Bəyaz pərdə açılanda

 

KAMİL ƏFSƏROĞLUNUN YARADICILIĞI HAQQINDA QEYDLƏR

 

Zaman, vaxt bir-birini qovhaqovdadı. Belə baxanda, ilk baxışdazamanvaxtməfhumu bir-birindən o qədər fərqlənmir. Amma, bu iki məfhum bir-birinə qədər yaxın olsa da, bir o qədər bir-birindən fərqlidi. İllah da son 50-60 ili götürəndə, 50-60 il uzaqlıqdan keçmişə baxanda nələrin olub-bitdiyini kitablarsız təsəvvür eləyə bilmirik. Daha doğrusu, kitablar faktiki olaraq gerçəyi, reallığı hardasa bir cizgi, kontur kimi cızır, yerdə qalanları oxucunun ixtiyarına buraxır. Həm kitabdan kitaba fərq dağlar qədər çoxdubir var sırf xronoloji hadisələr, bir var bu hadisələrin içində, görünməyən, astar üzündə qalan olaylar: mənəvi-psixoloji sarsıntılar, dəyişmələr, kəmiyyət-keyfiyyət əvəzlənmələri...

60 il bundan qabağın Azərbaycan mühitini təsəvvürə gətirsək tarix üçün bir an qədər kiçik olan bu vaxt kəsimini hərə öz yaşı yaddaşı qədərində açıqlaya bilər. Xalq deyimlərimizdə olduğu kimi – “Kim gördü, götürdü”. Bunun özü vaxt məsələsidi.

Yazıçı Kamil Əfsəroğlunun 60 yaşı tamam oldu. 60 il həm bizim üçün, həm içində olduğumuz dünya üçün çox şey deməkdi. Vaxtdan, zamandan belə uzun-uzadı danışmağımın Kamil Əfsəroğluna qədər dəxli var? Çox dəxli var, məncə. Kamil Əfsəroğlu bir yazıçı kimi yaşadığı, içində olduğu ... (!) bir az uzaqdan havasını, ruhunu duyduğu vaxta ilk baxışda tanış gələn, bildiyimiz, dəfələrlə gedib-gəldiyimiz yollara baş vursa da qarşılaşdığı, daha doğrusu, bizə göstərdiyi mənzərə gözlədiyimizdən xeyli fərqlidi.

Müharibə mövzusunda Azərbaycan ədəbiyyatında kifayət qədər əsər yazılıb. Bu əsərlərin böyük əksəriyyəti İkinci Dünya müharibəsinə, bu müharibənin doğurduğu mənəvi-psixoloji ab-havaya, bu gün içində olduğumuz Qarabağ müharibəsinin ağrılarına qarışan dərdlərinə, acılarına, insan talelərinə həsr olunub. Müharibə sonrası, yəni 1945-ci ildən sonra o vaxtkı SSRİ-nin kiçik bir parçası olan Azərbaycandakı ictimai-siyasi durum, mənəvi iqlim, təbii ki, müharibə dövrü uşaqları ilə yanaşı müharibədən sonra doğulanlara da öz təsirini göstərmiş, onların mənəvi dünyasında da silinməz izlər qoymuşdu. Bu mənada Kamil Əfsəroğlu 50-ci illərin kövrək qəlbli, balaca seyrçisi kimi həmin dövrə tez-tez müraciət edir, uşaq vaxtı gördüklərini, eşitdiklərini vaxtın, zamanın 50 illik uzaqlığından öz havasına uyğun, yazıçı fəhmi ilə gözlərimiz qarşısında yenidən canlandırır. 1950-60-cı illər nəsrinin tanınmış nümayəndələrindən – öz sələflərindən fərqli olaraq Kamil Əfsəroğlu əksər hallarda müharibəni xatirə içində xatirə kimi təqdim edir – kirpiyi ilə od götürən böyüklərin müharibə xatirələri onun öz xatirələrinə, kövrək uşaqlıq xatirələrinə qarışır. K.Əfsəroğlunun əsərlərinin əksəriyyətində müşahidə olunan bu manera incə bir lirizm, içdən, könüldən gələn doğma bir ovqat yaradır və oxucunu özünə çəkir. “Soyuq ocaq”da Umud kişinin, “Qaratikan”da, “Vaqeə”də, “Ülgüc”də Əvəz kişinin xatirələri işığında bunu aydın görə bilərik.

