“Şüurlara fikir əkdim...”
Rus şairi Nekrasov deyib ki, “Sən
şair olmaya bilərsənsə də, Vətəndaş
olmağın gərəkdir əlbət”. Sənətkarda bu
iki keyfiyyət birləşəndə – həm istedadla
mayalanmış yaradıcılıq, həm də vətəndaşlıq
hünəri, vətən təəssübkeşliyi, həmin
şəxsiyyət xalqının tərcümanı olur,
milli yaşamında hadisəyə çevrilir. Anarın
ictimai-siyasi fəaliyyətini sərgiləyən
yazıları, çıxışları, məktubları,
müraciətləri və başqa sənədləri əhatə
edən böyük toplu yuxarıda söylədiyim qənaəti
təsdiqləyir. Yeddi yüzdən artıq səhifəlik bu
kitab bir dərya təsiri bağışlayır, həyatın,
zamanın, dəyişkən olayların nəbzi duyulan,
coşub daşan, kükrəyən, təlatümlü bir dərya.
Yaxud Anarın ictimai, vətəndaş amal və əməlləri
ilə yazılan bir simfonik əsər misalındadır bu
kitab. Həmin əsərin ana xətti – vətən sevgisi,
haqq-ədalət amacı, milli yaddaşın, mənəviyyatın,
özgürlüyün qorunması, Azərbaycan adlanan yurdu
ümumdünya məkanında, uluslararası cərgədə
layiqli yer tutması yolunda mübarizə, bununla yanaşı –
dar etnik əyalət ölçülərinə qapanmadan
daima bəşəri dəyərləri, insanpərvər
idealları yaşatmaq əzmidir. Kitabı vərəqləyib,
nəfəs dərirəm, bu yazılar dəryasının
hansı yerindən söz açmağı düşünərək,
bilaixtiyar “dəryanın” ortalarında əl saxlayıram,
tanış sətirləri bir daha, ürəyimcə olduğuna
görə, oxuyuram:
“Ədavət”- millətin ruhən
düşgünlüyünə və demokratik cəhətdən
tükənməsinə gətirib çıxaran bir əlamətdir.
Yalnız acı tarixi unutmamış yaddaş və əsrlərin
inciklərini yaxına buraxmayan, yaşatmaq arzusunu qoruyub
saxlayan Ruh millətin ömrünü yüksək mənəvi
dəyərlərlə zənginləşdirməyə
qadirdir...” (“Hafizəmizdə yaşatmaq borcumuzdur”
– Murtuz Sadıxovun “Cavabını sənə
tarix verəcək” toplusuna ön sözdən). Çağdaş
dövrümüzdə, zəhərli ksenofobiya, milli-etnik
ayrı-seçkilik, qanlı münaqişələrə gətirib
çıxaran çürük “fəlsəfələr”
özünə yer və havadarlar tapdığı zamanda
yuxarıda səsləndirdiyim ayıq və sərrast sözlər
danılmaz həqiqət, ağıl sahiblərinə dəstək,
“hirsli, kinli” beyinlərə ibrətdir. Anarla, yəni
“altmışıncılarla” bir nəslə mənsub
olduğumdan onun yaradıcılıq yolunu, ictimai-siyasi fəaliyyətini
ilk addımlarından izləyə bilmişəm: bir
sıravi oxucu, şahid, məsləkdaş kimi. Uzun illərlə
ölçülən bu yolda indi ağsaqqal
çağını yaşayan Anarı həmişə həqiqət
axtaran, haqsevər, dayaz populizmdən uzaq, necə deyərlər,
az danışan saz danışan qələm sahibi kimi
görmüşəm. “Əsrin əsiri” kitabının rusca
çıxan variantı haqqında artıq rəyimi
bildirdiyimə görə, (“Exo” qəzeti, 15 aprel 2011-ci il)
burada söylədiklərimi təkrarlamaq istəmirəm. Azərbaycanca
çap olunan toplu daha “qalındır”, burada Anarın hərdənbir
dindirdiyi şair rübabını da eşidir, bəzi
maraqlı əhvalatları, ayrıntıları da öyrənirik.
“Konvoy qabağında müstəntiqim Aleksandr Qubinskinin
hüzuruna gəlirəm. Salamlaşırıq... – İndicə
Anar zəng eləmişdi. Sən çayını
içincə gəlib çıxar... ... Dizlərimə taqət,
gözlərimə işıq gəlir, az qala
qışqırıram ki, Anarın gəlişi mənim
üçün Azərbaycanın gəlişi və
Azadlıq deməkdir”. Bu, Lefortovo zindanında sıxma –
boğmaya salınan eloğlumuz Xəlil Rza Ulutürkün
xatirə yazılarından sətirlərdir. Xəlilin nəyə
görə və kimlər tərəfindən siyasi
dustaqxanaya salınmasının səbəbini bilirik. O
ağır günlər xalqımızın yadındadır.
