Təhsilin İdarəolunması Məlumat Sistemi - müasir mərhələdə zəruri vasitə kimi

 

Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsil müəssisələrinin idarə olunması sisteminin təkmilləşdirilməsinə yeni tələblər qoyulur. Bu gün idarəetmə və nəzarət mexanizminin səmərəsini artırmaq üçün informasiya texnologiyalarından istifadə qaçılmazdır. Başqa sözlə, mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək və nəticədə əsaslandırılmış optimal qərarlar qəbul etmək üçün Təhsilin İdarəolunması Məlumat Sisteminə ehtiyac var. Belə bir sistemin yaradılmasında başlıca məqsəd informasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması sistemini formalaşdırmaq, təhsilin inkişafı üçün dövlət proqramlarının hazırlanması, reallaşdırılması və monitorinqi proseslərini idarə etmək, təhsil sisteminin qısamüddətli, uzunmüddətli perspektiv üçün inkişafını proqnozlaşdırmaqdır. Sistem bir neçə səviyyədən – Təhsil Nazirliyi, təhsil şöbələri və məktəblərdən ibarətdir. Bu işlərin səmərəli təşkili üçün artıq Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində ayrıca qurum – Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müvafiq sektor yaradılıb. İndiyədək bazaya 1 milyon 200 mindən çox şagird və 90 minədək məktəb heyəti haqqında məlumat daxil edilib. Yaxın günlərdə ölkənin bütün ümumtəhsil məktəbləri üzrə işlərin başa çatdırılacağı gözlənilir. Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə “Məktəb şəbəkəsi” hesabat formasına uyğun təlim dilləri üzrə hər dərs ilinə dair məlumatlar, ümumtəhsil məktəblərinin hər dərs ili üçün “Statistika hesabatı” ilə bağlı məlumatlar bazaya daxil edilib, yığılan məlumatlar əsasında məktəblərdə şagird sıxlığı, müəllim-şagird nisbəti, pedaqoji işçilərin, şagirdlərin və siniflərin sayı, məktəb binasının vəziyyəti və İKT avadanlıqlarının sayı ilə bağlı hesabatlar alınıb.

TİMS-məktəb proqramı üzrə ölkənin bütün təhsil şöbələrinin, peşə liseylərinin, Nazirliyin tabeliyində olan orta ümumtəhsil məktəblərinin, Bakı şəhərinin bütün orta məktəblərinin İKT üzrə məsul şəxslərinə treninq-seminarlar keçirilib. Nazirliyin mərkəzi aparatının şöbələri TİMS-in mərkəzi bazasına birləşdirilib. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) şöbəsinin əsas məqsədi təhsilin idarəolunmasının məlumat sisteminin yaradılmasında və fəaliyyətində başlıca məqsəd təhsili səmərəli idarə etmək və son nəticədə təhsilin keyfiyyətini yüksəltməkdir.

TİMS-in alt sistemləri məktəbəqədər, ümumtəhsil, orta-ixtisas, ali, peşə, məktəbdənkənar və təhsil şöbələridir. TİMS-in şəbəkəsinin strukturuna nazirlik, təhsil şöbələri və məktəblər daxildir: “Ümumtəhsil məktəbləri” alt sisteminə daxil olan məktəblərin sayı 4 554-dür. Onlardan ibtidailərin sayı 374, əsasların 863, ortaların 3 336, siniflər, filialların sayı isə 51-dir. Özəl məktəblər 22, ali məktəblərin nəzdində olanların sayı 5-dir. Sistemə daxil olan kadr heyətinin sayı 217 647-dir. Onlardan 171 562 nəfəri pedaqoji heyət. 44902 nəfəri isə texniki heyətdir. Sistemdə həmçinin tədris dilləri haqqında məlumat, yaz və payızında məktəbi bitirən və ya yuxarı sinfə keçən şagirdlər haqqında, təhsil sənədi alanlar, tədris llinin əvvəlinə siniflər üzrə şagirdlərin bölgüsü və yaş tərkibi, hazırlıq və I-IV sinif komplektlərinin sayı, işçilərin sayı, məktəb kitabxanaları, tədris məşğələlərinin növbəliyi, loqopediya kabinetləri və mərkəzləri, tibb işçiləri, günüuzadılmış qruplar haqqında, məktəbin maddi bazası və tədrisin texniki vasitələri, şagirdlərin hərəkəti, xarici dillərin tədrisi, beşgünlük tədris həftəsi rejimi tətbiq olunan məktəblərdə sinif və şagirdləri, ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyəti və IX sinfi bitirən şagirdlərin orta təhsilə cəlbi haqqında məlumat mövcuddur. Sistemdə şagird heyətinin sayı 1 259 137, fotoların sayı isə 1 538 548-dir, təhsil şöbələri əməkdaşlarının sayı 2 002-dir”.

