Səlim Babullaoğludan yeni kitab: “Ədəbi söhbətlər”

 

“Professional söhbətlər”

 

Bugünlərdə şair, tərcüməçi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlunun “Ədəbi söhbətlər” adlı kitabı çapdan çıxıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə çap olunan kitaba müəllifin dünyanın 10 ölkəsinin, eləcə də Azərbaycanın tanınmış yazıçı və şairləri, naşirləri, sənət adamları və ictimai-siyasi xadimlərilə söhbətləri daxil edilib. Söhbətlər “dünya”, “biz”, “teleintervülər” kimi üç bölümdə, müsahiblərin adlarına müvafiq olaraq, əlifba sırasına uyğun təqdim olunub. Fəlsəfə doktoru, tanınmış şərqşünas Məsiağa Məhəmmədinin “Professional söhbətlər” adlı giriş sözü ilə açılan 320 səhifəlik kitaba Türkiyədən ədəbiyyat üzrə Nobel mükafatçısı Orxan Pamuk, Ataol Bəhramoğlu, sabiq səfir Əhməd Ünal Çeviköz, Çingiz Bektaş, Ənvər Ərcan, Yasəmin Bayer, “Hürriyət–Göstəri” dərgisinin baş redaktoru Hami Çağdaş, Gülsüm Çingiz və Yeşim Ağaoğlu ilə,ABŞ-dan “Azerbaijan international” jurnalının baş redaktoru Betti Bleyerlə, Qırğızıstandan Dalmira Tilepbergenovayla, Bolqarıstan parlamentinin spikeri Georgi Pirinski ilə, İrandan Rza Bərahəni , Məzahir Şəhaməd və “Yarpaq” qəzetinin baş redaktoru Eyvaz Tahayla, Polşadan Vislav Paradzinski və Marçin Vyeçoreklə, Ukrananın Xalq artisti Larisa Kadırova və Ukraynanın Xalq rəssamı Vladimir Slepçenko ilə, Böyük Britaniyadan Françeska Bird və Malika Bukerlə, İraqdan Fevzi Əkrəm Tərzioğluyla, görkəmli rus şairi Rimma Kazakova , “Literaturnaya qazeta”nın baş redaktoru Yuri Polyakov , “Drujba narodov” jurnalının baş redaktoru Aleksandr Ebanoidze, Lüdmila Lavrova Mixail Sinelnikov, Oksana Bulanova ilə söhbətlər daxildir. Həmçinin, Xalq yazıçıları Anar və Əkrəm Əylisli, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Əjdər Ol, Çingiz Əlioğlu, millət vəkili Hüseynbala Mirələmov, Əli İldırımoğlu, Xalq artisti Oktay Mir Qasım, Fərəc Qarayev, Əlisəmid Kür, Ədalət Əsgəroğlu, İmir Məmmədli, Nigar Həsənzadə, Yavuz Cəlil, Adil Mirseyid və Rasim Qaraca ilə olan maraqlı söhbətlərə də kitabda yer verilib. “Mütərcim” nəşriyyatında hazırlanan və “Aviakom” mətbəəsində çap olunan kitabın naşiri Əliş Mirzalı, dizayneri Mətanət Qaraxanlı və Vəfa Əhmədova, redaktoru isə Narıngüldür. Səlim Babullaoğlunun kitabda oxucuya müraciətində deyilir:

“Əlbəttə, bölmələr daxilində adları, söhbətləri əlifba sırasına görə yer almış müsahiblərimə, onların ədəbiyyatdakı yerinə, nüfuzuna görə münasibətlər də müxtəlifdir, fərqli olacaq, elə mənim də münasibətim fərqlidir. Əlbəttə, müsahiblərimlə ya elə söhbət vaxtı, yaxud sonradan, xəyalən polemikaya girmişəm, ya təsdiq, ya inkar etmişəm nələrisə. Amma mənimçün bir şey dəqiqdir, bu adamların hamısı ilə və istisnasız ünsiyyət qurmaq mənim üçün zamanında eyni qədər maraqlı olub, bu söhbətlərin hamısı məni dəyişib. Və elə bu da həmin söhbətləri, vaxtında kitab haqqında düşünmədən etsəm də, indi kitablaşdırmağa sövq edib məni, ümidləndirib ki, söhbətlər sizin üçün də eyni qədər maraqlı olacaq, sizi də dəyişəcək...” “Ədəbi söhbətlər” kitabına yazılmış giriş sözünü, oxucular üçün maraqlı olacağını düşünərək, dərc etməyi lazım bildik.

