“Boloniya prosesində ali təhsildə
keyfiyyətin idarə olunması” müzakirə edilib
Dünən Azərbaycan
Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi və
Qafqaz Universitetinin birgə təşkil olunan, ümummilli lider
Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə
həsr edilən “Boloniya prosesində ali təhsildə keyfiyyətin
idarə olunması” adlı beynəlxalq elmi konfrans
keçirilib.
Konfransda
çıxış edən təhsil naziri Misir Mərdanov
deyib ki, yüksək intellektə malik insan kapitalının
formalaşmasında, davamlı inkişafa zəmin yaradan
güclü iqtisadiyyatın qurulmasında təhsilin,
xüsusilə ali təhsilin rolu heç vaxt indiki qədər
aktual olmayıb. Bütün ölkələrdə olduğu
kimi Azərbaycanda da insan kapitalının formalaşmasında
ali təhsilin rolu danılmazdır.
1993-cü ildə
ölkədə ikipilləli ali təhsilin tətbiqinə
başlanılması Azərbaycanın təhsil tarixində
mühüm hadisələrdən biridir. İlk dəfə 23
ali təhsil ocağında 80 istiqamət, 300-dən çox
ixtisas üzrə bakalavr pilləsinə tələbə qəbulu
aparılıb. Ötən illər ərzində bakalavr təhsilinin
məzmununda köklü dəyişikliklər və yeniləşmələr
baş verib. Belə ki, mövcud qaydalar təkmilləşdirilib,
dünya təhsil sisteminin tələblərinə uyğun
standartlar yaradılıb, tədrisdə kredit sisteminin tətbiqinə
başlanılıb.
1997-ci ildə ali təhsilin
bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra
Nazirlər Kabinetinin razılığı əsasında Təhsil
Nazirliyinin əmri ilə ilk dəfə ölkənin 23
dövlət, 9 özəl ali məktəbində ali təhsilin
ikinci – magistratura pilləsinə keçilməsinə icazə
verilib. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər
tərəfindən aparılıb. Nazirin sözlərinə
görə, ötən əsrin 90-cı illərinin əvvəllərindən
başlayaraq Azərbaycanın təhsil sistemində islahatlar
haqqında müzakirələr getsə də, islahatın
konsepsiyası, həyata keçirilmə mexanizmi olmadığından
bu istiqamətdə işlər sistematik, planlı şəkildə
aparılmayıb. Yalnız 1999-cu ildə “Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil
sistemində, o cümlədən ali təhsil pilləsində
islahatlar məqsədyönlü şəkildə
aparılmağa başlayıb. Həmin Proqrama müvafiq
olaraq digər pillələrdə olduğu kimi, ali təhsildə
də struktur dəyişiklikləri aparılıb, müəssisələrin
şəbəkəsi optimallaşdırılıb, mütəxəssis
hazırlığının strukturuna yeni ixtisaslar əlavə
olunub:
“Təhsil müəssisələrinə
xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. Ali
məktəblər elmi şuraların, dövlət attestasiya
komissiyalarının tərkibinin, öz daxili strukturunun müəyyənləşdirilməsi,
Dövlət təhsil standartları əsasında ixtisaslar
üzrə tədris planlarının hazırlanması və
digər məsələləri də müstəqil həll
etməyə başlayıblar. Bundan əlavə, 6 ali məktəbə
daha geniş müstəqillik verilib və onlar fəaliyyətlərini
özünüidarəetmə prinsipi əsasında
qurmağa başlayıblar. Həmin ali məktəblərin
dövlət büdcəsindən ayrıca sətirlə
maliyyələşdirilməsi 2001-ci ildən etibarən həyata
keçirilir. Respublika Prezidentinin “Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında” fərmanına müvafiq olaraq mülkiyyət
formasından və tabeliyindən asılı olmayaraq təhsilin
keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil
Nazirliyinə verildikdən və Nazirlər Kabineti tərəfindən
“Ali və orta ixtisas təhsili müəssisələrinin
attestasiyası və akkreditasiyası haqqında əsasnamə”
təsdiq edildikdən sonra qısa müddət ərzində
təhsilin keyfiyyətinə nəzarət mexanizmi
yaradılıb.
