Diplomatiya tariximizə və Xalq Cümhuriyyəti dövrünə dair qiymətli tədqiqat nümunəsi

 

PROFESSOR CƏMİL HƏSƏNLİNİN MOSKVADA NƏŞR OLUNAN “AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ XARİCİ SİYASƏTİ (1918-1920)” ƏSƏRİ TARİXİ, ELMİ VƏ İCTİMAİ FİKİR BAXIMINDAN BÖYÜK ƏHƏMİYYƏT DAŞIYIR

 

İtaliyanın nüfuzlu “Korriera della Serra” jurnalının sorğusuna görə Avropanın ən çox çap olunan tarixçisi sayılan professor Cəmil Həsənlinin Moskvada çap edilən “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti(1918-1920)” kitabı böyük maraq doğurur. XİN-in qərarı ilə nəşrinə başlanılan “Azərbaycan Respublikasının diplomatiya tarixi” seriyasından birinci kitab olan bu əsərdə müəllif 1918-1920-ci illərdə Azərbaycan diplomatiyasının keçdiyi mürəkkəb yolu təhlil edir. Görkəmli alimimiz burada Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və başqa ölkələrin arxivlərində ilk dəfə müəyyənləşdirilən sənədlər, habelə bir çox məşhur dövlət xadimlərinin – L.Corcun, Çerçillin, Kerzonun, Loris Melikovun, P.N.Milyukovun, Kissincerin, eləcə də erməni Kaçaznuninin, Mikoyanın kitabları, məktubları, teleqramları, xatirələri və başqa materiallar əsasında mövzunu tam dolğunluqla, aydın şəkildə işıqlandırıb. Burada belə bir cəhəti qeyd etmək istərdim ki, respublikamız müstəqillik əldə etdikdən sonra xarici siyasətə aid belə dərin, elmi tutumlu, son dərəcə geniş miqyasda sənəd və monoqrafik əsərlərdən istifadə yolu ilə yazılan kitablara az rast gəlmək olur. Bu baxımdan sözügedən əsərin yazılması zamanı həm ADR qurucularının – M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, M.B.Məmmədzadənin, Ə.M.Topçubaşovun, M.Y.Mehdizadənin Bakıda, İstanbulda, Moskvada, Berlində çap edilmiş xatirələri, əsərləri və məktubları, eləcə də bir çox sovet tarixçiləri – Y.A.Ratqauzer, A.Rayevski, A.Steklovun, İ.A.Hüseynov, Z.İ.İbrahimov və başqalarının Bakıda, Moskvada çap edilmiş elmi-tədqiqat əsərlərindən yeri gəldikcə tənqidi şəkildə istifadə olunması əsərin elmi tutumunu, sanbalını daha da artırır. Qərb ölkələri tədqiqatçılarının – Allen, Muratov, Pips, Kolarz, L.Fisber, R.Q.Sonin, T.Svyatoxovskinin, Kollinz və digərlərinin Nyu-Yorkda, Oksfordda, Kembricdə, Londonda, Vaşinqtonda, Çikaqoda, eləcə də dünyanın bir çox digər məşhur şəhərlərində çap olunmuş elmi-tədqiqat əsərləri də qaynaqlar sırasında öz rolunu oynayır. Müəllifin “erməni məsələsi”nə də çox geniş və obyektiv şəkildə nəzər salaraq, onu kifayət qədər dərindən təhlil etməsi və yeri gəldikcə öz münasibətini bildirməsi əsərin müsbət cəhətlərindən biri kimi qeyd edilməlidir. Burada müəllif 1918-ci il azərbaycanlıların soyqırımı məsələsinin də kökünü tədqiq edir və bu zaman indiyə qədər qaranlıq qalmış bəzi məsələləri diqqətlə araşdırır. Müəllif Türkiyənin 1917-ci il dekabrın 5-də Zaqafqaziya komissarlığı ilə sülh müqaviləsi bağlanması məsələsi üzərində dayanaraq bildirir ki, bu faktın özü-özlüyündə Türkiyənin Petroqrad hökumətini yox, Zaqafqaziya Komissarlığını legitim hökumət saydığını göstərir. Həm də bu zaman müəllif M.K.Ökenin İstanbulda çap olunmuş “Erməni məsələsi” kitabını, habelə V.Stepkov və T.Kuprikovun Sov.İKP MK-nın 1965-cı ildə çap edilmiş sənədlərini təhlil edərək göstərir ki, Ərzincan müqaviləsinin imzalanmasından sonra Qafqaz cəbhəsində çox tez bir zamanda erməni və gürcülərdən ibarət hərbi dəstələr yaradılır. Bu dəstələrin yaradılmasından məqsəd isə onların Türk hərbi hissələrinə qarşı oynayacaqları rolla müəyyən olunurdu. Əsərdə müəllif daha sonra göstərir ki, Britaniya XİN-dən gələn təlimata əsaslanan ingilis nümayəndəsi Stivens bildirirdi ki, “Britaniya hökuməti ermənilərə mümkün olan hər şeylə kömək etmək əzmindədir.Müəllif burada Makdonellin sözləri ilə fikrinə davam edərək bildirir ki, “o dövrlərdə ermənilər qəsdən elə bir görüntü yaradırdılar ki, biz yaranmış vəziyyətlə əlaqədar yalnız erməni hərbi birləşmələrinə maliyyə yardımı etmək faktını heç cürə təkzib edə bilməyək. Bu Qafqazın bütün müsəlmanları arasında, habelə düşmənlər tərəfindən Bakı və Yelizavetpol əhalisi içində də məharətlə yayılmışdı. Bütün bunlar isə bizim müsəlmanlarla ünsiyyət qurmaq cəhdimizi heçə endirirdi”. Sitatdan göründüyü kimi müəllif bilavasitə ingilis rəsmilərinin özlərinin yazışmaları ilə onların Qafqazda yeritdikləri siyasətin mahiyyətini tam açmağa müvəffəq olub.

