Qubada “Şəfəq” qəzetinin
90 illik yubileyi keçirilib
MƏTBUAT ŞURASININ RƏHBƏRLİYİ
YUBİLEY MƏRASİMİNDƏ İŞTİRAK EDİB
Dünən Qubanın “Şəfəq” qəzetinin 90 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin Qubanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək üzərinə tər çiçəklər düzüblər. Rayon Mədəniyyət Evində baş tutan toplantı öncəsi qonaqlar burada “Şəfəq” qəzetinin müxtəlif illərdəki fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Yubiley tədbirini Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov açıb. Qonaqları salamlayan S.Məmmədov bildirib ki, əsası Həsən bəy Zərdabi ilə qoyulan Azərbaycan mətbuatı tarixi ötən hər bir ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib ki, bunlar özünü bölgə nəşrlərinin timsalında da göstərir: “Bu baxımdan “Şəfəq” qəzetinin özünəməxsus yeri və rolu var. Müxtəlif adlarla nəşr olunan qəzet özünəməxsus dəst-xətti ilə seçilib. Hadisə və proseslərə daim peşəkar yanaşma tərzi nümayiş etdirib. Bütün bunlar nəşri rayon sakinlərinin rəğbətini qazandırıb. Fərəhləndirici haldır ki, keçən ilin mart ayında qəzetin 8000-ci nömrəsi çapdan çıxıb. Müqayisə üçün bildirmək istəyirəm ki, respublikada heç bir rayon qəzeti hələ bu səviyyəyə çatmayıb. Qəzetin belə şərəfli yol keçməsində müxtəlif illərdə onun redaktorları olmuş Hüseynağa Məmmədbəyli, Qafar Rəcəbli, Nağı Cəfərov, Hüseynqulu Kazımlı, Mövlud Qonaqov, Əlihadı Kərimov, Camal Balayev, Mahmud Ağalarov, Məmmədpaşa Mirzəyev, Nadir Xəlilov, Elmira Aşurova haqqında da bu gün ancaq xoş söz söyləmək olar. Onların böyük əməyi sayəsində qəzet belə şöhrət qazanmış və zamanın sərt sınağından alnı açıq çıxıb”. İcra başçısının müavini çıxışında ölkəmizdə media sahəsində həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərdən söhbət açıb. O bildirib ki, prezident İlham Əliyevin mətbuata şəxsi diqqət və qayğısı, mövcud istiqamətdə imzaladığı fərman və sərəncamlar yerlərdə kütləvi informasiya vasitələrinə, jurnalistlərə eyni münasibətin göstərilməsini və bundan irəli gələn işlərin reallaşdırılmasını mühüm vəzifəyə çevirib. S.Məmmədov Quba Rayon İcra Hakimiyyətinin diplom və hədiyyələrini “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Əliyevə təqdim edib. Nəşrə həmçinin dövlət qurumu tərəfindən “Niva” markalı avtomobil də hədiyyə olunub. “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Əliyev çıxışında rəhbərlik etdiyi mətbu orqanın tarixindən söhbət açıb. O, 1921-ci ilin aprel ayından “Əxbar” adı ilə çıxan nəşrin müxtəlif illərdə “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Qızıl Quba”, “Quba” adları ilə fəaliyyət göstərdiyini vurğulayıb.
“Lakin bu illər ərzində dəyişən yalnız adlar olub. Öz çoxillik
təcrübəsinə arxalanan “Şəfəq” yüzlərlə
jurnalist kadrları yetişdirib və bölgədə həmişə
flaqman rolunu oynayıb, qonşu rayonlarda mətbuatın
inkişafına hərtərəfli kömək göstərib”,
– deyən baş redaktor “Şəfəq”in hazırda Quba Rayon
İcra Hakimiyyəti və jurnalist kollektivinin təsisçiliyi
ilə işıq üzü gördüyünü
vurğulayıb. Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov bildirib ki, “Şəfəq” Azərbaycanda
ilk bölgə qəzeti adını şərəflə
qoruyan kütləvi informasiya vasitəsidir. Şura sədri mətbu
orqanın təkcə Quba rayonunda deyil, ümumilikdə
bölgədə ictimai fikrin formalaşmasında
oynadığı rola diqqət çəkib. “Biz bu gün Azərbaycanın
ilk jurnalisti olan Abbasqulu ağa Bakıxanovun doğma
yurdundayıq. O, Azərbaycanın iki hissəyə
bölündüyü çətin bir məqamda “Tiflisskie
vedomosti” qəzetində məzmunlu yazılarla
çıxış edib. Sonradan bu nəşr “Tiflis əxbarı”
adı ilə fəaliyyət göstərdi. 1841-ci ildən nəşrə
başlayan “Zaqafqazskiy vestnik”də də onun əsərləri
çap olundu. Belə elmi nümunələrin çapı ənənəsi
“Şəfəq” qəzetinin timsalında bölgə nəşrlərinə
də sirayət etdi. Bu, olduqca vacib məqam idi. “Şəfəq”
indi də ənənələrinə sadiqdir. Yerli həyatın
dolğun işıqlandırılması, yüksək mənəvi
keyfiyyətlərin təbliği, dərin bilgilərin
aşılanması dəyişməz xətt kimi fəaliyyətin
əsasını təşkil etməkdədir. Qəzetin əməkdaşlarının
illər ərzində “Əməkdar jurnalist” adına,
müxtəlif dövlət təltiflərinə layiq
görülmələri nəşrin formalaşmış
yüksək imicinin bəhrələridir”, – deyən Ə.Amaşov
Qubada “Şəfəq” qəzeti ilə yanaşı 2 regional
telekanalın fəaliyyət göstərməsini rayonda media
sahəsində görülən işlərin vacib tərkib
hissələrindən biri kimi dəyərləndirib. Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun bölgə KİV-ləri ilə
bağlı xüsusi fəaliyyət istiqamətinə malik
olduğunu deyən MŞ sədri vurğulayıb ki, qurumun fərdi
jurnalist yazıları müsabiqələrində müxtəlif
şəhər və rayonlarımızda fəaliyyət
göstərən KİV təmsilçilərinin
iştirakına şərait yaradılması mövcud istiqamətdə
atılmış ilk addımdır. Ə.Amaşov Mətbuat
Şurasının təbrik plaketini və qurumun
press-kartlarını “Şəfəq” qəzetinin baş
redaktoru Qəhrəman Əliyevə təqdim etdi. Azərbaycan
Respublikasının Milli Məclisinin üzvü Vahid Əhmədov
ilk bölgə qəzetlərindən olan “Şəfəq”in
keçdiyi ömür yolunun müasir dövr mətbuatımız
üçün örnək olduğunu vurğulayıb.