Müharibədən sonrakı Stalin despotizmi, aclıq-qıtlıq... Bu dövrü yaşayan insanların mənəvi dünyası, keçirdikləri daxili sarsıntılar Kamil Əfsəroğlu yaradıcılığında xüsusi yer tutur. Yazıçı o dövrün insanlarıyla bizi indi yaşadığımız vaxtdan o qədər uzaq olmayan müasir zamanda qarşılaşdırır ki, bu da oxucuda müqayisə təhlil aparmaq, Stalin dövrünün dəhşətlərini tam çılpaqlığı ilə duymaq imkanı yaradır.

K.Əfsəroğlunun o dövrü dolğun boyalarla əks etdirən əsərlərində rast gəldiyimiz bəzi dəli obrazları məhz mövcud rejimin qurbanları olduğu üçün yazıçı təxəyyülünün məhsulu kimi yox, bilavasitə real həyat faktı kimi gözlərimiz önündə canlanır.

Kamil Əfsəroğlunun yaradıcılığında 1941-45-ci illər müharibəsi ilə 20 ildən artıq bir dövrdə içində olduğumuz Qarabağ müharibəsi sanki biri digərinin davamı kimi iç-içədi. Bu gün bu mövzuya yeni rakursdan yanaşmaq, yeni söz demək zərurəti yaranıb və biz bunu Kamil Əfsəroğlunun da yaradıcılığında aydın görürük. Müəllifin “Dava-dava oyunu” hekayəsində məhz bu yaşantılar öz bədii inikasını tapıb. Hekayədə müharibənin uşaq dünyagörüşündəki əksi o qədər sadə, o qədər təbiidir ki, əslində müharibənin nə demək olduğu elə bu oyunla rəngsiz-boyasız açıqlanır. Ayrı-ayrı hekayələrində yazıçı bilavasitə Qarabağ mövzusuna dəxli olan bir sıra mətləblərin bədii həllini tapsa da, “İt qanı” və “Çadır” romanıyla bir xalq olaraq son 20 ildə yaşadığımız acıların, çəkdiyimiz ağrıların, keçirdiyimiz təbəddülatların bədii salnaməsini, bir-birini sürətlə əvəz edən ictimai-siyasi olaylar burulğanında dəyişən, dönən xarakterlərin, min bir çətinliklərlə üz-üzə gələn adi adamların real bədii obrazını yaradıb.

Qaçqın və köçkünlərimizin çəkdiyi acılar, onların sıxıntı və sarsıntıları “Çadır” romanında daha hərtərəfli və yaddaqalan bədii boyalarla verilir. “Çadır” adı ilk baxışdan nəsə deyir. Əsərin ideya-bədii məzmunundan çıxan nəticə onun həm də rəmzi xarakter daşıdığını və tutumlu olduğunu sübut edir. Bir zamanlar yurtalarda, çadırlarda yaşayan, dünyanın boyu uzunu köç eləyən, hərbi yürüşlərdə çadır qurub düşərgə salan, şanlı tarixi olan bir xalqın törəmələri indi də çadır qurub çadırda yaşayır. Amma bu çadır o çadırdan deyil...

“Qladiator” hekayəsində söhbət şəhərdə yaşayan qaçqından gedir. “Qul bazarı”nda iş axtaran qaçqından... Müəllif çox maraqlı bədii formadan istifadə eləyir – iki qaçqını “qul bazarında” qarşılaşdırır. Onlar başqa-başqa adamlardılar – biri arada-bərədə, orda-burda fəhləlik eləyib halal zəhmətlə dolanır, digəri isə haram yolla pul qazanan, bahalı maşın sahibidir, varlı-pulludur. Varlı qaçqın “qul bazarına” başqa fikirlə gəlib, gəlib ki, Qladiator ləqəbli qaçqını bağ evinə aparsın. Ona çoxlu miqdarda pul təklif eləyir ki, uşağının ad günündə qəfəsdəki ayıyla vuruşsun...

