“Arazbarı” – bu, bir səfər
himnidir
Söz sənətinin şeir qədər sahibinə iztirab, duyum, çox incə həssaslıq və sonda həzz yaşadan ikinci janrını tanımıram. Bəzən bir-iki misranın məna siqləti cild-cild əsərlərin leytmotivini təşkil edir. Buna İlahi duyğu da deyirlər. Məhz bu baxımdan şairlər Tanrıya daha yaxın şəxslər qismində qəbul olunmuşlar. Əksəriyyətimizə elə gəlir ki, bizi heyrətdə saxlayan misralar insan təfəkkürünün məhsulundan çox gözəgörünməz idrak sahibinin töhfələridir. Tərəflər arasında elçi rolunu oynayan İlham Pərisinin gecələr xəbərsiz peyda olması görünür bundan irəli gəlir. O saatlarla başının üstündə dayanıb misraları diktə etmir. Qəfil gəldiyi kimi, nagahan sürətlə yoxa çıxır. Yazdığının, zehninə həkk etdiyinin təkcə özünə yox, hamıya məxsusluğu sənətkar daxilinə məsuliyyətini də hakim kəsilməsini istəyir. Yəni yardımçı qismində yanında saxladığı dəftər-qələmi etibarlı köməkçi kimi nə isə əvəzliyə bilmir. Cilovlamadıqların özünə də, yolunu gözləyənlərə də itkidir. Bu mənada deyə bilmərəm ki, Sona xanım “Arazbarı”sını yazarkən hara qədər İlham Pərisi ilə üzbəüz qalıb. Bəlkə Araz sürətli olduğundandır ki, cəmisi 13 bəndə sığınıb? Şairə fəlsəfi aləmin sakini olmağa layiq misraları elə incə, elə məharətlə ipə-sapa düzüb ki, həssas oxucu qəlbini birbaşa hədəf götürüb.
Söhbətimiz filologiya elmləri namizədi Sona Vəliyevanın “Qanun” nəşriyyatında yenicə işıq üzü görən kitabından gedir. Ön söz və 4 fəsildən ibarət yeni nəşrə şairənin onlarca lirik-epik səpkili yaradıcılıq nümunəsi daxildir. Şeirlərin çoxunu kitaba başlıq kimi seçmək olardı. Lakin müəllifin “Arazbarı” üstündə dayanmasını məntiqi sayıram. Bu ifadə geniş anlama və çalarlara malikdir. Göz önünə dahi Üzeyir Hacıbəyovun simfonik muğamı gəlir. Qoşmalarda, gəraylılarda, bayatılarda, nəğmələrdə, deyimlərdə vurğulanan “Arazbarı” məhz bu fenomen əsərlə Azərbaycan sərhədlərini aşaraq bəşəriləşib. “Şur” muğam ailəsinin üzvü Seyid Şuşinski, Xan Şuşinski, Arif Babayev kimi sənətkarların, onların davamçılarından olan Alim Qasımovun misilsiz ifa tərzində əzəmətini nəinki qoruyub, hətta daha uca zirvələrə daşınıb. Muğam müsabiqələrində fərqlənən Məmməd Nəcəfovun, Araz Abbasovun... nümunəsində bu prosesin yüz illər bundan sonra da davamlılığına marağımızı göstərir.
“Arazbarı”dakı ucalıq, yenilməzlik, hünər, yanğı dolu zəngulə elə tariximizin özüdür. O, ən əvvəl adı qədim yunan mənbələrində belə hallandırılan coğrafi termindir. Quzeydə Xudafərindən başlayıb Beyləqanda mənzil başına çatır ki, ona Qaradağ Arazbarısı deyilir. Digəri isə Qarabağ Arazbarısıdır – tarixi Qərbi Dizmar mahalından Oltan qalasınadək uzanır. Nə fərqi – hər ikisi özümüzündür, başı bəlalı, qayğılı, ümid və əməlimizə möhtac ağrı-acıları göz dağı kimi xalqımıza mirasdır. Arazbarlı Xançobanın dediyi kimi:
Xançobanam Arazbardan,
Bağçalarım doldu bardan.