Təhsil naziri deyir ki, TİMS nazirliyin Monitorinq və qiymətləndirmə, Strateji təhlil, Kənd rayonları üzrə ümumi şöbə, Xüsusi şöbə (attestatlar, şəhadətnamələr), Elm şöbəsi (elmlər doktorları), Dərslik və nəşriyyat (kitabxanalar) şöbəsi ilə six əlaqələri mövcuddur. M.Mərdanovun dediyinə görə, ötən il şöbə tərəfindən ümumtəhsil məktəblərində məktəblərində buraxılış imtahanlarının keçirilməsi, qiymətləndirilməsi və məlumatların internetdə yerləşdirilməsi üçün proqram təminatının hazırlanmasına kömək göstərilib. Əsas və orta təhsil kursu üzrə nazirlik tərəfindən mərkəzləşmiş qaydada keçirilən buraxılış sınaq və yekun imtahanları üzrə imtahanlara hazırlıq işlərinin təşkili ilə bağlı tədbirlərdə şöbənin əməkdaşları yaxından iştirak edib. IX və XI siniflərdə təhsil alan şagirdlərlə bağlı məlumatlar yığılıb, yoxlanılıb və dəqiqləşdirilərək Monitorinq və qiymətləndirmə şöbəsinə verilib. şöbə əməkdaşları imtahan rəhbərləri kimi Saatlı, Goranboy, Qəbələ, Ağcabədi, Qobustan, Göy-Göl, Tovuz, Oğuz, Qax, Ağdaş, Gədəbəy, Sabirabad, Samux, Abşeron rayonlarında və Bakı, Sumqayıt və Naftalan şəhərlərində yoxlama və yekun imtahanların aparılmasını təşkil ediblər. Təhsil naziri qeyd edib ki, ötən il şöbə tərəfindən beynəlxalq qiymətləndirmə TİMSS və PİRLS layihəsi üçün 2009-2010-cu tədris ilində 4-cü siniflərdə təhsil alan şagirdlər haqqında məlumat hazırlanıb Monitorinq və qiymətləndirmə şöbəsinə təqdim olunub. Rasionallaşdırma ilə bağlı ölkənin 2 və daha artıq məktəbləri olan kəndlər haqqında məlumat Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilib. Asiya İnkişaf Bankına, ümumtəhsil məktəblərində yoxlama, yekun imtahanların mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi, daha səmərəli təşkili məqsədilə nəzarətçi müəllimlərlə bağlı məlumat hazırlanıb Monitorinq və qiymətləndirmə şöbəsinə verilib. Bununla yanaşı qacqın rayonların məktəblərinin dislokasiyası haqqında məlumat hazırlanıb Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə, Təhsil Nazirlinə birbaşa tabe olan məktəblərinin 2009-2010-cu tədris ilində IX, X, XI siniflərdə təhsil alan şagirdlərin adlı siyahısı müvafiq formada hazırlanaraq Səhiyyə Nazirliyinə, Bakı məktəblərində direktor vəzifəsində çalışan kadrlar haqqında məlumat hazırlanaraq Təhsil Sisteminin İnformasiyalaşdırması idarəsinə verilib. Xarici ölkələrdə təhsil alan, müəyyən səbəblərdən təhsilini bitirmədən Azərbaycana qayıdan, ümumtəhsil məktəblərində təhsilini davam etdirən şagirdlər haqqında müvafiq xarici ölkələrin Təhsil müəssisələrinin rəhbərlərinin sorğularına cavab verilib:

