Oralarda kimlər var: Zəlimxan
Yaqub
Xalq şairi Zəlimxan
Yaqubun danışmaq hızına heç bir qələm
sahibi çatdıra bilməz və onun
danışığı da yazı tərzinə çox
yaxın olduğundan üz-üzə oturmaqdan vaz
keçdim.Sualları göndərdim və cavabları
aldım.Öz tempinə uyğun suallara cavab verdi.Temp beləydi:
sualları alandan bircə gün sonra,yalan danışdım
deyəsən bir neçə saat sonra telefon açdı və
: sualların məni tərpətdi,qulaq as, ilk üç
sualına cavab vermişəm.Ev telefonuyla yenə də öz
tempində oxudu cavabları. Qulaq asdım və sonunda dedi : necədi
səninçün? Bu SƏNİNÇÜN deyimini o bir az
da şirin deyir və hansı ləhcənisə
yamsılayıb deyir.Bunlar öz yerində. Və mənim
başqa bir qazancım oldu.Zəlimxan bəy, mənə dedi
ki,.cavablarıma müdaxilə edə bilərsən.Bax, bu
oldu çox gözəl bir iş.Doğrudur Zəlimxan o qədər
sərrast və o qədər düzümlü
danışıb, yazır ki,ona müdaxilə eləmək
çox çətindi.Amma yenə də bu
azadlığı aldığım üçün sevindim. Və
onun dediklərinə müdaxiləm çox olmasa da, var
ancaq.
–Sizə elə gəlmirmi
ki, çox templi bir həyat yaşayırsınız, əgər
sağlamlığınızı nəzərə alsaq bu,
bir az özünə qəsd kimi bir şeydi?
– Hörmətli Tofiq bəy!
Çox doğru buyurursunuz. Sizin ifadənizlə desək “çox templi bir həyat” yaşayıram. Sürət məsələsi təkcə məndən yox, təbiətin və cəmiyyətin mahiyyətindən, ruhundan, bətnindən doğur, onun bizi yaşamağa çağıran xüsusiyyətlərindən irəli gəlir. Tufanlar qoynunda çalxanan dənizin uğultusu da, şahə qalxan dalğaların harayı da, yoxuşdan enişə doğru gələn, başını daşdan-daşa çırpan dağ çayının nərəsi də, buludları qoç döyüşünə çıxaran şimşəklərin, ildırımların qulaq batıran vahiməli gurultusu da dünyanın əzəli və əbədi narahatlığından xəbər verirsə, arzular həddindən artıq çox, ömür həddindən artıq gödəkdirsə, təbiətin bizə verdiyi yaşamaq möhləti bir göz qırpımına bənzəyirsə, mən necə tempsiz yaşaya, yaxud tempdən düşə bilərəm. Altmış yaşını keçən, müxtəlif illərdə və müxtəlif dillərdə qırxa qədər kitabı nəşr olunan, millətin və dövlətin tanıdığı və qiymətləndirdiyi bir qələm adamıyamsa, gör mənim çiynimdə nə qədər ağır və şərəfli yük var. Millət yükü, dövlət yükü, şöhrət yükü, sənət yükü, siyasət yükü, ailə qayğıları, xalq qarşısında məsuliyyət, vətən qarşısında cavabdehlik daxildən mənə əmr edir, göstəriş verir. Tempdən düşmək olmaz! Sular axarını, quşlar uçuşunu dayandırmadığı kimi, sən də heç vaxt dayanmamalısan! Ləngimək mənəvi ölüm, dayanmaq həyatla vidalaşmaq deməkdir!
Qarsın bir kəndində yaşayan qoca bir qadın İstanbulda yaşayan məşhur bir yazıçıya – öz doğma oğluna məktub yazır. Məktubda deyilir: “Canım-gözüm oğul, mən qocalmışam, əvvəlki halım yoxdu. Torpağı, təsərrüfatı idarə də bilmirəm. Qayıt kəndimizə, yurduna-yuvana, torpağına, evinə-eşiyinə sahib ol!”
Yazıçıdan anasına cavab məktubu gəlir: “Gözümün nuru, əziz anam! Mənim burda evim-imarətim, varım-dövlətim, şanım-şöhrətim var. Mənim burda hərəsi bir dünyaya dəyən dostlarım var. Yuxarılarda tale həll edən adamlarla geniş əlaqələrim var. Sənin xətrin əziz olmaq üçün onların hamısından keçib gələrəm. Burda qazandığım nə varsa hər şeydən keçib gələrəm. Ancaq mənim burda kəmfürsət dostlarım da var, onları qoyub gələ bilmərəm. Onlar deməyəcək ki, mən anamın arzusu ilə kəndə qayıtmışam, onlar deyəcək ki, bizdən qorxdu, meydandan çəkildi, başını götürdü qaçdı. Məni bağışla ana, mən burdan gedə bilmərəm.”