İgid qalsa gər qatardan,
Tay-tuşuna çata bilməz...
Sona xanım Xançoban faciəsinə, aşiq dərdinə, sızıltısına şahidlik edən, bunu şifahi xalq ədəbiyyatının müxtəlif janrları vasitəsilə nəsildən-nəslə ötürən bir yurdda dünyaya göz açıb. Yaşa dolduqca, daha çox oxuduqca, xüsusilə xısın-xısın söhbətləri dinlədikcə qənaətə gəlib ki, Xançoban ağısı yanında toy-bayrama getməli faciələrimiz var. Bir qədər aralıda Vətəni, xalqı ikiyə bölən sərhəd telləri göz dağını andırır. Məlul-məlul axan Araz sahillərə çırpınmaqla giley-güzarını dilə gətirir. Yadelli tapdağı altında inləyən Qarabağ Arazbarısının qəlbi od tutub yanır. Sona xanım da yanğıları biganəliklə izləmir, müasir poeziyamıza qadın yazarlar arasında “Arazbarı” mövzusunu ilk olaraq gətirir:
Araz boyu bu nə köçdü?
Məndən, səndən, ondan keçdi.
Göz yaşını güllər biçdi,
Yarı bülbül, yarı xarı-
“Arazbarı”.
Şeir tarixiliklə müasirliyin, poeziya ilə musiqinin sintezi təsirini bağışlayır. “Ay zalım” rədifli lirik muğamdakı “Dedim: Ey gül, həmdəmin kimdir? Dedi: Həmdəmim bülbüldür” misralarında əslində parçalanmış Vətənin nisgillərinə vəhdət çarə sayılır. Sona xanım isə yazır:
Göyçə, Şuşa, Təbriz dərdi
Köhnəldikcə təzələndi.
Sönüb külümdən közərdim,
Özüm boyumdan yuxarı-
“Arazbarı”.
Şairə “yeddi səsdən, yeddi rəngdən içində bərkdən hönkürür”. Fəqət o, taleyi ilə barışmaq və bunu təlqin etmək niyyətindən tamam uzaqdır. Çünki nikbinlik, inam, S.Vəliyeva xarakterinə hələ Qarabağ savaşından xeyli öncə doğmadır. 1985-ci ildə Araz kənarında qələmə aldığı “Açın qapıları” şeirindən bir bəndi götürək:
Açılar bir nurlu, bir aydın səhər,
Bir ağ atlı oğlan qismətə çıxar.
Sınar bəxtimizin tilsimi, sehri,
Açılar qapılar, açılar yollar.
S.Vəliyeva ixstisasca filoloqdur,
jurnalist-alimdir. Sözün,
sənətin qədr-qiymətinə
ehtiramı poetikasından
əyani nəzərə
çarpır. Bilir ki, şairin nə qədər yox, necə yazması önəmlidir.
Onun ilk şeirlər kitabı – “Çəhrayi
rəngli dünyam” dörd il əvvəl
işıq üzü
görüb. Elə mütəəssirlənmişdim ki, təəssüratlarımı
oxucularla bölüşmək
zərurəti yarandı.
Bir daha yəqin etdim ki, şairin tək bəndi, şeiri də onu sevdirmək, hafizədə lövbər
salmaq qüdrətinə
malikdir. Sona xanım rənglər palitrasında oxucunu çəhrayı yaxud digərlərinin seçimi
dilemması ilə üzləşdirmişdi.
Təhlillərdə həmin yanaşmadan irəli gələn polemikanın nəticəsidir ki, “dünyanı çəhrayı
rəngdə görürsən”
iradlarını növbəti
kitabında cavablandırıb:
Gözümmü, ağlımmı, qəlbimmi
haqlı,
Bu yaşımda, nə dəyişim, nə anım?
Dünyanı ağ, qara görmək üçün
mən
Gərək əlifbadan başlayım, canım.
