Əziz və unudulmaz bir imza, yaxud dost itirməyin ağrısı

 

Məmməd müəllim “Şərq qapısı” qəzetinin Baş redaktoru işləyərkən iş yoldaşı, dünyasını dəyişən Cəfər Kərimov haqqında bu başlıq altında belə yazırdı: “Bir səhər əl telefonuma zəng gəldi. Yuxudan hövlnak ayıldım... Zəng edən müavinim idi. “Cəfər müəllim dünyasını dəyişib...”

Bəd xəbərdən tüklərim biz-biz oldu, ətim ürpəşdi. Elə bildim dünya gözlərimdə qaraldı. Bu bəd xəbərdən özümə gəlmək üçün evdəcə bir qədər oturmaq istədim. Sanki qollarım heydən, ayaqlarım isə taqətdən düşmüşdü. Ağlamırdım, gözlərimdən acı yaş damcıları axırdı”...

Hər ömrün ölçüsü yaşanmış ildir. İllər ömürlərin sonu deyil, sahilləridir. Elə sən də bax beləcə yaydığın qəfil bəd xəbərlə-ölümünlə ağlamadan acı göz yaşları tökdürdün əzizlərinə. Bizlər də ağlamadıq. Ancaq heyrət gölünə dönmüş gözlərimizdən yaş tökülürdü. Heç kəs ölümünə inanmırdı... Nədən, nədən inanmırdı? Çünki həyat dolu bir insandın. Çünki yazmaq, yaratmaq, sonuncu kitabını—“Mənim həyat məktəbim”i çap etdirmək və yenidən oxucularınla görüşmək istəyirdin. “Şərq qapısı” qəzetinin 90 illik yubileyinə ən böyük hədiyyən olacaqdı “Mənim həyat məktəbim”. Bu da tale yazısımı? Müəllifi olduğun kitabı tamamlamağa çatmayan ömrün də elə kitabın kimi yarımçıq qaldı. Sanki hər ikisinə bir qismət yazılmışdı.

 

Tale....

Divar saatı,

Hər gün, hər an qızılmış.

Ürək...

Bu saatdan,

daş kimi asılmış

əqrəb.

Nə vaxtsa bir nöqtədə

donub,

qalacaq,

bu əqrəb,

Donacaq heyrətindən:

“Ömür bu qədər qısa,

Bu qədər azdır, nədən?!”

 

Çörəyini yediyi qələmin, yazdığı hər kəlmənin məsuliyyətini dərk etdiyinə görə adama elə gəlirdi ki, onun çiyinlərində ağır bir yük var. Çünki düşüncəli çöhrəsi, bir az da qəmgin baxışları elə bil ki, onun nədənsə nigarançılığından xəbər verirdi. Onunla görüşlərimiz zamanı bəzən düşünürdüm ki, Məmməd müəllim zaman içində zamansızlıqdan boğulur, tələsir. Bir günün içində bir neçə günün işini görmək istəyir. Boş dəqiqənin, boş saatın qədrini bilmək yox, sanki ondan necə istifadə etmək haqqında düşünürdü. Bəlkə elə ona görə idi ki, bir ömür üçün çox qısa vaxt olan yaradıcılıq illərində “Heydər Əliyev çörəyi”, “Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslər (1988-2005-ci illər)”, “Mənim qəzetli dünyam”, “Siyasətdə Naxçıvan dərsləri” kitablarını nəşr elətdirdi. “Azərbaycan” və “525-ci qəzet”lə yanaşı, həm də müxtəlif mətbuat səhifələrində publisist yazıları ilə oxucu ürəyinə yol tapdı. Müxtəlif müsabiqələrin qalibi oldu, mükafatlar aldı. 2010-cu ildə isə “Əkinçi” qəzetinin 135 illik yubileyində Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən Azərbaycanın “Əməkdar jurnalist”i fəxri adına layiq görüldü. 2011-ci ilin ilk aylarında isə yeni bir kitabın—“Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” sevincini yarı böldü oxucuları ilə. Doyunca bu sevinci yaşayıb, ürək dolusu nəfəs almamış, sonuncu olacaq kitabını hazırlamağa başlamışdı.

Nədən belə tələsirdi Məmməd müəllim? “Ömür vəfa eləsə” deyərək bəlkə də ömrün ona aman verməyəcəyini bildiyindənmi, fələyin ona kələk qurduğundanmı xəbərdar olmuşdu? 49 yaşın astanasında olan ( 21 may-ölüm günü, 4 iyun-doğum günü) bir insanın öz işinə, sənətinə, yazdığı hər cümləsinə bu qədər mehr salması, bütün sevgisini yaradıcılığına verməsi onun daxili dünyasından, istedadından, yaradıcılıq qabiliyyətindən xəbər verirdi.

Bəzən ona yarı zarafat, yarı gerçək “şöhrət üçün bu qədər ciddi işləyir, yazıb-yaradırsan” deyən dostlarına qısa və konkret cavabı bu olardı: “Şöhrət üçün yaşamadım. Çörəyini yediyim sənətə xəyanət etmədiyimi göstərmək üçün ömrümün sonuna kimi var-qüvvəmlə işləyəcəyəm” deyərək bəzən də zarafata zarafatla “Bunları mən yazmasam, kim yazacaq” cavabını verərdi.