Lefortovoya salınan başqa bir azadlıq mübarizimiz – Etibar
Məmmədovun şəhadəti:
“... lap təzə vaxtlarda
yazıçı Anar mənimlə görüşmək istəmişdi,
qoymamışdılar”. Doxsanıncı illərin əvvəlləri
idi. Hələ sovet imperiyası aqoniya dövrünü
yaşayırdı, hələ Azərbaycana namərdcəsinə
başlanan təcavüz davam edir – el-obalarımız
dağılır, günbəgün cəbhədən şəhid
cənazələri daşınıb gətirilirdi. Azadlıq
meydanı qaynayır, kükrəyirdi. “Xalq Cəbhəsinin rəhbərlərinə,
Azərbaycanın xalq deputatlarına, “Azadlıq” qəzetinin əməkdaşlarına
və mitinqə toplaşan vətəndaşlara qarşı
törədilən zorakılıq hərəkətlərindən
hiddətlənir, bu hərəkətləri qətiyyətlə
pisləyirəm. Sözə, fikrə, əqidəyə
qarşı dəyənəklə çıxmaq –
biabırçılıqdır...” Yazıçılar
Birliyinin sədri Anarın 1991-ci ilin 24 avqustunda
imzaladığı və altı gün sonra “Azadlıq” qəzetində
səslənən qətiyyətli etiraz sözü onun haqsevən
vətəndaşlıq mövqeyini açıqlayan
çoxsaylı misallardan biridir. Anarın SSRİ Ali
Sovetində çıxışları, o zamankı sovet –
partiya rəhbərlərinin ikiüzlü, ermənipərəst,
ədalətsiz mövqeyinə qarşı yönəldilmiş
müraciətləri, başqa ləyaqətli təmsilçilərimizlə
Kreml sükançıları – Qorbaçov, Yakovlev, Yeltsin və
onlara züy tutanlarla görüşləri, mübahisələri
bu kitabı oxuyarkən gözümüz önündə
yenidən canlanır. Bu barədə yuxarıda adını
çəkdiyim “Exo” qəzetində yazmışam. O
zamankı Moskva “atışma” və
“dartışmalarını” oxucunun öz incələməsinə
həvalə edərək, burada yurdumuzda baş verən bəzi
olaylara diqqəti yönəltmək istəyirəm. Məlumdur
ki, Anar siyasi “burulğanlar”da heç zaman konyuktur təmənna
ilə bu ya digər təmayülə uymayıb, “cəbhəçi”
ya da digər ideoloji-ictimai cərəyana qatılmayıb. Bununla
belə, ziddiyətli, çoxşaxəli sağlam yönləri,
niyyətləri seçməyi bacarıb və dəstəkləyib.
Ayaz Mütəllibov hakimiyyətdə olduğu vaxtda
“Azadlıq” qəzeti bir müddət
bağlanmışdı. Anar Azərbaycan KP MK-nın I katibinə
müraciət edir və qəzet yenidən fəaliyyətə
başlayır. “... Və elə ilk nömrəsində mənim
əleyhimə yazı verdi. Hansı toplantıdasa A.Mütəllibovla
rastlaşanda o, məni qəzetin açılmasıyla və
əleyhimə yazı verilməsilə “təbrik” etdi... “Və
Anar ardınca acı istehzayla bildirir:
“...
Azadlıq” qəzeti bu şanlı ənənəsini
vaxtaşırı bu gün də davam etdirir. Son vaxtlar, demək
olar ki, hər nömrəsində mənə qarşı
böhtanlar dərc edir, bu, şərəfli iş
üçün xüsusi müəlliflər tutub (!) və məxsusi
olaraq Anardan yazmaq üçün iki ştatlı yazar
saxlayır (! – S.M.) Əlbəttə, bu gileyim qəzetin
başqa yazarlarına aid deyil”. Burada hörmətli Anarın
alicənab obyektivliyi bizi qane etmir, çünki hər bir qəzetin
başçısı var, yiyəsi var, səlahiyyətli rəhbəri
var və əgər ştatlı “aravuran”, “daş atan” həmin
redaksiyada çalışırsa, onun hərəkətləri
də sağlam düşüncəli redaktor tərəfindən
layiqincə “dəyərləndirilməlidir””. Belə
düşünmək olar ki, bu “dəyərləndirmə”
dirnaqsızdır. Anarın prinsipial mövqeyi, öz əqidəsinə
sadiq olması onun vətəndaş mətanətindən,
iradəsindən xəbər verir və biz siyasi “buqəlamunları”
yetərincə gördüyümüzdən belə
bütövlük nadir keyfiyyət kimi görünür:
özü sözü kimi, sözü özü kimidir. Məsələn:
“A.Mütəllibov ad çəkmədən
bəzi ziyalıların ikili mövqe tutmasını
qınadı. Ara-sıra dəyişən, bir-birinə
zidd iqtidarlar ziyalıların məhz onların mövqeyində
durmalarını istəyirlər. Mən ikinci dəfə
çıxış edərək: – Ziyalılarla bu dillə
danışmaq olmaz – dedim, – ziyalının öz mövqeyi
var, iqtidarın, yaxud müxalifətin mövqeyi ilə
üst-üstə düşməyə bilər, o müstəqildir...