 Əsərin başqa bir yerində isə müəllif Azərbaycanın müstəqilliyinin elan olunması və XİN-in ilk addımlarından danışarkən Almaniyanın da Bakı neftini ələ keçirmək üçün çox can atmasından bəhs edərək bildirir ki, 1918-ci il 4 iyunda Batumidə bağlanmış Azərbaycan-Türkiyə müqaviləsinə əlavə olaraq daha iki razılaşma imzalandı. Bunlardan birincisində bildirilirdi ki, bu müqavilə Türkiyənin müttəfiqləri kimi Almaniya və Avstriya- Macarıstana da eyni dərəcədə aiddir. Türkiyə öz üzərinə öhdəlik götürürdü ki, onun müttəfiqləri olan Almaniya və Avstriya-Macarıstan da Azərbaycanın müstəqilliyini tanıyacaq. İkinci müqavilə isə Osmanlı Türkiyəsinin Azərbaycandakı dəmiryollardan istifadəsini nəzərdə tuturdu.

Cəmil Həsənli Birinci Dünya Müharibəsindən sonra Qafqazda yaranmış vəziyyəti əsl alimə xas ustalıqla, zərgər dəqiqliyilə araşdırmaqla yanaşı bir çox xarici ölkə alimlərinin də fikirlərini tədqiq edir və yalnız bundan sonra müvafiq nəticələr çıxarır. Əsərin müsbət xüsusiyyətlərindən biri də özünü onda göstərir ki, müəllif bir çox məsələlərdə, məsələn, Bakının azad edilməsi uğrunda gedən mübarizədə baş vermiş hadisələri bütün rakurslardan izləyir və bu zaman demək olar ki, bütün maraqlı tərəflərin mövqeyini araşdırır. Belə ki, söz gedən məsələ haqqında həm çar generalı Denikinin, həm Britaniya xüsusi xidmət idarəsinin əməkdaşı Xopkirkin, həm bolşevik maskası taxmış daşnaklar A.Əmiryan və Korqanovun, həm Leninin, hətta N.Jordaniya və Tseretelinin fikirləri tədqiq olunur, hər birindən gətirilən sitatlarla onların mövqeləri aydın şəkildə işıqlandırılır. Əsər haqqında danışarkən o da göstərilməlidir ki, burada ən çox diqqəti cəlb edən məqamlardan biri müəllifin obyektiv və ədalətli davranışıdır. Belə ki, son zamanlar əksər tədqiqlərdə, açıqlamalarda o dövrdə Azərbaycan xalqının başına gətirilmiş müsibətlərlə bağlı bolşeviklər, eləcə də ruslar erməni daşnaklarından fərqləndirilmir, hər ikisinə mövqedən eyni yanaşılır. Bu baxımdan C.Həsənli M.H.Hacınskinin İstanbulda olan Rəsulzadəyə 1918-ci il 24 iyul tarixli məktubundan aşağıdakı sitatı gətirməklə məhz obyektivliyə riayət edir: “Bakı istiqamətində vəziyyət bizim xeyrimizə dəyişir. Bolşeviklərlə digər partiyalar (xüsusilə daşnaklar) arasında münasibətlər çox kəskinləşib. Bəzi məlumatlara görə, Kürdəmir istiqamətində erməni vəhşiliklərinə etiraz əlaməti olaraq 800 bolşevik rus əsgəri silahı ataraq döyüş meydanını tərk edib. Bu rus əsgərləri Bakıda həbs edilərək Nargin adasına göndərilmişlər. Sonra isə ermənilər Bakıda ümumi səfərbərlik elan etmişlər. Ruslar etiraz edərək vuruşmaqdan imtina edirlər. Müsəlmanlar da onlara qoşulmuşlar”.