Kim harda nə işlə məşğul olursa-olsun mən tempdən düşə bilmərəm, Tofiq bəy!
Mən içəridən gələn göstərişə hər vaxt canla-başla, böyük səmimiyyətlə əməl etmişəm. Toyda oynamağa da, vayda ağlamağa da, bir yetim başına sığal çəkməyə də, bir xəstənin dadına çatmağa da, şəhid anasının dərdinə şərik olmağa da, saysız dərəcədə çox olan müxtəlif mənalı və müxtəlif məzmunlu məclislərə, tədbirlərə də, uzaq-yaxın səfərlərə də həmişə canla-başla getmişəm. Yaxşılara və yaxşılıqlara itirdiyim vaxta heç vaxt peşman olub təəssüf hissi keçirməmişəm.
Mənim
sağlığımdan narahat olur və çox fəal
olmağımı “özünə qəsd”
adlandırırsan. Bu doğma hissə görə çox
sağ olun. Mən həqiqətən də “özünə
qəsd” edən və bu qəsddən mənəvi ləzzət
almağı bacaran adamam. Bəli! Ömrümdən kəsirəm
başqalarının ömrünü uzatmaq
üçün, gözümün nurundan kəsirəm
özgələrin gözünü işıqlandırmaq
üçün, sağlamlığımdan kəsirəm
başqasını sağlam görmək üçün. Mənim
ömrümün mənasını təşkil edən,
gündəlik həyatımın ayrılmaz hissəsi olan
toxunduğum bu məsələlərə kimsə
ağız büzüb qeyri-təvazökar adlandıra bilər.
Kimlərin ki, xarakterində və təbiətində
sadaladığım bu insani xüsusiyyətlər yoxdu, onlar
heç vaxt məni başa düşməyiblər və
başa düşməyəcəklər. Kimlər ki, bu
insani keyfiyyətlərə malikdir bu işlər onların
gündəlik təbii qayğılarıdır. Bəli, mən
özümə qəsd etmişəm və bu qəsd ilə
qürur hissi duyuram. Ömür insana bircə dəfə
verilir, onu künc-bucaqda yaşamaq olmaz.
Qaş-qabağım qara
bulud görmədi,
Evim qıfıl, qapım
kilid görmədi,
Qəlbim zülmət,
könlüm sükut görmədi.
Özüm üçün
yaşamadım, çox şükür.
–Belə bir narahat sual. Elə məhz bu templə yaşamağınızla bağlı olan çəkişmələr. Sizə elə gəlmirmi ki, bəziləri düşünə bilər Zəlimxan Yaqub xəstəliyi ilə bir az oyun oynayır. Allahı sevərsiz, bu bir az köntöy sualdır, amma insanlar var da... ağıla pis şeylər də gəlir.
– Narahat olmayın, köntöy sualınıza yaxşı cavab verməyə çalışacağam ki, sizdə mən sarıdan daxili narahatçılıq qalmasın.
Mənim səhhətim
və sağlamlığımla bağlı mövzu çəkişmələri
ilə məşğul olan insanları mən
qınamıram. Onlarda günah yoxdur, onları mən
çaşdırmışam. Bakıda, Almaniyada və
Türkiyədə müxtəlif illərdə üç dəfə
cərrahiyyə əməliyyatı keçirən, sağ
böyrəyi çıxarılan, ürəyi yaralanan Zəlimxanı
oxucu, tamaşaçı, dinləyici eyni ilə əvvəlki
illərdə olduğu kimi yenə səhnədə, məclislərdə,
televiziya verilişlərində, ədəbi-bədii gecələrdə
gur-gur guruldayan, yumruğu ilə havanı yaran, kürsüləri
titrədən, zalları ayağa qaldıran görürsə,
əlbəttə mənim xəstəliyimə inanmaz.
Yadımdadır, Türkiyədə – Amerikan xəstəxanasında
sağ böyrəyim çıxarılandan bir gün sonra
müxtəlif televiziya kanalları səhhətimlə
bağlı məndən müsahibə alanda çoxu mənim
xəstəliyimə inanmırdı. Hətta, yaxından
öz gözləri ilə görmək üçün əyilib
yarama baxan jurnalistin heyrətli baxışları da gözlərimin
önündən getmir. Çünki mən o qədər
odlu-alovlu, həyəcanlı danışırdım ki, həkim
və jurnalistlər çaşdılar ki, bu nə cür xəstədir,
heç bu danışıq xəstə adamın
danışığına oxşamır. Yunis İmrədən
şeir oxumağım həm özümə təsəlli, həm
də çəkilişə gələnlərə bir heyrət
mənzərəsi idi.
“Ölümdən nə qorxarsan,
Qorxma, əbədi varsan”
– demirmi, mənim Yunus babam.
