Hesse sərgərdanlığı

 

(esse)

 

Herman Hessenin “Yalquzaq” romanını, “Knulp” və “Siddiharha” povestlərini oxuyanda məndə belə bir fikir oyanmışdı: “Yəni bu həyatda doğma olan bircə adam da yoxdu?” Sonra həqiqətən də razılaşmalı olmuşdum ki, içimizdəki o gözəgörünməz “mənimiz”dən başqa, bizim dilimizi heç kəs tapa bilmir. Doğmalıq yalnız öz aləmini hamınınkılaşdıranlar üçündür. H.Hesse düşüncə baxımından, ruhi anlamda mənim brahmanımdır.

“Yalquzaq” və “Knulp” əsərində olduğu kimi “Siddhartha” povestində də əsas qəhrəman “qaçır”: “Yalquzaq” əsərində mühitdən, Herminadan, ev sahibəsindən, “Knulp” povestində dostundan, şəhərdən, “Siddihartha” povestində isə Kəmalədən, Qovidinadan, qayıqçıdan, brahmadan... Bütün qəhrəmanlar axırda gəlib öz mənində rahatlıq tapır. Hesseyə görə dünyada mənimizdən qayğıkeş heç kəs yoxdur, o, hamı bizi tərk edəndə yanımızda olur. Mənimiz bizim ədalətimiz, içimizdəki gözəgörünməzdir – Tanrıdır. Ruh simmetriyası mənimizin ölçülərinə uyğun gəlir. Sanki o bizimlə eynixasiyyətlidir. Ona görə biz özümüzlə daha asan yola gedirik. Həm də əksinə, olaraq eynixasiyyətli insanlar dalaşanda bir-birlərini daha kəskin tənqid etdikləri kimi, eynixasiyyətli “mənimiz”lə yola getməyəndə bu hal daha dəhşətli olur. Bu anlamda Hesse mənim “bəstələnmiş ruh”umun ifaçısıdır.

Gələcək zaman doğulmayıb, keçmiş zamansa ölüb. Yalnız indi var: Əgər indi evimdəyəmsə “evim var”, deməli, əgər küçədəyəmsə evim yoxdur. Biz olduğumuz şeylərdə öz varlığımızı yaradırıq. İndiki zamanın iki qol var: bir keçmiş zamana uzanan qolu, bir də gələcək zamana. Amma indiki zamanı “fizologiyası” anormaldır, çünki onu keçmiş zamana uzanan qolu daha uzundur. İndiki zamanın keçmişə uzanan qolu realdır: gələcəyə uzanan qolu isə irrealdır, absurddur. Əslində “həyat absurddur” ideyası, gələcək absurddur deməkdi. Axı keçmiş ölüb, indini isə qiymətləndirə bilmirik, çünki İNDİ zaman axını içərisindədir. İNDİ dənizindəyik və indi dənizində, suyun isti, yaxud soyuq olduğunu bilə-bilmirik, indiki zamandan- dənizdən çıxandan sonra (keçmişə, yaxud gələcəyə) bu temperaturu hiss edirik. Bu mənada yalnız İNDİ var:

“Haçansa çayda vaxtın mövcud olmadığını sənə deyiblərmi? – Bir dəfə qayıqçıdan soruşdu:

Hə, Siddhartha, Vasudey gülümsündü, demək istəyirsən ki, yəni çay eyni zamanda hər yerdədir, öz mənsəbində, şəlalədə, keçiddə, sıldırımda, dənizdə, dağdadır və onun üçün bu andan, indidən başqa heç ə mövcud deyil.

Elə bunu demək istəyirdim, – Siddhartha təsdiqlədi, bu həqiqəti dərk edəndə həyatıma yenidən nəzər saldım və gördüm ki, o da çay kimidir. Balaca Siddhartha böyük və qoca Siddihartadan mövcud olmayan kölgə ilə ayrılıb. Və Siddharthanın dünyaya əvvəlki gəlişləri, keçmişi, ölümü, Brahmana qayıdışı isə gələcək deyil. Heç nə olmayıb, heç nə olmayacaq, hər şey var və indi mövcuddur”.

P.S. Posmodernizim də elə bunu deyir: Yazmaq təkrarlamaqdan ibarətdir: mövzuları və yazarları. Düşünəndə baş sındırdığımız mövzu təzə görünür, yazandasa təkrarlanır...

 

 

Fərid HÜSEYN

 

525-ci qəzet.- 2011.- 16 aprel.- S.18.