 

 Məsiağa MƏHƏMMƏDİ

 

Səlim Babullaoğlunun “Ədəbi söhbətləri” ilə tanış olanda istər-istəməz bir şeyi xatırladım: “söhbətlər” (“məqalat”) klassik Şərq, xüsusən sufi ədəbiyyatında ayrıca bir janr olub. Həmin “söhbətlər”dən birinin müəllifi dahi Şəms Təbrizi deyirdi: “Mənim verəcəyim xirqə – söhbətdir, sənin məndən əldə edəcəyin budur”. Söhbət təsəvvüfdə mənəvi təcrübənin ötürülməsində başlıca vasitə sayılırdı. Sufi böyükləri onun adekvat çatdırılmasını mümkün hesab etməsələr də, bu işdə verbal ifadədən daha səmərəli bir yol görmürdülər. Səlimin söhbətləri də müxtəlif ölkələrdə və dillərdə yazıb-yaradan, müxtəlif ənənələr üzərində yetişən, müxtəlif nəsillərə və estetik cərəyanlara mənsub olan, dünyalı-bizli qırx beş adamla olan qırx səkkiz söhbətdə o qələm adamlarının ədəbi görüşlərini, yaradıcılıq təcrübəsini bizə çatdırır. Onun müsahibləri arasında Nobel mükafatçısı da var, öz yurdundan kənarda tanınmayan “sıravi” yazıçı da. Amma istənilən halda çeşidli məkan və şəraitlərdə baş tutan bu söhbətlər onların ən məşhurunu belə yenidən tanımağımıza imkan yaradır. Yadımdadır, illər öncə Vladimir Nabokovun bir müsahibəsini tərcümə edib redaktoru olduğum “Cahan” jurnalında çap eləmişdim. Həmin müsahibəni oxuyandan sonra böyük şairimiz Bəxtiyar Vahabzadə demişdi: “Mən elə bilirdim ki, Nabokovu tanıyıram, amma bu müsahibə ilə mən Nabokovu kəşf etdim”.

 Bu kitabdakı müsahibələr isə tərcümə deyil, orijinal, eksklüziv, müəyyən məqamlarda isə unikal söhbətlərdir. Diqqət yetirin: dünya şöhrətli ədib və filosof Rza Bərahəni ilə söhbətdə Səlim incə bir nəzakətlə danışığa müdaxilə edib mövzunu dəyişdirməyə cəhd edir. Yazıçı isə deyir: “Mən heç vaxt bu məsələlərlə bağlı belə bəhs açmamışam, ona görə fikrimi yaddan çıxmamış tamamlamaq istəyirəm”. Beləcə, dünyanın ən populyar mətbuat orqanlarına müsahibələr vermiş, ən nüfuzlu universitetlərində mühazirələr oxumuş qocaman yazıçı çox mühüm ədəbi-ictimai məsələ ilə bağlı heç yerdə, heç vaxt demədiyi fikirlərini Bakıda gənc həmkarına açıqlayır. Əlbəttə, burada söhbəti aparanın da rolunu qeyd etmək lazımdır. Yaşadığımız, Anarın təbirincə desək, “qarışıq zamanın” ovqatını, istehlakçı cəmiyyətdə insanın özgələşməsi və tənhalaşması (təsadüfi deyil ki, Səlimin ilk kitabı məhz belə adlanırdı: “Tənha”) prosesini, bunun doğurduğu mənəvi-psixoloji nəticələri şeirlərində özünəməxsus bir şəklidə əks etdirən Səlim Babullaoğlunun vaxtaşırı mətbuatda dərc olunan ədəbi-tənqidi məqalələri, portret yazıları, esseləri də yaratdığı bədii mətnlər kimi maraq və müzakirə predmetinə çevrilir. Odur ki, Səlimin müxtəlif ədəbiyyat və sənət adamları ilə apardığı bu söhbətlər, hər gün qəzet və jurnal səhifələrində oxuduğumuz müsahibələrdən fərqli olaraq, professional söhbətlərdir. Səlim hər bir halda müsahibini təkcə ədəbiyyatın əbədi sualları və aktual problemləri barədə söhbətə çəkmir, həm də onun bədii yaradıcılığın funksiyası, texnikası və psixologiyası ilə bağlı görüşlərini açıqlamasına, sələflərinə və müasirlərinə münasibətini əsaslandırılmış şəkildə ifadə etməsinə şərait yaradır. Bu da kitaba çeşidli ədəbi-estetik görüşlərin əks olunduğu bir toplu keyfiyyəti bəxş edir. Bəllidir ki, istər klassik, istərsə də müasir sənətkarların bədii yaradıcılığın təbiətinə dair fikirlərinə ədəbiyyatşünaslıqda xüsusi önəm verilir. Nizaminin poetik sözlə bağlı fikirləri, Füzulinin dibaçələri, Axundovun nəzm və nəsr haqqında, Rəsul Rzanın ənənə və novatorluq barədə düşüncələri daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Bu mənada, kitabın ədəbiyyatşünasların da marağına səbəb olacağı, onlar üçün bir qaynaq rolu oynayacağı şübhə doğurmur. Sufizmin tarixi göstərir ki, əvvəldə qeyd etdiyim “söhbətlər” janrında yazılmış əsərlər müridlərin yetişməsində kanonik mətnlərdən, “təlimi” kitablardan daha təsirli olmuşdur. Ümid edirəm, “Ədəbi söhbətlər” də xüsusən gənc yazarların dünyagörüşünə, ədəbi zövqünə müsbət təsirlər bağışlayacaq və onlar bu dəyərli töhfəyə görə Səlim Babullaoğluna minnətdar olacaqlar.

 

REDAKSİYADAN:

 

Aprelin 27-də saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ədəbi söhbətlər”in təqdimat mərasimi keçiriləcək və Səlim Babullaoğlu kitabın nüsxələrini oxucular üçün imzalayacaq. Maraqlananlar dəvət olunur.

 

 

525-ci qəzet.- 2011.- 23 aprel.- S.28.