“Xəstəliyimlə oyun oynamaq” məsələsinə bir aydınlıq gətirmək, bu “sirri” açmaq istəyirəm.
Əzizim, Tofiq müəllim!
Məni ailədə lap uşaqlıqdan güclü həyat eşqi ilə böyüdüblər. Bütün ağırlıqlara və çətinliklərə sinə gərmək bacarığı öyrədiblər. Hətta babam Şamil kişinin mənim haqqımda dediyi “Zəlimxanı bütün nəvələrimdən çox istəyirəm. O, yeyəndə doymur, işləyəndə yorulmur, danışanda mızıldamır” deyimi el arasında bir zərbi-məsələ dönüb. Atam harda ağır iş var məni göndərirdi. Yer qazmağa, ot biçməyə, odun gətirməyə, tikan qırmağa, çəpər çəkməyə, daş daşımağa, qum gətirməyə. Anam hərdən bu xüsusiyyətinə görə atama şikayət edərdi ki, sən bu uşağı öldürməmiş bundan əl çəkməyəcəksən. Atamsa deyirdi, mən onu bu gün ağır işlərə öyrətməsəm, çətinliklərə alışdırmasam, o, sabah həyat yollarında axsaya bilər. Qoy indidən kasıblığın, əzabın, əziyyətin sərt üzünü görsün. Bu, bir.
İkincisi, mənim ruhumda
bir sarsılmazlıq var. Mənim son otuz ildə ən
çox oxuduğum ədəbiyyat böyük sufilərin həyatı
ilə bağlı olub. Onların ac qalmağı, çilə
çəkməyi. Xəlvətə çəkilməsi, nəfsə
imtahan verməsi, Allah eşqi ilə yaşaması, imanı,
irfanı və inancı, “Yarəb, bəlayi-eşq ilə
qıl aşina məni” deməsi, “Toy-bayramdır bu
dünyanın əzabı, ağlı olan ona gətirər
tabı” duyğuları ilə püxtələşdirməsi
mənə həkimlərin ən bahalı iynə, dərmanından
çox kömək eləyib.
Mənsur Həllacın, Fəridədin
Əttarın, Həsən Bəsrinin, Mövlananın, Yunus
İmrənin, Fəzlullah Nəiminin, İmam Qəzalinin, Nəsiminin,
Dadaloğlunun, Qazi Bürhanəddinin, Cahanşah Həqiqinin,
Pir Sultan Abdalın ilahi eşqlə yaratdığı mənəviyyat
dünyasını az-çox dərk edənlər bilir ki,
insan uludu, insan ucadı, insan böyükdü və onun
böyüklüyü və ucalığı, həyatdakı
mövqeyi, əqidəsi, inamı, mübarizliyi ilə
ölçülür. Bu ölçülərə əməl
edəndə insan qarın içində
üşümür, buzun içində donmur, Həzrəti
İbrahim kimi odun içində yanmır, nə qədər
ağır dərdlərə düçar olsa da, qəlbindən
zikri, dilindən şükrü yerə qoymur və haqqa
qovuşanda da əzab çəkmir, ruh bədəndən
çıxanda quş kimi qanadlanır, mələk kimi
uçub tanrılara yüksəlir.
44 ildi Bakıda yaşayıram. İnsanlarda bu cür güclü ünsiyyət körpüləri qurmuşam. Bu illər ərzində bircə nəfər tapa bilməzsiniz ki, o desin Zəlimxan filan vaxtı ya maddi vəziyyətindən, ya cismani ağrılarından şikayətləndi, giley-güzar elədi. Mənə nə olub, mənim dərdim yoxdumu, arsızammı, xeyr, Allah eləməsin. Bəs nədir hamı məni həmişə gümrah və sağlam görür. Bu ondan irəli gəlir ki, mən bir ideal kimi qarşıma məqsəd qoymuşam. Özüm-özümə həmişə tapşırmışam dərdini, ağrını nə varsa içərində gizlə. Öz dərdini, ağrılarını heç kəsin çiyninə yük eləmə. Onsuz da hər kəsin dərdi özünə bir dəvədir. “Dərdimi dağa desəm dağ əriyər, şam yanar, şölə çəkər, piltə yanar, yağ əriyər” – deyən kişi gör nələr çəkib. Saib Təbrizi buyurur ki, “Dərd dağı altında ikiqat olduq, amma qarışqa da tapdamadıq biz”. Bəli, insan özünü insani və irfani duyğular üstündə kökləyəndə xoşbəxt olur.” Bir də məni həmişə gümrah, işıqlı, coşqun saxlayan böyük insanların böyük məhəbbəti, Azərbaycan xalqının Zəlimxana olan sevgisidir. Mənim ağlamağa, sızlamağa, şikayət etməyə ixtiyarım, mənəvi haqqım yoxdu.
( Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 30 aprel.- S.23.