir səviyyə, insanların yaşaması, işləməsi üçün bütün şərait yaradılmalıdır”. Cari ildə müasirtipli təhsil ocaqları sırasına daha on məktəb daxil olacaq. Ən iri təhsil ocağı Naxçıvan şəhərində 17 nömrəli məktəb uçun inşa olunan 864 şagird yerlik məktəb binası olacaq. Digər məktəblər kənd yaşayış məskənlərinin payına düşür. Culfada rayonun sərhəd və ucqar dağ kəndi olan və cəmi 61 şagirdin təhsil aldığı Nəhəcirdə yeni tipli təhsil ocağının inşa olunması da dövlətin bu sahəyə göstərdiyi yüksək qayğı və diqqətin parlaq təzahürünə çevrilib. Səhiyyə müəssisələrinin yenidən qurulması, onun maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanması da prioritet istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən dövlət siyasətinin başlıca məqsədi əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsinə yönəldilib.

Son illər aparılan genişmiqyaslı quruculuq tədbirləri sayəsində 42 xəstəxana, 51 həkim ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Hazırda regionun hər bir bölgəsində ən müasir tələblərə cavab verən mərkəzi xəstəxana binalarının tikintisi proqramı uğurla icra olunmaqdadır. Son dörd il ərzində Şərur, Culfa, Şahbuz, Kəngərli rayonlarının mərkəzlərində Avropa standartları əsasında dörd mərkəzi xəstəxana binası tikilib, Ordubad şəhərində isə beşmərtəbəli səhiyyə müəssisəsinin inşası surətlə davam etdirilir. Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Diaqnostika-Mualicə Mərkəzi və Naxçıvan şəhər Doğum Mərkəzi regionda analoqu olmayan tibb müəssisələri sırasına daxil olub.

Ötən il Naxçıvan şəhərində məhdud fiziki imkanlılar üçün regional-informasiya mərkəzi, psixi xəstəliklər dispanseri üçün 85 çarpayılıq yeni korpus, ağciyər xəstəlikləri dispanserinin bakterioloji laboratoriyası, sərhəd bölgəsi olan Sədərək rayon mərkəzi xəstəxanası üçün inşa olunan yeni bina da quruculuq ərməğanları sırasındadır.

Səhiyyə sahəsində aparılan quruculuq tədbirləri kənd yaşayış məskənlərini də əhatə edib. Şərur rayonunun Yengicə, Maxta, Kəngərli rayonunun Qarabağlar və Şahtaxtı kəndlərində ikimərtəbəli, müasirtipli həkim ambulatoriyaları, Təzəkənd və Yeni Kərki, Babək rayonunun Aşağı Uzunoba kəndində isə feldşer-mama məntəqələri tikilərək istifadəyə verilib. Müstəqillik dövrümüzdə mədəniyyət obyektlərinin inşası və ya əsaslı təmiri də davamlı xarakter alıb. Təkcə ötən il Naxçıvan şəhərində Dövlət Xalça Muzeyinin, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin, Sədərək rayonunun Heydərabad qəsəbəsində Tarix-Diyarşünaslıq Muzeyinin, Ordubad şəhərində M.S.Ordubadinin ev muzeyinin, Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər muzeyinin, Naxçıvan şəhərində Şəhidlər xiyabanının tikintisi və yenidən qurulması başa çatdırılıb.

Muxtar Respublikada ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi də hazırda xüsusi diqqət yetirilən sahələrdəndir. Bu istiqamətdə böyük layihələr həyata keçirilib. Əvvəllər elektrik enerjisinin böyük bir hissəsi qonşu ölkələrdən idxal edildiyi halda, bu gün muxtar respublikamız artıq elektrik enerjisi ixrac edən bir diyara çevrilib. Bunun nəticəsidir ki, yaradılmış elektrik stansiyaları daxili tələbatı artıqlanması ilə ödəyir. Əgər sovet dönəmində, daha doğrusu, 1988-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə mövcud idisə, hazırda bu müəssisələrin sayı 5-ə çatdırılıb. Ötən il istifadəyə verilən 20 meqavat gücündə olan Biləv Su Elektrik Stansiyası da Naxçıvan MR-də həyata keçirilən böyük infrastruktur layihələrindən biri olub. Regionda Ümumi Daxili Məhsul istehsalının orta hesabla üçdə bir hissəsi kənd təsərrüfatının payına düşür. Ötən il muxtar respublikada 247 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2009-cu illə müqayisədə 13 faiz çoxdur. 59 min 204 hektar sahədə əkin aparılıb ki, bu da 1988-ci ilin məhsulu üçün əkilmiş sahələrdən düz dörd dəfə çoxdur.

Taxıl anbarlarının, elevatorların inşası kənd təsərrüfatının inkişafı naminə aparılan infrastruktur quruculuğunun mühüm bir istiqamətidir. Bu zərurət nəzərə alınaraq 2009-cu ildə 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik Taxıl Ehtiyatı Anbarı yaradılıb. İstehsal olunan buğdanın hər kiloqramının orta hesabla 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması məhsul istehsalçılarının taxıl istehsalına və onun itkisiz yığılmasına marağını daha da artırıb.

 Aqrar sektorun inkişafında mühüm element kimi soyuducu anbarların yaradılması işi də üstün istiqamət alıb. Bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəzin yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Son illər ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu anbar istifadəyə verilib, ümumi tutumu 500 ton olan bir soyuducu anbarın qurulması davam etdirilir. Təbii ki, son illər muxtar respublika iqtisadiyyatında müşahidə olunan sabit artım tempi sosial yönümlü inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təşkili üçün əlverişli şərait yaradıb. Son yeddi il ərzində muxtar respublika üzrə 45 min 371 yeni iş yerinin açılması faktı bunu sübut edir.

 Muxtar respublikanın sosial-iqtisadi inkişafında qazanılan uğurlar prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndərin quruculuq və inkişaf xəttinin blokada şəraitində yaşayan regionda uğurla həyata keçirilməsinin nəticəsidir. Regionların sosial iqtisadi inkişafına dair dövlət proqramlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi əhalinin gündəlik yaşayış səviyyəsində, onların maddi-rifah halının yaxşılaşdırılmasında, şəhər və kəndlərin sosial mənzərələrinin büsbütün dəyişilməsində öz əksini tapır. Bütün bunlar isə dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi ərməğandır. Ölkə mətbuatında Muxtar Respublikanın müstəqillik illərindəki sosial-iqtisadi inkişafını “Naxçıvan möcüzəsi” adlandıranlar az deyil.

 “Naxçıvan möcüzəsi”nin əldə edilməsini Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov belə xarakterizə edir: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”.

 

 

Məmməd MƏMMƏDOV,

Naxçıvan MR Ali Məclisinin deputatı,

tarix üzrə fəlsəfə doktoru,

əməkdar jurnalist

 

525-ci qəzet.- 2011.- 14 aprel.- S.6.