“Təhsil sektorunun İnkişafı Layihəsinə əsasən “ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” komponenti çərçivəsində “Kurikulum islahatı” alt komponenti üzrə icra planına uyğun olaraq V-XI siniflər üçün İnformatika kurikulumunun layihəsinin hazırlanmasında istifadə edilib, Təhsil sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) yerinə yetirilməsi ilə əlaqədar 2010-2011-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinin I (birinci) siniflərində dərs deyəcək ibtidai sinif müəllimlərinin fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri, praktiki hazırlığını təmin etmək məqsədilə keçiriləcək treninqlər üçün ölkə üzrə 2008-2009 və 2009-2010-cu tədris illərində “İlin məktəbi” müsabiqəsinin qalibi olan məktəb direktorları haqqında məlumatlar müvafiq formada hazırlanıb aparat rəhbərliyinə təqdim olunub. “İnformatika” fənni üzrə olimpiadanın müvafiq turlar üçün tapşırıqların hazırlanması, işlərin yoxlanılıb qiymətləndirilməsi, respublika turunun təşkili və keçirilməsinə köməklik göstərilib. “Xalq komputeri” layihəsi üzrə komputer alan təhsil işçiləri haqqında məlumatlar TİMS bazası ilə tutuşdurulub, dəqiqləşdirilib və layihənin operatoruna təqdim olunub”. M.Mərdanovun sözlərinə əsasən, Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə şöbə tərəfindən “Məktəb şəbəkəsi” hesabat formasına uyğun təlim dilləri üzrə 2009-2010-cu dərs ilinə dair məlumatlar bazaya, 2010-2011-ci dərs ili üçün məlumatlar isə hal-hazırda bazaya daxil edilib. 2009-2010-cu tədris ili üçün TİMS məlumat bazasında olan məlumatlar mütəmadi olaraq dəqiqləşdirilib, əlavələr olunub, ölkənin ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün “Statistika hesabatı” ilə bağlı məlumatlar bazaya yerləşdirilib. Yığılmış məlumatlar əsasında məktəblərdə şagird sıxlığı, müəllim-şagird nisbəti, pedaqoji işçilərin, şagirdlərin və siniflərin sayı, məktəb binasının vəziyyəti, texniki təchizatı və İKT avadanlıqlarının sayı ilə bağlı hesabat almaq mümkün olub. 2009-2010-cu tədris ilində IX və XI sinfi bitirən şagirdlərə verilmiş şəhadətnamə və attestatların seriyaları, nömrələri, fənlər üzrə qiymətləri nazirliyin mərkəzi məlumat bazasına daxil edilib: “2010-2011-ci tədris ili üçün ümumtəhsil məktəblərinin kadrları və məktəbdə təhsil alan şagirdlər haqqında məlumatlar bazaya daxil olunub və mütəmadi olaraq bu məlumatlar yenilənir. Məktəbəqədər tərbiyə və təhsil şöbələri üzrə TİMS modullarının artırılması məqsədilə müvafiq qurumların tələbatları öyrənilib. TİMS-in “Məktəbəqədər təhsil” modulunun hazırlanması və tətbiqi üçün proqram təminatı hazırlanıb. Təhsil şöbələri üzrə TİMS modulu hazırlanıb və müvafiq məlumatlar bazaya daxil edilib.

 TİMS-in səmərəli fəaliyyətinin təşkili və idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində Rayon Təhsil Şöbələrində TİMS üzrə əlaqələndirici şəxslər müəyyənləşdirilib və onlara müvafiq treninqlər keçirilib. Şöbədə hazırlanan “TİMS-məktəb” proqramının təkmilləşdirilməsi ilə bağlı ölkənin bütün təhsil şöbələrinin, nazirliyin tabeliyində olan orta ümumtəhsil məktəblərinin, Bakının bütün ümumtəhsil məktəblərinin İKT üzrə məsul şəxslərinə treninq-seminarlar keçirilib və mütəmadi bu iş davam etdirilir. Təhsil şöbələri, məktəblər, şagird və müəllimlər haqqında mətbuatda yayımlanan materiallar mütəmadi izlənilir, TİMS məlumat bazasına yerləşdirilir. Nazirliyin mərkəzi aparatının şöbələri TİMS-in mərkəzi bazasına birləşdirilib, məlumatalara çıxışları təmin edilib və TİMS sistemi ilə işləmək vərdişlərinin öyrədilməsi istiqamətində mərkəzi aparatın işçilərinə müvafiq treninqlər keçirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dovlət Statistika Komitəsi və digər dövlət qurumlarının təhsillə bağlı informasiya sistemlərinə, toplanan məlumatlar əsasında hazırlanacaq hesabatlara olan tələbatlar öyrənilib. TİMS-in illik iş planı, rüblük hesabatları və İcra Planı hazırlanaraq LƏQ-ə təqdim edilib”. Təhsil nazirinin sözlərinə əsasən, idərə tərəfindən TİMS modullarının artırılması və sistemin təkmilləşdirilməsi – müxtəlif təhsil pillələri və təhsil şöbələri üzrə yeni modulların yaradılması üzrə işlərin davam etdirilməsi, TİMS şəbəkəsinin qurulması – Təhsil Nazirliyi və Rayon Təhsil Şöbələri üçün lazım olan avadanlıqlarının alınıb quraşdırılması, tələb olunan sistem proqramların və verilənlər bazasının idarəolunması sisteminin alınıb quraşdırılması nəzərdə tutulub. Sistemin istifadəçilərinin hazırlığı – treninqlərin keçirilməsi, TİMS-in idarəetmə strukturunun təkmilləşdirilməsi – Rayon Təhsil Şöbəsi TİMS-ə cavabdeh olan İKT üzrə mütəxəssis ştatının ayrılması, TİMS-in fəaliyyəti üçün cavabdehlik sisteminin qurulması planlaşdırılır: “Şöbə həmçinin məktəb idarəetmə sisteminin qurulması işini də həyata keçirmək niyyətindədi”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 16 aprel.- S.8.