Kamil Əfsəroğlunun bütün əsərlərində incə, könüldən gələn bir lirizm var. “Səmanı mənə bağışla”, “Şanxaydan əsən xəzri”, “Daşlı qala”, “Biri vardı”, “Rus toyu”, “Çat”, “Nisgil”, “İttiham”, “İlan öcü”, “Kamikadze” və digər əsərlərində bu keyfiyyəti qabarıq görmək mümkündür. Bu lirizm K.Əfsəroğlunun dilinin koloriti, təmizliyi və şirinliyi ilə birləşəndə daha güclü və təsirli olur. Məhz dilinin gözəlliyinə və ekspressivliyinə görədi ki, yazıçının təsvirləri gözlə görünəcək qədər aydın və yaddaqalandı. Tanınmış tənqidçi Akif Hüseynov yazır: “Ədəbiyyat dil və üslub cazibədarlığından başlayır. Kamil Əfsəroğlunun “Dəlilərin son padşahı” əsərini oxuyanda mən buna bir daha əmin oldum...”

K.Əfsəroğlunun bir yazıçı kimi başlıca məziyyətlərindən biri də onun “mənfi-müsbət”, “dost-düşmən” anlayışlarına bitərəf olmasında, oxucusunun işinə qarışmamasındadır. Belə baxanda, onun əsərlərində mənfi obrazlarla elə də çox rastlaşmırıq, bu o demək deyil ki, yazıçı belələrini nəzərdən qaçırır, yox o sadəcə, həyatı pis, naqis insanlarsız görmək istəyir. Bir də müəllif ən pis, miskin insanın içində belə işıq görməyi bacarır. “Sovet küçəsinin serenadası”ndakı cibgir tramvayda kasıb-kusubun, şikəstin cibinə girmir, bunu mənliyinə sığışdırmır, hətta 1 May bayramını qeyd eləmir ki, bu, mənim yox, zəhmətkeşlərin bayramıdı...

Təbii ki, Kamil Əfsəroğlu sovet dövrünün adamıdı, ömrünün çox hissəsini o dönəmdə yaşayıb, o dövrdə məktəb bitirib, ali təhsil alıb, işləyib, gəzib, görüb. Bu mənada o, həmin dövrün yaxşısına yaxşı, pisinə pis deməyi bacarır. Rayondan şəhərə oxumağa gələn gəncin duyğuları, o dövrün tələbəlik həyatı, tələbə yataqxanaları “Daşlı qala” romanında bədii sənətkarlıqla əks olunub. O dövrü yaşayan nəsil üçün bu əsər həm gənclik xatirələri, nostalji hisslər oyadır, həm də tələbəlik illərinin bir “həyat məktəbi” olduğu qənaətini formalaşdırır. Aralıdan domino daşlarını xatırladan tələbə yataqxanaları, əslində, sosializm cəmiyyətinin kiçik modelidir və müəllif o dövrün sosial problemlərini, sabahkı günə ümidlə, inamla baxan gənclərin acılı-şirinli həyatını dolğun və canlı boyalarla qələmə alır. Tələbə həyatının dadını təzəcə çıxarmaqda olan, birinci kursda oxuyan Saatxanı qızlar yataqxanasına durbinlə baxdığına görə məişət pozğunu adlandırıb universitetdən qovurlar. Əslində isə o mənən saf, haqsızlıqlarla barışmayan, sözünü deyən tələbədir. Saatxan sanki bu günə sığmır, zamanı qabaqlamaq istəyir, sabahla yaşayır. O, həyata baxışı, davranışı, hətta geyimilə belə başqalarından seçilir. hamı kimi olmaq istəmir, birinci kursda oxusa da, şlyapa qoyur, yataqxananın pambıq mitilində yatmaqdan imtina edir. Təəssüf ki, həyatda sözü üzə deyənlər, haqsızlıqla barışmayanlar daha çox zərbə alır, ədalətsizliyin qurbanı olurlar. Kamil Əfsəroğluna görə bədii ədəbiyyat ictimai proseslərdən kənarda qalmamalıdır, o yalnız əyləndirməyə, ovundurmağa xidmət etməməlidir.

Yazıçı cəmiyyətdəki çatışmamazlıqları, ictimai, sosial problemləri ədəbiyyata gətirməyi bacarır və göstərir ki, bədii sözün təsiri daha güclüdür. “Qladiator” hekayəsində əlini yaralamış qaçqının yarasına təcili yardımda üç tikiş qoyurlar. Həkim ondan otuz manat tələb eləyir, deyir hər tikişə on manat verməlidir. Qaçqın deyir ki, Qarabağ müharibəsi iştirakçısıdır, imkansızdır o qədər pulu yoxdur, amma həkim dediyindən dönmür. Naəlac qalan qaçqın çibində olan iyiri manatı çıxarıb həkimə uzadır, deyir olan budur, tikişin birini sök.