Səmimi və adilanə etirafdır. “Sarı gözəl, sarı çiçək”in timsalında palitradan daha bir rənd seçilsə də müəllifin hiss və duyğularına sədaqəti onun hadisələrə, ətrafda baş verənlərə realist mövqedən yanaşması təqdirə layiq haldır. Şairənin bəstəkar Soltan Hacıbəyovun “Karvan”ının təsiri altında yazdığı “Yol başlayıb gedən karvan”ı da, “Əsir torpağı” da, “Şahım, Şeyxim, Savalanım”ı da, “Öncə can sağlığı deyən kəslərə”si də, “Sərçələrin yurd sevgisi” də bu rəngin sehrində, mehrində realdır. Şairənin karvanı onun könül, fikir dünyasının simvolik təcəssümüdür. Ahəstə gedir, amma “bu zınqırov son mənzilədək səfər himnidir”.
Yol, yurd mövzularının Sona xanım
yaradıcılığında qabarıq nəzərə
çarpmasına onun vətəndaşlıq mövqeyi
aydınlıq gətirməkdədir. “Tez-tez yuxuda gecə
qaranlığında vahiməli uzun yolla təngnəfəs
bir ulduz işığına doğru getdiyini” deyən S.Vəliyevanın
daxilindəki narahatlıq hamımıza tanış və
doğmadır. “Kimsə yoxdur ağı desin bu kəndə” şeirində qlobal bir problem qabardılıb:
Ana köçüb, bacı
köçüb bu kənddən,
Şərbət köçüb, acı köçüb bu kənddən,
Oğulların tacı köçüb bu kənddən
Kimsə yoxdur ağı desin bu kəndə.
S.Vəliyevanın qaldırdığı problem təkcə Azərbaycanı əhatə etmir. Köklü tədbirlərin görülməyəcəyi təqdirdə boya-başa çatdığım Gürcüstanda soydaşlarımızın da köç karvanının sürətlənəcəyi ehtimalı artır. Şairənin bu mənada:
Yollar haçalanır gecədə min-min,
Hansını başlayım, hansını seçim.
Qarşıda it hürən obası
yoxsa,
Ya da işıq gələn koması yoxsa,
Hansını başlayım,
bu yolun, Allah? –
fikirləri ilə həyəcan təbili səsləndirməsi yerli-yerindədir, başa düşüləndir. Həmçinin “Yollar”da Naxçıvana yeganə nəqliyyatın təyyarə olmasına diqqəti çəkməsi də. Sona xanım özünü “Tanrının yol adamı” adlandırır. Şeirlərlə tanışlıq, dəlillərlə üzbəüz qalmaqdır.
Kitabda mənəvi dəyərlərə, əxlaqi məsələlərə nəzər salınır. Yenilik tərəfdarı olan S.Vəliyeva bunlara milli-mənəvi dəyərlərə xətər yetirilməməsi şərti ilə dəstək verilməsini istəyir. “Özgə havalara oynayan gözəl”də biganəliyi xalqa Tanrı cəzası adlandırır. “Şuşanın dağları”nı oynayan oğlan”ın simasında isə ürəyindəki arzusunu dilə gətirir:
Bu oğlan oynaya-oynaya
Şuşaya qayıdış muştuluğunu gətirir, elə bil –
deyir.
Sona xanımın lirik səpkili şeirlərində vüsal və hicran duyğuları qoşa qanad kimi əksərən yanaşıdır. “Sarı çiçək”, “Qəmli gözəl” və “Səndən yaman küsmüşəm”dəki motivlər bu baxımdan “Ay Qaragilə”, “İlləri əl-ələ verib gəlmişik”, “Qonşumuzda qız sevən oğlan” və digər şeirlərdəki hislərlə müqayisə olunandır.
“Arazbarı” şairədən oxucu gözləntilərinə
poetik bir cavabdır. Təşbehlər, bənzətmələr,
zəngin lüğət fondumuzun incəliklərindən məharətlə
bəhrələnmə kitab rəflərimizi bəzəyəcək
layiqli, dolğun bir nümunədən xəbər verir.
Əflatun
AMAŞOV,
Azərbaycan Mətbuat
Şurasının sədri
525-ci qəzet.- 2011.- 13 avqust.- S.
21.