Bundan əlavə,
1999-cu ildə tələbələrin biliyinin qiymətləndirilməsi
üzrə yeni mexanizmin tətbiqinə eksperiment şəklində
başlanılıb. Hazırda bu sistem demək olar ki,
bütün ali təhsil müəssisələrini əhatə
edir. Müasir tələblərə cavab verən, dərin təfəkkürə,
pedaqoji və metodik ustalığa malik olan müəllim
kadrların hazırlığı daim diqqət mərkəzindədir.
Bu işin təkmilləşdirilməsi istiqamətində
müəyyən tədbirlər görülüb. Belə
ki, müəllim kompetensiyasını müəyyənləşdirən
professioqram hazırlanıb, ucqar rayonların məktəblərini
müəllim kadrları ilə təmin etmək məqsədilə
mövcud ixtisas siyahısına qoşa ixtisaslar daxil edilib,
pedaqoji təcrübə haqqında qaydalar hazırlanıb”.
M.Mərdanov bildirib ki, müasir dövrdə Avropa ölkələri
təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil
məkanının formalaşdırılması xüsusi
aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən
tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur:
“Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulub və
bununla da faktiki olaraq ali təhsildə aparılacaq
islahatların konturları müəyyənləşdirilib.
Boloniya Bəyannaməsinin müddəalarını həyata
keçirmək üçün 2006-2010-cu illəri əhatə
edən müvafiq tədbirlər planına uyğun olaraq,
“Bakalavr hazırlığının məzmununa və səviyyəsinə
qoyulan minimum dövlət tələblərinin strukturu” təsdiq
edilib və müvafiq istiqamətlər üzrə yeni nəsil
dövlət təhsil standartları hazırlanıb. Azərbaycanın
Bolonya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə
kredit sisteminin tətbiqinə zərurət yaranıb. Bu
sistemin tətbiqi ilə bağlı hüquqi-normativ
bazanın yaradılması istiqamətində bir çox
xarici ölkələrin təcrübəsi öyrənilib,
“Ali təhsil müəssisələrində kredit sistemi ilə
tədrisin təşkili barədə nümunəvi Əsasnamə”
təsdiq olunub, ilkin mərhələdə bir neçə ali
məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqi
qərara alınıb. 2006-2007-ci tədris ilində 10 ali məktəbdə
başlanan eksperiment 2009-2010-cu tədris ilindən 27 dövlət
ali məktəbinin bütün ixtisaslarını əhatə
edir”.
YÖK-ün (Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurulu) icraçı heyətinin üzvü professor Şaban Çalış qeyd edib ki, Avropa Kredit Transfer Sistemini başqa tələbə mobilliyi proqramlarından fərqləndirən ən vacib xüsusiyyəti xaricdə təhsil almağa gedən tələbələrin həmin universitetin tələbələri ilə birlikdə dərslərdə iştirak etmələrini həyata keçirilməsidir. Beləcə tələbələrin həmin universitetin akademik həyatında fəal şəkildə iştirak etməsi mümkün olur. Mərmərə Universitetinin rektoru, professor Zafer Gül isə bildirib ki, 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri “Boloniya Deklarasiyası”nı imzalayıblar. Boloniya Deklarasiyasında 2010-cu ilə qədər ortaq vahid Avropa Ali Təhsil məkanının (EHEA) formalaşdırılması üçün bir sıra fəaliyyət prinsipləri müəyyənləşdirilib: “2005-ci ildən etibarən 45 ölkə prosesə qoşularaq bu ortaq təhsil hədəfini dəstəkləyir”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 16 aprel.- S.11.