Müstəqillik qazanmış Azərbaycanın ayağa durmasında böyük əziyyətlər çəkmiş möhtərəm Heydər Əliyevin başladığı hər bir işə təmiz ürəklə, vicdanı ilə münasibətini bildirməyə çalışırdı. Bir publisist kimi, özünəməxsus dəsti-xətti ilə hər bir yazısında bu cəhəti önə çəkməyə çalışırdı. Yaxşıya yaxşı qiymət verə bilməyin vicdan işi olduğunu deyirdi. Qürurla, fəxrlə hər bir yenilik haqqında bəlkə də saatlarla danışmaq istərdi. “Azərbaycan” qəzetinin Naxçıvan üzrə xüsusi müxbiri kimi, onun az qala hər nömrəsində bir kəlməsi belə söz xatirinə deyilməyən, böyük həvəslə, istəklə yazdığı məqalələrdə də bu hiss olunurdu.

Həmkarlarına əsl dost kimi qayğı və yol göstərən Məmməd müəllim redaktoru olduğum “Oğuz səsi” qəzetinin də oxunaqlı, yüksək səviyyəli, hərtərəfli çıxması üçün tövsiyələrini verər, sözdən qənaətlə istifadə etməyin xeyrindən danışardı. Səmimi söhbətlərimizin birində ondan soruşdum:

– Məmməd müəllim! Sənətinə, işinə bağlı olan çox insan görmüşəm. Və mən özüm də peşəmin vurğunuyam. Amma sizdə bu sənətə qarşı qeyri-adi bir istək hiss edirəm. Sanki ürəyinizdə bir yanğı var. Yanılmıram ki?

– Mən nankor deyiləm. Atamın, anamın, əzizlərimin, dostlarımın mənə verə bilmədiyi bir həyatı bəxş edib bu sənət mənə. Ailəmə, övladlarıma verdiyim hər şey üçün bu sənətə və Naxçıvan Ali Məclisinin sədrinə borcluyam. Çünki onlar məni mən etdilər, dedi və sonda həmişə dediyi eyni cümləni bir daha işlətdi. “Ölənə kimi bu sənətin quluyam”.

Nədən tez-tez ölümü xatırlatdığını elə bil ki, indi anlayıram. Bəlkə də ürəyinə dammışdı tez öləcəyi. Bəlkə də bu dünyadan vaxtsız köçəcəyini duyduğuna görə özündən sonra bir məktəb qoyub getmək istəyirdi. Yəqin ki, onun yaradıcılığına və daxili aləminə bələd olan hər kəs fikrimlə razılaşar...

O gün adi günlərdən biri idi. Hamı kimi sən öz qayğılarınla evindən çıxdın. Dilində deyəcəklərin, ürəyində arzuların evinin qapısından son dəfə çıxdın. həyat yolculuğun əbədiyyət yolu ilə birləşdi. Yazılarında tez-tez işlətdiyinÖmür dedikləri bir yola bənzərifadəsini sanki özün üçün hazırlamışdın. O yol əbədiyyət yolu oldu. Bir ömrün ən gözəl, ən şirin vaxtında bitdiyi bir yol.

Əlbəttə ki, səni sevənlərin, sənə inananların bircə təsəllisi var. Bir ömrün dəyəri onu necə yaşamaqdadır. Sənin ömrün gödək, amma mənalı oldu. Yoxluğun qəlbləri göynətdi, gözləri yaşartdı. Axı ayrılıq həmişə göz yaşı gətirir. Səninlə bağlı arzular yanaqlardan axan göz yaşları kimi ünvansız oldu. Səninlə bağlı arzular keçmiş zaman şəklində yada düşdü. Bəlkə yoxluğunla dostlarına, yaxınlarına, övladlarına səni yaxından tanıyanlara çəkilməsi ağır olan ağrılar qoyub getdin. Sənin haqqında keçmişdə danışmaq qədər çətin olsa da bu belədir, həyatın qanunudur.

...Səni sevənlər, səni tanıyanlar sərin yaz axşamlarında xəyala dalacaqlar. Yada düşər xatirələr, həzin-həzin ağlaramdeyən dodaqlarda adın pıçıltı ilə çəkiləcək. Qəlb göynədən yoxluğun ürəkləri yandıracaq, gözləri ağladacaq. Amma bilirəm ki, sən istəməzdin kimsənin gözündə yaş görəsən. Onu da bilirəm ki, ürək yananda göz yaşları yanağa yox, ürəyin başına axır. Bax, beləcə, xatırlanıb yad olunacaqsan. İllər keçəcək, həsrətin çəkiləcək, həsrətinsə sahili yox, ümmana bənzər...

Allah sənə rəhmət eləsin, Məmməd müəllim!

 

 

Şəhla NƏBİYEVA,

Oğuz səsiqəzetinin redaktoru

 

525-ci qəzet.- 2011.- 9 avqust.- S. 4.