Nəşrin
yaradıcılıq xüsusiyyətlərinə diqqət
çəkən natiq qəzetin bölgə həyatını
tam, dolğun işıqlandırmasının vacibliyini önə
çəkib: “Bu baxımdan tənqidi materialların dərci
də önəmlidir. Lakin bu zaman obyektivliyin və qərəzsizliyin
qorunması zəruridir”, – deyən V.Əhmədov mətbu
orqanın ictimaiyyətlə əlaqələrin dərinləşməsi
istiqamətində də fəaliyyət göstərməsini
vacib sayıb. Azərbaycan Mətbuat Şurası İdarə
Heyətinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri
Elçin Şıxlı çıxışında
bölgə qəzetlərinin fəaliyyəti ilə
bağlı beynəlxalq təcrübədən söhbət
açıb. O bildirib ki, bu tip media orqanları yerlərdə
ictimai rəyin formalaşmasında aktiv rol oynayırlar: “Azərbaycanda
mövcud istiqamətdəki vəziyyət qənaətbəxş
sayıla bilməz. Əlbəttə, bunun obyektiv səbəbləri
də var. Hər bir halda “Şəfəq” qəzeti kimi ənənələrə
malik nəşrlərin rolunu artırmaqla həmin nəticəni
əldə etmək üçün yüksək perspektiv
var”. E.Şıxlı “Şəfəq” qəzetinin əməkdaşlarına
Azərbaycan Jurnalistlər Birliyinin fəxri diplomlarını
təqdim edib. “Zaman Azərbaycan” qəzetinin baş redaktoru
Süleyman Ünal qardaş Türkiyədə bölgə
mediasının durumu barədə məlumat verərək
bildirib ki, ölkədə bu tip mətbuat orqanları
paytaxtdakı və iri şəhərlərdəki nəşrlərdən
heç də geriyə qalmırlar. Əksinə bir çox
problemlər var ki, məhz belə KİV-lərdə
qaldırılması onların operativ həlli
baxımından müstəsna önəm daşıyır.
“Şəfəq” qəzetinin Azərbaycanın bölgə mətbuatının
lider nəşrlərindən olduğunu vurğulayan baş
redaktor media orqanına gələcək fəaliyyətində
uğurlar arzulayıb. Mətbuat Şurası İdarə Heyətinin
üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
bildirib ki, 90 yaşını qeyd edən “Şəfəq” qəzetinin
yüksək səviyyəyə çatması böyük zəhmət
tələb edən proses olub. Bu işdə nəşrin hər
bir əməkdaşının müstəsna payı var. “Təbii
ki, ən böyük pay Quba rayon ictimaiyyətinə, rayonun rəhbərliyinə
məxsusdur. Onların
birgə səyi nəticəsində “Şəfəq”in
timsalında region mediası modelinə sahibik. Azərbaycanda
mediaya dövlət səviyyəsində göstərilən
diqqət və qayğı hər bir rayonda belə nümunələrin
olacağına dərin inam hissi yaradır. Ölkədə
media siyasəti davamlı strategiyaya əsaslanır və
çoxcəhətlidir. Bu xüsusiyyət region mətbuatının
da dünya təcrübəsinə əsaslanan modelini ortaya
qoymaq imkanı verir” – deyə o vurğulayıb.
Çıxış edənlərdən
“Azərbaycan” jurnalının baş redaktoru İntiqam
Qasımzadə, Dağıstanda nəşr olunan
“Dostluq-Drujba” jurnalının rəhbəri Tahir Saleh,
şair-publisist Ramiz Qusarçaylı və başqaları
“Şəfəq” qəzetinin bölgə nəşrləri
içərisində öncül mövqeyə sahib
olmasını şərtləndirən amillərdən
söhbət açıblar. Onlar bu baxımdan ölkədə
dövlət başçısı səviyyəsində
mediaya göstərilən sistemli qayğı ənənəsini,
Quba rayon rəhbərliyinin və ictimaiyyətinin nəşrə
həssas münasibətini və qəzetin yaradıcı,
istedadlı, jurnalist peşəsinə sadiq kollektivə malik
olmasını xüsusi vurğulayıblar.
BƏXTİYAR
525-ci qəzet.- 2011.- 27 aprel.- S.3.