Jurnalist Qadınlar Assosiasiyası Fariz Bədəlovun qətlilə bağlı beynəlxalq qurumlara müraciət edib

 

Dünən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsinin qırxıncı gününə həsr edilmiş dəyirmi masa keçirib.

Tədbir iştirakçıları əvvəlcə Farizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra çıxış edən AJQA-nın prezidenti Sevil Yusifova bu hadisəni atəşgah dövründə ermənilər tərəfindən atılmış növbəti vandalizm kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan və onun təcavüzkar silahlı qüvvələrinin hərbçiləri azyaşlı uşaqlara yönəlik bu cür amansız qətl faktları ilə insanlığa, bəşəri dəyərlərə, humanizm prinsiplərinə düşmən olduqlarını bir daha dünyaya sübut ediblər: “Ancaq bizi təəssüfləndirən odur ki, dünyanın gözü qarşısında baş verən bu qanlı olaylara, məsum uşaqlara qarşı aparılan vandalizm siyasətinə özlərinə “demokratik don” geyindirən Qərb hələ də siyasi qiymət verməyib. Nüfuzlu beynəlxalq uşaq təşkilatları da doqquz yaşlı Farizin qətlə yetirilməsini indiyə kimi qınamayıblar. Bu ikili standartlar həmin dövlətlərin demokratik düşüncə tərzlərindən uzaq olmalarını ortaya qoyur”.

Dəyirmi masanın davamında çıxış edən “Kaspi” Təhsil Şurasının sədri Sona Vəliyeva 20 ilə yaxın müddət ərzində Azərbaycan sərhədlərinin pozulduğunu, torpaqlarının işğal olunduğu, 1 milyondan artıq qaçqın və məcburi köçkünün yurd-yuvasından didərgin düşdüyünü söyləyib. Onun sözlərinə görə, heç bir qanunda yazılmayıb ki, sərhəd zonalarda yaşayan insanları rahat şəkildə öldürmək olar.

“Beynəlxalq təşkilatlar, böyük dövlətlər bu məsələlərə ikili standart, müsəlman ölkələrinə qarşı haqsız mövqe nümayiş etdirirlər. Azərbaycanın öz sərvəti, apardığı siyasət nəticəsində qısa zaman nəticəsində yüksək inkişaf qazandığı üçün ayrı-seçkilik qoyulur. Niyə, dünya, beynəlxalq media, saytlar, təşkilatlar buna susur? Məni əsas düşündürən bizim dərdimizin dünyanın biganə yanaşmasıdır. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ötrü təbliğatın yeni növlərini axtarıb tapmaq lazımdır”, – deyə Vəliyeva əlavə edib.

Milli QHT Forumunun sədri Rauf Zeyni vurğulayıb ki, erməni snayperi tərəfindən azyaşlı uşağın qətlə yetirilməsi mətbuatda çox geniş şəkildə işıqlandırılıb. Onun fikrincə, danışıqların səmərəli mərhələsində erməni snayperinin atdığı güllə ABŞ, Rusiya, Fransa, ATƏT, NATO və digər beynəlxalq təşkilatlara atılan güllədir: “Bütün bunlar beynəlxalq konvensiyalara ziddir. Bundan əlavə, bizim ictimaiyyətin özü də müstəqilliyin dəyərini düzgün qiymətləndirməlidir. Bütün gəncləri dövlətçiliyin ətrafında səfərbər etməliyik. Hər kəs bilməlidir ki, biz bu müstəqilliyi 30 min şəhidin, 1 milyon qaçqın və məcburi köçkünün başına gətirilən bəlalar, insanların göz yaşları hesabına əldə etmişik”.

Tədbir iştirakçıları bu hadisəni dəhşətli fakt kimi qiymətləndiriblər. Sonda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası tərəfindən hazırlanan bəyanat oxunub və qeyd olunub bu bəyanat beynəlxalq təşkilatlara, bütün dünya ölkələrinin ali təşkilatlarına göndəriləcək.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 19 aprel.- S. 5.