K.Əfsəroğlunun ən kiçik hekayələrindən tutmuş romanlarına qədər bütün əsərlərində sadə, aydın bir fəlsəfi ümumiləşdirmə var. Bu, hər gün üz-üzə gəldiyimiz adi həyat olaylarından yaşadığımız, içində olduğumuz vaxtdan, zamandan doğan fəlsəfədir. “Qan qoxusu”, “Burulğan”, “Kor seyrçilər”, “Divar”, “Tüfəng açıldı”, “Qaratikan”, “Kor quyukimi hekayələrində yazıçıdamlada dəryanıgörə bilir, adi həyat həqiqətlərini fəlsəfi düşüncə süzgəcindən keçirərək bədii ədəbiyyat faktına çevirir. “Divarhekayəsi həm K.Əfsəroğlunun milli ədəbi ənənələrimizə bağlılığını, klassik irsimizə varislik münasibətini göstərmək baxımından maraq doğurur. “Divar”da sanki Mirzə Cəlilin usta Zeynalını görürük – 100 il sonra, bir az başqa biçimdə, başqa mənəvi aləmdə...

Kamil Əfsəroğlunun publisist yazıları da yazıçılığının bir yönüdü əslində. O, uzun illərdi ki, Azərbaycan radiosunda çalışır, “Hekayə axşamı”, “Sənət söhbətləri” adlı verilişlərilə dinləyicilərin görüşünə gəlir. Dünyanın tanınmış kino sənəti xadimləri, rejissorları, aktyor və aktrisaları haqqında yazdığı “Rac Kapurla baş tutmayan müsahibə, “Tacsız kraliça”, “Türkanlı filmlər”, “Stenli Kramerlə görüş”, “Yaşılçamın ulduzları”, “Kinonun çirkin kralı”, “Ulduzlar xoşbəxtdirmi”, “Əfsanə qadın”, “Çalı quşu”, “Xaç atasının atası” və digər yazıları oxuculara yaxşı tanışdır. Bu mənada K.Əfsəroğlunun sənət adamları ilə görüşlərindən, onlarla söhbətlərindən ibarət “Bəyaz pərdə” kitabı bədii əsərlərindən heç də geri qalmır. Başqa dillərə tərcümə olunsa, şəxsən mən bu əsərin də geniş yayılacağına və uğur qazanacağına inanıram. Bu kitaba daxil edilən hər bir portret-oçerk bədii publisistikamızın gözəl bir örnəyidir və oçerkdən, publisistik qeydlərdən daha çox müxtəlif taleli böyük insanlar haqda maraqlı hekayə təsiri oyadır.

K.Əfsəroğlunun bütün yaradıcılığını küll halında götürsək, 60 yaşının hər ilinə gözəl bir əsər düşür. Bir vətəndaş, ziyalı kimi gördüyü işləri də bunun üstünə gəlsək, onun mənalı bir ömür yolu keçdiyinin şahidi olarıq. Rusiyanın, Belarusun, Özbəkistanın, Türkmənistanın, Gürcüstanın tanınmış ədəbi-bədii jurnallarında çap olunan əsərləriylə, Türkiyədə nəşr olunmuş sanballı “Kor seyrçilər” kitabı, TRT-də səsləndirilən radiopyesləriylə K.Əfsəroğlu çağdaş Azərbaycan nəsrini yaxın-uzaq xaricdə layiqincə təmsil etməkdədir.

Kamil Əfsəroğlu bir yazıçı kimi Azərbaycanda layiq olduğundan az tanınır. Hətta ünsiyyətdə olduğu elə adamlar var ki, bəlkə onun yazıçı olduğundan xəbərləri yoxdu, sadəcə təmiz, namuslu, yaxşı insan kimi tanıyırlar. Bu, Kamil bəyin təvazökarlığından, xarakterindən irəli gəlir, özünü gözə soxmağı xoşlamır, hay-küydən uzaq, həmişə “bəyaz pərdə” arxasında qalıb öz işiylə məşğul olmaq istəyir. Amma özünün istəyindən asılı olmadan hər yeni əsəriylə o bəyaz pərdə açılır və biz Kamil Əfsəroğlunun mənəvi dünyasıyla üz-üzə, baş-başa qalırıq.

 

 

Əhməd OĞUZ

 

525-ci qəzet.- 2011.- 13 avqust.- S. 24.