 Yuxarıda verilən sitatdan göründüyü kimi, ermənilərin vəhşiliklərinə bolşevik ruslar da qəti şəkildə etiraz etmişlər. Müəllif öz əsərində Bakının tutulması ilə əlaqədar, müasir oxucu kütləsini çox maraqlandıracaq faktlarla tanış edir. Burada göstərilir ki, Türk ordusunun Bakıya yaxınlaşmasıyla əlaqədar alman komandanlığı da təşviş hissi keçirirdi və türkləri buraya buraxmamağa çalışırdı. Bu zaman türklərə təkcə almanlar tərəfdən yox, həm də Moskvadakı bolşevik hökuməti tərəfindən də təzyiq olunurdu. C.Həsənli türk tarixçisi A.N. Kuratın “Türkiyə və Rusiya” kitabına müraciət edərək göstərir ki, həmin vaxtlarda Çiçerin Moskvadakı türk səfiri Qalib Kamalla görüşərək, ona Osmanlı Türkiyəsinin Brest sülh müqaviləsinin şərtlərini pozduğunu bildirir və Türk qoşununun Bakıya yürüşünü dayandırmağı tələb edir. Qalib Kamal isə məsələnin belə qoyuluşu ilə razılaşmır və bildirir ki, Türk qoşununun Bakıya yürüşü azərbaycanlıların ermənilər tərəfindən fiziki cəhətdən məhvinin qarşısını almağa xidmət edir. Halbuki erməni quldur dəstələrinin tərksilah edilməsi işini Brest müqaviləsinə əsasən məhz rus bolşevik hökuməti həyata keçirməli idi. Rusiya tərəfdən bu işlərin həyata keçirilməməsini nəzərə çatdıran səfir buna görə türklərin Bakıya yürüşünün qaçılmaz zərurətə çevrildiyini bildirir.

Əsərin ən dəyərli cəhətlərindən biri kimi müəllifin Cənubi Azərbaycan mövzusuna, konkret deyilərsə, Ş.M.Xiyabani hərəkatına da diqqət yetirərək bu məsələdə də bir çox yeni faktları aşkara çıxarması mütləq vurğulanmalıdır. Bu barədə danışarkən müəllif İranda olan on minlik rus kazak dəstəsinin nə İran, nə də İngilis hərbi komandanlığına tabe olduğunu göstərir. Burada Ş.M.Xiyabaninin də hərəkata başçılıq edərkən ingilislərə qarşı mübarizə işində ona “Hümmət” və “Ədalət” təşkilatlarının, bolşevik emissarlarının, habelə keçmiş Rusiya vətəndaşı olan ermənilərin də təsirinin böyük rol oynaması qeyd olunur. Həm də bu fikirlər hadisə iştirakçılarının və şahidlərinin N.Nərimanova, M.D.Hüseynova məktublarının dövlət arxivlərindəki nümunələrinin müəllif tərəfindən tədqiqi ilə sübut olunur. Burada o da göstərilir ki, Rusiyanın İrandakı siyasətinin müəyyənləşdirilməsində 1918-ci ilin iyununda İrana göndərilən və orada ingilislər tərəfindən həbs olunan L.M.Qaraxanyanın həlledici rolu olub. Cənubi Azərbaycan hadisələrinin tədqiqində müəllif Ş.M.Xiyabaninin müsbət işlərilə yanaşı Şimali Azərbaycana münasibətində qısqanclıq kimi cəhətlərini də göstərir.

 Göründüyü kimi, görkəmli alim Cəmil Həsənli özünün bu mükəmməl və dərin elmi tutumlu əsərində ADR dövrünə aid məsələləri geniş, dolğun, aydın bir tərzdə işıqlandırıb. Kitabın rus dilində, həm də Moskvada çap edilməsi onun əhəmiyyətini daha da artırır.

Cümhuriyyət dövrünün dərindən araşdırılması və öyrənilməsi, təbii ki, günümüzün aktual elmi məsələlərindən biri kimi qalmaqdadır. Bu yöndə olduqca vacib və mühüm işlər görən professor Cəmil Həsənliyə qiymətli elmi fəaliyyətində yeni uğurlar arzulayır, tezliklə onun növbəti əsərlərinin, kitablarının oxucusu olacağımıza ümid edirik.

 

 

İlqar HEYDƏROĞLU,

Salyan şəhər 1 saylı məktəb-liseyin

tarix müəllimi

 

525-ci qəzet.- 2011.- 15 aprel.- S.7.