Partiya Qurultayları tarixində
ilk dəfə idi ki, Birinci katibin sözünün
üstündən söz deyilirdi. Həmin qurultayda mən
...seçiləcək MK üzvləri siyahısına
Akademiyanın Prezidenti Eldar Salayevin və “Vətən” cəmiyyətinin
sədri Elçin Əfəndiyevin adlarının əlavə
edilməsini təklif etdim. Təklifim qəbul olundu...” Daha bir
əlamətdar məqam – sənətkar- iqtidar münasibətlərinə
ibrət ola biləcək hərəkət. “Ə.Vəzirov I
katib olanda Əbülfəz Əliyev... Nemət Pənahov və
Hatəmi həbs olunmuşdu. Ə.Vəzirova zəng etdim,
görüşmək istədiyimi dedim. Bazar günü məni
bağına, Zuğulbadakı hökumət iqamətgahına
dəvət etdi. Həbs olunanların buraxılmasını
xahiş etdim. Sən belə mövqedə dursan, siyasətdə
iflasa uğrayacaqsan, – dedi. – Mən siyasətçi deyiləm
ki, iflasa uğrayam. Kimin iflasa uğrayacağı isə
tarixin işidir. Bir müddət sonra üçü də
azad olundu”. Eləcə də Anar başqa ziyalılarla birgə
Prezident Elçibəyin qarşısında bir ünlü rəhbərin
həbsdən azad olunmasına nail olmuş, daha sonra Yusif Səmədoğlu
ilə, Heydər Əliyev hakimiyyətə qayıdan zaman,
sabiq Ali Sovet sədri İsa Qəmbəri zaminə
götürmüşdülər. Anarın dar gündə
dadına çatdığı insanların sırasında qələm
sahibləri də var. Bu Yazıçılar Birliyinin sədri
olan Anarın səlahiyyət – vəzifə dairəsini də
aşıb keçirdi. Yəni o, quru
inzibatçılıqdan uzaq, hansı vəzifə, kabinet
sahibi olmasına baxmayaraq, Vətəndaş, Vətən
oğlu kimi hərəkət edir. İyirmi dörd il Birliyin rəhbərlik
“yükü” daşımaq, necə deyərlər, zarafat
deyil. İllah ki üzvlərinin sayı çoxdan mini
aşmış, müxtəlif yaşlı, fərqli xasiyyətli
insanları cəmləşdirən təşkilat olsa... Bu
ağrı-acılı, həm də şərəfli və
işıqlı ömrü – sənət-vətəndaşlıq
salnaməsini oxuyarkən, şən, məzəli
işartılara, gülməli ayrıntılara da rast gəldim.
Professor Cəmil Həsənli “Yazıçı Anar
haqqında payız düşüncələri”ndə
çağdaş ədəbiyyatımızın aparıcı
yaradıcılarından biri, xalqımızın mənəvi
tərəqqisinin fədaisinin yolunu, əməlini,
amalını sərrast nişanlarla, qənaətlərlə
cizgiləyir. Bu çoxşaxəli, əhatəli yazıda
professor Həsənli haqlı olaraq Anarın simasında Mirzə
Fətəli, Mirzə Cəlil, Həsən bəy Zərdabinin
başladıqları yolun, milli oyanış, dirçəliş,
özünütəsdiq və yüksəliş yolunun layiqli
davamçısını görür. Mən professorun Rusiya
iqtidarının indiki siyasətinə aid sərt gileyinə də
şərikəm. İyirmi ildən artıqdır ki, ərazisinin
beşdə bir hissəsi işğal altında olan ölkənin
dərdini duymayan, təcavüzkarı öz adıyla
adlandırmaqdan çəkinən, “nə şiş
yansın, nə kabab” mövqeyini tutan geopolitika öndərləri
bizim gözləntilərimizi doğrultmur.
Topluda Rusiya EA akademiki, “Voprosi istorii”
jurnalının baş redaktoru Əhməd İskəndərovun,
Türkiyənin sabiq mədəniyyət naziri Namik Kamal Zeybəkin
Anarın yubiley törənlərində söylədikləri
səmimi ürək sözləri də yubilyar şəxsiyyətinin
əhatə dairəsini, mənəvi aləmini cizgiləyir.
Eləcə də onun haqqında
B.Vahabzadə, Cavab Heyət, Xalıq Koroğlu, Əhməd
Kabanlı, Erkin Gözək, L.Lavrova, Timir Pulatov, Muxtar Saxanov
kimi alim və qələm sahiblərinin yazdıqları,
söylədikləri həmin üfüqlərin ənginliyini
göstərir. Bu toplunun məzmununu incələmək
Anarın həyatını göz önündən
keçirmək deməkdir.
Bu toplu haqqında özü
qədər danışmaq da bəs etməz.
Ona görə sözümü
Anarın şeiri ilə tamamlamaq istəyirəm:
Şüurlara fikir əkdim
Çox vaxt bu meydanda təkdim.
Çəkən
bilər nələr çəkdim
Keçən keçdi, olan
oldu.
Səyavuş MƏMMƏDZADƏ
525-ci qəzet.- 2011.- 30 aprel.- S.22.